Qarabağda qüdrətli və yenilməz ozanlar olub. Şair Məhəmmədin, Aşıq Güllünün, Aşıq Cünunun, Aşıq Qənbərin, Aşıq Səmədin, Aşıq Abbasqulunun bu mühitin klassik ənənələrinin yaşamasında xidmətləri danılmazdır. Ustad aşıqlardan biri də Abdal-Gülablı Aşıq Valehdir.
Azərbaycanın ustad aşığı Kərbalayı Səfi Məhəmməd oğlu Aşıq Valeh 1722-ci ildə Ağdamın Abdal-Gülablı kəndinin "Kənd" məhəlləsində doğulub, 1822-ci ildə vəfat edib. O, "Gümbəzin dərəsi" adlanan ərazidə torpağa tapşırılıb.
Aşıq Valeh Aşıq Qurbanidən sonra el havalarının bəstəçisi kimi tanınıb. Bunlardan "Zil qaytağı", "Qaytağı" (buna "Qarabağ dubeyti" də deyirlər), "Baş sarıtel", "Orta sarıtel", "Qarabağ şikəstəsi", "Qarabağ ləngəri" və digərlərinin adını çəkmək olar.
Deyiş meydanlarının qalibi
Aşıq Valehin ustadı Aşıq Səməd şagirdinin saza-sözə olan həvəsini nəzərə alaraq, aşıqlıq sənətinin bütün incə sirlərini ona öyrədib. O, istedadlı şagirdini məclislərə, mərəkələrə aparır, onu sınaqlardan çıxarır. Valeh təxəllüsünü də şəyirdinə Aşıq Səməd verib. Aşığın bizə gəlib çatmış "Vücudnamə"sində də bu barədə məlumat vardır.
Aşıq Valehin müasiri və məsləkdaşı olan Molla Pənah Vaqif onun yenilməz saz və söz ustadı kimi məclislərdə dəfələrlə sınanaraq qalib olduğunu təsdiqləmişdir.
Akademik Həmid Araslı qeyd edir ki, Aşıq Valehin "Vücudnamə"sində xüsusən insanın dünyəvi həyatından bəhs edən hissə ümumi olsa da, çox realdır:
Səkkizdə, doqquzda Quranı seçdim,
On yaşında yaxşı-yamanı seçdim.
On birimdə Quran kitabı seçdim,
On beşimdə sərim doldu sevdaya.
yaxud:
Valeh ləqəbimdir, Səfidir adım,
Allahı sevənlər, budur muradım…
Aşıq Valehin dövrünün tanınmış şairi Molla Pənah Vaqiflə ədəbi-bədii əlaqələrinin olması onun yaradıcılığında da əks olunub:
Ustad Səməd sənətdə bir dağ idi,
Kələntərli Alı fəndli bağ idi.
On il əvvəl Molla Pənah sağ idi,
Valeh kimi aşıqlar ustadı var.
Bu misralarda aşığın Molla Pənah Vaqifə olan səmimi münasibəti, duyğuları açıq şəkildə ifadə edilir.
"Valeh-Zərnigar" dastanı
Aşıq Valehin Zərnigar xanımla tanışlığı 25 yaşından başlayıb. Zərnigar xanım Aşıq Valehə açıq məktub yazıb onu Dağıstana deyişməyə dəvət edir:
Bir neçə aşığı eyləmişəm bənd,
Ayağında zəncir, boynunda kəmənd,
Adım Zərnigardır, məkanım Dərbənd,
Məni anar olsan, bu məkana gəl!
Zərnigarın məktubunu alan Aşıq Valeh Dağıstana - Dərbənd şəhərinə gedib. Zərnigar xanımla görüşüb onunla ailə həyatı qurmaq fikrini dəqiqləşdirir. O zaman Aşıq Valehin 25, Zərnigar xanımın 18-19 yaşı vardı. Deyilənə görə, Zərnigar xanım 1730-cu ildə Dərbənddə anadan olub. Uşaq vaxtlarından şeirə, sənətə, saza böyük həvəs göstərib. Əhdi varmış ki, hər kim onu bağlasa, ona da ərə gedəcək. Çox aşıqlar onu bağlamaq fikrinə düşsə də, bir şey çıxmır, məğlub olurlar. Nəhayət, Qarabağın Abdal-Gülablı kəndindən Dağıstana gələn Aşıq Valeh deyişmələrində ona qalib gələ bilib. Zərnigar xanımı da götürüb Abdal-Gülablıya gəlir, onunla evlənir və ömürlərinin sonuna qədər birgə yaşayırlar.
