Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 12 faiz artım qeydə alınıb

19 Aprel 2017
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasın keçirilməsində əsas məqsəd məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi mexanizmində təkmilləşdirmələrin aparılması, pensiya təminatı sahəsində islahat tədbirlərinin səmərəli təşkili, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin təmin olunması, fərdi əmək fəaliyyəti ilə məşğul olanların fərdi uçot sistemi ilə əhatə olunması məsələlərinin müzakirəsi olub.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi sahədə davam edən inkişaf prosesinin pensiya təminatının əsasını təşkil edən məcburi dövlət sosial sığorta sistemində də müsbət nəticələrin əldə olunmasına imkan verdiyini vurğulayıb: “O cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda ötən il 6,4 faiz, bu ilin ilk rübündə 12 faizə yaxın artım qeydə alınıb. Müsbət məqamlardan biri kimi bu daxilolmaların qeyri-büdcə sektorunun payına düşən hissəsi keçən il əvvəlki illə müqayisədə 5,8 faiz, cari ilin yanvar-mart aylarında isə ötən ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artıb. Eyni zamanda, fərdi uçot sisteminin əhatə dairəsi getdikcə genişlənir, bu dinamikanın davamı olaraq sistemdə fərdi şəxsi hesabı açılanların sayı keçən il və cari ilin birinci rübündə 263,6 min nəfər artaraq 3 443 760 nəfərə çatıb”.

S.Müslümov bildirib ki, sığorta-pensiya sisteminin inkişafı tədbirləri məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi ilə bağlı müvafiq qanunvericilikdə nəzərdə tutulan mexanizmin də təkmilləşdirilməsi zərurətini ortaya çıxarır. Bununla əlaqədar hazırlanmış “Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında” yeni qanunvericilik layihəsinin, pensiya təminatı sahəsində islahat tədbirlərinin səmərəli təşkilinin komissiyanın hazırkı iclasında sosial tərəfdaşlarla birgə müzakirəsi, rəy və təkliflərin öyrənilməsi məqsədəuyğun hesab edilib.

Nazir hazırda əmək bazarında sərbəst, yəni fərdi şəkildə əmək fəaliyyəti ilə məşğul şəxslərin də çoxluq təşkil etdiyini, ümumi məşğul əhalinin təqribən 12-15 faizinin məhz fərdi əmək fəaliyyəti göstərənlərdən ibarət olduğunu qeyd edib. Lakin həmin insanların böyük qismi, eləcə də qeyri-formal məşğulluq sferasında çalışanlar məcburi dövlət sosial sığorta sistemindən kənardadır ki, bu da onların gələcək sosial müdafiə, o cümlədən pensiya hüquqlarını sual altında qoyur. Ona görə də bu gün diqqətdə dayanan məsələlərdən biri də həmin insanların uçota alınması sisteminin təkmilləşdirilməsi, qeyri-leqal məşğul şəxslərin əməyinin rəsmiləşdirilməsidir. Bu məsələ də sosial tərəfdaşlar tərəfindən müvafiq təkliflərin verilməsi üçün Komissiyanın gündəliyinə daxil edilib.

İclasda “Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi təqdim olunub. Komissiya üzvləri layihə, habelə “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”ndan irəli gələn məsələlərin həlli sahəsində aparılacaq işlərlə bağlı rəy və təkliflərini diqqətə çatdırıblar. Həmçinin qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin təmin edilməsi, fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların uçota alınması sisteminin təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflər ifadə olunub.