Böyük qayıdışla gerçəkləşdirilir
O, hələ 2003-cü ildə söz vermişdi ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq.
2007-ci ildə, cəmi 4 il ərzində bu böyük hədəfə nail oldu.
O demişdi ki, məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçiriləcək.
2020-ci ilə qədər ölkədə məcburi köçkünlər üçün 100-dən çox qəsəbə-şəhərcik salındı. Ötən müddət ərzində Azərbaycanda 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin edildi, həmçinin onların problemləri ardıcıl şəkildə öz həllini tapdı.
Ən ümdəsi, O, Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdi ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.
Baş sərkərdə olaraq qətiyyəti, əzmi, gücü sayəsində Vətən müharibəsində cəmi 44 günə düşməni qarşısında diz çökdürərək torpaqlarımızı işğaldan azad etdi, Azərbaycana zəfər sevinci yaşatdı, dədə-baba yurdundan didərgin düşən yüz minlərlə vətəndaşımızın yurd həsrətinə son qoydu.
Qürurlu Zəfərimizin üzərindən heç bir gün keçməmiş, məcburi köçkünlərə, "Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz...", deyə gözaydınlığı verdi, bu vətən həsrətli insanlara tezliklə yurd-yuvalarına qovuşdurulacaqlarının müjdəsini çatdırdı.
Beləliklə, sözünə, vədinə, andına sadiq olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev uzaqgörən siyasəti, mükəmməl hərbi taktikası sayəsində bir vətəndaş, bir dövlət başçısı kimi xalqı, ölkəsi naminə üzərinə götürdüyü mənəvi öhdəlikləri layiqincə yerinə yetirərək Vətən qarşısındakı müqəddəs borcunu ödədi.
Zəfərə doğru
Əslində, Azərbaycan dövləti Prezident İlham Əliyevin ötən illər ərzində böyük məharətlə yürütdüyü mükəmməl siyasət, yaratdığı güclü iqtisadiyyat, qüdrətli ordu, malik olduğu yüksək beynəlxalq nüfuz sayəsində Zəfərə doğru inamla irəliləyirdi.
Torpaqlarımızın işğaldan azad edilməsini qarşısına prioritet məqsəd kimi qoyan İlham Əliyev bu məqsədə çatacağımızın yaxın olduğunu, Azərbaycan xalqına, keçmiş məcburi köçkünlərə, hələ 2016-cı ildə Lələtəpə zəfəri zamanı bəyan etmişdi: "...Azərbaycan bayrağı bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndidə də dalğalanacaq".
2019-cu ildə "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasında "Qarabağ Azərbaycandır!" haqq nidalı bəyanatı ilə Azərbaycan Prezidenti 30 ildir torpaqlarımızı işğal altında saxlayan mənfur düşmənin canına vahimə saldı.
Bununla Qarabağ və ətraf ərazilərdən zorla didərgin salınan vətəndaşlarımızın qanayan yurd yarasına məlhəm çəkdi.
Azərbaycan xalqının hər bir üzvünün arzularının zirvəsində yer alan həmin müqəddəs məqama isə 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün sürərək Zəfərlə yekunlaşan haqq savaşında yetdik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Qarabağımızı, işğal altında qalan bütün torpaqlarımızı azad etdi.
İlham Əliyev qətiyyəti, siyasi iradəsi, vətənpərvərliyi, möcüzə kimi görünən bütün bu məsələləri cəmi 44 günə reallığa çevirdi, xalq olaraq taleyimizi büsbütün dəyişdi, məğlubiyyətdən Zəfər zirvəsinə qalxdıq, yüz minlərlə soydaşımız Vətəndə qəribçilikdən qurtuldu.
"Hər zaman mənim gözlərimin önündə onlar idi"
"...Hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı!"
Vətən müharibəsini parlaq qələbə ilə başa çatdırdıqdan sonra müsahibələrinin birində Prezident İlham Əliyevin yurdundan didərgin salınmış vətəndaşlarımızla bağlı kövrələrək ifadə etdiyi bu fikirlərdə olduğu kimi, ötən dövr ərzində keçmiş məcburi köçkünlərin problemlərinin həlli dövlət başçısının gündəliyində duran vacib məsələ idi.
İlham Əliyev Qarabağın, ümumiyyətlə, işğal altında olan torpaqlarımızın azadlığa qovuşdurulmasını, məcburi köçkünlərimizin vətən nisgilindən qurtulmalarını ən ümdə vəzifəsi hesab edirdi.
