26 Dekabr 2025 03:12
155
Qanunlar
A- A+
Azərbaycan Respublikasının daxili qoşunları haqqında

Azərbaycan Respublikasının daxili qoşunları haqqında


Azərbaycan Respublikasının Qanunu



Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci və 20-ci bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycan Respublikası daxili qoşunlarının (bundan sonra – daxili qoşunlar) fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir.

1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. daxili qoşunlar – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkib hissəsi olmaqla, bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan fəaliyyət istiqamətlərini həyata keçirən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vahid sisteminə daxil olan silahlı birləşmə;

1.1.2. döyüş texnikası – silah kompleksindən və onun daşıyıcısından ibarət olan hərbi texnika;

1.1.3. fəal mühafizə vasitələri – hücumun, müqavimətin, tabe olmama hallarının qarşısını almaq məqsədilə tətbiq edilən psixofizioloji təsir vasitələri (xüsusi silahlar, rezin dəyənəklər, əl-qolu bağlama vasitələri, işıq-səs və elektroşok cihazları, xüsusi təyinatlı gözyaşardıcı qaz, tüstü, xidməti itlər və atlar);

1.1.4. fərdi qoruyucu mühafizə vasitələri – şəxsi heyəti xidməti vəzifələrinin icrası zamanı onlara qarşı edilən qəsdlərdən qoruyan vasitələr (qoruyucu dəbilqələr, canqoruyucular, güllə və zərbəyə qarşı qalxanlar, əleyhqazlar);

1.1.5. fiziki qüvvə – insan əzələlərinin gərilməsi nəticəsində yaranan güc vasitəsilə mexaniki təsir göstərmək qabiliyyəti;

1.1.6. xüsusi əməliyyat – müəyyən edilmiş ərazidə və müddətdə tapşırıq və plan üzrə vahid rəhbərlik altında keçirilən tədbirlər kompleksi;

1.1.7. xüsusi əməliyyatların keçirilməsini təmin edən vasitələr – qrup halında basqının, müqavimətin, tabe olmama hallarının qarşısının alınmasında, keçilməz sədlərin dağıdılmasında, kütlənin, avtonəqliyyat vasitələrinin məcburi dayandırılmasında və ya onların hərəkətinin məhdudlaşdırılmasında təsir gücü kimi istifadə olunan xüsusi texnika;

1.1.8. xüsusi silah – xüsusi təyinatlı gözyaşardıcı qaz, tüstü və rezin gülləli, rezin qırmalı patronların və qumbaraların tətbiqi üçün istifadə olunan atıcı qurğu və vasitələr;

1.1.9. xüsusi texnika – daxili qoşunların xidməti vəzifələrinin icrası zamanı taktiki üsullara uyğun istifadə olunan texniki vasitələr, sistemlər, qurğular, zirehli, xüsusi təyinatlı maşınlar və avadanlıqlar;

1.1.10. xüsusi vasitələr – fərdi qoruyucu mühafizə, fəal mühafizə və xüsusi əməliyyatların keçirilməsini təmin edən vasitələr;

1.1.11. obyektlərin mühafizəsi – obyektlərin təhlükəsizliyinin təşkilinə, orada olan şəxslərin həyat və sağlamlığının qorunmasına yönəlmiş tədbirlər.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

Maddə 2. Daxili qoşunlar haqqında Azərbaycan Respublikasının
                qanunvericiliyi

2.1. Daxili qoşunlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və daxili qoşunların fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlardan ibarətdir.

2.2. Fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin olunması, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi ilə bağlı daxili qoşunların fəaliyyəti “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

Maddə 3. Daxili qoşunların fəaliyyətinin əsas prinsipləri

3.1. Daxili qoşunların fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:

3.1.1. qanunun aliliyi, humanizm, qanun qarşısında bərabərlik, insan və onun konstitusion hüquq və azadlıqlarına hörmət;

3.1.2. vahid və mərkəzləşdirilmiş rəhbərlik;

3.1.3. daxili qoşunların hərbi quruculuq tədbirlərinə və fəaliyyətinə nəzarət;

3.1.4. beynəlxalq hərbi quruculuq təcrübəsindən səmərəli istifadə;

3.1.5. döyüşə və səfərbərliyə daimi hazırlıq;

3.1.6. döyüş potensialının müasir hərbi elmin və texnikanın ən yeni nailiyyətləri səviyyəsində saxlanılması, texniki bazanın daima yenilənməsi;

3.1.7. dövlət sirrinin qorunması;

3.1.8. hərbi intizamın möhkəmləndirilməsi;

3.1.9. şəxsi heyətdə Azərbaycan Respublikasına, Azərbaycan xalqına, hərbi anda sədaqət hissinin, öz Vətəninin tarixinə və ənənələrinə dərin məhəbbətin, Vətənin müdafiəsi naminə yüksək şəxsi məsuliyyətin formalaşdırılması;

3.1.10. daxili qoşunlarda siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və dini qurumların yaradılmasının və fəaliyyətinin qadağan edilməsi;

3.1.11. gənclərdə hərbi xidmətə marağın yüksəldilməsi.

Maddə 4. Daxili qoşunların fəaliyyət istiqamətləri

4.1. Daxili qoşunların fəaliyyət istiqamətləri aşağıdakılardır:

4.1.1. konstitusiya quruluşunun, suverenliyin, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək;

4.1.2. terrorçuluğa və dini ekstremizmə qarşı mübarizədə iştirak etmək;

4.1.3. fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin edilməsində, fövqəladə vəziyyətin, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək;

4.1.4. Azərbaycan Respublikası ərazisinin müdafiəsində iştirak etmək;

4.1.5. bu Qanunun 4.1.1 – 4.1.4-cü maddələrində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mühafizə olunan obyektlərin mühafizəsində iştirak etmək.

Maddə 5. Daxili qoşunların tərkibi

5.1. Daxili qoşunların tərkibi aşağıdakılardan ibarətdir:

5.1.1. idarəetmə orqanı;

5.1.2. daxili qoşunların funksional vəzifələri üzrə hərbi hissələr və bölmələr;

5.1.3. xüsusi təyinatlı təhsil müəssisələri;

5.1.4. təminat hərbi hissə və bölmələri.

