10 May 2024 10:55
261
İQTİSADİYYAT
A- A+

Yeni gərginlik mərkəzi - Cənubi Çin dənizi

 

Dünyada Şərqlə Qərb arasında olan siyasi və hərbi qarşıdurma gərginləşməkdə davam edir. Hələlik tərəflərin heç biri istədikləri nəticəni əldə edə bilməyib. Hətta Rusiya-Ukrayna müharibəsinin kimin qələbəsi ilə başa çatacağını da demək çətindir.   
Çin bu müharibədə Rusiyanın məğlubiyyətini istəmir. Bilir ki, həmin  məğlubiyyətdən sonra növbə ona çata bilər, baxmayaraq ki, Qərb şimal qonşumuzla məsələni bitirmədən də Çinə qarşı ara-sıra həmləyə keçir. Bu təzyiq bütün sahələrdə olur. Səbəb kimi ÇXR-nin Rusiya ilə hərbi əməkdaşlığı göstərilir, hərçənd bu iki ölkə arasında hərbi əməkdaşlıq barədə razılaşmalar Rusiya-Ukrayna müharibəsindən illər əvvəl mövcud olub. Amma nədənsə bu, ABŞ-nin  yadına indi düşüb. O üzdən bunu Çinə təzyiq göstərmək üçün bir bəhanə kimi də qəbul etmək olar.
Son dövrlərin hadisələrinə diqqət yetirdikdə görürük ki, müharibə Rusiya-Ukrayna cəbhəsində getsə də, gərginlik mərkəzi Cənubi Asiyaya transfer edilir. ABŞ-nin Dövlət katibi Entoni Blinkenin Çinə son səfəri iki ölkə arasında olan gərginliyi bütün dünyaya nümayiş etdirdi. E.Blinken sözün həqiqi mənasında bütün diplomatik nəzakət qaydalarını pozaraq Çini ABŞ-də keçiriləcək prezident seçkilərinə müdaxilə etməkdə suçladı. Məsələ bununla bitmədi - səfərdə olduğu ölkəyə bir çox sahədə nəyi necə etmək barədə ultimativ qaydada xəbərdarlıq etdi. Və Çinin dövlət başçısı tərəfindən cavabını da aldı.
Mövcud gərginliyin əsas səbəbi Asiya nəhənginin genişlənmə siyasəti aparmasıdır. Yəni ölkə hüdudlarından kənarda siyasi və iqtisadi nüfuzunu artırmasıdır. Çin son dövrlər Cənubi Asiya regionundakı ölkələri öz iqtisadi təsiri altına alır və bununla bölgədə ABŞ-nin iqtisadi maraqlarına ciddi zərbə vurur. Bununla yanaşı, "Əjdahalar ölkəsi" ABŞ-nin mütləq hakim olduğu Cənubi Amerika bazarına da ayaq açıb. Məlumdur ki, bu ölkələrlə ABŞ-nin onların daxili işlərinə qarışdığı üçün ciddi problemləri var. ÇXR bu fürsətdən yararlanaraq qitənin cənubunda iqtisadi üstünlüyü ələ almaq istəyir və getdikcə buna nail olur. 
Amma bu da hələ hamısı deyil. Çinin son dövrlər Afrika qitəsinə iqtisadi təsiri ABŞ ilə yanaşı, Avropanı da qorxudur. Xüsusən Fransa ÇXR-nin bu qitədə təsirinin gündən-günə artmasından çox rahatsızdır. Bu da boş yerdən deyil. Təsəvvür edin ki, Fransanın Afrikadakı müstəmləkə siyasətindən əldə etdiyi illik gəlirin həcmi 500 milyard dollardan çoxdur. Belə bir itki Fransa iqtisadiyyatına böyük zərbə ola bilər. Bundan başqa, Afrikadakı təsirin itirilməsi Fransanın enerji təhlükəsizliyinə ciddi təhdiddir. Çünki Fransada 51 atom elektrik stansiyası fəaliyyət göstərir və Avropanın Rusiya qazından imtina etməsi səbəbindən həmin stansiyalar Fransaya əlavə gəlir əldə etməyə imkan verir.  AES-in işləməsi üçünsə uran lazımdır. Belə vəziyyətdə Fransanın əli Afrika uranından çıxmış görünür. E.Makronun yaxın zamanda Qazaxıstana baş tutmuş səfəri də bu əndişədən qaynaqlanır. Qazaxıstan dünyada uran ehtiyatları ilə zəngin olan 10 ölkədən biridir və Fransa Afrikadan uran əldə edə bilməyəcəyi halda alternativ ölkə kimi Qazaxıstanı seçib.
Çinin Afrikaya sürətlə ayaq açmasının səbəbi onun apardığı incə siyasətlə bağlıdır. Məlumdur ki, bu  qitədəki ölkələr kasıbdırlar, onların infrastrukturu inkişaf etməyib, üstəlik müəyyən sosial çətinliklər məngənəsində sıxılırlar. ÇXR də bundan məharətlə yararlanır. İlkin mərhələdə heç bir qarışıqlıq gözləmədən bu ölkələrdə təmənnasız sosial infrastruktur layihələri icra edir. Belə addım həmin ölkələrin hakimiyyəti və xalqı tərəfindən xoş məram kimi qarşılanır. İkinci mərhələdə Çin heç bir siyasi tələb irəli sürmədən borc verir. Bu da həmin ölkələrdə məmnuniyyət doğurur. Ancaq pulsuz pendir tələdə olur. Artıq bir çox Afrika ölkəsi Asiya nəhənginə külli miqdarda borclanıb və onun təsiri altına düşüb. 