Fəaliyyətinin ilk dövründən qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini prioritet olaraq müəyyənləşdirən İlham Əliyevin 2003-cü il prezident seçkiləri ərəfəsində proqramının tərkib hissəsi də bu məsələ idi.
Ötən illər ərzində məcburi köçkün soydaşlarımıza qayğı, onların mənzil və həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən bütün işlər birbaşa Prezident İlham Əliyevin diqqət və nəzarəti altında həyata keçirilib. Onlar müvəqqəti yaşayış yerlərindən və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülüb, yaşayış şəraitləri yaxşılaşdırılıb, sosial rifahlarının yüksəldilməsi üçün dövlət proqramları icra edilib.
Birinci vitse-prezident vəzifəsində ilk müşavirəsini onlara həsr etdi
Qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli istiqamətində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da müstəsna xidmətlər həyata keçirib. Fəaliyyətində hər zaman əhalinin zəif müdafiə olunan təbəqələrinə həssaslıqla yanaşan Mehriban xanım qaçqın və məcburi köçkünlərin problemlərini də daim diqqət mərkəzində saxlayıb. Ən əlamətdar günlərdə, bayramlarda məcburi köçkünlərimizin yanında olub, onlara dəstəyini, qayğısını nümayiş etdirib. Özünün də vurğuladığı kimi, Mehriban xanım sosial problemlərin, xüsusilə də qaçqın və məcburi köçkün ailələrinin çətinliklərinin aradan qaldırılmasına xüsusi diqqətlə yanaşıb.
O da təsadüfi deyil ki, Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində ilk müşavirəsini də Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etmişdi.
Məcburi köçkünlər üçün salınmış yaşayış qəsəbələri, "Qobu-1", "Qobu-2", "Qobu-3" layihəsinin təşəbbüskarı da Mehriban xanım olub, 2017-ci ildə Birinci xanımın iştirakı ilə onlardan ilkinin təməli qoyulub. Ümumiyyətlə, Qobu qəsəbəsində 3 layihədə toplam 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdirilib.
Məcburi köçkünlərə 111-ci hədiyyə
2020-ci il mayın 28-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə məcburi köçkünlər üçün salınmış 111-ci yaşayış kompleksinin, Bakının Qaradağ rayonunda 1336 məcburi köçkün ailəsi üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışı oldu.
Müstəqillik günündə məcburi köçkünlər qarşısında çıxışında İlham Əliyev mühüm bir məsələyə diqqət çəkdi. Dövlət başçısı xüsusilə vurğuladı ki, bütün Azərbaycan xalqı bilməlidir, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq.
Yeri gəlmişkən, o məqamı da qeyd edək ki, həmin gün açılışı olan "Qobu-3", həm də məcburi köçkünlər üçün salınmış sonuncu müvəqqəti yaşayış kompleksi kimi yaddaşlarda qaldı.
Çünki ondan sonra Azərbaycan dövləti keçmiş məcburi köçkün vətəndaşları üçün öz dədə-baba yurdlarında isti ocaq qurmağa başladı.
Biz bu torpaqlara qayıtdıq
"...Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq..."
Prezident İlham Əliyevin Azərbaycan xalqına söz verdiyi və sərkərdə qətiyyəti ilə cəmi 44 gün ərzində həyata keçirdiyi kimi, indi biz torpaqlarımıza qovuşmağın xoşbəxtliyini yaşayırıq.
Vətən müharibəsinin qələbə ilə başa çatmasından dərhal sonra isə azad yurdlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilib.
Qarabağ və Şərqi Zəngəzurda daimi həyatın var olması üçün möhkəm bünövrələr atılır, əhəmiyyətli layihələr gerçəkləşdirilir. 30 il ərzində işğalçı Ermənistan tərəfindən tamamilə darmadağın edilən ərazilərimiz sürətlə dəyişir, mənfur düşmənin viran qoyduğu yurdlarımıza yeni nəfəs verilir. Burada əsaslı quruculuq tədbirləri həyata keçirilir, infrastruktur yenilənir, yollar çəkilir, tunellər salınır, beynəlxalq hava limanları tikilir. Eyni zamanda vəhşi ermənilərin illərlə divan tutduğu tarixi, mədəni, dini irsimiz bərpa olunur.
