Bir neçə ildir bəşəriyyəti təhdid edən COVID-19 hələ də sovuşmayıb. Dünya ölkələri bu virusa qarşı davamlı mübarizə aparsa da, ona hələ ki, tamamilə qalib gəlmək mümkün olmayıb.
Bu ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus pandemiyasının başa çatdığını elan etsə də, son aylar bir çox ölkədə COVID-19-a yoluxanların sayındakı artım problemin hələ də aktual olduğunu göstərir.
Payız-qış mövsümündə peyvənd olunmaq lazımdır
ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirilən brifinqdə çıxışı zamanı dünyada koronavirus səbəbilə xəstəxanaya yerləşdirilən insanların sayının və ölüm hallarının nisbətinin artmasına diqqət yetirib. "Qrip, respirator sinsitial virus və COVID-19-un sinxron dövriyyəsi səhiyyə sistemlərində əhəmiyyətli pozuntulara səbəb ola bilər", - deyə ÜST rəhbəri bildirib. Yaranmış vəziyyətdə ÜST xüsusilə yüksək risk qruplarını həm qripdən, həm də COVID-19-dan peyvənd olunmağa çağırıb.
Baş direktor xatırladıb ki, hazırda qripə yoluxma hallarının sayı koronavirus pandemiyasından əvvəl müşahidə olunan səviyyəyə çatıb. COVID-19-un kəskin fazası zamanı görülən təhlükəsizlik tədbirləri nəticəsində qrip virusunun yayılması isə azalmışdı.
Risk hələ də var
Son aylar Cənubi Koreya, Rusiya, ABŞ, Avstraliya, Qazaxıstan, Sinqapur və Avropanın bir sıra ölkələrində COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunur. Yüksək yoluxduruculuğa malik yeni ştamlar artıq 60-a yaxın ölkədə müəyyən edilib.
Epidemioloji vəziyyətin gərgin olduğu ölkələrdən biri də İsveçdir. Burada COVID-19-a yoluxma hallarının sayı artsa da, hələ ki, ölkə üzrə məhdudlaşdırıcı tədbirlərin tətbiqi planlaşdırılmır.
İsveçdə COVID-19 virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 38 faiz artıb. Hakimiyyət orqanları bəyan ediblər ki, yoluxmaların artması gözləniləndir. Artım intensiv müalicə şöbələrinə daxil olan insanların sayındakı dəyişiklikdə və COVID-19 virusu nəticəsində baş verən ölüm hallarının sayında müşahidə olunur.
Epidemioloq Maqnus Qisslen bildirib ki, risk qrupuna daxil olan 65 yaş və 65 yaşdan yuxarı insanlara bu payız mövsümi peyvəndlənmə tövsiyə edirik: "Nisbətən aşağı səviyyədə olmasına baxmayaraq, virusun yayılması artır. Ciddi xəstəliklər üzrə yüksək risk qrupuna daxil olan insanların qüvvədə olan tövsiyələrə müvafiq olaraq, həm COVID-19, həm də qripə qarşı peyvənd vurdurmaları vacibdir".
Diqqətli olmalıyıq
Ölkəmizdə COVID-19-a yoluxanların sayında artım olsa da, vəziyyət nəzarət altındadır. Lakin buna baxmayaraq, hər bir insan üzərinə düşən məsuliyyəti dərk etməli, ehtiyat tədbirlərini əldən verməməli və səhhətinə qeyri-ciddi yanaşmamalıdır. İzdihamlı yerlərdən, havalandırılması zəif olan qapalı məkanlardan uzaq durmaq və sosial məsafəni qorumaq lazımdır. Bu mümkün olmadığı təqdirdə mütləq tibbi maskadan istifadə edilməlidir.
Gün ərzində gigiyenik qaydalara riayət etmək, əlləri tez-tez sabunla yumaq və antiseptiklə dezinfeksiya etmək mütləqdir. Digər vacib amil isə immunitetin zəifləməsinin qarşısının alınmasıdır. Bunun üçün gündəlik rasiona mövsümə uyğun meyvə və tərəvəzin əlavə edilməsinə xüsusi diqqət yetirilməlidir. Bu bəşəri bəlanın öhdəsindən yalnız birlikdə qalib gəlmək mümkündür.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"