24 Fevral 2026 18:04
140
İQTİSADİYYAT
A- A+
ABŞ eksperti: Orta Dəhliz cəmi bir neçə il ərzində Şərqlə Qərb arasında əsas strateji xəttə çevriləcək  

ABŞ eksperti: Orta Dəhliz cəmi bir neçə il ərzində Şərqlə Qərb arasında əsas strateji xəttə çevriləcək  


Orta Dəhlizin əsas üstünlüyü onun Şərqi Asiyanı, ilk növbədə Çini Avropa ilə birləşdirən ən etibarlı və geosiyasi baxımdan təhlükəsiz quru ticarət marşrutu olmasından irəli gəlir. Bu üstünlük marşrutun Rusiya və İran kimi ənənəvi, lakin son illərdə yüksəkriskli nöqtələrdən yan keçməsi ilə birbaşa bağlıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ABŞ-da fəaliyyət göstərən enerji strateqi, Corc Mason Universitetinin tədqiqatçısı Umud Şokri bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra Şimal dəhlizi Qərbin sanksiyaları, tənzimləyici qeyri-müəyyənlik, sığorta problemləri və şirkətlər üçün reputasiya riskləri səbəbindən ciddi şəkildə zəifləyib. Eyni zamanda, Süveyş kanalı və Qırmızı dəniz üzərindən keçən ənənəvi dəniz marşrutu husilərin hücumları nəticəsində əngəllərlə üzləşib, daşımaların müddəti 35–45 günə qədər uzanıb, təhlükəsizlik və xərclər əhəmiyyətli dərəcədə artıb.

Orta Dəhliz bu marşrutlarla müqayisədə daha qısa tranzit müddəti, orta hesabla Çin–Avropa xətti üzrə təxminən 18 gün, daha yüksək proqnozlaşdırılabilən və tək mərkəzli geosiyasi risklərə qarşı davamlılıq təklif edir. Bu amillər Orta Dəhlizi artıq sadəcə alternativ deyil, getdikcə üstünlük verilən strateji istiqamətə çevirir.

Umud Şokri diqqətə çatdırıb ki, yük daşımalarının həcmi son illərdə kəskin artıb: “Belə ki, 2022-ci ilə qədər Çin–Avropa ticarətində Orta Dəhlizin payı 1 faizdən az olduğu halda, 2024-cü ildə daşınmalar 62 faiz artaraq 4,5 milyon tona çatıb və 2030-cu ilə qədər bu göstəricinin 11 milyon tona yüksələcəyi proqnozlaşdırılır. ABŞ–Çin gərginliyi, sanksiya rejimləri, regional qeyri-sabitlik fonunda tədarük zəncirlərinin şaxələndirilməsi və ehtiyat marşrutların yaradılması Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırır. Orta Dəhliz təkcə logistika layihəsi deyil, eyni zamanda regional əməkdaşlığı təşviq edən, rəqib güclərdən asılılığı azaldan və Mərkəzi Asiya ilə Cənubi Qafqaz ölkələrini ticarət, enerji, kritik minerallar və rəqəmsal bağlantılar üçün mərkəzə çevirən platformadır. Bu baxımdan marşrut Avropa üçün tədarük zəncirlərinin dayanıqlığını və Avrasiya resurslarına çıxışı, Asiya, xüsusilə Çin üçün isə “Bir kəmər, bir yol” təşəbbüsü ilə sinerji imkanları yaradır”.

Ekspert vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması Orta Dəhlizin inkişafını kəskin şəkildə sürətləndirə bilər. Onun sözlərinə görə, Cənubi Qafqaz seqmentindəki maneələrin aradan qaldırılması marşrutu yüksəktutumlu və aşağıriskli əsas arteriyaya çevirə bilər. Bu kontekstdə 2025-ci ilin avqustunda ABŞ-nin vasitəçiliyi ilə qəbul edilən Vaşinqton Bəyannaməsi və ardınca əldə olunan razılaşmalar xüsusi əhəmiyyət daşıyır.

“Bu proses çərçivəsində Ermənistanın Sünik vilayəti ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla, oradan isə Türkiyə və Avropa ilə birləşdirən 43 kilometrlik çoxmodal tranzit xətti – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) formalaşdırılıb. 99 illik perspektivə malik bu layihə dəmir yolu, avtomobil yolu, enerji xətləri, fiber-optik kabel və gələcəkdə boru kəmərlərini əhatə edə bilər. TRIPP layihəsi marşrutları qısaldır və Orta Dəhlizin ümumi ötürücülük qabiliyyətini artırır. Proqnozlara əsasən, yeni xətlər üzrə illik 15 milyon tona qədər yük daşına bilər”, - deyə U.Şokri bildirib.

