12 Noyabr 2022 01:17
586
Məktublar
A- A+

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinə

 

Hörmətli Milli Olimpiya Komitəsi üzvləri!
Sizi, eləcə də ölkəmizin bütün idman ictimaiyyətini Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı yetirir və gələcək işlərinizdə yeni uğurlar diləyirəm.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə təsis olunan Milli Olimpiya Komitəsi ötən müddət ərzində ölkəmizin öz idman potensialını tam gerçəkləşdirməsi naminə daim var qüvvəsi ilə çalışmışdır. Komitə nailiyyətlərlə zəngin şərəfli bir yol keçmiş və işini yalnız Olimpiya oyunlarında iştirakla məhdudlaşdırmayaraq, respublikada Olimpiya ideallarının bərqərar olmasında və idmanın dinamik inkişaf etdirilməsində təqdirəlayiq xidmətlər göstərmişdir. Qurumun fəaliyyətinin səmərəli təşkilinin nəticəsidir ki, idmançılarımız Olimpiya oyunlarında, Avropa və dünya çempionatlarında çoxsaylı müvəffəqiyyətlər qazanmışlar.
Respublikamızda idmana diqqət dövlət siyasətinin prioritetlərindəndir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlər, o cümlədən yaradılmış ən müasir idman infrastrukturu, olimpiya kompleksləri, ixtisaslaşmış idman məktəbləri bunun əyani təsdiqidir. Xüsusi vurğulamaq istərdim ki, mötəbər beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübə əldə olunmuşdur. Bu gün yüksəliş dövrünü yaşayan və bayrağımızı dünyanın hər yerində dalğalandıran idmanımızın tarixinə parlaq səhifələr yazılmaqdadır. Azərbaycan idman sahəsində nəhəng layihələr reallaşdıraraq uğurlara imza atmış ölkə kimi artıq dünya miqyasında tanınır.
Milli Olimpiya Komitəsi idmançılarımızın Olimpiya oyunlarındakı qələbələrinə dəyərli töhfələr verən və yüksəksəviyyəli qarşılıqlı əməkdaşlıq əlaqələri quraraq hazırda qitənin olimpiya qurumları arasında ön sıralarda dayanan nüfuzlu təşkilatlardan birinə çevrilmişdir. İnanıram ki, komitə Olimpiya Xartiyasının başlıca prinsipləri əsasında respublikamızda Olimpiya hərəkatının qarşıdakı illərdə daha geniş vüsət alması üçün imkan və bacarığını bundan sonra da əsirgəməyəcək, nailiyyətləri ilə ictimai həyatımızdakı əhəmiyyətli mövqeyini qoruyub saxlayacaqdır.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 noyabr 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video