2-ci fəsil
DAXİLİ QOŞUNLARIN FƏALİYYƏTİNİN TƏMİN EDİLMƏSİ
 
Maddə 6. Daxili qoşunların fəaliyyəti ilə bağlı dövlət orqanlarının
                səlahiyyətləri

6.1. Bu Qanunun 8-ci maddəsi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum):

6.1.1. daxili qoşunların strukturunu, ali hərbi rütbəli vəzifələrin siyahısını və ümumi say tərkibini təsdiq edir;

6.1.2. daxili qoşunların hərbi qulluqçularını vəzifəyə təyin və vəzifədən azad edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır;

6.1.3. daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələr verir;

6.1.4. daxili qoşunların hərbi hissələrini və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisəsini yaradır və ləğv edir, o cümlədən həmin təhsil müəssisəsinin nizamnaməsini təsdiq edir;

6.1.5. daxili qoşunların, onun xüsusi təyinatlı ali təhsil müəssisəsinin və hərbi hissələrinin döyüş bayraqlarının, habelə daxili qoşunların embleminin, hərbi qulluqçuların hərbi geyim formasının, fərqləndirmə nişanlarının əsasnamələrini və onların təsvirlərini təsdiq edir;

6.1.6. daxili qoşunları fövqəladə və ya hərbi vəziyyət, habelə sosial xarakterli fövqəladə mühit rejiminin təmin edilməsinə cəlb edir;

6.1.7. daxili qoşunların hərbi şurasının əsasnaməsini təsdiq edir və onun tərkibini müəyyən edir;

6.1.8. daxili qoşunların hərbi qulluqçularını və mülki işçilərini Azərbaycan Respublikasının dövlət mükafatları və təltifləri ilə, o cümlədən fəxri adlarla təltif edir;

6.1.9. daxili qoşunların səfərbərlik tapşırıqlarını müəyyənləşdirir, səfərbərlik və müharibə dövründə dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları tərəfindən daxili qoşunların maddi-texniki vasitələrlə təmin olunması barədə qərar qəbul edir;

6.1.10. daxili qoşunların çağırışçılarla, qanunla nəzərdə tutulmuş halda hərbi vəzifəlilərlə, habelə səfərbərlik zamanı, müharibə (silahlı münaqişə) dövründə hərbi nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsini həyata keçirir;

6.1.11. daxili qoşunlara bilavasitə rəhbərlik edir və onlara həvalə olunmuş vəzifələrin icrası zamanı qanunçuluğa riayət edilməsini təmin edir;

6.1.12. daxili qoşunların strukturu, ali hərbi rütbəli vəzifələrin siyahısı və ümumi say tərkibi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimat verir;

6.1.13. daxili qoşunların inkişaf, səfərbərlik, yerləşdirmə və tətbiq planlarını təsdiq edir;

6.1.14. daxili qoşunların idarəetmə orqanında hərbi və mülki vəzifələr üçün, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissə və bölmələrin polkovnik və polkovnik-leytenant vəzifələri üçün nəzərdə tutulmuş ştatları təsdiq edir və onlarda dəyişiklik edir;

6.1.15. hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitləri, habelə ilk zabit hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuları, ehtiyatda olan hərbi vəzifəliləri və qadınları zabitlərin həqiqi hərbi xidmətinə qəbul edir;

6.1.16. müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin daxili qoşunlarda xidmətini və ehtiyata buraxılmasını təşkil edir;

6.1.17. xidməti vəzifələrinin icrası zamanı daxili qoşunların həlak olmuş, ölmüş, xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edilmiş, əlilliyi müəyyən edilmiş hərbi qulluqçularının ailə üzvlərinin sosial şəraitinin yaxşılaşdırılmasına köməklik göstərir, habelə onların maddi və məişət məsələlərinin həlli üçün normativ hüquqi aktlara uyğun tədbirlər görür;

6.1.18. daxili qoşunların və daxili işlər orqanlarının birgə fəaliyyətini təşkil edir;

6.1.19. ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrinin yerinə yetirilməsinə xüsusi və əməliyyat təyinatlı, mühafizə və təminat hərbi hissə və bölmələrini, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrini cəlb edir;

6.1.20. hərbi hissələrin daimi yerləşdiyi ərazilərdən kənarda fəaliyyətinə dair qərar verir;

6.1.21. qanuna uyğun olaraq daxili qoşunların hərbi qulluqçularını və mülki işçilərini intizam məsuliyyətinə cəlb edir;

6.1.22. icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir, onların icrasına nəzarəti təşkil edir;

6.1.23. Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq daxili qoşunların fəaliyyətinə aid digər məsələləri həll edir.

 Maddə 7. Daxili qoşunların fəaliyyətinin təmin edilməsi tədbirləri

7.1. Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları daxili qoşunların qanunla müəyyən olunmuş fəaliyyətinin təmin edilməsi üçün onlara kömək göstərməlidirlər.

7.2. Xüsusi əməliyyat keçirilərkən, habelə fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin edilməsi və fövqəladə vəziyyətin, habelə sosial xarakterli fövqəladə mühitin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılması vəzifələri yerinə yetirilərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına əsasən həmin ərazidə dövlət orqanları (qurumları), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar ödənişsiz olaraq ilk növbədə:

7.2.1. hərbi qulluqçularının və maddi-texniki vasitələrinin daşınmasına nəqliyyatın bütün növləri, o cümlədən hərbi hava nəqliyyatı vasitələri ilə daxili qoşunlara kömək göstərirlər, dəmiryol stansiyalarında, hava və su limanlarında onların saxlanılması üçün yerlər ayırırlar və ya nəqliyyat vasitələrini daxili qoşunların müvəqqəti istifadəsinə verirlər;

7.2.2. idarəetmə sisteminin və fasiləsiz əlaqənin yaradılması üçün daxili qoşunlar üçün rabitə xətləri və kanalları ayırırlar.

