08 Noyabr 2025 08:15
441
SİYASƏT
A- A+
Vətən müharibəsi: ədalətin və haqqın təntənəsi

Vətən müharibəsi: ədalətin və haqqın təntənəsi


Azərbaycan təxminən 30 ilə yaxın bir müddətdə ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistanla danışıqlar apararaq, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdı. Lakin danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə göründü ki, erməni tərəfi sadəcə vaxt udmaq, mövcud status-kvonu möhkəmləndirmək və əbədiləşdirmək istəyir. Azərbaycan isə işğalla barışa bilməzdi və barışmadı da.

Keçən dövr ərzində Ümummilli Lider Heydər Əliyev uzaqgörənliyi və müdrikliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər gördü və sağlam əsaslar qoydu. Bu yolu uğurla davam etdirən Prezident İlham Əliyev isə bəyan etdi ki, ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə iqtisadi güc vacibdir. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində güc toplamağa başladı, iqtisadi müstəqillik təmin olundu, heç bir ölkədən və beynəlxalq maliyyə qurumundan asılı olmayan müasir dövlətə çevrildi, dünya üçün unikal inkişaf modeli yaratdı.

Ölkənin iqtisadi tərəqqisi ordu quruculuğunda da dönüş nöqtəsi oldu. Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbi qulluqçuların bilik və bacarıqları artırıldı, onların sosial müdafiəsinin və xidmət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş mühüm addımlar atıldı. Azərbaycanın müdafiə sənayesi inkişaf etdirildi, ordunun daxili tələbatının əhəmiyyətli hissəsi yerli istehsal hesabına təmin olunmağa başladı. Azərbaycan artıq 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edən və müasir silah ixrac edən ölkəyə çevrildi. Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlarda bütün dünyaya nümayiş etdirildi.

Ən əsası isə, ötən 30 il ərzində Azərbaycan xalqı işğalla barışmadı və ərazi bütövlüyünün bərpası naminə sarsılmaz iradə nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə formalaşan vətənpərvər gənclik Vətənin müdafiəsi naminə hər cür fədakarlığa hazır olduğunu dəfələrlə sübut etdi.

Bu dövrdə həyata keçirilmiş çoxşaxəli, prinsipial və düşünülmüş xarici siyasət, beynəlxalq təşkilatlar və xarici dövlətlərlə qurulan sıx əlaqələr, həyata keçirilmiş regional enerji və kommunikasiya layihələri Azərbaycanın etibarlı tərəfdaş kimi mövqelərini gücləndirdi, ölkənin nüfuzunu artırdı və Azərbaycanın iradəsini bölgədə həlledici amilə çevirdi. Bütün bu amillər Azərbaycanın Qələbəsini tam şəkildə şərtləndirdi və onun əldə olunması artıq zaman məsələsinə çevrildi.

Azərbaycan dəfələrlə Ermənistana işğal edilmiş torpaqları qaytarmaq çağırışları etmişdi, lakin Ermənistan bu çağırışlara məhəl qoymadı, əksinə, yeni Azərbaycan torpaqlarını işğal etməyə can ataraq ardıcıl hərbi təxribatlar yolunu seçdi.

Ermənistan isə danışıqlar prosesinin formatını və məzmununu məhv edərək, danışıqları imitasiya etməklə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və qərarlarını yerinə yetirməkdən imtina etməklə açıq şəkildə göstərdi ki, sülh tərəfdarı deyil. Ermənistanın Baş naziri Nikol Paşinyanın 5 avqust 2019-cu ildə Xankəndidə söylədiyi "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı Ermənistanın işğalçı siyasətinin ən açıq etiraflarından biri oldu. Azərbaycan Prezidenti İlham Əliyev isə 2019-cu il oktyabrın 3-də "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı bu bəyanata sərt reaksiya verərək dedi: "Qarabağ Azərbaycandır və nida işarəsi".

Prezident İlham Əliyev həmin dövrü belə xarakterizə edir: "Bəli, onlar Dağlıq Qarabağı guya müstəqil dövlət adlandırdılar, növbəti mərhələdə yeni xəritələr çap edib bizim ətraf bölgələrimizi də Dağlıq Qarabağ adlandırmağa başladılar. Şəhərlərimizin və kəndlərimizin adlarını dəyişdirdilər və nəhayət, yeni ərazilər uğrunda bizə qarşı yeni müharibə ilə hədələməyə başladılar. Onların müdafiə naziri Tonoyan soyadlı şəxs demişdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır".

2020-ci ilin iyulunda Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Bu təxribatın məqsədi bölgədə yeni gərginlik ocağı yaratmaq, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi məsələsini ikinci plana keçirmək, münaqişəyə üçüncü dövlətləri cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaq idi. Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək ona sarsıdıcı zərbə endirdi.

2020-ci ilin avqustunda Ermənistan daha bir hərbi təxribat törədərək Azərbaycana diversiya qrupu göndərdi və məqsədi terror aktları törətmək idi. Lakin Azərbaycan Ordusu bu planın da həyata keçməsinə imkan vermədi.

