Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15
aprel tarixli Fərmanı ilə təsdiq
edilmişdir
1. Ümumi müddəalar
1.1.
"Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş
elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra - Əsasnamə) "Əmək, məşğulluq, sosial müdafiə və sosial
təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli
Fərmanının 2.4.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və "e-sosial” portalının
(bundan sonra – portal) fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji
əsaslarını müəyyən edir.
1.2.
Portal Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş
elektron informasiya sistemində (bundan sonra – MEİS) formalaşan məlumatlar
əsasında məşğulluq, əmək, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin
fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq
sahə) əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron qaydada
təqdim olunmasını, o cümlədən vətəndaşların yaranmış hüquqları əsasında proaktiv formada əməliyyatların aparılmasını
və onların həmin əməliyyatlar barədə məlumatlandırılmasını təmin edir.
1.3.
Müvafiq sahədə vətəndaşlar barəsində məlumatların
elektron qaydada yoxlanılması mümkün olduqda portal xidmətləri onların
vətəndaşlara hüquqlarının yarandığı an təqdim edilməsini və onların bu barədə
məlumatlandırılmasını nəzərdə tutan proaktiv formada həyata keçirir.
1.4.
Dövlət qurumlarının informasiya ehtiyatlarının və
sistemlərinin MEİS-ə və portala inteqrasiyası Qaydalara uyğun həyata keçirilir.
1.5.
Bu əsasnamədə istifadə olunan anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.5.1. operator
– MEİS-in sahibi, yəni portalın yaradılmasını, idarə olunmasını və inkişafını
təmin edən Nazirlik; MEİS-in və portalın üzərində sahiblik və istifadə hüququnu
həyata keçirən, normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada onların
aparılmasını təmin edən Nazirlik;
1.5.2. istifadəçi
– normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada MEİS-dən və portaldan
informasiya əldəetmə və ya informasiyadan istifadə hüququ verilmiş dövlət və
yerli özünüidarəetmə orqanları, hüquqi və ya fiziki şəxslər;
1.5.3. əlaqələndirici
qurum – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi;
1.5.4. istifadəçinin
elektron kabineti – müvafiq sahədə məlumatların əldə edilməsini, operator və
digər dövlət qurumları ilə qarşılıqlı
əlaqəni təmin edən xüsusi fərdi elektron səhifə.
1.6.
İştirakçılar
özlərinin informasiya ehtiyatlarındakı məlumatlardan, həmçinin fərdi
məlumatlardan elektron xidmətlər göstərilməsi zamanı qanunla müəyyənləşdirilmiş
qaydada istifadəni təmin etməlidirlər.
1.7.
Portalda toplanmış fərdi məlumatların işlənilmə
məqsədi Nazirliyin fəaliyyət istiqamətləri üzrə düzgün qərarların qəbul
edilməsinə, vətəndaşların müraciətlərinin düzgün cavablandırılmasına və onların
məlumatlandırılmasına xidmət edir.
1.8.
Portalın fəaliyyətinin təşkili,
təkmilləşdirilməsi və saxlanması ilə bağlı xərclər Nazirlik
üçün ayrılmış büdcə təxsisatları çərçivəsində dövlət sosial müdafiə fondunun
büdcəsi, işsizlikdən sığorta fondunun büdcəsi və qanunla qadağan edilməyən
digər mənbələr hesabına maliyyələşdirilir.
2. Portalın fəaliyyət
prinsipləri
2.0.
Portalın fəaliyyəti aşağıdakı prinsiplər əsasında
həyata keçirilir:
2.0.1.
şəffaflıq – portalın fəaliyyətində aşkarlığın və
hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların
nəticələrinin izlənməsi imkanının mövcudluğu;
2.0.2.
istifadə rahatlığı – istifadəçilərin və dövlət qurumlarının portaldan istifadəsinin
və informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin
edilməsi;
2.0.3.
səmərəlilik – müraciətlərin təqdim edilməsi,
qəbulu, cavablandırılması üçün tələb olunan vaxtın və maliyyə xərclərinin
optimallaşdırılması, habelə istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin
yüksəldilməsi;
2.0.4.
təhlükəsizlik – sertifikatlaşdırılmış proqram
təminatından və proqram-texniki vasitələrdən istifadə olunması, informasiya
mübadiləsi zamanı normativ hüquqi aktların
tələblərinə riayət edilməsi, təşkilati, texniki, texnoloji tədbirlər
həyata keçirməklə informasiyanın
tamlığının və mühafizəsinin təmin edilməsi;
2.0.5.
