01 Dekabr 2023 09:30
298
SİYASƏT
A- A+

Ağ Evin astar üzü

 

Noyabrın 15-dən sonra Azərbaycan-ABŞ münasibətlərinin gərginləşdiyi hamıya yaxşı məlumdur. Belə ki, bu ölkənin dövlət katibinin köməkçisi Ceyms O'Brayn Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin Avropa üzrə alt komissiyasının dinləmələrində anti-Azərbaycan mövqeyi sərgiləmiş, ölkəmizin ünvanına qərəzli fikirlər səsləndirmişdir. Köməkçi bizi ermənilərə qarşı etnik təmizləmə aparmaqda, sülhdə maraqlı olmamaqda ittiham etmiş, ədalətsiz "907-ci düzəliş"in yenidən "dirilməsi" və sanksiyalarla hədələmişdir.
Təbii ki, Azərbaycan okeanın o üzündə səsləndirilən qərəzli mövqeyə qarşı kəskin reaksiya vermişdi, Xarici İşlər Nazirliyi səviyyəsində ABŞ-nin tutduğu qərəzli mövqeyə görə onun daha vasitəçi ola bilməyəcəyi bəyan olunmuşdur. Beləliklə, Fransa kimi ABŞ də qərəzli mövqeyinə görə danışıqlardan kənarda qalmışdır. Ölkəmiz onların platformasında keçirilməsi nəzərdə tutulan bütün danışıqlardan imtina etdi. 
ABŞ-nin Azərbaycanın Ermənistan kimi yedək ölkə olmadığını anlamağa çox vaxt lazım olmadı. Gördülər ki, Azərbaycan heç bir  təzyiqə, şantaja boyun əymir, əksinə, haqlı mövqeyini axıra kimi müdafiə etməyi bacarır. Okeanın o tayında başa düşdülər ki, ölkəmizlə münasibətləri korlamaqla Cənubi Qafqazda uğur qazana bilməyəcəklər. Noyabrın 27-də ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng vurması da onu göstərir ki, artıq Amerika da regionda söz sahibinin kim olduğunu anlamışdır. 
Telefon danışığı zamanı dövlətimizin başçısı ABŞ tərəfinə haqlı narazılığını bildirərək Ceyms O'Braynın "ikitərəfli münasibətlərimizdə "əvvəlki kimi" ola bilməz" bəyanatının qəbuledilməz olduğunu bildirmişdir. Prezidentin haqlı narazılığına cavab olaraq dövlət katibi Entoni Blinken bildirmişdir ki, münasibətləri normallaşdırmaq üçün Ceyms O'Braynı ölkəmizə səfərə göndərir. 
Bundan sonra ABŞ ölkəmizə qarşı olan qərəzli münasibətə son qoyacaqmı?    Onun indiyədək apardığı xarici siyasətə baxdıqda bu suala birmənalı cavab vermək çətindir. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelikin bu günlər verdiyi bəyanat ölkəmizlə bağlı qaranlıq, daha doğrusu, geniş ictimaiyyətin bilmədiyi bir məqama aydınlıq gətirdi. Sən demə, 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ordusu ilə torpaqlarını düşməndən azad edəcəyini görən ABŞ Türkiyədən tələb edibmiş ki, Azərbaycana dəstək verməyi dayandırın, əvəzində sizə lazım olan F-16 təyyarələrini satarıq. Bu yolla ABŞ Azərbaycanı hərb və siyasi məkanda təkləyib, torpaqlarımızın azad edilməsi üçün apardığımız mübarizəni dayandırmaq istəmişdi. Belə yerdə deyirlər: "Qaradan artıq boya olmaz". Budur, Amerikanın ikiüzlü siyasəti. Halbuki işğal dövründə ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini daim bəyan edirdi. 
Əslində ABŞ-nin nə istədiyini anlamaq çətin deyil. Bu ölkə dünya  hökmranlığınıı təmin etmək üçün daim Yer kürəsinin müxtəlif yerlərində müharibə ocaqları yaradaraq oranı təsir altında saxlayır və münaqişənin həll olunmaması üçün əlindən gələni edir. Fələstin-İsrail probleminin həll olunmaması da Amerikanın apardığı siyasətdən qaynaqlanır. ABŞ vaxtilə Yaxın Şərqin güclü ərəb ölkəsi olan  İraqı və onun "söz"ə baxmayan rəhbəri Səddam Hüseyni yıxmaq üçün  1,5 milyon günahsız insanın ölümünə səbəb oldu. Deyirdilər ki, bu ölkənin beynəlxalq səviyyədə qadağan olunmuş kimyəvi silahı var. Lakin tapmadılar. Dedilər ki, səhv etmişik. Demək ki, kimyəvi silah söhbəti boş bəyanat idi, əsas məsələ İraqın zəngin neft və qaz yataqlarına əl qoymaq idi. Elə götürək Şimali Afrikanın inkişaf etmiş, əhalisinin sosial rifahının yüksək olduğu Liviyanı. Bu ölkəni iki yerə bölüb əhalisini səfil vəziyyətinə salanda bəyan etdilər ki, diktator Qəddafini yıxıb ölkəyə demokratiya gətirəcəklər. İndi bu ölkədə nə demokratiya var, nə də əvvəlki sosial rifah.
