Şair, tənqidçi, publisist, filologiya elmləri doktoru, professor... Bizim üçün isə o, bunlardan öncə müəllim idi. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Famil Mehdidən dərs alırdıq. O, tələbələrinə sevdikləri, seçdikləri peşənin yalnız elmi, nəzəri tərəflərini öyrətmirdi. Hər sözü, hər hərəkəti ilə gözlərimizin önündə vətənpərvər ziyalı, ləyaqətli insan nümunəsi kimi dayanırdı. Biz Famil müəllimdən həm də Vətəni sevmək dərsi alırdıq...
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs deyən bütün müəllimlərimiz kimi, Famil Mehdi də belə idi, umacaqsız, təmənnasız…
Əsl tariximizi gizlətmək, bizi bizdən uzaqlaşdırmaq, xalqımızın qüruru, fəxri olan şəxsiyyətlərini tanımağa, onların böyük əməllərindən xəbərdar olmağa qoymamaq üçün sovet hökuməti yetmiş il hər üsula əl atdı. Xalqın düşünən beyni olan ziyalılarını, döyünən qəlbi olan cəfakeş vətənpərvərlərini həbsxanalara saldı, sürgünlərə göndərdi. Repressiya siyasəti həyata keçirməklə Azərbaycan xalqının gözünün odunu almağa, həmişəlik qorxu, xof yaratmağa çalışdı. Tariximizə bələdçi olan arxivlərimizin qapılarını üzümüzə bağladı. Qiymətli sənədlərə, əlyazmalara əlimiz yetmədi ki, oxuyub öyrənək, araşdıraq, təbliğ edək.
Sovet rejimi ittifaqa daxil olan respublikaların uşaqlarını, gənclərini eyni ruhda - SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) vətəndaşı kimi tərbiyə etməyə səy göstərirdi. Odur ki, yalnız tariximiz deyil, ədəbiyyatımız, mətbuatımızın keçmişi də bizə daha çox yanlış və ya təhrif olunmuş şəkildə öyrədilirdi. Ancaq sovet rejiminin bütün cəhdlərinə baxmayaraq milli mənliyinə, soy-kökünə bağlı olan böyüklərimiz onların bizə danışdıqları qara buludlar arxasından süzülən Günəş işığı kimi düşüncələrimizə işıq salır, həqiqətlərimizdən xəbərdar edirdi. Onlar bizə başa salırdılar ki, tarixin izləri silinməzdir. Müəllimimiz Famil Mehdinin yazdığı kimi:
Öz tarixi vardır dağda qarın da,
Ürəkdə eşqin də, etibarın da.
Qədim Qobustanın qayalarında,
Pozulmaz, silinməz bir yazıyam mən!
Jurnalistika fakültəsində dərs aldığımız müəllimlər bizə auditoriyalarda “Vətənimizi sevin” demirdilər. Bu duyğunu tələbələrinə hiss etdirirdilər. Famil Mehdini öz müəllim yoldaşlarından fərqləndirən əsas cəhətlərdən biri onun şair olması idi. Yəni bizə söyləmədiklərini, hiss etdirdiklərini onun şeirlərindən oxuyurduq:
Anam Qarabağın, Milin, Muğanın,
Siz də mənim kimi eşqilə yanın.
Başına döndüyüm Azərbaycanın,
Dəli Kürüyəm mən, Arazıyam mən!
Könlündə vətən sevgisi ümman olanlar vətənin sevinci ilə şadlanır, dərdləri ilə qəmlənir, kədərə bürünürlər. Famil müəllim bizə dərs deyəndə “anam” dediyi Qarabağdan ağır xəbərlər gəlirdi. Nəhəng sovet imperiyasının çökməkdə olması, ictimai-siyasi ab-havanın dəyişməyə başlaması xislətində məkr, riyakarlıq olan ermənilərin əsl simalarını ortaya çıxarmışdı. Sovet Rusiyasının verdiyi dəstək onları daha da ürəkləndirmişdi. Yenə qəsbkarlıq etmək, bu dəfə Azərbaycanın gözəl Qarabağını, Şərqi Zəngəzurunu işğal etmək niyyətinə düşmüşdülər. Azərbaycan xalqı qətiyyətlə bildirirdi ki, bir daha torpaqlarının işğalına yol verməyəcək.