fasiləsizlik – portalda fəaliyyətin fasiləsiz
həyata keçirilməsi;
2.0.6.
modulluq və miqyaslılıq – ən son
texnologiyalardan istifadə etməklə portalın davamlı təkmilləşdirilməsi və
inkişaf etdirilməsi, funksiyasına və imkanlarının artırılmasını təmin edən
proqram-texniki komponentlərin olması;
2.0.7.
operativlik – müraciətlərin təqdim edilməsinin,
qəbulunun, cavablandırılmasının, nəticələrinin göndərilməsinin, informasiyanın
əldə olunmasının və mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi.
3.
Portalın infrastrukturu
3.1.
Portalın infrastrukturu texniki-texnoloji və funksional baxımdan aşağıdakı
əsas komponentlərdən ibarətdir:
3.1.1. proqram-texniki vasitələr;
3.1.2. mobil cihazlar və səyyar
qurğular üçün proqram təminatı;
3.1.3. telekommunikasiya
kanalları;
3.1.4. idarəetmə sistemi;
3.1.5. ehtiyat mərkəzi;
3.1.6. arxiv mərkəzi.
3.2.
Portalın proqram-texniki vasitələri, mobil cihaz və səyyar qurğular üçün
proqram təminatı və telekommunikasiya kanalları bu əsasnamənin 1.2-ci bəndində
nəzərdə tutulan xidmətlərin və informasiya mübadiləsinin həyata keçirilməsini,
istifadəçilərin portaldan istifadəsini, portalın fəaliyyətinin etibarlılığını,
təhlükəsizliyini və məlumatların mühafizəsini təmin edir.
3.3.
Portalın idarəetmə sistemi onun məlumat bazasının formalaşdırılmasını,
idarə olunmasını və istifadəsini təmin edir.
3.4.
Portalın fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək
məqsədilə onun ehtiyat mərkəzi yaradılır və portalın proqram-texniki
vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır. Formalaşan məlumatlar portalın
məlumat bazasında, ehtiyat surətləri isə onun məlumat bazasının arxiv
mərkəzində saxlanılır.
3.5.
Müvafiq sahədə xidmətlərdən istifadə üçün portal gücləndirilmiş elektron
imza ilə daxil olmağa imkan verən autentifikasiya mexanizmləri və ya digər
elektron eyniləşdirmə vasitələri (istifadəçi adı, şifrə və s.) ilə təchiz
edilir.
4. Müraciətlərin göndərilməsi
və qeydiyyatı
4.1.
İnteraktiv xidmətlərdən istifadə üçün istifadəçi
əvvəlcə gücləndirilmiş elektron imzası və ya digər elektron eyniləşdirmə vasitələrindən istifadə
etməklə portalda Vahid Giriş Sistemi ("Single Sign On”) vasitəsilə qeydiyyatdan
keçərək elektron kabinet yaradır və həmin elektron kabinetdə istifadə etmək
istədiyi xidməti seçir.
4.2.
Portalda seçilən xidmətə uyğun olaraq açılan
ərizə pəncərəsində tələb edilən məlumatlar dövlət qurumlarının informasiya
sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya
sistemlərində olmazsa, seçilmiş xidmət üzrə tələb edilən sənədlərin skan
olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi onu gücləndirilmiş
elektron imza və ya digər elektron
eyniləşdirmə vasitəsilə təsdiqləyir.
4.3.
Sistem məlumatların tamlığını yoxlayır və təsdiq
etdikdən sonra istifadəçi məlumatları
göndərir.
4.4.
Portal müraciəti real vaxt rejimində qeydiyyata
alır, bu barədə istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına
və (və ya) mobil nömrəsinə bildiriş
göndərir.
4.5.
Portala daxil edilən informasiya istifadəçilərin
sistemdə qeydiyyatı üçün tələb olunan və onların özlərinin daxil etdikləri informasiyadan ibarətdir.
4.6.
Portal vasitəsilə sorğu edilən məlumatların
tərkibinə müvafiq sahədə portal vasitəsilə vətəndaşlara təqdim edilən xidmətlər daxildir.
5. Müraciətlərə baxılması
5.1.
