01 Dekabr 2023 09:50
413
İQTİSADİYYAT
A- A+

Azərbaycan-Rumıniya münasibətləri qarşılıqlı maraqların təminatına xidmət edir

 

Bu gün ölkəmizdə az adam tapılar ki, Rumıniyanı yaxından tanımasın. Nağıllar, orta əsr qalaları və Sakson şəhərləri, qədim monastırlar ölkəsi olan bu diyar həm də əhalisinin qonaqpərvərliyi ilə seçilir.  Karpat dağları isə Rumıniyanın əsl xəzinəsidir.
Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra özünün milli maraqlarına uyğun daxili və xarici siyasət xəttini yeritməyə başladı. Xarici siyasət sahəsində BMT prinsiplərini əsas götürən Azərbaycan Respublikası dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini, mübahisəli məsələlərin həlli vasitəsi kimi dinc danışıqlar yolunu özünün əsas xarici siyasət doktrinası elan etdi. 
Bu gün Azərbaycanın Avropa siyasətində Rumıniya özünəməxsus yer tutur. Təsadüfi deyil ki, sivil dövlət olan Rumıniya kiminlə dostluq münasibətləri qurmağı doğru-düzgün müəyyənləşdirmiş, mübaliğəsiz deyə bilərik ki, bu məsələdə Avropa dövlətlərinə nümunə olmuşdur. O, Azərbaycan ilə hələ orta əsrlərdən əsası qoyulmuş qarşılıqlı əlaqələri yeni şəraitdə çağdaş tələblərə uyğun olaraq inkişaf etdirmək yolunu tutmuşdur.
Hazırda Rumıniya Avropa İttifaqının sürətli iqtisadi artıma malik ölkələrindən biridir. 22 milyon əhalisi olan Rumıniya Mərkəzi Avropanın ikinci ən böyük bazarıdır. Bu ölkənin əldə etdiyi uğurları şərtləndirən əlverişli amillər onun coğrafi mövqeyi, təbii ehtiyatları və ixtisaslı işçi qüvvəsidir.
Qərbi Avropa və Asiya, Cənubi Avropa (Aralıq dənizi) və Şimali Avropa arasında əsas ticarət yollarının kəsişməsində yerləşən əla coğrafi mövqeyi Rumıniya üçün əlverişli imkanlar yaradır.  Mühüm çay və dəniz gəmiçiliyi vasitələri (Konstansa Qara dənizin ən böyük limanıdır) və Dunay-Rin-Main kanalında işlərin başa çatdırılması Qara dənizi Şimal dənizi ilə birləşdirən yeni naviqasiya marşrutlarına çıxış imkanı verir. Həmçinin texnologiya, kompüter 
elmləri və mühəndislik sahələrində yüksəkixtisaslı mütəxəssislərdən ibarət peşəkar işçi qüvvəsinin mövcudluğu istehsalın sürətli artımını şərtləndirir.  Digər tərəfdən, çoxlu təbii ehtiyatlar (neft, qaz və s.), geniş və münbit kənd təsərrüfatı torpaqları, böyük turizm potensialı, müxtəlif sənaye strukturları, sərbəst və ayrı-seçkilik olmadan bazara çıxışa əsaslanan xarici investisiyalar üçün əlverişli və cəlbedici qanunvericiliyin mövcudluğu da iqtisadi artım üçün mühüm zəmin yaradan amillərdir.
Cari ilin avqustuna olan məlumata görə, Rumıniyanın idxalının dəyəri 10,3 milyard, ixracının dəyəri isə 7,51 milyard dollar təşkil etmişdir. 2022-ci ildə Rumıniya iqtisadiyyatının artımı 4,5 faiz olmuşdur. Cari ildə isə ölkənin iqtisadi artım sürətinə görə Aİ məkanında birincilər sırasında olacağı gözlənilir.   
Rumıniya mallarının Avropada əsas bazarı Almaniyadır. Bu ölkənin Avropa İttifaqına ümumi mal ixracının təxminən 30,1 faizi alman istehlakçıları üçün nəzərdə tutulur. Ardınca Rumıniyadan ixrac dəyərinə görə İtaliya (12,2faiz), Fransa (9,6faiz) və Macarıstan (6,6faiz) gəlir.
Son zamanlar infrastruktur sahələrinin inkişafına qoyulan xarici yatırımlar da artır. Cari ilin iyuluna olan məlumata görə, birbaşa xarici sərmayələrin miqdarı 1,2 milyard dollar təşkil etmişdir. Bütün bunların sayəsində Rumıniya iqtisadiyyatının aqrar-sənaye, dağ-mədən, logistika sahələri ilə yanaşı, elm tutumlu sahələri də davamlı inkişaf edir. 
Rumıniya dünyada Azərbaycanın dövlət müstəqilliyini tanıyan ikinci (Türkiyədən sonra), Avropa İttifaqına üzv dövlətlərin arasında isə ilk ölkədir. Iki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. O dövrdən keçən müddət ərzində qarşılıqlı münasibətlər həyatın müxtəlif sahələrində yüksələn xətlə inkişaf etməkdədir. 
