15 Aprel 2026 08:25
197
Mədəniyyət
A- A+
İşıq həyatının mənası idi

İşıq həyatının mənası idi


Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. 

Bu gün əbədiyyətə qovuşmasından 41 il ötən Zərifə xanım Əliyeva böyük bir mənəvi dünyanın adamı, aydın və nurlu bir şəxsiyyət idi. Alicənablığına, səmimiyyətinə, xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk növbədə həm də böyük bir ziyalı idi. Sözün həqiqi mənasında, bu böyük ziyalının insanlara bəxş etdiyi nur onun elminin dərinliyindən, mənəvi paklığından, şəxsiyyət ucalığından qidalanmışdır.

Zərifə xanım elə bir ailədə dünyaya gəlmişdi ki, onun malik olduğu xarakter,  xüsusiyyətlər nəsildən-nəslə genlərlə keçmişdi. Dövrünün böyük şəxsiyyəti olmuş Əziz Əliyev övladlarına mənəvi təmizlik, paklıq aşılamışdı. Bu xüsusiyyətlər Zərifə xanımın əlindən həmişə tuturdu. O, təmkinli, dözümlü, düşüncəli idi. İşıq isə həyatının mənası idi.

"Zərifə xanım çox yüksək mədəniyyətə malik olan, çox istedadlı, bilikli insan idi. Nəinki öz peşəsində, eyni zamanda hərtərəfli istedadlı bir insan idi və bəziləri üçün o, necə deyərlər, son ümid yeri, ümid ünvanı idi. Hətta tanımadığı adamlar belə müxtəlif xahişlərlə, müxtəlif şikayətlərlə onun iş yerinə gəlirdilər. O çalışırdı ki, hər kəsə kömək göstərsin. Tanımadığı adamların xahişlərini gəlib atama çatdırırdı və o məsələlərin böyük əksəriyyəti öz həllini tapırdı. Yəni daim insanlara xidmət etmək, kömək göstərmək arzuları, amalları ilə yaşayırdı". Prezident İlham Əliyev 2013-cü ilin aprelində alimin anadan olmasının 90 illiyi münasibətilə keçirilən anım mərasimində belə demişdi. Bu davranışların hər biri bizə yaxşı tanışdır. Zərifə Əliyevadan əxz olunmuş bu keyfiyyətləri, xalqa xidməti, insanlara köməyi, onlara həyan olmağı biz illərdir ki, cənab İlham Əliyevin siyasətində duyub müşahidə edirik.


Onun üçün elmi axtarışların sonu yox idi


 Onun üçün ən böyük titul, ən şərəfli peşə həkimlik idi. Zülmətdən qurtulub yenidən dünya işığını görməyə başlayan bir xəstənin gözlərindəki sevinc Zərifə xanım üçün bütün aləmə dəyərdi. O səbəbdən həkimliyə müqəddəs peşə kimi baxırdı. Başqa cür də ola bilməzdi. Çünki Zərifə xanımın göz açıb gördüyü Əziz Əliyev, Mirəsədulla Mirqasımov, Sona Vəlixan və başqa görkəmli həkimlər öz mənəvi keyfiyyətləri ilə həqiqətən bu sənəti müqəddəsləşdirən insanlar idi. 

Zərifə Əliyevanın peşəkar fəaliyyətinin ilk illəri Azərbaycanda traxoma adlı ən təhlükəli yoluxucu göz xəstəliyinin geniş yayıldığı dövrə təsadüf edirdi. Xüsusilə aran bölgələrində bu xəstəlik insanların görmə qabiliyyətinə ciddi zərbə vurur, bir çox halda korluqla nəticələnirdi. Xəstəliyə qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublika səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. 

Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak etməyə başladı. O, konkret müalicə təcrübəsindən başqa, Azərbaycanda traxomanın daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara mühazirələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Amma problemin dərinliklərinə vardıqca özü də anlayırdı ki, ağır xəstəliklə mübarizədə bütün bunlar kifayət deyil. Azərbaycanda regional əhəmiyyət kəsb edən göz xəstəlikləri problemini aradan qaldırmaq üçün onu elmi cəhətdən ətraflı tədqiq etmək lazımdır. Gözün peşə xəstəliklərinə dair fundamental araşdırmalara, bu xəstəliklərin effektli müalicə üsullarının və profilaktik tədbirlərin işlənib hazırlanmasına ehtiyac var. 