Bütün bunlara baxmayaraq, Afrika ölkələri üçün Qərblə müqayisədə Çinlə iqtisadi, siyasi və hərbi əlaqələr qurmaq daha sərfəlidir. Çünki Qərbdən fərqli olaraq Çin Afrika  ölkələrinə demokratiya, insan haqları və siyasi kursun müəyyən edilməsi kimi tələblər irəli sürmür. Belə münasibət hər iki tərəfə sərfəli olduğundan əlavə problemlər də yaşatmır.
Bütün bunların fonunda ABŞ Avropadan Çinlə iqtisadi münasibətləri aşağı səviyyəyə endirməyi tələb edir. Ancaq Avropanın Rusiya ilə iqtisadi münasibətlərin kəsilməsi ucbatından bir sıra problemləri yaranıb. Məsələn, ucuz rus qazı əvəzinə bahalı Amerika maye qazından istifadə etmək məcburiyyətində qalıb. Enerji-daşıyıcıların qiymətlərinin bahalığı isə Avropa iqtisadiyyatına ciddi təsir göstərib. Üstəlik "qoca qitə" geniş Rusiya bazarını itirib və o üzdən ixracatda kəskin azalma baş verib. Ona görə də boşluqları doldurmaq üçün Avropa Çinlə iqtisadi əlaqələri genişləndirmək arzusundadır. 
Xəbər verildiyi kimi, Çin lideri Si Cinpinin Avropa turnesinin ilk dayanacağı Fransa olub. Turne may ayının 10-dək davam edəcək. Beşgünlük səfər çərçivəsində Çin rəhbəri Serbiya və Macarıstana da gedəcək. Amma səfər sadəcə üç ölkə ilə məhdudlaşmayacaq, qitənin problemləri Aİ ilə  birlikdə müzakirə olunacaq. Səfərin əsas məqsədi iki tərəf arasında qarşılıqlı siyasi etimadı gücləndirmək, strateji konsensusa nail olmaq və əməkdaşlığı genişləndirməkdir. 
ABŞ başlıca rəqibini cilovlamaq üçün gərginliyi Çin ərazisinə daşımaq istəyir. Çin hazırda üzərindən ildə 3 trilyon dollarlıq ticarət aparılan Cənubi Çin dənizinə təkbaşına nəzarət etmək istəyir. Təbii ki, region dövlətləri bundan narazıdır. Amerika bu fürsətdən istifadə edib həmin ölkələri öz tərəfinə çəkərək "Asiya nəhəngi"nə qarşı koalisiya yaradır və hətta onlarla birgə hərbi təlimlər keçirir. Çin buna cavab olaraq dənizdə süni adalar salaraq hərbi dəniz donanmasının bazasını yaradır. Sözsüz ki, burada ABŞ Çinin yaralı yeri olan Tayvan faktorundan da  istifadə edir. Bir sözlə, Qərb-Şərq qarşıdurması Avropadan Cənubi Asiyaya daşınır. Bir çox hərbi və siyasi ekspertin qənaətinə görə, üçüncü dünya müharibəsi burada başlayacaq. Yaxın günlərdə Çinin Cənubi Çin dənizində Sinqapurun hərbi gəmisinə təzyiqli su ilə həmlə etməsi buna misaldır. Ekspertlərin fikri belədir ki, su şırnağı hər an mərmi ilə əvəz oluna bilər. Sadəcə bunun zamanının nə vaxt gələcəyini heç kəs bilmir. 
Sual oluna bilər: Çinin genişlənmə siyasətinin uğur qazanmasının səbəbi nədir? Məlumdur ki, Qərbdə liberal iqtisadiyyat mövcuddur və kapital qoyuluşu sahibkarların şəxsi təşəbbüsü ilə həyata keçirilir. Çin isə öz dövlət maraqlarına uyğun planlı şəkildə büdcədən lazım bildiyi yerə investisiya yatırır. Belə imkan onun məqsədlərinə çatmasını asanlaşdırır. Liberal iqtisadiyyata malik olan Qərb Çinin belə çevik siyasətinə qarşı vaxtında reaksiya verə bilmir. Qeyd etdiyimiz kimi, Çin sərmayə yatırdığı ölkələrdən hər hansı bir siyasi şərt tələb etmir. Bu, az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrə sərf edir, buna görə də Çinlə iqtisadi münasibətlərə üstünlük verirlər. ÇXR-nin ixracatda uğur qazanmasının səbəbi isə satdığı malın ucuz olmasıdır. O üzdən həmin kateqoriyadan olan ölkələr ABŞ və Qərb ölkələrinin baha məhsullarına yox, ucuz Çin mallarına üstünlük verirlər.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video