Portal vasitəsilə Azərbaycan Respublikasının
"Əmək pensiyaları haqqında”, "Sosial müavinətlər haqqında”, "Məşğulluq
haqqında”, "Sosial xidmət haqqında”, "Dövlət sosial sığorta sistemində fərdi
uçot haqqında”, "İşsizlikdən sığorta haqqında”, "İnzibati icraat haqqında”,
"Vətəndaşların müraciətləri haqqında” qanunlarında nəzərdə tutulmuş
müddətlərdə ərizəyə baxılır və nəticəsi
barədə istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və (və ya)
mobil nömrəsinə məlumat göndərilir.
5.2.
Elektron qaydada tərtib olunmuş ərizə və ona
əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan, xidmətdən istifadəyə
imtinaya səbəb olmayan çatışmazlıqlar aşkarlandıqda, həmin çatışmazlıqların
aradan qaldırılması və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri
barədə portal vasitəsilə istifadəçinin elektron kabinetinə və poçt ünvanına
və (və ya) mobil nömrəsinə məlumat göndərilir.
5.3.
İstifadəçi həmin çatışmazlıqları 5.5-ci bənddə
qeyd edilmiş müddət ərzində aradan qaldırdıqda, çatışmazlıqların aradan
qaldırılması barədə məlumatı
gücləndirilmiş elektron imzası və ya digər elektron eyniləşdirmə
vasitəsilə təsdiqləyir və portala daxil edir.
5.4.
Portal çatışmazlıqların aradan qaldırılması
barədə məlumatı qeydiyyata aldıqdan sonra istifadəçinin elektron kabinetinə,
elektron poçt ünvanına və (və ya) mobil nömrəsinə bu barədə real vaxt rejimində
bildiriş göndərilir.
5.5.
İstifadəçi 10 (on) iş günü ərzində
çatışmazlıqları aradan qaldırmadıqda, operator müraciət edilən xidmətdən imtina
haqqında qərar qəbul edir və portal
vasitəsilə istifadəçinin elektron kabinetinə və poçt ünvanına və (və ya)
mobil nömrəsinə məlumat göndərir.
6. Operatorun funksiyaları
6.1.
Operator portalın fəaliyyətini təmin etmək üçün
aşağıdakı funksiyaları həyata keçirir:
6.1.1.
portalın fəaliyyətini və idarə olunmasını təşkil
etmək, portal vasitəsilə dayanıqlı, fasiləsiz, operativ və təhlükəsiz xidmət
göstərilməsini təmin etmək, onun funksional imkanlarının artırılması və
təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;
6.1.2.
müvafiq sahədə elektron xidmətlərin göstərilməsi
üçün EHİS-dən məlumat almaq;
6.1.3.
portala daxil edilən məlumatların etibarlılığını,
əlçatanlığını, təhrifolunmazlığını və konfidensiallığını (məxfiliyini), habelə
onların ehtiyat surətlərinin saxlanılmasını və mühafizəsini təmin etmək;
6.1.4.
portalın texniki-texnoloji infrastrukturunun
təyinatı üzrə istismarını, ona texniki xidməti, təmirini və saxlanmasını təmin
etmək, tərtib olunmuş qrafikə uyğun olaraq profilaktik işlər aparmaq;
6.1.5.
portalın təhlükəsizliyinin pozulduğu, əsas
avadanlıqda qəza (xəta) baş verdiyi hallarda onun ehtiyat mərkəzinin fəaliyyətə
başlamasını təmin etmək, dövlət qurumlarını
və istifadəçiləri bu barədə məlumatlandırmaq, baş vermiş qəzanın (xətanın)
aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
6.1.6.
dövlət qurumlarına portalın iş prinsipi və funksional imkanları
haqqında məlumat vermək, metodik kömək göstərmək.
6.2.
Müvafiq sahədə xidmətlərin tam
elektronlaşdırıldığı hallarda xidmətləri operator proaktiv formada təqdim edir.
7. Portalın operatorunun hüquq
və vəzifələri
7.1.
Portalın operatorunun bu əsasnamənin
8.2-ci bəndində nəzərdə tutulan vəzifələri həyata keçirmək üçün
aşağıdakı hüquqları vardır:
7.1.1. portalın
fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
7.1.2. portalın funksional imkanlarının artırılması ilə bağlı
tədbirlər görmək;
7.1.3.
portal istifadəçilərinin sorğu etdikləri
məlumatların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görmək;
7.1.4. Qaydaların
tələblərinə uyğun olaraq, digər dövlət orqanlarından və qurumlarından
məlumatların elektron formada mübadiləsini tələb etmək;
7.1.5. əldə olunması qanunla məhdudlaşdırılan, o cümlədən
xidməti istifadə üçün nəzərdə tutulan informasiyadan yalnız müvafiq normativ
hüquqi aktlara uyğun şəkildə istifadə məqsədilə həmin məlumatların
ötürülməsində məhdudiyyətlər tətbiq etmək;
7.1.6.
bu əsasnamə ilə müəyyən edilmiş digər hüquqları
həyata keçirmək.