3-cü fəsil
DAXİLİ QOŞUNLARIN İDARƏ OLUNMASI VƏ TƏMİNATLAR

Maddə 8. Daxili qoşunların komandanının səlahiyyətləri

8.1. Daxili qoşunların komandanı daxili qoşunların şəxsi heyətinin birbaşa rəisidir.

8.2. Daxili qoşunların komandanı:

8.2.1. daxili qoşunları bilavasitə idarə edir, onların xidməti-döyüş vəzifələrini müvəffəqiyyətlə yerinə yetirməsinə və səfərbərlik hazırlığının saxlanılmasına görə cavabdehdir;

8.2.2. müavinlərinin, daxili qoşunların idarəetmə orqanının struktur bölmələrinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edir;

8.2.3. daxili qoşunların fəaliyyətinin, strukturunun, ştatlarının, habelə daxili qoşunların fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, təşkilati tədbirlər görülməsi, inkişaf, səfərbərlik, yerləşdirmə və tətbiq planları ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təkliflər verir;

8.2.4. daxili qoşunların müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) qarşılıqlı əlaqədə tədbirlər görür, habelə həqiqi hərbi xidmətə qəbul məsələlərini həll edir;

8.2.5. əmrlər, sərəncamlar və göstərişlər verir, normativ hüquq aktlarda nəzərdə tutulmuş hallarda müvafiq sənədləri təsdiq edir;

8.2.6. daxili qoşunların döyüş hazırlığı, fəaliyyət və elmi tədqiqat işlərinin planlarını, habelə döyüş təlimi proqramlarını təsdiq edir;

8.2.7. ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə namizədlərin vəzifəyə təyin olunması və ya vəzifədən azad edilməsi, ali hərbi rütbələrin verilməsi, daxili qoşunların idarəetmə orqanında hərbi və mülki vəzifələr üçün, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissə və bölmələrin polkovnik və polkovnik-leytenant vəzifələri üçün nəzərdə tutulmuş ştatların təsdiq edilməsi və onlarda dəyişiklik edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təkliflər verir, xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissə və bölmələrin mayor rütbəsinədək (bu rütbə də daxil olmaqla) hərbi rütbə üzrə vəzifələri üçün nəzərdə tutulmuş ştatları təsdiq edir;

8.2.8. zabitləri ştatla mayor rütbəsinədək (bu rütbə də daxil olmaqla) hərbi rütbə üzrə vəzifəyə təyin edir və vəzifədən azad edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır;

8.2.9. zabitlərə (ilk zabit rütbəsi və həvəsləndirmə qaydasında zabit rütbələri istisna olmaqla) mayor rütbəsinədək (bu rütbə də daxil olmaqla) növbəti hərbi rütbələr verir;

8.2.10. gizirləri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını vəzifəyə təyin edir və vəzifədən azad edir, onlara hərbi rütbələr verir, habelə zabitlərdən başqa digər hərbi qulluqçuları hərbi rütbələrdən məhrum edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır;

8.2.11. mülki işçiləri işə qəbul edir və işdən azad edir;

8.2.12. şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi sahəsində tədbirlər görür;

8.2.13. səlahiyyətləri daxilində daxili qoşunların hərbi qulluqçularını, mülki işçilərini mükafatlandırır, təltif edir, intizam məsuliyyətinə cəlb edir və digər məsuliyyət tədbirlərinin görülməsini təmin edir;

8.2.14. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daxili qoşunların silah, xüsusi vasitələr, döyüş texnikası və xüsusi texnika ilə təmin edilməsi üçün müqavilələr bağlayır;

8.2.15. səlahiyyətləri daxilində fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin olunmasına və fövqəladə vəziyyətin, habelə sosial xarakterli fövqəladə mühitin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılmasına cəlb edilən daxili qoşunların və daxili işlər orqanlarının birgə fəaliyyətinin təmin edilməsi üçün tədbirlər görür;

8.2.16. daxili qoşunların fəaliyyətinin təftişinə dair materiallarla tanış olur, həmin materiallar üzrə verilmiş rəyləri təsdiq edir, aşkar edilmiş pozuntuların (nöqsanların) aradan qaldırılması və təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görür;

8.2.17. daxili qoşunların beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti ilə əlaqədar tədbirlər görür.

Maddə 9. Daxili qoşunların maliyyə təminatı

9.1. Daxili qoşunların maliyyə təminatı dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.

9.2. Daxili qoşunların maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində ayrıca sətirlə müəyyən edilir.

9.3. Daimi yerləşdiyi yerlərdən kənarda xidməti vəzifələrin yerinə yetirilməsinə cəlb olunmuş daxili qoşunların hərbi qulluqçularının xidməti yaşayış sahələri, kommunal xidmətlər, rabitə xətləri və kanalları, nəqliyyat vasitələri, yanacaq-sürtgü materialları, əlavə qida məhsulları ilə təmin edilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Maddə 10. Daxili qoşunların maddi-texniki təminatı

10.1. Daxili qoşunların maddi-texniki vasitələrlə təmin edilməsi qaydası “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.

10.2. Daxili qoşunların silahı, döyüş texnikası və xüsusi texnikası bağlanılmış müqavilələr əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəssisələrində təmir edilə bilər.

10.3. Bu Qanunun 10.4-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qayda və normalara uyğun olaraq daxili qoşunların yerləşdirilməsi üçün obyektlərin, mühəndis-texniki qurğuların tikilməsi (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusiyyətlər nəzərə alınmaqla), onların maddi ehtiyatlarla təmin edilməsi, habelə təmiri, yenidən qurulması, onlara xidmət göstərilməsi və istismarının təmin edilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

10.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qayda və normalara uyğun olaraq obyektlərin mühafizəsi ilə əlaqədar daxili qoşunların yerləşdirilməsi üçün obyektlərin, mühəndis-texniki qurğuların tikilməsi (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusiyyətlər nəzərə alınmaqla), onların maddi ehtiyatlarla təmin edilməsi, habelə bu obyektlərdə daxili qoşunların yerləşdirilməsi nəzərdə tutulan hərbi şəhərciklərin, binaların və digər tikililərin və qurğuların təmiri, yenidən qurulması, onlara xidmət göstərilməsi və istismarının təmin edilməsi həmin obyektin balansında olduğu qurumun vəsaiti hesabına həyata keçirilir.

Maddə 11. Daxili qoşunların hərbi qulluqçularının və onların ailə 
                  üzvlərinin təhlükəsizliyi üçün təminatlar

11.1. Daxili qoşunların hərbi qulluqçularının və onların ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə onların xidmət və yaşayış yeri barədə məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılmasına yol verilmir.