1747-ci ildə Aşıq Valehlə ailə quran Zərnigar xanım 1840-cı ildə Abdal-Gülablı kəndində vəfat edib, qədim "Gümbəzin dərəsi" adlanan yerdə dəfn olunub. Onun başdaşında belə bir şeir həkk olunub:
Vəfai-eşqdə düz ilqar mənəm,
Sadiqi-aşiqə vəfadar mənəm.
Məkani Dərbəndəm, övrəti Valeh,
Sorağı dastanlı Zərnigar mənəm.
Ümumiyyətlə, istər deyişmələrindəki qoşmalar, istərsə də ayrı-ayrı şeirlərindən məlum olur ki, Zərnigar xanım dərin kamal sahibi, mütərəqqi bir ziyalı qadın olub. Təəssüflər olsun ki, onun həyatı və yaradıcılığı bu günə qədər öyrənilməmiş qalıb.
Aşıq Valeh yaradıcılığının toplanması, nəşri və öyrənilməsi
Akademik Həmid Araslı, folklorşünas Əhliman Axundov, professorlardan M.Təhmasib, Paşa Əfəndiyev, Famil Mehdi, Mürsəl Həkimov, Azad Nəbiyev, Məhərrəm Qasımlı, Mahmud Allahmanlı və başqaları Aşıq Valehin yaradıcılığı haqqında dəyərli fikirlər söyləyiblər.
Aşıq Valehin davamçısı olan Aşıq Xaspoladın isə ulu ustadımızın məzarının abadlaşmasında, dastan-rəvayətlərinin toplanıb çap olunmasında əvəzsiz xidmətləri olub. Ustad sənətkarın yaradıcılığının öyrənilib gələcək nəsillərə çatdırılmasında M.M.Nəvvab, M.Müctəhidzadə, H.Ə.Qaibov, F.Köçərli, S.Mümtaz, H.Əlizadə, Ə.Axundov, F.Mehdi, X.Mirzalıyev, M.Çəmənli, Mahmud Allahmanlı, Məhərrəm Qasımlı və başqaları gərəkli addımlar atıblar.
Araşdırmadan məlum olduğu kimi, Qarabağ klassik aşıq mühitinin yaradıcıları olan Aşıq Səməd, Aşıq Valeh, Aşıq Əmrah, Aşıq Qənbər, Faiz Cəfər, Şair Məhəmməd, Aşıq Cünun, Aşıq Gülüm, Aşıq Nəbati, Aşıq Abbasqulu, Aşıq Xaspolad, zurna aşıqları Aşıq Nəcəfqulu, Aşıq Hüseyn, Aşıq Muxtar, Aşıq Manı Əkbəri, Aşıq Həsən, Aşıq Qaraş, Aşıq Əliş, Aşıq Məmməd, Aşıq Baxış, Aşıq Məhi, Aşıq Zülü, Aşıq Oruc, Aşıq Balakişi, Aşıq Lətif, Aşıq Lələkişi və nağaraçılar Aşıq Yediyar, Aşıq Əhməd, Aşıq Yelmar, Aşıq Həsən, Aşıq Mehdi, Aşıq Ziyadxan, Aşıq Məcid, Aşıq Hüsü, Aşıq Qulunun yaradıcılığı bu gün Aşıq Nəbinin, Aşıq Həmidin, Aşıq Məhəmmədin, Aşıq Xosrovun və digərlərinin ardıcıllığı ilə davam edir.
Aşıq Valehin yaradıcılığının söz-söhbəti indi də onun nəsil şəcərəsinin və Abdal-Gülablının müdriklərinin yaddaşından silinməyib.
Aşıq sənətinə dövlət dəstəyi
Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğıkeşlik sayəsində Azərbaycanda qeyri-maddi irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə silsilə tədbirlər həyata keçirilir. Görülən işlərin sayəsində "Azərbaycan aşıq sənəti" incilərinin toplandığı fayl hazırlanaraq UNESCO-ya təqdim olunub.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin nəticəsi olaraq, 28 sentyabr-2 oktyabr 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına qəbul edilib.
Bu gün muğamımız, aşıq sənətimiz ulu bir sənət kimi dünyanın yaddaşına daxil olmaqla Azərbaycanın mədəni irsinin ən qədim nümunələri olduğunu təsdiqləyir.
Almara NƏBİYEVA,
BDU-nun Filologiya fakültəsinin "Dədə Qorqud" elmi tədqiqat laboratoriyasının müdiri, filologiya üzrə fəlsəfə doktoru