7.2.
Portalın operatorunun vəzifələri aşağıdakılardır:
7.2.1.
məlumatların mötəbərliyinin portalın nəzarətində
saxlanılması və mütəmadi (dövri) yoxlanılması imkanlarını təmin etmək;
7.2.2.
qanunsuz daxilolma və saxtalaşdırma hallarının
qarşısını almaq, giriş və əməliyyat tarixçələrini (loqları) saxlamaq;
7.2.3.
fəaliyyətin fasiləsizliyini təmin etmək, dayanma
hallarının qeydiyyatını aparmaq, mütəmadi texniki dəstək fəaliyyəti həyata
keçirmək;
7.2.4.
fərdi məlumatların toplanılmasını və işlənməsini
"Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
həyata keçirmək;
7.2.5.
informasiya ehtiyatında və sistemində
dəyişiklikləri müvafiq qeydlər edilməklə aparmaq, belə qeydlərin edilməsinə
əsas olan sənədləri müvafiq sənədlər qovluğuna daxil etmək;
7.2.6.
arxivləşməyə hazırlığın (arxiv qeydi aparılmaqla)
avtomatlaşdırılmış qaydada həyata keçirilməsini təmin etmək;
7.2.7.
formalaşdırılan, daxil edilən və toplanılan məlumatların
əlavə nüsxələrinin portalın ehtiyat mərkəzlərində saxlanılmasını təmin etmək;
7.2.8.
portala çıxışı olan, habelə onun aparılmasında
iştirak edən əməkdaşları arasında iş və vəzifə bölgüsünü müəyyən etmək, onları
görəcəkləri işlər barədə məlumatlandırmaq;
7.2.9.
portalın fəaliyyətinin mütəmadi monitorinqini
həyata keçirmək;
7.2.10. məlumatların
portala tam, dəqiq və dürüst daxil edilməsini təmin etmək;
7.2.11. normativ
hüquqi aktlarla müəyyənləşdirilmiş səlahiyyətlərinə aid olmayan və (və ya) eyni
informasiyanın portala daxil edilməsinin qarşısını almaq;
7.2.12. portaldan
istifadəni (o cümlədən informasiyanın axtarılmasını və əldə edilməsini)
normativ hüquqi aktlarla müəyyənləşdirilmiş səviyyədə, həcmdə və vaxtda təmin
etmək;
7.2.13. portalın
mühafizəsi ilə bağlı normativ hüquqi aktlarla müəyyənləşdirilmiş zəruri
təşkilati, texniki tədbirlər görmək, sistemdə formalaşdırılan, daxil edilən və
toplanılan məlumatların aktual, təhlükəsiz şəraitdə saxlanılmasını və
mühafizəsinı təşkil etmək;
7.2.14. portalda
məlumatların toplanılması, işlənməsi, sorğuların verilməsi və icrası,
müraciətlərin qeydiyyatı və onlara
baxılmasının nəticələrinin, habelə informasiya sisteminin idarə olunması
və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit
jurnallarında toplanılmasını (hesabatlılığını) təmin etmək;
7.2.15. portalda
fərdi məlumatların toplanılması, işlənməsi, yayılması və verilməsi zamanı həmin
fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsinə nəzarəti
"Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və ona uyğun
olaraq qəbul edilmiş normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada həyata
keçirmək.
8. İstifadəçilərin hüquqları
8.0.
İstifadəçilərin aşağıdakı hüquqları vardır:
8.0.1.
portal vasitəsilə Nazirliyin fəaliyyət istiqamətlərinə aid olan xidmətlərdən
istifadə etmək;
8.0.2.
xidmətlərin göstərilməsi üçün müraciət etmək və bununla bağlı elektron kabinet
yaratmaq;
8.0.3.
etdiyi müraciətin nəticəsi barədə cavab almaq;
8.0.4.
portaldan özü barədə məlumatlar əldə
etmək;
8.0.5.
portalda özü barədə məlumatlarda səhv aşkar etdikdə, onların dəyişdirilməsini
tələb etmək;
8.0.6.
portalın işinin təkmilləşdirilməsi ilə
bağlı təkliflər vermək.