11.2. Daxili qoşunların xidməti fəaliyyəti barədə məlumat yalnız daxili qoşunlar komandanının razılığı ilə verilir.

4-cü fəsil
DAXİLİ QOŞUNLARDA XİDMƏT

Maddə 12. Daxili qoşunların şəxsi heyəti

12.1. Daxili qoşunların şəxsi heyəti hərbi qulluqçulardan və mülki işçilərdən ibarətdir.

12.2. Daxili qoşunların hərbi qulluqçuları müvafiq peşə qabiliyyətinə, ixtisas hazırlığına və fiziki hazırlığa malik olmalı, xüsusi hazırlıq keçməli, xüsusi vasitələrdən, təhkim edilmiş silah, döyüş texnikası və xüsusi texnikadan istifadə etməyi bacarmalıdırlar. Daxili qoşunların hərbi qulluqçularının fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi bacarığı, habelə ilk tibbi yardım göstərmək bacarığı müntəzəm yoxlanılmalıdır.

12.3. Daxili qoşunların komplektləşdirilməsi və daxili qoşunlarda həqiqi hərbi xidmət “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə və digər normativ hüquqi aktlara uyğun olaraq onlar üçün müəyyənləşdirilmiş vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.

12.4. Daxili qoşunların hərbi qulluqçularının əsas hüquq və vəzifələri, təminatları və hərbi xidmətlə əlaqədar hüquqlarının məhdudlaşdırılması Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və Azərbaycan Respublikasının digər qanunları, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələri ilə tənzimlənir.

12.5. Daxili qoşunlarda mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Maddə 13. Kadrların hazırlanması

13.1. Daxili qoşunların kadrlar hazırlayan, onların ixtisasını artıran və elmi-tədqiqat işləri aparılan xüsusi təyinatlı təhsil müəssisələri vardır.

13.2. Daxili qoşunların hərbi qulluqçuları təhsil müəssisələrində Azərbaycan Respublikasının təhsil qanunvericiliyində nəzərdə tutulmuş qaydada təhsil ala bilərlər.

13.3. Daxili qoşunların xüsusi təyinatlı təhsil müəssisələrində digər dövlət orqanları (qurumları) və dövlətlər üçün kadrların hazırlanması və onların ixtisasının artırılması həyata keçirilə bilər.

13.4. Daxili qoşunların hərbi qulluqçularının başqa dövlətlərin ixtisaslaşdırılmış təhsil müəssisələrində təhsil alması beynəlxalq müqavilələr əsasında təşkil edilir.

Maddə 14. Daxili qoşunların vəzifələri

14.1. Daxili qoşunlar aşağıdakı vəzifələri həyata keçirirlər:

14.1.1. fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət orqanları (qurumları) tərəfindən mühafizə olunan obyektlərin mühafizəsində iştirak;

14.1.2. mühafizə etdikləri obyektə basqının dəf edilməsi, habelə həmin obyektin ərazisinə qanunsuz daxil olmuş şəxslərin axtarılması və tutulması;

14.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki, eləcə də hərbi təchizat anbarlarının və bazalarının mühafizəsi;

14.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin göstərişi əsasında, habelə xidməti vəzifələrin icrası zamanı aşkarlanmış partlayıcı qurğu və maddələrin zərərsizləşdirilməsi və məhv edilməsi.

14.2. Daxili qoşunlar aşağıdakı hallarda vəzifələrinin icrasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) qarşılıqlı əlaqədə həyata keçirirlər:

14.2.1. ictimai qaydanın qorunması, habelə kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunması zamanı;

14.2.2. kütləvi iğtişaşların və ictimai qaydanın qrup halında pozulması hallarının qarşısının alınması zamanı;

14.2.3. qanunsuz silahlı birləşmələrin, terror təşkilatlarının və terror qruplarının, habelə silahlı müqavimət göstərən və silahlı basqın edən şəxslərin zərərsizləşdirilməsi zamanı;

14.2.4. dini ekstremizm və terror əleyhinə aparılan xüsusi əməliyyat zonalarının hüquqi rejiminin təmin edilməsi zamanı;

14.2.5. cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınması zamanı;

14.2.6. girovların, zəbt edilmiş binaların və digər tikililərin, qurğuların, ərazilərin və nəqliyyat vasitələrinin azad edilməsi zamanı;

14.2.7. mülki hava və ya su nəqliyyatı vasitəsinin, yaxud dəmiryol qatarının zəbt olunması və qaçırılması hallarının qarşısının alınması zamanı;

14.2.8. fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin olunması, fövqəladə vəziyyətin, habelə sosial xarakterli fövqəladə mühitin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılması zamanı;

14.2.9. cəlb edildiyi təqdirdə Azərbaycan Respublikası ərazisinin müdafiəsi zamanı.

14.3. Daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı daxili qoşunlara polis orqanlarının əməkdaşlarının vəzifələri həvalə edildikdə, onlara “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş polis əməkdaşının vəzifələri şamil olunur.

14.4. Daxili qoşunların hərbi qulluqçularına həvalə edilmiş vəzifələrin icrası ilə bağlı onların qanuni tələblərinin icrası məcburidir.

Maddə 15. Daxili qoşunların hüquqları

15.1. Daxili qoşunlar vəzifələrinin icrası zamanı aşağıdakı hüquqlara malikdirlər:

15.1.1. hər bir şəxsdən ictimai qaydaya riayət etməyi tələb etmək, hüquqazidd əməllərin və xidməti vəzifələrinin icrasına mane olan hərəkətlərin qarşısını almaq;

15.1.2. daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı hüquq pozuntusu törətmiş, cinayət törətməyə cəhd edən və ya cinayət törətməkdə şübhəli bilinən şəxsləri tutmaq, onların şəxsiyyətini müəyyənləşdirmək, qanunla müəyyən edilmiş qaydada onları polis orqanlarına təhvil vermək, cinayət törətmiş şəxsləri saxlayarkən qanunla müəyyən edilmiş qaydada onların üzərində axtarış aparmaq və əşyalarını yoxlamaq;

15.1.3. mühafizə etdikləri obyektlərə qanunsuz daxil olan və ya daxil olmağa cəhd edən şəxslərin üzərində qanunla müəyyən edilmiş qaydada axtarış aparmaq, əşyalarını və sənədlərini yoxlamaq, qanunla müəyyən edilmiş qaydada polis orqanlarına təhvil vermək;

15.1.4. mühafizə etdikləri obyektlərə daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamaq;

15.1.5. mühafizə etdikləri obyektlərin buraxılış məntəqələrində qanunla müəyyən edilmiş qaydada şəxslərin üzərində axtarış aparmaq, əşyalarını və sənədlərini yoxlamaq;

15.1.6. bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada nəqliyyat vasitələrinə daxil olmaq;

15.1.7. bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerlərinə, ərazilərə, binalara və digər tikililərə (diplomatik immunitetə malik olanlardan başqa) daxil olmaq;

15.1.8. bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerlərini, əraziləri, binaları və digər tikililəri dövrəyə almaq, əsaslı şübhələr olduqda nəqliyyat vasitələrini yoxlamaq və digər əməliyyat tədbirlərini yerinə yetirmək;

15.1.9. qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvədən, xüsusi vasitələrdən, silahdan, döyüş texnikası və xüsusi texnikadan istifadə etmək.

