XX əsr poeziyasının zirvəsində qərar tutan Seyid Məhəmmədhüseyn Şəhriyar (əsl adı Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) Şərqin poetik ruhunu müasir dövrün fəlsəfi təfəkkürü ilə birləşdirən nadir söz xiridarlarındandır. O, həm fars, həm də Azərbaycan dillərində yaratdığı şah əsərlərlə iki fərqli mədəniyyət dünyası arasında bədii körpü salmağı bacarmışdı.
Şəhriyarın qələmi millətin minillik tarixindən süzülüb gələn adət-ənənələri, Heydər baba dağının timsalında vətənin saf uşaqlıq xatirələrini və ayrılıq acısı ilə qovrulan milyonlarla insanın həsrətini poetikləşdirmişdir. Onun misraları klassik divan ənənəsinin möhtəşəm yekunu və eyni zamanda xalq ruhunun müasir ədəbiyyatdakı ən səmimi, ən coşğun təzahürüdür. Bu gün şairin yoxluğundan onilliklər keçsə də, onun poetik mirası heç bir qadağa, sərhəd və zaman maneəsi tanımadan sönməz bir məşəl kimi daim gur yanmaqdadır.
Həyat yolu
1906-cı ildə Təbrizdə tanınmış hüquqşünas Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya göz açan Məhəmmədhüseynin uşaqlıq illəri siyasi təlatümlər dövrünə təsadüf edir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan alır. Məşrutə inqilabı illərində, yəni şəhərin qarışıq durumundan uzaqlaşmaq üçün ailə onu Heydər baba dağının ətəyində yerləşən Xoşginab kəndinə göndərir. Məhz bu kənd, onun təbiəti, insanları və adət-ənənələri gələcək şairin yaddaşına silinməz izlərlə həkk olunur. Sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam etdirir, 1924-cü ildə Tehrana gəlir və tibb fakültəsinə daxil olur.
Son kursda həyatını tamamilə dəyişəcək böyük bir sarsıntı yaşayır. Nakam sevgi hekayəsi onu həm təhsildən, həm də paytaxt mühitindən uzaqlaşdırır. Lakin tibb elminin itirdiyi bu gənc dünya ədəbiyyatına Şəhriyar imzasını qazandırır. O, qəlbindəki ağrını poetik misralara köçürərək qısa zamanda İranda klassik fars qəzəlinin Hafiz Şirazidən sonra ən böyük ustadı kimi qəbul olunmağa başlayır.
Seyid Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığı çoxşaxəlidir. Azərbaycan, Vətən sevgisi onun əsərlərində möhtəşəmliyi ilə ifadə olunmuşdur. Azadlıq ruhu şairin Vətən mövzulu əsərlərinin poetik vüsətini təşkil edir. Mübarizə, əzm, birlik Şəhriyar poeziyasının mərkəzində dayanır, coşğun bir vüsətlə meydana çıxmışdır. O, öz yaradıcılığında müxtəlif mövzulara müraciət etmiş və yazdığı əsərlərdə duyğularını, fikirlərini səmimiyyətlə ifadə etmişdir. Məhəmmədhüseyn Şəhriyarın ilk mətbu şeiri 1913-cü ildə, 8 yaşındaykən Təbrizdəki Məhəmmədiyyə orta məktəbində oxuduğu zaman "Ədəb" jurnalında dərc edilmişdir. Əsərlərini qəzəl, qəsidə, məsnəvi, qitə, rübai janrında yazan ustad sənətkar klassik şair səviyyəsinə yüksəlmişdir.
Məhəmmədhüseyn Şəhriyar Azərbaycan və İran poeziyasının ən nəhəng simalarından biridir. Tədqiqatçıların araşdırmalarına görə, Şəhriyarın ilk şeir kitabı 1926-cı ildə "Sədaye-xuda" (Tanrının səsi) adı ilə çap olunmuşdur. Öz ana dilinin təəssübkeşliyi Şəhriyar sənətində xüsusi bir mərhələdir. "Türkün dili", "Dərya elədim", "İman ilə getdi", "Azadlıq quşu", "Varlıq", "Türk övladı, qeyrət vaxtıdır" və onlarca başqa şeirlərində o, bu və ya digər formada doğma dilinin intəhasızlığı, danışıq və şeir dili kimi əvəzolunmazlığı və s. haqqında fikirlər söyləyir.
