Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın hərbi-siyasi üstünlüyü sülh danışıqlarının əsas amilidir

17 Oktyabr 2017
 

İlham Əliyev dünən Ermənistana və vasitəçilərə sonuncu dəfə seçim imkanı verdi: ya Qarabağ ərazisinin işğaldan azad edilməsi üçün real danışıqlara başlanılsın, yaxud bu vəzifə Azərbaycan əsgərinin öhdəsinə buraxılsın!

 

Azərbaycan və Ermənistan rəhbərlərinin dünən Cenevrədə baş tutan görüşünün nəticələri aprel hərbi əməliyyatlarından sonra yeni mərhələyə qədəm qoyan nizamlama prosesində mühüm məqam kimi qəbul edilir. Xatırladaq ki, hələ 2015-ci ilin dekabrında İsveçrənin Bern şəhərində prezidentlərin danışıqları nəticəsiz bitmiş, Ermənistan irəli sürülən bütün təkliflərə yox demişdi. Belə qeyri-müəyyən vəziyyətdə Prezident İlham Əliyev bu görüşlərin imitasiya xarakteri daşıdığını bəyan edərək onlara ümumiyyətlə ehtiyacın olmadığını bildirmişdi.

 

Ermənistanın limiti tam bitib

 

Sonradan cəbhə xəttindəki məlum aprel hadisələrinin yaratdığı yeni hərbi-siyasi reallıq nəticəsində vasitəçi dövlətlər sülh müzakirələrinin bərpasını təklif etdilər. Ötənilin may ayında Avstriyanın paytaxtı Vyanada, iyun ayında isə Sankt-Peterburqda keçirilən prezidentlərin görüşü də təəssüf ki, bu kontekstdə yeni mərhələ kimi səciyyələnmədi.
Qeyd edək ki, dünənki Cenevrə görüşü cəbhə xəttində hər an alovlana biləcək yeni gərginlik ovqatında keçirilirdi. Ötənilki hərbi qarşıdurmanın nisbətən səngiməsinə baxmayaraq hələ də davam etməsi, həmçinin Ermənistanın qadağan olunmuş silahlardan, kimyəvi tərkibli bombalardan istifadəsi, mülki vətəndaşlarımızın qətlinə rəvac verən cinayətləri aprel hadisələrinin istənilən vaxt, özü də daha geniş miqyasda təkrarlanacağına zəmin yaradır. Minsk qrupunun fəaliyyətsizliyi və vasitəçi dövlətlərin işğalçıya sərt mövqe sərgiləməməsi nəticəsində uzanan nizamlama prosesini Azərbaycanın öz hərbi qüdrəti ilə yekunlaşdırmaq iqtidarında olması faktdır və bunu artıq beynəlxalq miqyasda hamı gördü.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan aprel hərbi əməliyyatlarını uğurla bitirmək imkanında olub, lakin Ermənistanın israrlı xahişlərini əsas götürən Rusiyanın siyasi rəhbərliyi və hərbi komandanlığı atəşkəs təklifi ilə çıxış edib. Rəsmi Bakı növbəti dəfə öz sülhməramlı yanaşmasını nümayiş etdirib və cəbhə boyu inamla irəliləyən hərbi kontingentini dayandırıb. Bu durum Ermənistanın artıq hərbi güc faktorundan məhrum olduğunu göstərməklə yanaşı, Azərbaycan qarşısında aciz vəziyyətini isbatlayıb və daha böyük iflasdan qurtulmaq üçün güzəştlərin labüdlüyünü diktə edib.

 

İlham Əliyevdən sərt xəbərdarlıq

 

Təəssüf ki, aprelin ilk ongünlüyündə Azərbaycan qarşısında tam hərbi məğlubiyyətdən yalnız vasitəçilərin səyləri ilə xilas olmuş Ermənistan rəhbərliyi bir müddət sonra yenidən ənənəvi ritorikasına qayıdıb. Onların danışıqları müxtəlif bəhanələrlə uzatmaq cəhdləri, real nəticənin əldə olunmasına çalışmamaları artıq tam aydın görünür. Ötənilki Vyana və Sankt-Peterburq görüşlərinin sülh müzakirələrinə təkan verməməsinin, əksinə, daha da dalana dirəməsinin əsas məsuliyyəti isə şübhəsiz ki, vasitəçi dövlətlərin - Ermənistanı Azərbaycan qarşısında məğlubiyyətdən xilas etmiş ölkələrin üzərinə düşür.
Prezident İlham Əliyev ötən 1 il 4 aylıq “susqunluq” dövründə vasitəçilərə danışıqlar prosesində dövlətinin üstün mövqedə olduğunu dəfələrlə bəyan edib, bu faktın görməzdən gəlinməyəcəyini bütün tərəflərə xatırladıb, real nəticələr əldə olunması üçün rəsmi Bakının artıq təşəbbüsü birtərəfli olaraq öz əlinə alacağını vurğulayıb. Ən əsası isə sərt xəbərdarlığını edib: münaqişə dondurulmayıb və hərbi əməliyyatlar başlasa vasitəçilərin sülh çağırışları artıq heç bir əhəmiyyət daşımayacaq. Sadə dillə desək, hər hansı bir hərbi gərginlik yaranarsa, onun qarşısını heç bir vasitəçi dövlət ala bilməyəcək və Ermənistanı tam məğlubiyyətdən artıq heç kəs xilas etmək imkanında olmayacaq.
Dünənki Cenevrə görüşünə də Prezident İlham Əliyev məhz bu qətiyyətli mövqe ilə getdi...