15.2. Daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı daxili qoşunlara polis orqanlarının əməkdaşlarının vəzifələri həvalə edildikdə, onlar “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş polis əməkdaşının hüquqlarından istifadə edirlər.

Maddə 16. Daxili qoşunların hərbi qulluqçuları tərəfindən şəxslərin
                 saxlanılması

16.1. Daxili qoşunların hərbi qulluqçularının aşağıdakı şəxsləri saxlamaq hüququ vardır:

16.1.1. inzibati xəta və ya cinayət törətmiş və ya törətməkdə şübhəli bilinən, yaxud barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsləri;

16.1.2. axtarışda olan və ya cəzaçəkmə müəssisəsindən qaçmış şəxsləri;

16.1.3. fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimini, habelə dini ekstremizm və terror əleyhinə aparılan xüsusi əməliyyat zonalarının hüquqi rejimini pozmuş şəxsləri;

16.1.4. daxili qoşunlar tərəfindən mühafizə olunan obyektlərə qanunsuz daxil olmağa cəhd edən və ya daxil olmuş şəxsləri.

16.2. Saxlanılan şəxslərə dərhal saxlanmanın səbəbləri bildirilməli və hüquqları izah edilməlidir.

16.3. Saxlanılan şəxslər dərhal ən yaxın polis orqanına təhvil verilməlidir.

16.4. Tibbi zərurət olduğu halda saxlanılan şəxsə ilk tibbi yardım göstərilməlidir.

Maddə 17. Daxili qoşunların hərbi qulluqçuları tərəfindən nəqliyyat
                  vasitələrinə daxil olma

17.1. Daxili qoşunların hərbi qulluqçuları aşağıdakı hallarda nəqliyyat vasitələrinə daxil ola bilərlər:

17.1.1. insanların həyatını xilas etmək zərurəti yarandıqda;

17.1.2. fövqəladə hallar və kütləvi iğtişaşlar zamanı insanların təhlükəsizliyinin və ictimai qaydanın qorunması vəzifələrini yerinə yetirdikdə;

17.1.3. cinayət törətmiş və ya cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanıldıqda;

17.1.4. cinayətlərin qarşısı alındıqda;

17.1.5. terror təhlükəsi barədə məlumat alındıqda;

17.1.6. fövqəladə halların nəticələri aradan qaldırıldıqda.

17.2. Nəqliyyat vasitəsinə daxil olma faktı ilə əlaqədar daxili qoşunların hərbi qulluqçusu böyük rəisini və yerli polis orqanını dərhal məlumatlandırır.

17.3. Nəqliyyat vasitəsinə onun sahibinin məlumatı olmadan və ya iradəsi ziddinə daxil olma faktı qanunla müəyyən edilmiş qaydada təxirəsalınmadan protokollaşdırılmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirilməlidir.

Maddə 18. Daxili qoşunların hərbi qulluqçuları tərəfindən ərazilərə,
                  yaşayış yerlərinə, binalara və digər tikililərə daxil olma

18.1. Daxili qoşunların hərbi qulluqçuları aşağıdakı hallarda ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə (diplomatik immunitetə malik olanlardan başqa) daxil ola bilərlər:

18.1.1. insanların həyatı xilas edildikdə və əmlakları təhlükədən qorunduqda;

18.1.2. cinayətlərin qarşısı alındıqda, cinayət törətmiş və ya cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanıldıqda;

18.1.3. fövqəladə və ya hərbi vəziyyət rejimi zamanı, habelə dini ekstremizm və terror əleyhinə xüsusi əməliyyatlar keçirildikdə.

18.2. Ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə daxil olma ilə əlaqədar daxili qoşunların hərbi qulluqçusu böyük rəisini və yerli polis orqanını dərhal məlumatlandırmalıdır.

18.3. Ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə daxil olma faktı qanunla müəyyən edilmiş qaydada təxirəsalınmadan protokollaşdırılmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirilməlidir.

Maddə 19. Daxili qoşunların hərbi qulluqçuları tərəfindən ərazilərin,
                  yaşayış yerlərinin, binaların və digər tikililərin dövrələnməsi

19.1. Daxili qoşunların hərbi qulluqçuları əməliyyat rəisinin, bu mümkün olmadıqda hərbi hissə və ya bölmə komandirinin qərarı (əmri) ilə aşağıdakı hallarda əraziləri, yaşayış yerlərini, binaları və digər tikililəri dövrələyə bilərlər:

19.1.1. fövqəladə halların, təbii fəlakətlərin və ya texnogen xarakterli qəzaların nəticələrinin aradan qaldırılması vəzifələri yerinə yetirildikdə;

19.1.2. epidemiya və epizootiya zamanı karantin tədbirləri tətbiq edildikdə;

19.1.3. kütləvi iğtişaşların və qrup halında ictimai qaydanın pozulmasının qarşısının alınması tədbirləri yerinə yetirildikdə, habelə dövlət orqanlarının (qurumlarının), mühüm əhəmiyyətli obyektlərin fəaliyyətinə və nəqliyyatın hərəkətinə mane olan hallar aradan qaldırıldıqda;

19.1.4. silahlı təhlükəli şəxs, cinayət törətməkdə şübhəli bilinən, məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslər axtarıldıqda;

19.1.5. mühafizə edilən əraziyə qanunsuz daxil olmuş şəxslər müəyyən edildikdə;

19.1.6. partlayıcı qurğu və maddələr, habelə zəhərləyici və radioaktiv maddələr axtarıldıqda.

