07 Oktyabr 2024 15:00
1549
SİYASƏT
A- A+
Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub

Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub

Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclası keçirilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan və Ermənistanın vergi orqanlarının rəhbərləri iştirak ediblər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

“Ödənişin şəffaflığının artırılması və ƏDV-nin qaytarılması prosedurunun sadələşdirilməsi məqsədilə ƏDV-nin inzibatçılığı üzrə rəqəmsal həllərin tətbiqi” mövzusunda keçirilən tədbirdə Qırğızıstanın Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov salamlama nitqi ilə çıxış edib. Daha sonra Qırğızıstanın Maliyyə Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbəri Altınbek Abduvapov və MDB-nin İcraiyyə Komitəsinin Baş katibinin müavini Denis Trefilov iclas iştirakçılarını salamlayıblar.

Tədbirdə nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər. Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib ki, MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurası vergi orqanlarının işinin səmərəli təşkili, qlobal çağırışların həllində rolunun müəyyən edilməsi və beynəlxalq tərəfdaşlarla birgə fəaliyyətin təşviqi üçün mühüm platformadır. DVX rəisi Azərbaycanda beynəlxalq biznes mühitində baş verən proseslərin yaxından izlənildiyini və qabaqcıl təcrübələrin uğurla tətbiq edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, hazırda qlobal səviyyədə vergi siyasətində kifayət qədər ciddi dəyişikliklər baş verir və bunu şərtləndirən əsas səbəblərdən biri rəqəmsal iqtisadiyyatın gündəmə gəlməsidir. Orxan Nəzərli vurğulayıb ki, rəqəmsal transformasiyanın fəal iştirakçısı olaraq ölkəmizin vergi sistemi bu sahədə müxtəlif layihələr həyata keçirir və təcrübə mübadiləsinə töhfələr verməyə hazırdır.

Daha sonra Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsinin şöbə rəisi Telman Məmmədov “Ödənişlərin şəffaflığının təmin edilməsi və ƏDV-nin geri qaytarılmasını asanlaşdırmaq üçün rəqəmsal həllərin tətbiqi” mövzusunda təqdimatla çıxış edib. Ölkəmizdə ƏDV-nin səmərəli tətbiqi mexanizmlərinin iş prinsipləri, həyata keçirilən müasir tənzimləmələr, ƏDV-nin geri qaytarılması layihəsi, ƏDV depozit hesabı və bu sahədə istifadə edilən stimullaşdırıcı alətlər barədə ətraflı məlumat verilib.

Tədbir iştirakçıları informasiya texnologiyalarının tətbiqi və yeni layihələrin həyata keçirilməsi vasitəsilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində təcrübələri müzakirə ediblər. Tədbir çərçivəsində 2024-2025-ci illər üçün MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının İş Planının layihəsi təsdiq olunub.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!