İyunun 25-də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin məzunlarının növbəti buraxılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Hərbi İnstitutda keçirilən buraxılış mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin digər rəhbər heyəti, müəllimlər, kursantlar, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Təntənəli mərasimin əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Hərbi İnstitutun ərazisində ucaldılmış̧ abidəsi və Şəhid məzunların xatirə kompleksi ziyarət olunub və önlərinə gül dəstələri qoyulub.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.
Tədbirin başlanması ilə əlaqədar Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Ümidvar Quliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə etdikdən sonra institutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.
Buraxılış mərasimində çıxış edən müdafiə naziri tədbir iştirakçılarını Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 108 illiyi münasibətilə təbrik edib, məzunlara Vətənimizin parlaq gələcəyi, ordumuzun qüdrətlənməsi naminə göstərəcəkləri şərəfli xidmətlərində uğurlar arzulayıb.
Müdafiə naziri Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoyduğunu bildirib. Nazirin sözlərinə görə, Azərbaycan Ordusu maddi-texniki təminatına, müasir silah və texnologiyalara, təchizatına, döyüş hazırlığına, şəxsi heyətin peşəkarlıq səviyyəsinə görə regionun ən güclü ordularından birinə çevrilib.
Bu il xalqımızın dövlətçilik tarixində mühüm yer tutan 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı Zəfərin altıncı ilinin tamam olduğunu bildirən nazir həmin tarixi Qələbənin təkcə hərbi üstünlük deyil, milli birliyimizin, dövlətimizin, siyasi iradəsinin və ordumuzun yüksək peşəkarlığının təntənəsi olduğunu deyib. Qeyd olunub ki, yenilməz Azərbaycan Ordusunun hər bir üzvü kimi, bu gün məzun olan gənc zabitlərimiz də həmin Zəfərin məsuliyyətini və dəyərini dərindən dərk etməlidirlər.
“Bu gün məzunların arasında dost Qırğız və Tacikistan Respublikasından gəlmiş kursantlar da var. Onlar burada sahib olduqları bilik və bacarıqları gələcəkdə öz ölkələrinin müdafiə və milli təhlükəsizlik sahəsində tətbiq etməklə yanaşı, dövlətlərimiz arasında dostluq və hərbi əməkdaşlıq körpülərini daha da möhkəmləndirəcəklər.
Cənab zabitlər, Azərbaycan Respublikasının qanunlarına, hərbi nizamnamələrin tələblərinə sadiq qalmalı, xalqımıza və dövlətimizə vicdanla, ləyaqətlə və nümunəvi şəkildə xidmət etməlisiniz. Qalib ölkə statusu qazanmış Vətənimizi müqəddəs əmanət olaraq gələcək nəsillərə ötürməlisiniz. Əminəm ki, etimadı doğruldacaq, bu istiqamətdə bütün var qüvvənizi səfərbər edəcəksiniz”, - deyə Z.Həsənov bildirib.
Sonra fərqlənmə ilə bitirən məzunlara Fəxri fərman və qiymətli hədiyyələr, digər məzunlara isə döş nişanları təqdim edilib.
Tədrisdə və intizamda fərqlənən kursantlar tərəfindən rəmzi yaş kötüyünə məzun simvolu vurulub.