19.2. Ərazilərin, yaşayış yerlərinin, binaların və digər tikililərin dövrələnməsi zamanı təhlükəsizliyin təmin edilməsi, ictimai qaydanın qorunması və axtarış tədbirlərinin aparılması, həmçinin cinayətin törədildiyi yerin mühafizəsi üçün nəqliyyatın və piyadaların hərəkəti məhdudlaşdırıla bilər.

19.3. Ərazilərin, yaşayış yerlərinin, binaların və digər tikililərin dövrələnməsi ilə əlaqədar daxili qoşunların hərbi qulluqçusu böyük rəisini və yerli polis orqanını dərhal məlumatlandırmalıdır.

19.4. Ərazilərin, yaşayış yerlərinin, binaların və digər tikililərin dövrələnməsi qanunla müəyyən edilmiş qaydada təxirəsalınmadan protokollaşdırılmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirilməlidir.

5-ci fəsil
FİZİKİ QÜVVƏNİN, XÜSUSİ VASİTƏLƏRİN, ODLU SİLAHIN, DÖYÜŞ TEXNİKASININ VƏ XÜSUSİ TEXNİKANIN TƏTBİQİ
 
Maddə 20. Fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş
                texnikasının və xüsusi texnikanın tətbiqi şərtləri

20.1. Daxili qoşunların hərbi qulluqçuları fiziki qüvvəni, xüsusi vasitələri, odlu silahı, döyüş texnikasını və xüsusi texnikanı tətbiq etməzdən əvvəl hüquq pozuntusunun aradan qaldırılması tələbinin yerinə yetirilməsi üçün vaxt verməklə bu barədə xəbərdarlıq edirlər (bu Qanunun 24.3-cü maddəsində göstərilən, habelə insanların həyatı və sağlamlığı üçün bilavasitə təhlükə yaratdığı və ya bu cür xəbərdarlığın gec və qeyri-mümkün olduğu hallar istisna olmaqla).

20.2. Daxili qoşunların hərbi qulluqçuları fiziki qüvvəni, xüsusi vasitələri, odlu silahı, döyüş texnikasını və xüsusi texnikanı tətbiq etdikdə tibbi zərurət olduqda bilavasitə rəisini məlumatlandırmaqla zərərçəkənlərə ilk tibbi yardım göstərirlər.

20.3. Daxili qoşunların hərbi hissə komandirləri və ya rəisləri fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi nəticəsində alınmış xəsarət (yaralanma, travma və kontuziya) və ya ölüm halı barədə dərhal müvafiq prokurora məlumat verirlər.

20.4. Fiziki qüvvə, xüsusi vasitələr, odlu silah, döyüş texnikası və xüsusi texnika yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə hüquq pozuntusunun ağırlıq dərəcəsindən asılı olaraq tətbiq edilir. Bu zaman daxili qoşunların hərbi qulluqçuları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır.

20.5. Daxili qoşunların hərbi qulluqçuları tərəfindən öz səlahiyyətlərini aşaraq fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi qadağandır.

Maddə 21. Fiziki qüvvənin tətbiqi

Cinayətlərin və digər hüquqpozmaların qarşısını almaq, belə əməlləri törətmiş şəxsləri saxlamaq məqsədilə xidməti vəzifələri yerinə yetirən daxili qoşunların hərbi qulluqçularının qanuni tələblərinə əməl edilmədikdə, onların fiziki qüvvə, o cümlədən idman (döyüş) fəndlərini tətbiq etmək hüququ vardır.

Maddə 22. Xüsusi vasitələrin tətbiqi

22.1. Daxili qoşunların hərbi qulluqçularının aşağıdakı hallarda xüsusi vasitələri tətbiq etmək hüququ vardır:

22.1.1. insan həyatına və sağlamlığına real təhlükə yaradan əməllər və ya mülkiyyət əleyhinə cinayət törədildikdə;

22.1.2. qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə;

22.1.3. girov saxlanılan şəxs (şəxslər) və ya zəbt olunmuş binalar və digər tikililər, qurğular, ərazilər və nəqliyyat vasitələri azad edildikdə;

22.1.4. yaşayış yerlərinə, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların binalarına, anbarlara (saxlanc yerlərinə) qrup halında basqın dəf edildikdə;

22.1.5. inzibati xəta və ya cinayət törətmiş və ya törətməkdə şübhəli bilinən şəxs (şəxslər) saxlanılarkən müqavimət göstərdikdə, müqavimət göstərə biləcəyinə və qaçmaq ehtimalına kifayət qədər əsas olduqda, habelə bu şəxsin (şəxslərin) azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə;

22.1.6. şəxsin təhlükəli hərəkətləri ilə özünə və ya ətrafdakılara zərər yetirə biləcəyi ehtimalı olduqda;

22.1.7. insanlar tərəfindən nəqliyyatın hərəkəti qrup halında dayandırıldıqda və ya məhdudlaşdırıldıqda;

22.1.8. sürücü öz hərəkətləri ilə insanların həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsini dayandırmaq tələbinə tabe olmadıqda və onun saxlanılması üçün başqa imkan olmadıqda;

22.1.9. sərbəst toplaşmaq azadlığı haqqında qanunvericiliyin tələbləri pozulmaqla keçirilən toplantılar dağıdıldıqda;

22.1.10. hərbi şəhərciklərə, hərbi eşelonlara, bölmə və qoşun naryadlarına, mühafizə olunan obyektlərə basqın dəf edildikdə və ya həmin obyektlərə qanunsuz daxil olan şəxs yaxalanarkən qaçmağa cəhd göstərdikdə.

22.2. Xüsusi vasitələrin növü və tətbiqinin intensivliyi yaranmış vəziyyət, hüquq pozuntusunun xarakteri və onu törədən şəxsin şəxsiyyəti, habelə xüsusi vasitələrin taktiki-texniki xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdirilir.

22.3. Bu Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş hallarda xüsusi vasitələrin bütün növləri tətbiq edilə bilər.

