Lakin Vaşinqton və Tehran atəşkəsin qüvvədə qaldığını bildiriblər
Dünən ABŞ və İran arasında biraylıq atəşkəsdən bəri ən əhəmiyyətlisi olan hücumlar baş verib. Tehran daha sonra vəziyyətin normallaşdığını elan edib, Vaşinqton isə atəşkəsin qüvvədə qaldığını təsdiqləyib. İran ordusu ABŞ-nin Hörmüz boğazına daxil olan iki gəmini, eləcə də İran ərazisini vurduğunu iddia edir. ABŞ ordusu İranın hücumlarına cavab olaraq atəş açdığını bildirir.
Gərginlik İran Xarici İşlər Nazirliyinin müharibəyə son qoymaq üçün ABŞ-nin təklifini nəzərdən keçirdiyini elan etməsindən bir gün sonra baş verib.
İnsidentə baxmayaraq, ABŞ Prezidenti Donald Tramp jurnalistlərə atəşkəsin qüvvədə qaldığını söyləyib: "Onlar bizimlə oynamağa çalışdılar. Biz onları məhv etdik".
Öz növbəsində, İranın Ali Birgə Hərbi Komandanlığı ABŞ-ni atəşkəsi pozmaqda və İranın bir neft tankerini və başqa bir gəmisini vurmaqda, eləcə də Hörmüz boğazındakı Keşm adasının mülki ərazilərinə və materikdəki sahilyanı ərazilərinə hava hücumları etməkdə günahlandırıb.
İran ordusu boğazın şərqində və Çabahar limanının cənubunda Amerika hərbi gəmilərinə hücum edərək cavab verdiyini bildirib.
İran Mərkəzi Qərargahının sözçüsü İranın zərbələrinin düşmənə "ciddi ziyan" vurduğunu iddia edib. ABŞ Mərkəzi Komandanlığı isə heç bir obyektinin vurulmadığını deyib. Həmçinin qeyd olunur ki, İran Hərbi Dəniz Qüvvələrinin 3 gəmisini hədəf alarkən hücumda raketlərdən, dronlardan və qayıqlardan istifadə edib. ABŞ İrandakı raket və dron bazalarına və digər obyektlərə zərbə endirməklə cavab verdiyini bildirib.
Bəyanatda deyilir: "Mərkəzi Komandanlıq eskalasiya axtarmır, lakin mövqeyində qalır və Amerika qüvvələrini müdafiə etməyə hazırdır".
İran həmçinin hücuma məruz qalacağı təqdirdə cavab verməyə hazır olduğunu bildirib. Dövlət televiziyasının məlumatına görə, hərbi sözçü bildirib ki, "ABŞ və müttəfiqləri bilməlidirlər ki, İran hər hansı bir təcavüz aktına qətiyyətlə və tərəddüd etmədən cavab verəcək".
Daha sonra İranın Press TV kanalı məlumat yayıb ki, “bir neçə saatlıq atəşdən sonra İran adalarında və Hörmüz boğazı yaxınlığındakı sahilyanı şəhərlərdə vəziyyət normal vəziyyətə qayıdıb".
Məlum olduğu kimi, aprelin 7-də atəşkəs qüvvəyə mindikdən bəri iki tərəf vaxtaşırı zərbələr endirib. Bazar ertəsi günü amerikalı hərbçilər Tehranın ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazından gəmiçiliyi yenidən açmaq cəhdini pozmağa çalışarkən İranın 6 kiçik gəmisini məhv etdiyini, habelə İranın qanadlı raketlərini və dronlarını ələ keçirdiyini iddia ediblər.
Tramp jurnalistlərə bildirib ki, cümə döyüşlərinə baxmayaraq, Tehranla danışıqlar davam edir.
Son hücumlardan əvvəl Vaşinqton Tehrana münaqişəyə rəsmi olaraq son qoyacaq bir təklif göndərmişdi, lakin bu təklifə ABŞ-nin İranın nüvə proqramını dayandırması və müharibədən əvvəl dünya neft və qaz tədarükünün beşdə birinin keçdiyi boğazı yenidən açması ilə bağlı əsas tələbləri daxil deyildi.
Tehran bu planla bağlı hələ razılığa gəlmədiyini bildirib. Lakin Tramp İranın heç vaxt nüvə silahına sahib olmamaq tələbini qəbul etdiyini iddia edir: “Bunun üçün heç bir şans yoxdur, onlar bunu bilirlər və buna razılaşıblar. Görək, onlar bunu imzalamağa hazırdırlarmı", - deyə ABŞ Prezidenti vurğulayıb.
Hər hansı bir razılaşmanın nə vaxt əldə edilə biləcəyi soruşulduqda, Tramp cavab verib: “Bu, baş verməyə də bilər, amma istənilən gün baş verə bilər. Düşünürəm ki, onlar məndən daha çox razılığa gəlmək istəyirlər.”
Rizvan CƏFƏROV,
“Azərbaycan”