Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda dəmir yolları müasir dövrün tələblərinə uyğunlaşdırılıb

10 Fevral 2017
 

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında yaradılan şəraitlə tanış olub

 

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) inzibati binasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dövlətimizin başçısına və xanımına burada aparılan işlər barədə məlumat verdi.

Bildirildi ki, 1956-cı ildə inşa edilən bu binanın ümumi sahəsi 30 min kvadratmetrdir. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətləri, həmçinin ölkəmizdə dəmir yolunun inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb, Ümummilli Liderin büstü qoyulub.

Ümumilikdə Azərbaycanda dəmir yolunun inkişafı ulu öndər Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi zamanı əhatə edir. Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanda dəmir yolları müasir dövrün tələblərinə uyğunlaşdırılıb, onun maddi-texniki bazası möhkəmləndirilib. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində dəmir yolu nəqliyyatında əsaslı dəyişikliklərə, köklü islahatlara və davamlı inkişafa nail olunub.

Binada işçilərin yüksək səviyyədə çalışmaları üçün hərtərəfli şərait var, otaqlar ən müasir mebel və avadanlıqla təchiz olunub. Burada qatarların hərəkətinin onlayn və GPS izlənmə sistemləri tətbiq edilib. Binanın 280 nəfərlik müasir akt zalında bütün imkanlar yaradılıb. İnzibati otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Binada, həmçinin şəhid dəmiryolçuların fotolarından ibarət guşələr də yaradılıb. Burada müasir yeməkxana da işçilərin ixtiyarına verilib.

Qeyd edildi ki, binada ən müasir işıqlandırma sistemi qurulub. Dəmir yolunun fasiləsiz iş rejimini nəzərə alaraq, binanın həyətyanı ərazisində iki transformator və generator quraşdırılıb, su anbarları inşa edilib. Bina mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunub. Burada, eyni zamanda, beynəlxalq standartlara cavab verən yanğın təhlükəsizliyi və mühəndis kommunikasiya sistemləri tam şəkildə yenilənib. Ətraf ərazilərdə əsaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb.