Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Təcrübədə sadə keçidlər: Qeyri-rəsmi və böhran üçün rəqəmsal alətlərin birgə yaradılması” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Afrika və Avropa təcrübəsi əsasında şəhərlərin üzləşdiyi mənzil və urbanizasiya problemləri müzakirə edilib. Qeyd olunub ki, iqlim dəyişikliyi, müharibələr və sürətli urbanizasiya həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə ciddi çağırışlar yaradır.
Tədbir çərçivəsində Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyi tərəfindən maliyyələşdirilən və BMT-nin şəhərlər üçün texnologiya və innovasiya mərkəzi (UNITAC-Hamburq) tərəfindən Namibiya və Ukraynada həyata keçirilən üçillik layihənin nəticələri təqdim olunub. Bildirilib ki, layihə çərçivəsində yerli şəraitə uyğun rəqəmsal alətlər hazırlanıb və onların şəhər idarəçiliyində tətbiqi sınaqdan keçirilib.
Təqdim olunan alətlər arasında “Rəqəmsal İş Kartı” və “Şəhər Bərpasının Planlaşdırılması Sistemi” də yer alıb. Bu vasitələrin şəhərsalma prosesində qərarverməni daha çevik və şəffaf etməyə imkan verdiyi qeyd olunub.
Eyni zamanda Namibiya və Ukraynada aparılan tədqiqatların nəticələri də diqqətə çatdırılıb. Bu tədqiqatlar şəhərlərdə qeyri-rəsmi məskunlaşmanın idarə olunması, iqlim risklərinin azaldılması və müharibədən sonrakı bərpa prosesinə dəstək verən rəqəmsal həlləri əhatə edib.
Namibiyada layihə çərçivəsində müxtəlif səviyyələrdə əməkdaşlıq həyata keçirilib. Ölkə üzrə Namibiya Statistika Agentliyində məlumatların idarə olunması gücləndirilib, Vindhuk şəhəri ilə “Ağıllı Şəhər Strategiyası” hazırlanıb, Rehoboth və Rundu şəhərlərində “Rəqəmsal İş Kartı” pilot layihə kimi tətbiq edilib.
Ukraynada isə BMT-Habitat Ukrayna Şəhər Laboratoriyası ilə əməkdaşlıq çərçivəsində şəhər bərpası və rəqəmsal platformaların idarəetməyə inteqrasiyası istiqamətində işlər aparılıb.
Bildirilib ki, layihə müxtəlif regionlarda həyata keçirilməsinə baxmayaraq, şəhər idarəçiliyində innovativ yanaşmaların tətbiqi, xidmətlərin əlçatanlığının artırılması və dayanıqlı inkişaf üçün mühüm nəticələr verib.
Sonda qeyd olunub ki, rəqəmsal alətlər və iştirakçı yanaşmalar şəhərlərin qarşılaşdığı qlobal mənzil və urbanizasiya böhranının həllində mühüm rol oynaya bilər.