22.4. Hərbi hissə komandiri xüsusi vasitələrin tətbiqi anından 24 saat müddətində müvafiq prokurora məlumat verməlidir.

Maddə 23. Xüsusi vasitələrin tətbiqinin qadağan edildiyi hallar

23.1. Xüsusi vasitələrin tətbiqi aşağıdakı hallarda qadağandır:

23.1.1. xüsusi təyinatlı gözyaşardıcı qaz qumbaraları (patronları) ilə şəxsə sərrast atəş açmaq;

23.1.2. suvuran maşınları havanın hərarəti mənfi olduqda tətbiq etmək;

23.1.3. məcburi dayandırma vasitələri ilə sərnişindaşıyan (sərnişin daşındıqda) və xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının avtonəqliyyat vasitələrini, habelə motosikletləri və mopedləri dayandırmaq, habelə onları məhdud görünmə şəraitində, dağ yollarında, dəmiryol keçidlərində, yol ayrıcılarında, tunellərdə, körpü və estakadalarda tətbiq etmək;

23.1.4. qadınlara, azyaşlı uşaqlara, yanında azyaşlı uşaq olan, əlilliyi və digər fiziki və ya psixi pozuntuları aşkar bilinən şəxslərə qarşı (odlu silah işlətməklə basqın edildiyi və ya silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla);

23.1.5. alışma, partlama təhlükəsi olan zəhərləyici və radioaktiv maddələrin hazırlandığı yerlər, saxlandığı anbarlar (saxlanc yerləri) və belə maddələri daşıyan nəqliyyat vasitələri istiqamətində;

23.1.6. xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının yerləşdiyi ərazilərdə və binalarda (həmin dövlətlərin səlahiyyətli nümayəndələrindən müvafiq qaydada müraciətin daxil olması halları istisna olmaqla).

Maddə 24. Odlu silahın tətbiqi

24.1. Bu Qanunun 24.3-cü maddəsində göstərilən hallar və birdən-birə gözlənilməz hücum halı istisna olmaqla, odlu silah tətbiq edilməzdən əvvəl səslə və ya havaya atəş açmaqla silah işlədiləcək şəxsə xəbərdarlıq edilməlidir.

24.2. Daxili qoşunların hərbi qulluqçularının xəbərdarlıq etdikdən sonra aşağıdakı hallarda odlu silah tətbiq etmək hüququ vardır:

24.2.1. insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq hallarında;

24.2.2. xidməti vəzifələrinin icrası zamanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularının və əməkdaşlarının həyatına və sağlamlığına təhlükə törədən qəsdlər baş verdikdə və ya onların silahlarının, döyüş texnikasının və xüsusi texnikanın ələ keçirilməsi cəhdlərinin qarşısı alındıqda;

24.2.3. girovlar, zəbt edilmiş binalar və digər tikililər, qurğular, ərazilər və nəqliyyat vasitələri azad edildikdə;

24.2.4. insanların həyatına, sağlamlığına və mülkiyyətinə qarşı cinayət törətmiş və gizlənməyə çalışan, habelə silahlı müqavimət göstərən şəxslər saxlanıldıqda;

24.2.5. fövqəladə və ya hərbi vəziyyət rejimi şəraitində yaşayış məntəqəsinə giriş-çıxış postlarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının və ya hərbi qulluqçusunun nəqliyyat vasitəsini dayandırmaq tələbinə tabe olmayan nəqliyyat vasitəsi saxlanıldıqda;

24.2.6. qrup halında və ya silahlı basqın, o cümlədən nəqliyyat vasitələrindən istifadə etməklə törədilən basqın dəf edildikdə;

24.2.7. qanunsuz silahlı birləşmələrdə, terror təşkilatlarında və terror qruplarında, habelə silahlı müqavimət göstərən şəxsdə olan silahı, döyüş texnikasını və xüsusi texnikanı təhvil vermək tələbi yerinə yetirilmədikdə;

24.2.8. terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda.

24.3. Odlu silah aşağıdakı hallarda xəbərdarlıq edilmədən tətbiq olunur:

24.3.1. mühafizə olunan obyektə, qarovula (qoşun naryadına) silahdan, döyüş texnikasından, xüsusi texnikadan və nəqliyyat vasitələrindən istifadə etməklə törədilən basqın dəf edildikdə;

24.3.2. silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilərkən, eləcə də cinayət törətmiş şəxs silahı ələ keçirməklə və ya ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxs nəqliyyat vasitələrindən istifadə etməklə mühafizə altından qaçdıqda;

24.3.3. azadlıqdan məhrum edilmiş şəxslər tərəfindən törədilən basqın dəf edildikdə;

24.3.4. öz vəzifə borclarını icra edən daxili qoşunların və daxili işlər orqanlarının şəxsi heyətinin, məhkəmə və prokurorluq işçilərinin həyatına bilavasitə təhlükə törədən qərəzli hərəkətlər edildikdə;

24.3.5. insan həyatına və sağlamlığına real təhlükə yaradan heyvan hücumunun qarşısı alındıqda;

24.3.6. təhlükə və ya həyəcan siqnalı verildikdə, habelə yardım çağırıldıqda (təhlükəsiz yolla havaya atəş açmaqla).

24.4. Bu maddədə nəzərdə tutulmuş halların yarana biləcəyi barədə kifayət qədər əsaslar olduqda, daxili qoşunların hərbi qulluqçusunun odlu silahı hazır vəziyyətə gətirmək hüququ vardır.

Maddə 25. Odlu silahın tətbiqinin qadağan edildiyi hallar

25.1. Odlu silah tətbiq etmək aşağıdakı şəxslərə münasibətdə (bu Qanunun 25.2-ci maddəsi nəzərə alınmaqla) və aşağıdakı hallarda qadağandır:

25.1.1. qadınlara;

25.1.2. yanında azyaşlı uşaq olan şəxslərə;

25.1.3. əlilliyi və digər fiziki və psixi pozuntuları aşkar bilinən şəxslərə;

25.1.4. yetkinlik yaşına çatmadığı aşkar görünən və ya məlum olan şəxslərə;

25.1.5. kənar şəxslərin zərər çəkə biləcəyi hallarda;

25.1.6. alışmaq, partlamaq təhlükəsi olan zəhərləyici və radioaktiv maddələrin hazırlandığı yerlər, saxlandığı anbarlar (saxlanc yerləri) və belə maddələri daşıyan nəqliyyat vasitələri istiqamətində.

25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulan qadağa silahlı müqavimət göstərildiyi, insanların həyatına və sağlamlığına təhlükə yarandığı hallarda və ya silahlı, o cümlədən nəqliyyat vasitələrindən istifadə etməklə törədilən basqın hallarında bu Qanunun 25.1.1 – 25.1.4-cü maddələrində göstərilən şəxslərə şamil edilmir.