Azərbaycanın qısa zaman ərzində Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi böyük quruculuq işləri dünyada böyük heyrətlə qarşılanır. Dövlət başçısının vurğuladığı kimi, dünya müharibələrinin tarixində savaşdan sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb və bu gün bu parlaq nümunənin əsasını Azərbaycan qoyur. Həm də ölkəmiz azad olunan torpaqlarda həyata keçirdiyi bu genişmiqyaslı işləri təkbaşına, heç kimdən kömək almadan öz siyasi iradəsi və iqtisadi gücü, xalqımızın səfərbərliyi və milli həmrəyliyi sayəsində aparır.
Bir qərinəlik Vətən ayrılığı bitdi
İndi tarixi torpaqlarımıza Böyük qayıdış başlayıb. Böyük qayıdışın ilk təməl daşı isə hələ 2017-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində qoyulmuş, 2016-cı ildə Azərbaycan Ordusunun Aprel zəfəri ilə azad olunan bu Vətən torpağımız doğma sakinlərinə sevinclə qucaq açan ilk yurdumuz olmuşdu.
Parlaq Vətən müharibəsindən sonra bir qərinəlik ayrılığın daşını ataraq, əzəli yurdlarına ilk qovuşma xoşbəxtliyini yaşayanlar isə Zəngilanın Ağalı kəndinin sakinləri oldular.
Bizə tarixi torpaqlarımıza qayıdışın tezliklə gerçəkləşəcəyi müjdəsini Prezident İlham Əliyev bu il Müstəqillik Günü ərəfəsində verdi. Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasiminin keçirilməsi zamanı dövlət başçısı İlham Əliyev Ağalı kənd sakinləri ilə görüşü zamanı söylədi ki, "Bu gün Böyük qayıdış dediyimiz prosesə start verildi".
Ağalıya dönən insanların timsalında Vətən həsrətindən qurtulan, "məcburi köçkünlük yükü"ndən azad olan insanların xoşbəxtliyinə şahid olduq.
2022-ci il iyulun 19-da, vaxtilə Ağalıdan zorla didərgin salınan insanlar yüksək sevinclə yurd yerlərinə döndülər. Zəngilanı, Ağalını heç zaman görməyən yeni nəsillər dədə-baba torpaqlarında yaşayıb-yaratmağa, tikib-qurmağa, bu torpağa daha dərin köklərlə sarılmağa getdilər.
Çox tezliklə şuşalılar, ağdamlılar, laçınlılar, kəlbəcərlilər, ümumiyyətlə, bütün keçmiş məcburi köçkünlər əzəli torpaqlarına qaytarılacaqlar.
Nəhəng çağırışla üz-üzə
"Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması".
Bu il oktyabrın 5-də Ağdamda baş tutan Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bir daha bəyan etdi ki, hazırda biz keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik.
Dövlət başçısı söylədi ki, ötən müddətdə 300 mindən çox məcburi köçkün yeni ev və mənzillərlə təmin edilmişdi. Həmin mənzillərin açılışı zamanı isə məcburi köçkünlər Prezidentə minnətdarlıqlarını bildirməklə yanaşı, hər dəfə qeyd edirdilər ki, onları öz torpaqlarına qaytarsın: "Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük qayıdış proqramı başlayıb".
Bəli, dövlət başçısı İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında müharibədən ötən qısa müddət ərzində böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur artıq doğma sakinlərini qəbul etməyə başlayıb. Çox tezliklə, bütün keçmiş məcburi köçkünlər qayıdış karvanları ilə doğma yurdlarına dönəcəklər. Yenidən o doğma torpaqlarda yaşayacaq, quracaq, abadlaşdıracaq, xoşbəxt həyat sürəcəklər. İllərdir ev-eşiyindən pərən-pərən düşmüş, ölkəmizin dörd bir yanına səpələnmiş vətəndaşlarımız artıq birgə xoş günlərə qanad açıblar. Necə ki Prezident İlham Əliyev vaxtilə, 24 dekabr 2011-ci ildə, 50 illik yubileyini Qarabağ torpağında - Ağcabədidə Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün ailələri ilə birgə qeyd etdiyi gün onlara söz vermişdi: "...Bu, müvəqqəti yaşayış məntəqəsidir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün Laçında, Kəlbəcərdə, Ağdamda, hələ ki işğal altında olan digər torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Mən buna şübhə etmirəm..."
Yasəmən MUSAYEVA,
"Azərbaycan"