Topladığı materialları, faktları, təcrübələri həmin illərdə üzərində işlədiyi namizədlik dissertasiyasına gətirir, özünün müalicə metodunu formalaşdırırdı. Zərifə xanım Əliyevanın təklif etdiyi müalicə üsulu tezliklə bütün respublikada tətbiq olunmağa başladı və bu, son dərəcə böyük səmərə verdi. O, 1960-cı ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Ona görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır. 

Zərifə xanım üçün elmdə nəticələrin sonu yox idi. Görkəmli alim yaxşı bilirdi ki, elm böyük bir dəryadır. Bəşəriyyətin elmdə vaqif olduğu sirlər bu dəryada bir damla kimidir. Ona görə elmdə bir gün də dayanmaq olmaz. Əsl alim hər gün düşünməli, axtarmalı, tapıntılarını qələmə alaraq öz mühitində bölüşməlidir. Həmin illər o, daha mühüm bir problemlə - peşə ilə bağlı göz xəstəlikləri ilə məşğul olmağa başlamışdı. Əmək adamlarına kömək edən dərmanlar və müalicə üsulları yaratmağa çalışırdı. Bu məqsədlə Bakı və Sumqayıtın bəzi zavodlarında eksperimentlər keçirirdi. 

Nəhayət, alim çoxillik araşdırmalarını peşə patologiyası ilə bağlı göz xəstəliklərinə həsr olunmuş doktorluq dissertasiyasında ümumiləşdirdi. Müdafiəsi 1977-ci ildə dünya oftalmologiyasının əsas mərkəzlərindən sayılan Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda oldu. Onun doktorluq işi məşhur alim və həkimlərin ən yüksək qiymətlərini aldı. Elə həmin il Zərifə xanıma tibb elmləri doktoru elmi adı verildi, Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru, bir ildən sonra isə kafedranın rəhbəri oldu. 1981-ci ildə akademik M.İ.Averbax adına ən yüksək mükafata layiq görüldü. 1983-cü ildə isə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçildi.


Fədakar alim


Zərifə Əliyeva daim elmi axtarışlarda olan və əldə etdiyi nəticələri mütəmadi şəkildə elmi ictimaiyyətlə bölüşən məhsuldar bir alim idi. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. Unudulmaz alimin həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, "Herpetik göz xəstəliyi", "Ağır virus konyunktivitləri", "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" monoqrafiyaları, həmmüəlliflərindən olduğu fundamental xarakterli "Terapevtik oftalmologiya" kitabı indi də bu sahənin mütəxəssislərinin əsas istinad mənbələrindəndir. Görkəmli alimin elmi-tədqiqat işlərinin bir qismi görmə orqanının bədxassəli şişlərinin, qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərini əhatə edir. Onun "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası", "Gözün əlaqədar dəyişiklikləri və görmə-sinir yolları" adlı monoqrafiyaları və digər əsərləri göz xəstəliklərinin yaş xüsusiyyətlərinə, "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" və digər monoqrafiyaları isə daktriologiyaya həsr edilmişdir. Zərifə xanım Əliyevanın qələmə aldığı "Oftalmologiyanın aktual məsələləri", "İridodiaqnostikanın əsasları" və sair kitabları keçmiş SSRİ dövründə nüfuzlu səhiyyə xadimləri tərəfindən yüksək səviyyədə qarşılanmışdır.

Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyevanın elmi irsi haqqında dəyərli sözlər demişlər. Moskva oftalmologiya məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi adlandırırdı. Dünyaşöhrətli oftalmoloq, akademik A.Nesterov yazırdı: "Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, birnömrəli alim idi". Akademik N.Puçkovskaya "xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" deyərək alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor N.Şulpina Zərifə xanımı dünyaşöhrətli alim adlandıraraq "Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik"  demişdir.

Zərifə xanım həkimliyə bu münasibəti, dəyəri yeni yetişən həkim kadrlarda da görmək istəyirdi. Ona görə öz elmi fəaliyyətində səhiyyə işçilərinin mənəvi tərbiyəsi, tibbi etika və əxlaq kimi məsələlərə də xüsusi yer ayırırdı. Bu baxımdan onun 1983-cü ildə nəşr olunmuş "Həkimlərin mənəvi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" adlı əsəri yalnız tibb işçilərinin stolüstü kitabı deyildi, həm də insan münasibətlərini əks etdirirdi. Zərifə xanım bu məsələləri təkcə qələmə almaqla kifayətlənmirdi. Bir həkim kimi öz şəxsi nümunəsi ilə də bu yüksək əxlaqı nümayiş etdirir, başqaları üçün örnək yaradırdı.