Demokratiya demişkən. İndi Suriyanın da halına baxanda oraya hansı "demokratiya"nın gəldiyini görmək çətin deyil. Bu gün Suriyada ABŞ-nin öz əlləri ilə yaratdığı saysız-hesabsız terror təşkilatları at oynadır. Nədənsə Bəşşər Əsədi insan haqlarını pozmaqda ittiham edənlər burada dəstəklədikləri terrorçuların insanları heç bir səbəb olmadan qətl etmələrinə səslərini çıxarmırlar. Üstəlik, Suriyanın neftlə zəngin olan ərazilərində hərbi qüvvə saxlayıb, bütün beynəlxalq qanunlara zidd olaraq buradan çıxan nefti istismar edirlər. Bu barədə jurnalist ABŞ eks-prezidenti Donald Trampdan soruşanda cavab vermişdi ki, "Mən nefti sevirəm". Bax, belə.
Çin ABŞ-yə "iki Çin" siyasətinə görə irad tutduqda onun ərazi bütövlüyünü dəstəkləndiyini bəyan edir. Bununla yanaşı, ABŞ daim Tayvana öldürücü silahlar verir və onu lazım gələrsə, hərbi güclə qoruyacağını bildirir. Kəşmir məsələsində də bu ölkə ikili standartlardan çıxış edir. Burada gərginliyin qalması Cənub-Şərqi Asiyanın üç nəhəng ölkəsini - Çin, Pakistan və Hindistanı təsir altında saxlamasına imkan yaradır. ABŞ Pakistanla münasibətləri yaxşı olanda bu ölkəni, münasibətlər pozulanda isə Hindistanı müdafiə edir. Hindistanın Kəşmirdə yaşayan insanların hüquqlarını əlindən alan qanun  qəbul etməsinə isə ABŞ heç bir quru bəyanatla da münasibət bildirməmişdir.
ABŞ və Avropa ölkələri əvvəllər Rusiya-Ukrayna müharibəsindəki rollarını gizlətməyə çalışırdılar. Müharibə şiddətləndikcə isə açıq şəkildə Ukraynanın tərəfini tutdular, onu silahla, maliyyə vəsaiti ilə dəstəklədilər. Bunu da onunla izah edirlər ki, Rusiya təcavüzkardır, bu üzdən Ukraynaya yardım edirlər. Əslində, məqsəd bu bölgədə müharibə törətməklə Rusiyanın böyük siyasətə qayıtmasının qarşısını almaqdır. Aradan ötən iki ilə yaxın bir dövrün acı nəticəsi budur ki, keçmiş sovetlər birliyində ən çox inkişaf etmiş respublika olan Ukrayna xarabalığa çevrilib. Bu ölkəni yenidən dirçəltmək üçün bir neçə yüz milyard dollar və onilliklər lazımdır. Elə Rusiya da xeyli zəifləyib, əvvəlki kimi qüdrətli dövlət deyil. Necə deyərlər, bir güllə ilə iki dovşan vurulub. 
ABŞ və Qərbin bizim regionda yaratmaq istədikləri gərginlik də bu ölkələrin geopolitik maraqlarından qaynaqlanır. Bu, Amerikanın uzunvədəli strategiyasının bir həlqəsidir. Belə ki, bu geosiyasi strategiyanın mərkəzində iki böyük hədəf var - Rusiya ilə Çini ram etmək. Onlar birinci mərhələdə Rusiyadan başlamaq barədə qərar veriblər. Çünki Rusiya iqtisadi cəhətdən zəif olsa da, atom başlıqlarının sayına görə dünyada birincidir. Ona görə də regional müharibələrlə və iqtisadi sanksiyalarla bu nəhəng ölkəyə öz şərtlərini qəbul etdirmək istəyirlər. Bunun üçün də Rusiyanın təsir dairəsində olan Cənubi Qafqazda yeni müharibəyə ehtiyac var. Həmin ehtiyacı isə indiki halda başqalarının əlində alət olmağa öyrəşmiş Ermənistan  ödəyə bilər. Qərbin və ABŞ-nin regionumuzda süni şəkildə yaratmaq istədikləri gərginliyin bir səbəbi budur. 
Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng vurması onu göstərir ki, ABŞ onun bu məqsədinin qarşısında sipər olan ölkənin Azərbaycan olduğunu anlayıb. Ona görə də  ölkəmizlə münasibətləri yenidən normallaşdırmaq istəyir. Amerika bundan sonra Cənubi Qafqazda özünün strateji hədəflərinə çatmaqdan əl çəkəcəkmi? Bunu zaman göstərəcək.

Rüstəm KAMAL,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video