 

22-ci görüş...

 

Dünənki görüş iki ölkə rəhbərlərinin 1998-ci ildən başlamış təmaslarının 54-cüsü idi. Heydər Əliyev R.Koçaryanla 1998-2002-ci illər arasında 23 dəfə (1998-ci ildə 1, 1999-cu ildə 7, 2000-ci ildə 6, 2001-ci ildə 6, 2002-ci ildə 3 görüş) birbaşa ünsiyyətdə olub. Prezident İlham Əliyev isə dünən də daxil olmaqla ümumilikdə 31 görüş keçirib: R.Koçaryanla 9 (2003-cü ildə 1, 2004-cü ildə 2, 2005-ci ildə 2, 2006-cı ildə 3, 2007-ci ildə 1 görüş), S.Sarkisyanla isə 22 (2008-ci ildə 2, 2009-cu ildə 6, 2010-cu ildə 3, 2011-ci ildə 2, 2012 və 2013-cü illərdə hərəsində 1, 2014-cü ildə 3, 2015-ci ildə 1, 2016-cı ildə 2 görüş) danışığı olub.
54 görüşə evsahibliyi ən çox Rusiyaya (20) məxsusdur. Bu sırada İsveçrə (7), Fransa (4), ABŞ (3), Belarus (3), Azərbaycan, Ukrayna, Moldova, Çexiya, Polşa və Avstriya (hər birində 2), həmçinin Türkiyə, Qazaxıstan, Rumıniya, Almaniya və İngiltərə də (hərəsində 1 görüş) var.
Bu quru rəqəm statistikasının arxasında, əslində, milyonlarla insanın itən ümidləri, qaçqın və məcburi köçkünlərin yurd həsrətləri, hər dəfə bir bəhanə ilə yarımçıq kəsilən müzakirələr, vasitəçilərin məsuliyyətsizliyi və “ikili standartları”, bir sözlə, Qarabağın qara dərdi dayanır.
İllərdir bu uğursuzluq statistikasını real nəticəyə çevirməyə çalışan, Azərbaycanın savaşını şərəflə aparan İlham Əliyevin son dövrlərdə daha da qətiləşən Qarabağ mövqeyini şərtləndirən amil hər kəsə məlumdur. Prezidentin təbirincə desək, Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti kəskin dəyişilib, ölkəmiz hər bir sahədə böyük üstünlüyə nail olub və bu üstünlüyü əldən verməyəcək, iki ölkə arasında bütün sahələrdə fərq daha da böyüyəcək.
5 ay sonra prezident kürsüsünü təhvil verəcək S.Sarkisyan, əslində, hakimiyyətini davam etdirmək, baş nazir vəzifəsinə yiyələnmək niyyətindədir. Bu yöndəki siyasi intriqalarının da əsas mövzusu, şübhəsiz, Dağlıq Qarabağ danışıqlarıdır. Daxili auditoriyada isterik ovqat formalaşdırmaq, süni hərbi gərginlik fonunda vətəndaşlarının diqqətini sosial-iqtisadi böhranın fəsadlarından yayındırmaq cəhdləri yəqin qarşıdakı dövrdə onun əsas fəaliyyət prioritetləri olacaq. Yəni Ermənistan rəhbərliyinin ucuz “şou”larını davam etdirəcəyi gözləniləndir.
Amma bir mühüm fakt var: Azərbaycanın hərbi üstünlüyü, siyasi uğurları və diplomatik qalibiyyəti bu gün sülh danışıqlarının əsas amilidir. Və bu amil prosesin, - istər hərbi, istər siyasi, - nəticələrini müəyyənləşdirəcək yeganə gücdür.
Bu güclə hesablaşmamaq isə nəinki S.Sarkisyanın hakimiyyət ambisiyalarını, eləcə də fövqəlgüclərin bütövlükdə Qafqaz siyasətini tar-mar edə bilər!
Rəsmi Bakı İlham Əliyevin şəxsində və bu reallığın kontekstində Ermənistana, vasitəçilərə dünən sonuncu dəfə seçim imkanı verdi: ya Qarabağ ərazisinin işğaldan azad edilməsi üçün real danışıqlara başlanılsın, yaxud bu vəzifə Azərbaycan əsgərinin öhdəsinə buraxılsın!

İxtiyar HÜSEYNLİ,
“Azərbaycan”