Yüksəksəviyyəli siyasi əlaqələrin inkişafı sayəsində hazırda Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. İki ölkənin həm ikitərəfli, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı davam edir. Hər iki tərəf bir sıra beynəlxalq problemlərin həllinə yanaşmada eyni mövqedən çıxış edir. Dövlət başçılarının qarşılıqlı səfərləri bunu bir daha sübut edir. Rumıniya Avropa İttifaqının ilk üzvüdür ki, hələ 2009-cu ildə Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıb.
Məlumdur ki, bu gün respublikamız Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın Aİ məkanında qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ölkələrdən biri də dost və qardaş Rumıniyadır. Cənubi Qafqazda və Şərqi Avropada bir sıra beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsində bu iki dövlət aparıcı rol oynayır. Bunun nəticəsi olaraq Prezident İlham  Əliyevin Buxarestə səfəri zamanı 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair saziş imzalanmışdır.
Rumıniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləmişdir. Qarşılıqlı əməkdaşlıq prosesi strateji tərəfdaşlığa dair imzalanan iki sənədlə daha da möhkəmlənmişdir. Hər iki ölkənin prezidentləri 2023-cü ilin yanvarında Buxarestdə görüşüb gələcək əməkdaşlıq məsələlərini müzakirə etmişlər. Onu da qeyd edək ki, Azərbaycan Prezidentinin Rumıniyaya səfəri zamanı təbii qazın bu ölkəyə ixracına dair saziş imzalanmışdır.
Rumıniya Prezidenti Klaus Yohannisin bu il fevralın əvvəlində Bakıya rəsmi səfəri də qarşılıqlı maraqlara xidmət etməklə yanaşı, bir sıra məsələlərin, mühüm regional layihələrin müzakirəsi ilə yadda qalmışdır. Prezident Klaus Yohannis Bakıda "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının açılış mərasimində iştirak etmişdir. Hazırda Azərbaycan qazının Rumıniya üzərindən digər Avropa ölkələrinə nəql edilməsi məsələsi də müzakirə olunmuşdur.
2023-cü il fevralın 3-də isə hər iki ölkənin dövlət neft şirkəti - "Romqaz" və SOCAR yeni sazişə imza atmışlar. Həmin sazişə əsasən, 2023-2024-cü illərdə Rumıniyaya əlavə təbii qaz ixrac ediləcəkdir.
Hər iki ölkənin parlamentləri arasında da əlaqələr inkişaf edir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradılıb. Dost ölkənin parlamentində isə 2021-ci ilin may ayından etibarən Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.
Son illər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrində ardıcıl inkişaf müşahidə olunur. Qarşılıqlı ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Təsadüfi deyil ki, SOCAR Rumıniyada uzun müddətdir fəaliyyət göstərir. Onun bu ölkədə 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. SOCAR-ın dost ölkədəki işgüzar komandasında isə 700-dən çox işçi çalışır.
İki ölkə arasında əməkdaşlıqda digər prioritet sahə nəqliyyat sektorudur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Konstansa dəniz limanları arasında əməkdaşlıq getdikcə genişlənir. Hər iki ölkənin logistika imkanları təkcə onların özləri üçün deyil, eyni zamanda Avropa və Asiya ölkələri arasında yükdaşıma imkanlarını artırır. Mövcud imkanları daha da genişləndirmək məqsədilə birgə komissiyaların fəaliyyəti də intensivləşib. Bu çərçivədə Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədrlərinin 2023-cü il yanvarın 26-da videoformatda görüşü keçirilib. 
Azərbaycan-Rumıniya əməkdaşlığının hərtərəfli inkişafı nəinki Cənubi Qafqazın və Şərqi Avropanın, eyni zamanda bütövlükdə "qoca qitə"nin enerji təhlükəsizliyi sistemini daha da gücləndirir. Yetər ki, Qafqazda və Şərqi Avropada hərbi münaqişələrə son qoyulsun və region dövlətləri arasında uzunmüddətli və qarşılıqlı etimada əsaslanan müvafiq sülh müqavilələri imzalansın. Belə bir şəraitdə Azərbaycan-Rumıniya strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Bu isə öz növbəsində hər iki regionda sülh və təhlükəsizlik, qarşılıqlı faydalı əməkdaşlıq işinə mühüm töhfələr verəcək. 

Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video