Sonunun yaxınlaşmaqda olduğunu qəbul etmək istəməyən SSRİ rəhbərliyi ittifaqa daxil olan respublikalardan eşidilən azadlıq, müstəqillik sədalarını boğmağa, hökmranlığını davam etdirməyə çalışırdı.
O dövrdə müstəqilliyinə nail olmaqda göstərdiyi qətiyyət Azərbaycan üçün ağır oldu. 1980-ci illərin sonlarından başlayaraq Qarabağda milli münaqişənin alovlandırılması, 1990-cı ildə 20 Yanvar faciəsinin törədilməsi Azərbaycan xalqının azadlığa gedən yolunu bağlamaq məqsədi daşıyırdı. O illərdə xalqımızın vətənsevər, millətpərvər övladlarından biri kimi Famil Mehdi də böyük narahatlıq, nigaranlıq içində yaşayır, çalışır, mübarizə aparırdı. Xalqımızın taleyindən, respublikamızın gələcəyindən keçirdiyi əndişə, çəkdiyi mənəvi ağrılar, sarsıntılar Famil müəllimi yaşından daha qoca göstərirdi. Bunu sonralar başa düşdük…
Bir ayağı Qarabağdaydı. Hər dəfə geri dönəndə siması bir az da tutqun, gözləri bir az da qüssəli olurdu. Qarabağ onun üçün vətəninin bir parçası, dünyaya göz açdığı yurd idi. "Tərcümeyi-halım" sənədli roman-xatirəsində Famil Mehdi dünyaya gəldiyi Sarıhacılı kəndini oxucularına belə tanıdırdı: “Sarıhacılı kəndi Ağdamın yuxarı qapısı hesab olunur. Şuşaya gedən yolun üstündə yerləşir”.
Təvəllüdünə gəlincə, yenə Famil müəllimin yazdığına əsaslanırıq: “Doğulduğum gün kənd kitabında qeyd olunmayıb. Anam da dəqiq bilmir. Hər halda doğulduğum tarix belə qəbul olunub: 25 dekabr 1934-cü il”.
Onun ömrünün ilk çağları da qayğısız keçməmişdi. Uşaqlıq illəri İkinci Dünya müharibəsinin ağır dövrlərinə düşmüş uşaqların əksəriyyəti kimi, o da məhrumiyyətlər görmüşdü. Famil Mehdi "Tərcümeyi-halım" əsərində həmin illərdən belə bəhs edirdi: “Ailədə 6 nəfər olmuşuq: atam, anam, dörd uşaq. Böyük çətinliklərlə qarşılaşmışıq. Xüsusilə müharibə illərində. Həmin illərdə Karyaginin (Füzulinin) taxılı olmasa, bəlkə bütün Qarabağ camaatı batardı. Həftədə, on gündə bir adamlar atlanıb Karyaginə gedər, olan qızıl-gümüşünü, paltar-palazını, gəbəsini buğdaya, arpaya dəyişib gətirərdi. Bizdə də belə idi. Həm də kasıb qohum-əqrabaya, kənd adamlarına əl tutmaq lazım gəlirdi”.
Müharibənin gətirdiyi çətinliklər onu təhsil almaq, oxuyub öyrənmək istəyindən ayıra bilmədi. Əhmədavar kənd yeddiillik məktəbində oxudu. Təhsilini Ağdam Pedaqoji Məktəbində davam etdirdi. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil aldı.
1958-ci ildə əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başladı. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində aspirant, müəllim, baş müəllim oldu. 1973-cü ildən Jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışdı. 1974-cü ildə "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə professor adını aldı.
Hələ sovet hakimiyyəti illərində ona yüksək vəzifə təklif olunanda imtina etdi. İsrar edilsə də, razılıq vermədi. Famil Mehdi jurnalistlərin müəllimi olmağı bütün vəzifələrdən üstün tutdu.
Müəllimlik və şairlik Famil Mehdiyə həyat yolunda yoldaş oldu. Onun ilk şeiri 1951-ci ildə "Lenin yolu" adlı Ağdam rayon qəzetində dərc olunduqdan sonra dövri mətbuatda mütəmadi çıxış etdi. 1959-cu ildə Azərbaycan Yazıçılar İttifaqına (indiki Azərbaycan Yazıçılar Birliyi) üzv qəbul edildi. Famil Mehdi “…şeirlərim mənim tərcümeyi-halımdır. İnamımdır, mübarizəmdir, məğrurluğumdur, hünərimdir, canıyananlığımdır, həm də qorxaqlığımdır, zəifliyimdir, arxasızlığımdır, kimsəsizliyimdir” deyirdi.