Ekspertin fikrincə, bu proses siyasi baxımdan da mühüm nəticələr doğurur. İqtisadi qarşılıqlı asılılıq “bağlantılar vasitəsilə sülh” prinsipini gücləndirir, yeni münaqişə risklərini azaldır, ənənəvi təsir rıçaqlarını zəiflədir və Qərb, xüsusilə Avropa İttifaqının investisiyalarını cəlb edir. Bununla da Orta Dəhliz ideyadan real, işlək mexanizmə çevrilir.

O qeyd edib ki, bütün bu proseslərin mərkəzində Azərbaycan dayanır: “Azərbaycan Xəzər keçidini Cənubi Qafqaz və Avropa istiqaməti ilə birləşdirən coğrafi və infrastruktur baxımından əsas qovşaqdır. Bakı limanı, dəmir yolları, gömrük sisteminin rəqəmsallaşdırılması, enerji və məlumat xətləri Azərbaycanın bu marşrutda əməliyyat mərkəzinə çevrilməsini təmin edir. Azərbaycanın regional enerji layihələrində, xüsusilə Cənub Qaz Dəhlizində qazandığı institusional təcrübə və aktiv mövqeyi onu Orta Dəhlizin koordinasiyasında əsas vasitəçiyə çevirir. Məhz Azərbaycanın iştirakı ilə Mərkəzi Asiya formatı C5-dən C6-ya genişlənərək vahid geosiyasi və geoiqtisadi məkan formalaşdırıb”.

Umud Şokri xatırladıb ki, 2026-cı ilin fevralında imzalanan ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası Orta Dəhliz və TRIPP, enerji, rəqəmsal infrastruktur, kritik mineralların tranziti və təhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutur.

Ekspert sonda bildirib ki, Orta Dəhlizin uzunmüddətli dayanıqlılığı üçün C6 formatının institusional əsasda möhkəmləndirilməsi, TRIPP layihəsinin hüquqi, gömrük və təhlükəsizlik mexanizmlərinin tam razılaşdırılması həlledici əhəmiyyət daşıyır. Onun sözlərinə görə, mövcud dinamika Orta Dəhlizin cəmi bir neçə il ərzində Şərqlə Qərb arasında əsas strateji xəttə çevrilə biləcəyini göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda pambıqçılığın inkişafı sahəsində mövcud çağırışlar müzakirə edilib  

18:32
24 Fevral

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin mart ayında vətəndaşların qəbulu CƏDVƏLİ

18:30
24 Fevral

Dünya siyasətinin transformasiyası fonunda ikitərəfli strateji əlaqələr Azərbaycan və Serbiyanın rolunu gücləndirir

18:29
24 Fevral

Azərbaycan və Ermənistan XİN müavinləri etimad quruculuğu məsələlərini müzakirə ediblər  

18:28
24 Fevral

Kubada Xocalı soyqırımı qurbanları anılıb

18:27
24 Fevral

Gürcü deputat: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı qarşılıqlı etimada və ortaq baxışlara əsaslanır  

18:25
24 Fevral

SOCAR və “Wood” bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib  

18:24
24 Fevral

Misli Premyer Liqası: “Turan Tovuz” Qəbələdə üç xal qazanıb

18:23
24 Fevral

Nikoloz Şamxaradze: Gürcüstan regionda davamlı sülhün təmin olunması üçün töhfə verməyə hazırdır  

18:23
24 Fevral

Ramazanda xurma istehlakının faydaları

18:22
24 Fevral

Fuad Oktay: Münasibətlərimiz getdikcə daha da dərinləşir və genişlənir

18:21
24 Fevral

Səməd Seyidov: Azərbaycan, Türkiyə və Gürcüstan Cənubi Qafqazda və daha geniş coğrafiyada sabitliyin sütunlarıdır  

18:20
24 Fevral

Sudanda silahlıların hücumu nəticəsində 28 nəfər ölüb

18:20
24 Fevral

Səhiyyə Nazirliyi xəbərdarlıq edir: Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz yoxlamalar aparılır  

18:19
24 Fevral

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclası keçirilir  

18:18
24 Fevral

Azərbaycan səfiri etimadnaməsini Sinqapur Prezidentinə təqdim edib

18:17
24 Fevral

“Reuters”: İran gəmi əleyhinə səsdən sürətli raketlər əldə etməyə yaxındır  

18:15
24 Fevral

Ombudsmanın Azərbaycanda insan hüquqlarının qorunması haqqında məruzəsi hazırlanıb  

18:15
24 Fevral

WUF13 çərçivəsində yaşıl enerji təminatı üzrə “AzərEnerji” ilə memorandum imzalanıb  

18:14
24 Fevral

Azərbaycan-Türkiyə və Azərbaycan-Gürcüstan münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub  

18:12
24 Fevral

“Trump International Hotel” Avstraliyanın ən hündür göydələni olacaq

18:11
24 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!