"Heydərbabaya salam"
Məhəmmədhüseyn Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz "Heydərbabaya salam" poeması olmuşdur. İki hissədən ibarət olan bu əsərin birinci hissəsini Tehranda, ikinci hissəsini isə Təbrizdə yazmışdır. Birinci hissədə 77, ikinci hissədə isə 48 bənd var. Poemanın birinci hissəsində təbiət təsvirləri, ilin fəsilləri, camaatın əkin-biçinlə məşğul olması, sadə insanların sevinci, kədəri, toyu, matəmi, adət-ənənələri öz əksini tapır. Şair əsərdə "Heydərbaba, səni Vətən bilmişdim, Vətən deyib baş götürüb gəlmişdim" deməklə Heydərbaba dağının onun üçün müqəddəs ana vətənin rəmzinə çevrildiyini etiraf etmişdir. Tədqiqatçılar yazırlar ki, "Heydərbabaya salam" poemasında şairin özünün də bədii obrazı canlandırılmışdır. Akademik Bəkir Nəbiyev bu haqda qeyd etmişdir ki, lirik qəhrəmanla müəllif arasında tam eyniyyət olmasa da, yaxınlıqlar, səsləşmələr müşahidə edilir.
Bir sözlə, Şəhriyar fars dilində böyük şöhrət qazansa da, onun yaradıcılığının zirvəsi doğma ana dilində yazdığı "Heydərbabaya salam" poeması olmuşdur. Poema, sadəcə, bir dağa müraciət deyil, Cənubi Azərbaycanın etnoqrafiyası, xalq inancları, unudulmaqda olan adət-ənənələri və ən əsası, parçalanmış vətənin mənəvi harayı idi. Şair kənd həyatının lövhələrini yaradır, itirilmiş günlərin həsrətini çəkir və oxucunu saf insani dəyərlərə qaytarmağa çalışırdı. Bu əsər həm Quzey, həm də Güney Azərbaycanda dillər əzbəri olmuş, sərhədləri fikirlərdə ortadan qaldıran bir körpüyə çevrilmişdir.
Heydərbaba, kəkliklərin uçanda,
Kol dibindən dovşan qalxib qaçanda,
Baxçaların çiçəklənib açanda,
Bizdən də bir mümkün olsa yad əylə,
Açılmayan ürəkləri şad eylə
Heydərbaba, sənin üzün ağ olsun,
Dörd bir yanın bulaq olsun, bağ olsun,
Bizdən sonra sənin başın sağ olsun,
Dünya qəzov-qədər, ölüm-itimdir,
Dünya boyu oğulsuzdir, yetimdir.
Heydərbaba, yolum səndən kəc oldu,
Ömürüm keçdi, gələmmədim gec oldu,
Heç bilmədim gözəllərin necə oldu.
Bilməz idim döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var
Şəhriyarın həyatını dəyişən nakam sevgi hekayəsi
Məhəmmədhüseyn Şəhriyarın gənclik illərində yaşadığı nakam sevgi, sadəcə, şəxsi bir kədərli hadisə deyildi, həm də onun bir şair kimi doğulmasının əsas mənəvi təkanverici qüvvəsi olmuşdur. 1920-ci illərin sonunda Tehranda tibb təhsili alan gənc Məhəmmədhüseyn rəssamlıq və musiqi məclislərinin birində Sürəyya adlı bir qıza (şair əsərlərində onu gizli saxlayaraq "Pəri" adlandırırdı) aşiq olur. Bu sevgi qarşılıqlı olur və gənclər evlənmək qərarına gəlirlər. Sürəyyaya eyni zamanda Rza şahın sarayına yaxın, nüfuzlu və varlı bir general (bəzi mənbələrdə şahın qohumu Çirağəli xan Pəhləvi) da aşiq olmuşdu. Şəhriyar kasıb bir tələbə olduğu üçün qızın ailəsi generalın tərəfini tutur. Şair hədələnir, həbs olunur və tibb fakültəsinin sonuncu kursunda oxuyarkən Tehrandan Nişapura sürgün edilir.
Sürəyya məcburi olaraq generala ərə verilir. Yaşadığı bu ağır mənəvi sarsıntı səbəbindən Şəhriyar həkimlik diplomunu almağa bir neçə ay qalmış təhsilini tamamilə atır, özünü bədii yaradıcılığa həsr edir və Şərq poeziyasının sultanına çevrilir. İllər keçir, Şəhriyar artıq bütün İranda tanınan məşhur bir şair olur. Günlərin bir günü o, Tehranın "Behcətabad" parkında gəzərkən artıq yaşlaşmış və boşanmış köhnə sevgilisi Sürəyya (Pəri) ilə qarşılaşır. Dinməz-söyləməz bir-birlərinə baxırlar. Şəhriyar bu görüşdən sarsılaraq Şərq ədəbiyyatının ən məşhur farsca qəzəllərindən birini - "Hala çera" (İndi niyə?) qəzəlini yazır.