Daha sonra Hərbi İnstitutun Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Çıxış edən Qırğız Respublikasından olan məzun Emir Esenaliyev deyib: “Bu möhtəşəm hərbi institutda təhsil almaq və bu gün leytenant rütbəsi ilə məzun olmaqdan böyük qürur hissi keçirirəm. Bu illər ərzində biz yalnız hərbi bilikləri mənimsəmədik, həm də həyatın ən mühüm dərslərini öyrəndik. Biz çətinliklər qarşısında geri çəkilməməyi, verilən tapşırığı dəqiq və məsuliyyətlə yerinə yetirməyi, komandada işləməyi və ən əsası, lider olmağı öyrəndik. Burada qazandığımız dostlar bizim üçün ən böyük sərvətdir. Fərqli ölkələrdən gəlməyimizə baxmayaraq, biz bir məqsəd ətrafında birləşdik və qardaş Azərbaycan torpağında oxumaqla Türk dünyasının hərbi-mədəni dəyərlərini dərk etdik. Bu, bizi birləşdirən ən böyük idealdır: vahid kök, vahid məqsəd, vahid gələcək. Komandirlərimizə və müəllimlərimizə göstərdikləri yüksək etimada və əvəzsiz zəhmətlərinə görə təşəkkür edirəm. Onların aşıladıqları bilik və dəyərlər gələcək xidmət yolumuzda həmişə bizimlə olacaq. Mən and içirəm ki, qazandığım bilik və təcrübəni öz vətənimin, Qırğız Respublikasının müdafiəsi və inkişafı üçün şərəflə və sədaqətlə istifadə edəcəyəm”.
Tacikistandan olan məzun Anvarcan Qafurov Hərbi İnstitutda keçirdiyi illərin onun üçün yalnız hərbi təhsil dövrü deyil, eyni zamanda, bir həyat məktəbi olduğunu bildirib: “Bu divarlar arasında biz intizamı, məsuliyyəti, dözümlülüyü və ən əsası zabit şərəfini öyrəndik. Çətin anlarda birlikdə olmağı, uğurları isə təvazökarlıqla qarşılamağı mənimsədik. Mən Azərbaycanı artıq ikinci vətənim kimi sevirəm. Buradan gedərkən ürəyimdəki bayraq dalğalanacaq: Azərbaycan-Tacikistan bayraqları. Müəllimlərimizə və komandirlərimizə dərin minnətdarlığımı bildirirəm. Onların bizə göstərdikləri diqqət, tələbkarlıq və qayğı, gələcək xidmətimizdə ən böyük dəyər olacaq. Mən söz verirəm ki, burada qazandığım bilik və bacarıqları, öz vətənimin - Tacikistan Respublikasının təhlükəsizliyi və rifahı naminə, vicdanla, şərəflə tətbiq edəcəyəm. Zabit adını daim uca tutacağam. Qoy bu gün bizim üçün son deyil, yeni bir yolun başlanğıcı olsun. Yaşasın Azərbaycan-Tacikistan dostluğu”.
Sonda hərbi orkestrin müşayiəti ilə kursantlar Hərbi İnstitutun marşını ifa edib, şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.
Valideynlərə məzun övladları ilə görüşmək və təbrik etmək üçün şərait yaradılıb.
Hərbi İnstitutu fərqlənmə ilə bitirən leytenant Adil Cəlilov sevinc və qürurunu AZƏRTAC-ın müxbirləri ilə bölüşüb. O, bu gün onun həyatında ən əlamətdar günlərdən biri olduğunu deyib: “Biz 2020-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursant kimi başladığımız yolu artıq bu gün Hərbi İnstitutda zabit kimi leytenant rütbəsində bitirdik. Artıq biz ordu sıralarına yollanırıq. Ordu sıralarında Vətənə daha layiqincə xidmət edəcəyimizə inanıram. Mən öz silahdaşlarıma bu yolda uğurlar arzulayıram. Bu yerlərə gəlib çıxmağımızda əziyyəti olan müəllim-zabitlərimizə, başda valideynlərim olmaqla, hər kəsə təşəkkür edirəm. Silahdaşlarıma söyləmək istəyirəm ki, yolunuz açıq və uğurlu olsun. Mən fəxr edirəm ki, bu gün Müzəffər Ordunun zabitiyəm və bu Ordunun sıralarında xidmət edəcəyəm”.
Məzun Adil Cəlilovun anası Ülviyyə Cəlilova çox sevindiyini və 6 ildir bu günü səbirsizliklə gözlədiyini deyib: “Oğlum Adilin simasında bütün kursantları təbrik edirəm. Bu gün onlar çəkdikləri əziyyətlərin yekunu olaraq leytenant rütbəsini aldılar. Oğlumla fəxr edirəm. Allah bütün hərbçilərimizi qorusun!”.