XIII Qlobal Bakı Forumu qlobal miqyasda artan parçalanma şəraitində dialoq və əməkdaşlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Forumda dünyanın müxtəlif bölgələrindən və fərqli siyasi baxışlara malik iştirakçıların bir araya gəlməsi qlobal çağırışların birgə müzakirəsi üçün vacib imkan yaradır.
Bu barədə AZƏRTAC-a müsahibəsində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan bildirib.
Baş katib qeyd edib ki, Qlobal Bakı Forumunda coğrafi və siyasi baxımdan geniş müxtəlifliyin təmsil olunması tədbirin əhəmiyyətini daha da artırır: “Burada dünyanın müxtəlif bölgələrindən səslər bir araya gəlir və hamımızın birlikdə üzləşdiyi problemləri müzakirə edirik. Multilateralizm, sülh və inkişaf kimi mövzular bu platformada geniş şəkildə müzakirə olunur”.
Rebeka Qrinspan Azərbaycanın belə beynəlxalq platformalara ev sahibliyi etməsini yüksək qiymətləndirərək bildirib ki, ölkə artıq təkcə regional deyil, həm də qlobal səviyyədə mühüm səsə çevrilib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Forumun açılış sessiyasında çıxışı da xüsusi diqqət çəkib: “Azərbaycan bu gün beynəlxalq müzakirələrdə mühüm rol oynayır. Prezidentin çıxışı çox təsirli idi. Həmçinin Ermənistanla sülh sazişi istiqamətində atılan addımlar dünyadakı digər münaqişələr üçün də ümid və ilham yarada bilər”.
BMT-nin növbəti Baş katibinin seçilməsi ilə bağlı suala cavabında Rebeka Qrinspan bildirib ki, yeni rəhbərlik təşkilata olan etimadın bərpasına və onun islahatına xüsusi diqqət yetirməlidir. O qeyd edib ki, ölkəsi tərəfindən BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi onun üçün böyük şərəfdir.
“Gələcək Baş katib dünyada etimadı bərpa etməli, müstəqil və qərəzsiz olmalı, eyni zamanda BMT-də zəruri islahatları həyata keçirmək üçün cəsarət göstərməlidir. Bunun üçün güclü idarəetmə və qətiyyətli yanaşma tələb olunur”, – deyə Rebeka Qrinspan vurğulayıb.