Maddə 26. Döyüş texnikasının və xüsusi texnikanın tətbiqi

26.1. Daxili qoşunların hərbi qulluqçuları döyüş texnikasını və xüsusi texnikanı aşağıdakı hallarda tətbiq edirlər:

26.1.1. kütləvi iğtişaşların qarşısının alınması zamanı maneələr və keçilməz sədlər aradan qaldırıldıqda;

26.1.2. girovlar, zəbt edilmiş binalar və digər tikililər, qurğular, ərazilər və nəqliyyat vasitələri azad edildikdə;

26.1.3. silahlı müqavimət göstərən, insanların həyatına və sağlamlığına təhlükə yaradan qrup halında və ya silahlı basqın edən şəxslər zərərsizləşdirildikdə (digər üsullarla mümkün olmadıqda);

26.1.4. bu Qanunun 24.2.5-ci maddəsində göstərilən üsulla nəqliyyat vasitəsini dayandırmaq mümkün olmadıqda;

26.1.5. nəqliyyat vasitələrindən istifadə etməklə törədilən basqın dəf edildikdə;

26.1.6. qanunsuz silahlı birləşmələrdə, terror təşkilatlarında və terror qruplarında, habelə silahlı müqavimət göstərən və ya basqın edən şəxsdə olan silah, döyüş sursatı, partlayıcı maddə, döyüş texnikası və xüsusi texnikanı təhvil vermək tələbi yerinə yetirilmədikdə;

26.1.7. fövqəladə hallar və kütləvi iğtişaşlar zamanı insanların həyatı xilas edildikdə və əmlakları təhlükədən qorunduqda.

Maddə 27. Döyüş texnikasının və xüsusi texnikanın tətbiqinin qadağan
                 edildiyi hallar

27.1. Döyüş texnikasının və xüsusi texnikanın tətbiqi aşağıdakı hallarda qadağandır:

27.1.1. kənar şəxslərin zərər çəkə biləcəyi hallarda;

27.1.2. alışma, partlama təhlükəsi olan zəhərləyici və radioaktiv maddələrin hazırlandığı yerlər, saxlandığı anbarlar (saxlanc yerləri) və belə maddələri daşıyan nəqliyyat vasitələri istiqamətində;

27.1.3. girovlar saxlanılan yerlərdə maneələri dağıtmaq məqsədilə (əgər saxlanılan şəxslərin həyat və sağlamlığına zərər vurulma ehtimalı vardırsa).

6-cı fəsil
YEKUN MÜDDƏALAR

Maddə 28. Daxili qoşunların şəxsi heyətinin məsuliyyəti

28.1. Daxili qoşunların hərbi qulluqçularının və mülki işçilərinin intizam məsuliyyəti müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələri və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

28.2. Daxili qoşunların hərbi qulluqçularının və mülki işçilərinin inzibati və cinayət məsuliyyəti müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir.

28.3. Daxili qoşunların hərbi qulluqçularının dövlətə vurduqları ziyana görə maddi məsuliyyətinin əsasları, vurulan ziyanın miqdarının müəyyən edilməsi və ödənilməsi qaydaları “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

28.4. Daxili qoşunların hərbi qulluqçularının və mülki işçilərinin xidməti vəzifələrinin icrası zamanı son zərurət və zəruri müdafiə vəziyyətində vurduqları ziyana (zərərə) və mülki hüquq pozuntularına görə mülki məsuliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

Maddə 29. Daxili qoşunların fəaliyyətinə nəzarət

29.1. Daxili qoşunların fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir.

29.2. Daxili qoşunların fəaliyyətinə idarədaxili nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və daxili qoşunların komandanlığı həyata keçirir.

29.3. Daxili qoşunlarda qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş hallarda və qaydada prokurorluq orqanları həyata keçirirlər.

29.4. Daxili qoşunların hərbi qulluqçuları tərəfindən törədilən hüquqazidd əməllər barədə hərbi hissə komandiri 24 saat müddətində müvafiq prokurora məlumat verir və bununla bağlı qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

Maddə 30. Bu Qanunun qüvvəyə minməsi

Bu Qanun qüvvəyə mindiyi gündən “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 233; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 4, maddə 365) ləğv edilir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 9 dekabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının daxili qoşunları haqqında

03:12
26 Dekabr

"Azərbaycan Respublikasının daxili qoşunları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 303-VIIQ nömrəli Qanununun tətbiqi barədə

03:10
26 Dekabr

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

03:06
26 Dekabr

"Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş"ə qoşulmaq barədə

03:06
26 Dekabr

"Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

03:04
26 Dekabr

Apellyasiya instansiyası məhkəməsinin kollegiya sədrinin, birinci instansiya məhkəməsi sədrinin və bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında

02:55
26 Dekabr

Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında

02:54
26 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

21:13
25 Dekabr

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən  

21:12
25 Dekabr

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovdan  

21:11
25 Dekabr

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Stokholm şəhəri üzrə koordinatoru Ayda Əmir Haşimidən  

21:09
25 Dekabr

Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyevdən  

20:59
25 Dekabr

Rusiya Federasiyasının “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezovdan  

20:43
25 Dekabr

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan  

19:18
25 Dekabr

Azərbaycan ilə BMT arasında ailə, qadın və uşaq hüquqları üzrə əməkdaşlıq müzakirə olunub  

19:16
25 Dekabr

İtaliya Hərbi Dəniz Akademiyasının məzununa Azərbaycan HDQ komandanı adından “Dənizçi kortiki” hədiyyə olunub  

19:04
25 Dekabr

Xocalıda istehsal olunan ofis mebelləri və mebel aksesuarlarının 60 faizi ixraca yönələcək  

18:46
25 Dekabr

Azərbaycanın QHT nümayəndələri ABŞ Prezidenti Donald Trampa açıq məktub yazıblar

18:39
25 Dekabr

Böyük Qayıdış: Daha 83 ailə Ağdam şəhərinə qayıdıb  

18:26
25 Dekabr

Prezident İlham Əliyev məhkəmə sistemində genişmiqyaslı kadr təyinatları ilə bağlı Sərəncam imzalayıb 

18:14
25 Dekabr

Beynəlxalq axtarışa verilmiş daha bir nəfər Azərbaycana ekstradisiya olunub  

18:07
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!