Naxçıvan Muxtar
Respublikasında meyvəçilik aqrar sektorun perspektivli və kənd əhalisinin əsas məşğulluq
sahələrindəndir. Ərazinin əlverişli ekoloji mühiti və qədim təsərrüfatçılıq ənənələri
burada özünəməxsus dada, keyfiyyətə, əmtəə görünüşünə malik olan, ilin ayrı-ayrı
vaxtlarında yetişən müxtəlif meyvə sortlarının yaranmasına və becərilməsinə imkan
verib.
Müasir dövrdə
müxtar respublikanın aqrar siyasətində kənd təsərrüfatında becərilən meyvə bitkilərinin
genofondunun toplanılması, sort müxtəlifliyinin qorunması, zənginləşdirilməsi, tətbiqyönümlü
sortların əkin sahələrinin genişləndirilməsi, istehsalının təşkili və onlardan iqtisadı
səmərə əldə edilməsi əsas strateji istiqamətlərdəndir.
Muxtar respublikada əhalinin meyvə, tərəvəz və üzümlə dolğun təmin edilməsi, xaricə
məhsul ixrac olunması, nəticədə kənd əhalisinin məşğulluğunun artırılması və maddi-rifah
halının yüksəldilməsi qəbul edilən müvafiq dövlət proqramlarının əsas məqsədini
təşkil edir.
Davamlı xarakter
alan iqtisadi yüksəliş regionda aqrar sahənin inkişafını da sürətləndirmişdir. Məlum
olduğu kimi, qədim Naxçıvan diyarının kənd təsərrüfatında meyvəçilik mühüm əhəmiyyət
daşıyır. Naxçıvan alması, armudu, əriyi, göycəsi, üzümü Şərqdə həmişə məşhur olub və bölgəyə şərəf
gətirib.
Azərbaycan
Respublikası Prezidentinin "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı
təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 25 avqust 2008-ci il
tarixli sərəncamında 2015-ci ilə qədər əhalinin müxtəlif meyvə məhsullarına olan
tələbatının adambaşına 88,5 kiloqrama çatdırılması bir vəzifə olaraq qarşıya qoyulub
və artıq yerinə yetirilib. Bu qərara müvafiq olaraq muxtar respublikada kənd təsərrüfatı
məhsulları istehsalının artırılması istiqamətində bir sıra dövlət tədbirləri həyata
keçirilib. Naxçıvan MR Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin
inkişafı üzrə Dövlət Proqramı”, həmçinin
8 fevral 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin
və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” meyvəçiliyin genişləndirilməsinin,
əhalinin yerli meyvə məhsulları ilə etibarlı təminatının, nəticədə iqtisadi sabitliyin
başlıca meyarı olub. Qəbul edilən müvafiq dövlət proqramları muxtar respublikada
kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaqla 2015-ci
ildə ümumi meyvə istehsalı 45 min tona çatdırılıb, 2020-ci ildə isə 65 min tondan
çox olması planlaşdırılıb.
Müasir dövrdə
Naxçıvan MR-də meyvəçiliyin sənaye miqyasında daha da genişləndirilməsi sahəsində
bir sıra məsələlərə toxunmaq istərdim. Bunlar meyvə genofondunun qorunması, öyrənilməsi,
meyvə bağları sahələrinin genişləndirilməsi, meyvəçiliyin elmi-praktiki əsaslarının
hazırlanmasıdır. Meyvəçilik üzrə fermer təsərrüfatlarının yaradılmasının müasir
elmi əsaslarla təşkili, meyvəçi-aqronom kadrların bu işlərdə yaxın iştirakı, onların
peşə hazırlığının mütəmadi yenilənməsi üçün Azərbaycan Dövlət Aqrar Universitetində
ixtisasartırma kurslarına cəlb olunması mühüm əhəmiyyət daşıyır. Meyvəçilik üzrə
ixtisaslaşdırılmış tinglik təsərrüfatlarının yaradılması, yerli və introduksiya
edilmiş tətbiqyönümlü meyvə sortlarının əkin dövriyyəsinə daxil edilməsi də vacibdir.
Eləcə də dağlıq, dağətəyi və Arazboyu düzənlik ərazilərdə landşafa uyğun iqtisadi
əhəmiyyətli və tətbiqyönümlü tumlu və çəyirdəkli meyvə sortlarının müəyyənləşdirilməsi,
mövcud bağların qaydaya salınması, boş torpaq sahələrinin əkin dövriyyəsinə daxil
edilməsi və yeni bağların salınması da gündəmə gəlir.
