Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Yeni əsrin müqaviləsi” Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxmasını sürətləndirəcək

08 Oktyabr 2017
 

Ölkəmiz müstəqillik qazandıqdan sonra ağır iqtisadi böhran keçirirdi. Fabrik və zavodlar işləmirdi, fəaliyyət göstərənlər isə işçilərin əməkhaqlarını vaxtında verə bilmirdi. İnflyasiya pik həddə çatmışdı. İnsanların sabahkı günə ümidi yox idi. Bir sözlə, ölkə əhalisi iqtisadi və sosial sıxıntıların məngənəsində çabalayırdı. 

Ulu öndər Heydər Əliyev hakimiyyətə yenidən qayıtdıqdan sonra ölkəni düşdüyü dərin iqtisadi böhrandan qurtarmaq üçün qətiyyətli addımlar atmağa başladı. Bunların ən önəmlisi “Əsrin müqaviləsi”nin imzalanması oldu. Belə ki, bu müqavilədən sonra neft sənayesinə külli miqdarda xarici sərmayə qoyuldu. Ölkənin iqtisadi həyatında canlanma baş verdi. 1997-ci ildə həmin müqavilədən ilk dəfə ölkəmizə valyuta daxil olmağa başladı.
Dünyanın iqtisadi mənzərəsinə nəzər yetirdikdə görürük ki, bir çox ölkələr Azərbaycandan dəfələrlə çox neft hasil etsə də, iqtisadi və sosial vəziyyəti ağırdır. Ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən yeni neft strategiyası ölkənin iqtisadi inkişafına və sosial rifahına xidmət etməyə başladı. Bunun da nəticəsində qısa zaman kəsiyində ölkədə əhalinin sosial problemləri həll olunmağa başladı. Statistik rəqəmləri təhlil etdikdə aydın olur ki, az müddətdə ölkəmizdə maaş, pensiyalar və digər sosial ödənişlər dəfələrlə artıb.
Neft gəlirlərindən ölkənin iqtisadi inkişafında da istifadə olunub. Bunun sayəsində Azərbaycanda mükəmməl infrastruktur yaranıb. Ölkəmiz hazırda bu sahədə dünya standartlarına cavab verən nəqliyyat, enerji infrastrukturuna malikdir. Görülən bu işlərin nəticəsi olaraq Azərbaycan dünyanın tranzit mərkəzlərindən birinə çevrilib.
Ölkənin neft gəlirlərindən asılılığı aradan qaldırmaq üçün elə neft gəlirlərindən də istifadə olunub. Belə ki, əldə edilən vəsaitdən istifadə edərək qeyri-neft sektorunun inkişafında böyük uğurlar qazanılıb. Hazırda qeyri-neft sektorunda istehsal olunan məhsulun 80 faizi qədəri özəl sektorun payına düşür. Özəl sektorda aparıcı rol sahibkarlara məxsusdur. Bu sektorun formalaşması üçün dövlət tərəfindən onlara güzəştli şərtlərlə 2 milyard manat kredit verilib. Sahibkarlıq sinfinin inkişafı ölkənin ümumi inkişafında aparıcı rol oynayır. Eyni zamanda, əhalinin məşğulluğunun təminatında onların xidmətləri böyükdür.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-avqust aylarında sənayenin qeyri-neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artıb. Bu sahənin qeyri-dövlət sektorundakı payı 79,9 faiz olub. Rəqəmlərdən görünür ki, qeyri-neft sənayesində məhsul istehsalında sahibkarlar üstünlük təşkil edir. İqtisadiyyatın bu sektorunda olan inkişaf eyni zamanda, həmin sahədə çalışanların əməkhaqlarının da artmasına imkan verib. Belə ki, cari ilin 7 ayı ərzində sənayedə işləyənlərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz artaraq 962,6 manata çatıb. Hesabat dövründə inşaat sektorunda da iş yerlərinin artması müşahidə olunub. Bu ilin yanvar-iyul aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı keçən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq əməkhaqları 805,4 manat olub. Bu dövrdə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricilərdən yüksək olub.
İlkin məlumata görə, cari ilin yanvar-avqust aylarında ölkə əhalisinin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 7,6 faiz artaraq 31770,8 milyon manata çatıb. Beləliklə, əhalinin hər nəfərinə düşən gəlir orta hesabla 3269,1 manat təşkil edib.
Əldə edilən gəlirlərin 85,8 faizi son istehlak xərclərinə, 8,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,8 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29046 milyon manatlıq vəsait qalıb.
Bu il sentyabrın 4-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş imzalanmışdır. “Əsrin müqaviləsi” XX əsrdə böyük töhfə verdi və bəhrələri bu günə kimi davam edir. Yeni bağlanan müqavilə isə XXI əsrdə ölkəmizin dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmasında rolu böyük olacaq.
Prezident İlham Əliyev “Yeni əsrin müqaviləsi”nin imzalanması mərasimində yeni sənədin ölkəmizə verəcək töhfəsini yüksək qiymətləndirərək demişdir: “Bu gün imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var”.
Yeni müqavilənin imzalanması ölkəmizə 40 milyard dollar sərmayə qoyulmasını proqnozlaşdırır. Bu isə yeni platformaların, müəssisələrin fəaliyyətə başlaması deməkdir. Həmin müəssisələr ölkəmizdə yeni iş yerlərinin açılmasına imkan verəcək. Burada minlərlə azərbaycanlı işləməklə ailələrinin sosial rifahını yaxşılaşdırmaq imkanı qazanacaq. Daimi iş, yüksək əməkhaqqı isə ən yaxşı sosial müdafiədir. Dövlət də siyasəti bu istiqamətdə həyata keçirir. Çalışır ki, ölkədə iş yerləri çoxalsın, insanların dövlətdən müavinət almağı azalsın. Xatırladaq ki, son 14 ildə Azərbaycanda 1 milyon 600 min iş yeri yaradılıb, “Yeni əsrin müqaviləsi”nin fəaliyyətə başlamasından sonra bu sahədə uğurlarımız daha böyük olacaq.

Rüstəm KAMAL,
“Azərbaycan”