Şəhriyar bu nakam sevgi ilə mənəvi olaraq saflaşır, cismani eşqi ilahi, sufi eşqinə çevirir. Özünün dediyi kimi: "Mən Pərini sevdim, amma o, məni Allaha qovuşdurdu".
"Yalan dünya" fəlsəfəsi: fanilik və mənəvi saflıq
Şəhriyarın yaşadığı şəxsi itkilər, həmçinin XX əsrin qanlı müharibələri, xalqının parçalanması və sosial ədalətsizliklər onun yaradıcılığında dərin bir "dünya fəlsəfəsi" formalaşdırmışdı. Bu yanaşma onun məşhur "Yalan dünya" şeirində və "Heydərbabaya salam" poemasının fəlsəfi bəndlərində öz mükəmməl ifadəsini tapır.
Şəhriyar üçün maddi dünya aldadıcı bir məkandır, fanidir və etibarsızdır. O, insanı var-dövlət, şan-şöhətlə özünə bağlayır, lakin sonda hamını əliboş qəbirlə baş-başa qoyur:
Yalan dünya, nağıl dünya, yalan dünya!
Süleymanı taxtdan salan, yalan dünya!
Şair zamanın hər şeyi məhv etdiyini, gəncliyi, gözəlliyi və saf hissləri oğurladığını vurğulayır. O, dünyanın insanı qocaltdığını, lakin insanın arzularının heç vaxt qocalmadığını deyərək hər kəsin bu mənəvi ziddiyyətini dramatik şəkildə təsvir edir.
"Yalan dünya" fəlsəfəsində şair insanları maddiyyata uymamağa çağırır. Dünya pisdir, çünki o, qardaşı qardaşa düşmən edir, insanlığı unutdurur. Lakin bu yalançı dünyada əbədi qalan yeganə şey yaxşılıq, təmiz ad və bəşəri sevgidir:
Heydər baba, dünyada qalan yaxşılıqdır,
Yaxşılıqdan sonra nə var? Baxşılıqdır.
Ədəbiyyat nəzəyiyyəçilri yazırlar ki, Şəhriyarın fəlsəfəsi klassik Şərq təsəvvüfü ilə sıx bağlıdır. Bu dünyadan küsmək, ona bağlanmamaq, əslində, ruhun azadlığı və Allaha doğru yüksəlişidir. Şair dünyəvi əzabları ruhun saflaşması üçün bir vasitə sayırdı, oxucusuna fani dünyada necə insan qalmağın yollarını göstərirdi.
Bu dünya fanidir, fani,
Bu dünyada qalan hanı?
Davud oğlu Süleymanı
Təxt üstündən salan dünya.
Biri ayna, biri pasdır,
Biri aydın, biri kasdır,
Gecə toydur, səhər yasdır,
Gül içində solan dünya.
İgidlərin başın yeyən,
Qocalar bozbaşın yeyən,
Qəbirlərin daşın yeyən,
Özü yenə qalan dünya!
Şəhriyar təkcə keçmişin nisgilini yazmırdı. Onun "Sahandiyyə" poeması fəlsəfi dərinliyi, dilinin zənginliyi və bədii obrazlığı ilə ana dilli poeziyamızın ən möhtəşəm nümunələrindən biridir. Eyni zamanda şair Şimali Azərbaycandakı qələm dostları - Səməd Vurğun, Süleyman Rüstəm kimi ziyalılarla məktublaşmalar və şeirləşmələr vasitəsilə vahid mədəniyyət ruhunu canlı saxlayırdı.
18 sentyabr 1988-ci ildə Tehranda vəfat edən ustad sənətkar öz vəsiyyəti ilə Təbrizdəki məşhur "Məqbarətüş-şüəra"da (Şairlər məqbərəsi) dəfn olunmuşdur. Şəhriyar öz yaradıcılığı ilə sübut etdi ki, həqiqi poeziya heç bir siyasi quruluşdan və sərhəddən asılı deyil. O, zamanın fövqündə dayanan, bəşəriyyətə təmizlik və vətənpərvərlik dərsi keçən ölməz söz ustadıdır.
İradə ƏLİYEVA,
"Azərbaycan"