Həyata keçirilməsi
vacib olan digər məsələlər meyvəçiliyin intensiv becərilmə texnologiyası əsasında
genişləndirilməsi məqsədilə iqtisadi və sənaye əhəmiyyətli yeni meyvə sortlarının
introduksiyası, meyvəçilik üzrə ailə təsərrüfatı və fermer təsərrüfatlarının genişləndirilməsi,
inkişaf etdirilməsi, satış bazarlarına daha çox təzə yerli meyvə məhsullarının çıxarılmasına
dövlət dəstəyinin artırılması, əhalinin yerli meyvə məhsulları ilə dolğun təminatının
yaxşılaşdırılmasıdır. Sözügedən sahənin inkişafı həmçinin meyvəçilik üzrə innovativ
texnologiyaya əsaslanan ilkin emal müəssisələrinin yaradılmasını, müxtəlif çeşidli
konservləşdirilmiş məhsulların istehsalının yüksəldilməsini və ixrac məhsullarının
həcm və növlərinin genişləndirilməsini tələb edir. İstehsal olunmuş ekoloji təmiz
meyvə məhsullarının itkisiz toplanılması, qurudulmuş meyvə istehsalının təşkili
və genişləndirilməsi, meyvə bağlarının suvarma şəbəkələrinin yaxşılaşdırılması,
yerli rəqabət əsasında pərakəndə satışın təşkili və maliyyə-kredit problemlərinin
həlli üçün dövlət dəstəyinin artırılması
da önəm daşıyır.
Fikrimizcə,
meyvəçilik üzrə rəqabətədavamlı ayrı-ayrı çeşidli məhsulların hazırlanması, onların
reklamlarının təşkili, yerli bazara satışa çıxarılması və xaricə ixrac edilməsi üçün müasir texnologiya əsasında sənaye müəssisələrinin
yaradılması lazımdır. Meyvəçiliyin genişləndirilməsində işlək istehsalçı-alıcı-satıcı
şəbəkəsinin təşkil olunması, istehsal olunan meyvə məhsullarının kəndlərdə və şəhərlərdə
ticarət obyektlərində pərakəndə satışlarının təşkili və belə tədbirlərin dövlət
tərəfindən dəstəklənməsi işin xeyrinə olan məqsədyönlü tədbirlərdir. Sözügedən sahənin
inkişafına, eləcə də meyvə bağlarına mərkəzləşdirilmiş fitosanitar xidmətin təşkili,
xəstəlik və zərərvericilərə qarşı istifadə olunan dərman preparatlarının satışının,
istifadə qaydalarının dövlət inhisarına alınması böyük dəstək verər. Meyvəçilik
üzrə ixtisaslaşdırılmış fermer təsərrüfatlarının, "Ailə təsərrüfatı”nın dövlət tərəfindən
dəstəklənməsi və genişləndirilməsi də bu sahədə irəliləyişə xidmət edir. Nəhayət,
meyvə məhsullarından təzə halda bütün mövsümlərdə istifadə olunması üçün saxlama
kameralarının, soyuducu anbarlar şəbəkəsinin genişləndirilməsi və onlardan məqsədyönlü istifadə edilməsinə, istehsalçılara
mövcud saxlama anbarlarından bəhrələnmək üçün imkanların yaradılmasına üstünlük
verilməlidir.
Bölgədə aqrar sektorun inkişaf etdirilməsi sahələri
"Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət
Proqramı”, həmçinin "Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” adlı rəsmi dövlət sənədlərində də öz əksini tapıb. Tarixən
bu ərazidə müxtəlif genetik xüsusiyyətləri ilə fərqlənən meyvə, tərəvəz və üzümün
zəngin genofondu yaradılıb. Muxtar respublika ərazisində tumlu meyvələrdən alma,
armud, heyva, əzgil, yemişan, çəyirdəkli meyvələrdən albalı, gilas, şaftalı, ərik,
alça, zoğal, ləpəli meyvələrdən isə qoz (ceviz), badam, fındıq, püstə, pekan və
başqa qiymətli tətbiqyönümlü sortlar geniş yayılıb. Muxtar respublikada 200-dən
çox meyvə sortları, 150-dən çox sort və formalardan ibarət üzüm genofondu mövcuddur.
Müəyyən edilib ki, ərazidə tumlu meyvələrdən almanın 116, armudun 51, heyvanın
10, əzgilin 1, tutun 5, əncirin 4, narın 6, yemişanın 18 sortu, çəyirdəkli meyvələrdən gilasın 14, gilənarın 7, gavalının 14, zoğalın
1, alçanın 21, göyəmin 2, əriyin 31, şaftalının 14 sortu yayılıb. Ərazidə həmçinin
qozun 26, püstənin 2, badamın 8, limonun
4 sortu yetişir. Bu zəngin genofondun səmərəli istifadə olunması ilə muxtar respublika
əhalisini sitrus meyvə sortları istisna olmaqla, yerli məhsullar hesabına tumlu
və çəyirdəkli meyvə sortları ilə dolğun təmin etmək mümkündür. Qeyd edək ki, muxtar
respublikaya sitrus meyvələri istisna olmaqla tumlu və çəyirdəkli meyvələrin idxalının
tədricən azaldılması, gömrük rüsumu qiymətləri ilə tənzimlənməsi yerli məhsulların
istehsalının yüksəlməsinə stimul verər. Nəticədə satış bazarlarında becərilmə aqrotexnikası
məlum olmayan, xəstəlik və zərərvericilərə qarşı mübarizədə hansı dərmanlardan istifadə
olunması bilinməyən, həmçinin geni modifikasiya olunmuş meyvə sortlarının gətirilməsinin
qarşısı alınar.
Hazırda muxtar
respublikanın kənd təsərrüfatında yeni meyvə bağları salınmaqla çoxşaxəli istehsalçı-emal
sənayesi - son məhsulun satışı kimi prioritet sahələrin gələcək inkişafını təmin
edən müasir meyvəçiliyin bazasının əsasları yaradılır. Blokada vəziyyətində olan
muxtar respublikada meyvəçilik əhalini ərzaq məhsulları ilə, emal sənayesini isə
xammalla təmin etdiyindən regionda mühüm iqtisadi əhəmiyyət kəsb edən əsas məşğulluq
sahələrindəndir.
Müasir tipli
aqrotexniki vasitələrin alınması və aqroparkların yaradılması meyvəçiliyin genişləndirilməsində
innovativ texnologiyanın tətbiqini və stimullaşdırıcı tədbirləri bir-biri ilə əlaqələndirir.
İndiki dövrdə meyvəçilik üzrə əsas problem iri, xırda və orta müəssisələr qrupunun,
habelə onların fəaliyyəti ilə bağlı olan təşkilatların bölgədə nizamlı fəaliyyətinin
həyata keçirilməsidir. Buna uyğun olaraq sahibkarlara maarifləndirmənin təşkili,
müvafiq informasiya-məsləhət xidməti şəbəkəsinin fəaliyyətinin artırılması, nəticədə
rəqabətədavamlı ərzaq məhsulları istehsalının artırılması üçün strateji istiqamətlər
müəyyənləşdirilib.
Meyvəçiliyin
genişləndirilməsi istiqamətində məqsədyönlü praktiki işlər həyata keçirilir. Kəngərli
rayonu ərazisində torpaq örtüyünün dəyişdirilməsi və kənardan əraziyə humus qatlı
torpaq örtüyü gətirilməklə torpaqda münbit şərait yaradılıb, əraziyə mütərəqqi damcılı
suvarma sistemləri çəkilməklə 50 hektardan artıq sahədə püstə bağı salınıb. Ümumilikdə
son dövrlərdə kənd təsərrüfatına yararsız olan 213 hektar torpaq sahəsində meyvə
ağacları əkilib. Naxçıvançay, Əlincəçay və Gilançay vadilərində 48 hektardan artıq
sahədə, Arazboyu düzənlik ərazilərdə isə 49,8 hektar sahədə meyvə bağları, 4,5 hektarda
isə üzüm bağı yaradılıb. Nehrəm kəndi inzibatı ərazisinin şərq hissəsində indiyə
qədər istifadəsiz qalan təpəliklərin şumlanaraq əkinə yararlı hala gətirilməsi nəticəsində
180 hektardan çox müasir tipli üzüm plantasiyaları salınıb. Tingçiliyin inkişafı
da diqqətdə saxlanılıb, Şərur rayonunda iki sahibkar tərəfindən 4 hektar, Babək
rayonunda bir sahibkar tərəfindən 0,5 hektar sahədə müxtəlif meyvə növlərinin məhsuldar
sortlarından ibarət tinglər yetişdirilib, ümumilikdə təsərrüfatlarda 87 min ədəd
tingin satışı həyata keçirilib, 73 min meyvə tingi isə əkin üçün hazır vəziyyətə
gətirilib. Culfa rayonunun Dizə kəndində 0,3 hektar ərazidə 53000 ədəd üzüm tingi
salınmaqla tingçilik təsərrüfatı yaradılıb.
Sahibkarlığa
Kömək Fondunun vəsaiti hesabına son illər muxtar respublika üzrə üzümçülüyün inkişaf
etdirilməsi məqsədilə 8 layihənin maliyyələşdirilməsinə 179 min manat, 65 layihə
üzrə meyvəçilik təsərrüfatlarının yaradılmasına 1 milyon 333 min manat həcmində
dövlət maliyyə dəstəyi göstərilib. 2019-cu il muxtar respublikada "Ailə təsərrüfatı
ili” elan olunmuşdu. Şübhə yoxdur ki, bu qərar yeni meyvə bağlarının salınmasında
və məhsul istehsalının genişləndirilməsində
mühüm rol oynamışdır.
VARİS QULİYEV,
aqrar elmləri doktoru