Bir ömürlük sevgi


Tale 1948-ci ildə Zərifə xanımı həyatının gözəl bir təsadüfü ilə qarşılaşdırmışdı. Bu təsadüfün adı sevgi idi. O, illər sonra Azərbaycanın Ümummilli Liderinə çevriləcək Heydər Əliyevlə həmin il tanış olmuşdu. Elə ilk tanışlıqdan hiss etmişdilər ki, tale onları bir-birinə yazıb. Həmin illərdə isə ətrafda zamanın sərt ruzigarı əsirdi. Tanınmış dövlət xadimi Əziz Əliyevin el arasındakı nüfuzunu, mərkəzdə ona olan yüksək münasibəti gözü götürməyənlər vardı. Ona qarşı təzyiqlər getdikcə güclənirdi.

Heydər Əliyevin - xüsusi xidmət orqanlarının gənc zabitinin Əziz Əliyevin qızına  olan münasibətindən xəbər tutanlar bunun doğurduğu təhlükələri onun nəzərinə çatdırmağı unutmamışdılar. Amma Heydər Əliyev bu məqamda gələcək vəzifə irəliləyişini deyil, sevgisini, ona könül vermiş qızın inamını üstün tutdu. Və bu fədakarlıq Heydər Əliyevin özünə də həyatının ən böyük xoşbəxtliyini qazandırdı.

1995-ci ilin 28 aprel günü - anadan olmasının 72-ci ildönümündə Ulu Öndər Heydər Əliyev onun haqqında kövrək səsi ilə bir ömürlük sevgi xatirəsini belə bölüşdü: "Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm. Ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə də unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhvali-ruhiyyədədirlər. Onlar bu əhvali-ruhiyyədə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür...

...Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan dünyaya gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm".


Sadə və xeyirxah insan 


Sadə davranış, səmimi münasibət və yüksək mədəniyyət Zərifə xanım Əliyevanın xarakterinin əsas cizgiləri idi. O, qazandığı yüksək elmi ad və nüfuza baxmayaraq, hər zaman təvazökarlığı, insanlara mehriban və diqqətli münasibəti ilə seçilirdi. Xeyirxahlıq göstərməyi və ehtiyacı olanlara yardım etməyi özünün mənəvi borcu hesab edirdi. Bu səbəbdən də onu tanıyanlar üçün Zərifə xanım xeyirxahlığın canlı nümunəsi idi.

Qeyd etdiyimiz kimi, taleyin hökmü ilə Zərifə xanım milli dövlətçilik tariximizdə müstəsna yerə və rola malik Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, ən yaxın silahdaşı olmuşdur. Sovet dövründə "birinci xanım" anlayışı formal olaraq mövcud deyildi, dövlət rəhbərlərinin həyat yoldaşları ictimai mühitdə geniş tanınmırdılar. Bu ənənə Azərbaycanda məhz Heydər Əliyevin təşəbbüsü ilə dəyişməyə başladı. Onun respublikaya rəhbərlik etdiyi ilk illərdən etibarən Zərifə xanımın müxtəlif tədbirlərdə onun yanında görünməsi yeni bir yanaşmanın əsasını qoydu. Bu, digər rəhbər şəxslər üçün də nümunə oldu və nəticədə qadınların ictimai həyatda iştirakı daha da genişləndi.

Zərifə xanım Əliyeva yalnız elmi və ictimai fəaliyyəti ilə deyil, həm də ailə həyatındakı mövqeyi ilə də nümunəvi bir Azərbaycan qadını kimi tanınırdı. Gərgin elmi-pedaqoji fəaliyyəti və həkimlik məsuliyyətlərinə baxmayaraq, o, iş və ailə arasında balansı həmişə qoruyurdu.

Azərbaycan Prezidenti İlham Əliyev Zərifə xanımı - anasını işıqlı xatirələrlə yada salır: "Əlbəttə ki, onun unudulmaz obrazı bu gün də mənim üçün çox əzizdir, doğmadır. Eyni zamanda Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq, eyni zamanda yüksək mədəniyyət, alicənablıq - bütün bu gözəl amillər onda birləşmişdi. Zərifə xanım əsl ziyalı idi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları təcəssüm etdirirdi.

...Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. Ancaq əfsuslar olsun ki, biz onu tez itirdik. Vaxtından əvvəl həyatdan getdi, hələ çox iş görə bilərdi".

Çarəsiz xəstəlik 1985-ci ildə onun ömrünə son qoydu. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu itkinin acısını müsahibələrinin birində belə dilə gətirmişdi: "Təəssüf ki, mənim Zərifə xanımla ünsiyyətim qısa oldu. Biz 1983-cü ildə tanış olduq, 1985-ci ildə Zərifə Əliyeva həyatdan getdi. Bu istedadlı və gözəl qadınla bağlı xatirələr hələ də mənim qəlbimdə yaşayır".


Vicdanının səsinə sadiq şəxsiyyət


Zərifə xanım Əliyeva yüksək mənəvi məsuliyyət hissi ilə yaşayan, vicdanının səsinə hər zaman sadiq qalan bir şəxsiyyət idi. O, yalnız milli səviyyədə deyil, bəşəri problemlərin həllinə də biganə qalmır, dövrün qlobal çağırışları qarşısında fəal mövqe sərgiləyirdi. Nüvə təhlükəsinin dünyanı narahat etdiyi bir zamanda sülh və təhlükəsizliyin qorunması uğrunda çıxış edən alimlər sırasında yer alırdı. Zərifə xanım vurğulayırdı ki, sülh uğrunda fəaliyyət hər kəsin, xüsusilə də elm və mədəniyyət xadimlərinin borcudur, çünki bu, insanların rifahını və xoşbəxt yaşamaq haqqını qorumaq deməkdir.

Onu yaxından tanıyanların xatirələrinə görə, tez-tez təkrar etdiyi bir fikir görkəmli alimin həyat fəlsəfəsini aydın ifadə edirdi: "İnsan üçün ən böyük xoşbəxtlik həm düşüncəyə, həm də xeyirxahlığa xidmət etməkdir".

Akademik Zərifə xanım Əliyeva kimi şəxsiyyətlər dəyərlərin simvoludurlar. Bu dəyərlər yaşadıqca böyük alimin adı və irsi də var olacaq. Görkəmli elm xadiminin unudulmaz xatirəsi insanları daim öz işığına toplayır, həyat yolumuza, elmimizə, təhsilimizə sönməyən çıraq tutur.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 118 dollara satılır

10:01
15 Aprel

Azərbaycanın tibb tarixində böyük xidmətləri olan görkəmli alim 

09:44
15 Aprel

ABŞ Prezidenti: NATO bizimlə olmayıb və gələcəkdə də olmayacaq  

09:35
15 Aprel

Xəzər dənizində zəlzələ olub

09:35
15 Aprel

Tramp: İrandakı müharibə hələ bitməyib, amma sona yaxınlaşır

09:34
15 Aprel

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi: Vaşinqton Tehranla razılığa gələ biləcək

09:33
15 Aprel

Hörmüz boğazında vəziyyət düzəlməsə...

09:10
15 Aprel

Dünya Bankı: Neft qiymətləri baxımından aprel ayı daha gərgin olacaq

09:09
15 Aprel

"Mesenat" Hacıya xalq ehtiramının bədii ifadəsidir

09:05
15 Aprel

Keçmişə ehtiramla, gələcəyə məsuliyyətlə

09:00
15 Aprel

Təbiəti qoruyaq, gələcəyimizi xilas edək

08:55
15 Aprel

Ermənistanda seçkilər "ölüm-qalım" mübarizəsinə çevrilib

08:50
15 Aprel

"Reklam həkim"

08:45
15 Aprel

Dünyanın "Qordi düyünü" - Hörmüz boğazı

08:40
15 Aprel

WUF13: gələcəyin şəhərlərini formalaşdıran qlobal platforma

08:35
15 Aprel

"Ağıllı ev" sahibi olmağın üstünlükləri

08:30
15 Aprel

İşıq həyatının mənası idi

08:25
15 Aprel

Ermənistan Azərbaycan vasitəsilə iqtisadi blokadadan xilas olur

08:20
15 Aprel

Qlobal enerji böhranı Azərbaycan üçün risk yaratmır

08:15
15 Aprel

Bakının sülh körpüsü

08:10
15 Aprel

Üç ayda ölkəmizdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib

08:05
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!