18 May 2024 15:30
346
İQTİSADİYYAT
A- A+

“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açır  

 

“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin İsmayıllı rayonunda yeni istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən və dünyaca məşhur “Coca-Cola” şirkətinin sərinləşdirici içki məhsullarını istehsal edən “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin yeni investisiya planlarına uyğun olaraq, qurumun ölkədə ikinci istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova iştirak ediblər.

Nazir Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi və inkişafı, daxili və xarici sərmayələrin cəlb olunması, istehsal və ixrac imkanlarının artırılması dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasətin önəmli istiqamətlərindəndir.

“Ölkəyə investisiyaların cəlb edilməsi, idxalı əvəz edən və ixracyönümlü istehsal sahələrinin yaradılması məqsədilə işlər davam etdirilir. Sağlam və şəffaf biznes mühiti Azərbaycana müasir texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların həcmini artırır”, - deyə nazir vurğulayıb.

Qeyd edilib ki, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılmasına hesablanmış tədbirlər regionlarda da iqtisadi artımın təmin olunmasına, yeni müəssisələrin yaradılmasına, məşğulluğun təşviqinə imkanlar açır. Bu baxımdan İsmayıllı rayonunda daha bir böyük müəssisənin təməlinin qoyulması bölgənin sosial-iqtisadi inkişafı, investisiya mühitinin cəlbediciliyinin artırılması üçün əlavə stimuldur.

İsmayıllıda yeni müəssisə Türkiyənin “Anadolu Group” şirkətinə aid “Coca-Cola İçecek” şirkətinin törəmə müəssisəsi olan “Azerbaijan Coca-Cola Bottlers” MMC ilə İqtisadiyyat Nazirliyi arasında 1 fevral 2021-ci il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən yaradılır. Zavod İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən investisiya təşviqi sənədi çərçivəsində 7 il müddətində mənfəət və gəlir vergisinə 50 faiz güzəşt əldə edib, eyni zamanda 7 il müddətində əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azad olunub.

Yeni istehsal müəssisəsi rayonun sənaye potensialının reallaşdırılmasına, yerli istehsalın gücləndirilməsinə, yeni texnologiyaların regionlara transferinə, sosial rifahın yüksəldilməsinə töhfə verəcək. Vurğulanıb ki, davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli işgüzar mühit, güzəşt, imtiyaz və stimullar regionlarımızda müsbət iqtisadi dəyişiklikləri və nailiyyətləri təmin edir.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda turizm, kənd təsərrüfatı, istehsal və emal sənayesinin, digər sahələrin inkişafı üçün geniş imkanlar olduğunu qeyd edib. Vurğulanıb ki, burada istehsal müəssisələrinin fəaliyyət göstərməsi bölgə iqtisadiyyatının inkişafına münbit zəmin yaradır.

“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin Baş direktoru Rəna Məmmədova deyib ki, Azərbaycanda “Coca-Cola” şirkətininin ikinci zavodunun təməlqoyma mərasimini keçirməkdən böyük məmnunluq duyur: “İsmayıllıda yeni fəaliyyətə başlayacaq müəssisəyə sərmayə qoymaq qərarımız ölkədə güclü iqtisadiyyata və əlverişli investisiya mühitinə olan möhkəm inamımızı bir daha təsdiq edir. İnvestisiya planlarımızın həyata keçirilməsi prosesində Azərbaycan dövlətinin dəstəyini yüksək qiymətləndiririk. Əminəm ki, yeni müəssisənin fəaliyyətə başlaması yerli əhali üçün yeni iş yerləri yaradacaq, yerli təchizatçılara daha çox biznes imkanı verəcək, dövlət büdcəsinin vergi gəlirlərini artıracaq və yerli infrastrukturun güclənməsinə təkan verəcəkdir. Zavodun 2025-ci ildə işə salınmasını səbirsizliklə gözləyirik”.

İnvestisiya dəyəri 68 milyon manat olan, beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal müəssisəsi 15 hektar sahədə qurulur və burada 100-dən artıq sakinin işlə təmin edilməsi planlaşdırılır. İllik istehsal gücü 165 milyon litr olacaq müəssisədə şirkətin “Coca-Cola”, “Fanta”, “Sprite” kimi brendləri istehsal olunacaq. Yeni zavod, əsasən, daxili bazar ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulub.

“Coca-Cola”nın Azərbaycana investisiyalarının artırılması ölkədə əlverişli biznes mühitinin və cəlbedici investisiya şəraitinin mövcudluğundan irəli gəlir. Bu həm də ölkədə qeyri-neft sektorunun inkişafının göstəricisidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video