Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyini xilas etməsidir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyini xilas etməsidir

13 İyun 2018
İyunun 13-də Milli Qurtuluş Günü münasibətilə Şuşa Rayon İcra Hakimiyyətində rayonun mədəniyyət müəssisələrinin nümayəndələrinin, Şuşa şəhər 8 nömrəli orta məktəbinin və Malıbəyli kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə geniş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Şuşa Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov tədbiri giriş sözü ilə açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışıb, Ulu Öndərin siyasi kursunu və yüksək amallarını layiqincə yaşadan və davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış böyük nailiyyətlərdən bəhs edib.

Bayram Səfərov Ümummilli Liderin hakimiyyətə qayıdışı barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək deyib: “Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələr yaradılıb, Milli Ordu formalaşdırılıb, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atılıb. Heydər Əliyev bütün siyasi və diplomatik vasitələrdən istifadə edərək, 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs rejiminin imzalanmasına nail olub. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyini xilas etməsidir. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınıb, dövlət müstəqilliyi qorunub saxlanılıb. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir! Beləliklə, 15 iyun bizim tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 15 iyun – Milli Qurtuluş Günü Azərbaycan Milli Məclisinin Qərarı ilə 1997-ci il iyunun 27-də rəsmiləşdirildi”.

Sonra “15 İyun - Milli Qurtuluş Günü” sənədli filmi nümayiş etdirilib.

Daha sonra Milli Məclisin deputatı Elman Məmmədov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, Şuşa rayon təhsil şöbəsinin müdiri, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinin rəisi Sarı Bərxudarov, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, Uşaq-Gənclər idman məktəbinin direktoru Əbülqasım Novruzov çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli mənəvi dəyərlərimizin bərpa edilməsindən, onun apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmasından danışıblar.

Tədbir bədii hissə ilə davam edib. Şuşa rayon Mədəniyyət Mərkəzinin kollektivlərinin, Şuşa şəhər 8 nömrəli tam orta məktəbin və Malıbəyli kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin bayram təbriki maraqla qarşılanıb.