Onun şairlik istedadının təcəssümü olan şeirlərinin hər biri təqdirlə qarşılanmadı. Famil müəllim bu barədə yazırdı: “Mən əlimə qələm alandan nə yazmışamsa, onun hamısını böyük çətinliklərlə, böyük əzab-əziyyətlə çap etdirmişəm və tək-tək şeirlərim olub ki, o, tam şəkildə çap olunub. Həmişə şeirlərimi oxuyublar, bəyəniblər, qəzetdə çıxanda görmüşəm yarısı var, yarısı yoxdu”. Çünki Famil Mehdi sovet rejiminin deyil, öz qəlbinin diktə etdiyini qələmə alırdı.
"Alovlu publisist Səməd Vurğun", "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri", "Mətbuatda publisistika", "Bədii publisistika" kimi monoqrafik kitabların və dərs vəsaitlərinin müəllifi oldu. Bakı şəhər Oktyabr rayonu (indiki Yasamal rayonu) Xalq Deputatları Sovetinin (XVII, XVIII, XIX çağırış) deputatı seçildi. "Oqonyok" jurnalının laureatı adına, SSRİ "Bilik" cəmiyyətinin ən yaxşı elmi-kütləvi əsərlərə görə diplomuna layiq görüldü.
Pedaqoji, elmi işdə olduğu kimi, ictimai işdə də fəal idi. Xüsusilə də erməni quldurlarının Qarabağı münaqişə yuvasına çevirmələri ona bir an belə rahatlıq vermirdi. Famil Mehdi Birinci Qarabağ müharibəsinin ilk günlərindən "Nicat" cəmiyyətini yaratdı. Vətənin müdafiəsinə qalxan könüllüləri ruhlandırmaq üçün cəmiyyət adından "General Məhəmməd Əsədov" mükafatı təsis etdi.
Ömrümüzün ağır illəri gəlmişdi. Qarabağ və Şərqi Zəngəzur ərazilərimiz qəsbkar ermənilər tərəfindən işğal olunurdu. Famil müəllimin dünyaya gəldiyi Sarıhacılı kəndi də 1993-ci il iyulun 23-də Ermənistan silahlı qüvvələrinin işğalına məruz qaldı.
Son illər paytaxtda yaşasa da, Famil Mehdi o yurddan ayrılmamışdı. Atasının da ən böyük arzusu övladlarının hər zaman Sarıhacılıya bağlı qalmaları olmuşdu. Famil müəllim yazırdı: “Çox istəyirdi ki, kənddə hamımızın ayrıca evimiz, qapı-bacamız olsun. …Mən sonralar onun xatirəsinə və nəvələrinin torpağa bağlanması üçün orada ev tikdirdim”. Artıq Famil Mehdi nə o evə gedə bilirdi, nə də o el-obaya.
Qarabağda düşmən at oynadırdı. Famil Mehdi isə dədə-baba yurduna uzaqdan həsrətlə, nisgillə, intizarla baxırdı. Və Qarabağsız yaşaya bildiyi üçün özünü qınayırdı:
Dünyada varın-yoxun,
Nə azın, nə də çoxun
Bircə Qarabağdı, o da ki, getdi.
Daha Qarabağsız sən bu dünyada,
Zəhər içə-içə, dərd uda-uda
Niyə yaşayırsan, ay Famil Mehdi?!
Vətən torpağının işğalda qalmasına dözmək Famil müəllim üçün çətin oldu. O, 2003-cü il sentyabrın 29-da Qarabağda, Şərqi Zəngəzurda Ermənistanın işğalının bitməsini görmək ümidi və intizarı ilə Bakıda gözlərini əbədi yumdu.
On yeddi il sonra İkinci Qarabağ müharibəsində Qəhrəman Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. Yurd nisgili ilə bu dünyadan köçən bütün yurddaşlarımız kimi müəllimimiz Famil Mehdinin də ruhu dinclik tapdı.
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”