24 sentyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı beynəlxalq ictimaiyyəti yenidən xəbərdar etdi ki, Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır: "Ermənistan yaxınlarda hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib ki, bu sənədlər təcavüzkar və hücum xarakteri daşıyır... Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə çağırırıq. Təxribatlara və gərginliyin artmasına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Beləliklə, Ermənistanın hərbi-siyasi rəhbərliyi 2016-cı ilin Aprel döyüşlərindən və 2020-ci ilin İyul döyüşlərindən lazımi nəticə çıxarmadı, vəziyyəti daha da gərginləşdirməyə davam etdi.

27 sentyabr 2020-ci ildə Ermənistan genişmiqyaslı hərbi əməliyyatlara başladı, Azərbaycan Ordusunun mövqelərinə və dinc yaşayış məntəqələrinə atəş açdı. Buna cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçdi. Sonradan "Dəmir yumruq" adlandırılan bu əməliyyat Vətən müharibəsinə çevrildi.

2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi, yaxud İkinci Qarabağ müharibəsi, Azərbaycan tarixinə əbədi olaraq yazıldı. Bu müharibə yalnız torpaqların azad olunması uğrunda döyüş deyildi, 30 illik ədalətsizliyə, işğala və beynəlxalq hüququn pozulmasına verilən tarixi cavab idi. Müharibənin nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, xalqın milli qüruru və ədalət hissi yenidən dirçəldi.

Bu müharibənin kökləri 1980-ci illərin sonlarına, SSRİ-nin dağılması ərəfəsində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına qədər uzanır. 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin ilhaqı tələbi irəli sürüldü. Bu tələblər azərbaycanlılara qarşı etnik təmizləmə ilə, Xocalı soyqırımı kimi dəhşətli faciələrlə müşayiət olundu. 1990-cı illərin əvvəlində Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonu işğal etdi. Nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.

1994-cü ildə atəşkəs elan edilsə də, münaqişə dondurulmuş vəziyyətdə qaldı. Ermənistan işğal etdiyi torpaqlarda qeyri-qanuni məskunlaşma aparır, Azərbaycanın mədəni və dini irsini məhv edir, beynəlxalq hüququ açıq şəkildə pozurdu. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq, Ermənistan işğal olunmuş ərazilərdən çıxmaqdan imtina etdi. Azərbaycan isə 30 il ərzində sülh yolu ilə problemin həllinə çalışdı, lakin bu səylər nəticəsiz qaldı.

2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş Nikol Paşinyan sülh prosesinə ümidləri tamamilə puça çıxardı. O, açıq şəkildə "Qarabağ Ermənistandır və nöqtə" deyərək danışıqları mənasız hala gətirdi. Ermənistan tərəfindən Azərbaycanın Tovuz, Goranboy və digər istiqamətlərdə hərbi təxribatlar, həmçinin silahların Qarabağ bölgəsinə daşınması, yeni müdafiə xətlərinin qurulması vəziyyəti daha da gərginləşdirdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı hücumu Azərbaycanı cavab tədbirləri görməyə məcbur etdi. Beləliklə, 44 günlük Vətən müharibəsi başladı.

Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatına başladı. Əməliyyatın məqsədi Ermənistan silahlı qüvvələrinin təxribatlarına son qoymaq, Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək və ölkənin ərazi bütövlüyünü bərpa etmək idi.

Azərbaycan Ordusu qısa zamanda böyük uğurlar qazandı. İlk günlərdən etibarən düşmənin müdafiə xətləri yarıldı, bir sıra strateji yüksəkliklər və yaşayış məntəqələri azad edildi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin canlı qüvvəsi və texnikası məhv edildi. Azərbaycan pilotsuz uçuş aparatları və yüksəkdəqiqlikli silah sistemləri ilə Ermənistan ordusuna ciddi zərbə endirdi. Müharibənin ilk mərhələsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının əraziləri, eləcə də Murovdağ silsiləsinin bir hissəsi azad edildi. Xüsusilə Cəbrayıl və Zəngilanın azad edilməsi strateji baxımdan mühüm idi - bu, Azərbaycan ordusuna Zəngəzur istiqamətində irəliləmək və Laçın dəhlizinə yaxınlaşmaq imkanı verdi.

Azərbaycan əsgəri təkcə hərbi cəhətdən deyil, mənəvi cəhətdən də üstünlük göstərdi. Müharibə dövründə hər bir əsgər, hər bir zabit Vətən uğrunda canından keçməyə hazır idi. Qəhrəmanlıq nümunələri çox oldu - Murovdağda, Suqovuşanda, Füzulidə, Zəngilanda, Qubadlıda, Cəbrayılda döyüşən igidlərimiz tarix yazdılar. Xüsusilə xüsusi təyinatlı qüvvələr, pilotsuz aviasiya bölmələri və artilleriya hissələri müharibənin taleyini müəyyən edən əməliyyatlarda həlledici rol oynadılar. Vətənimizi işğaldan azad edən cəsur və qalib ordumuzun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edildi və canlı qüvvə və texnika baxımından böyük itkilərlə geri çəkilməyə məcbur edildi. 

Döyüş meydanında baş verən ağır itkilərə cavab olaraq Ermənistan silahlı qüvvələri münaqişə zonasından və Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlardakı mülki infrastrukturu, o cümlədən yaşayış binalarını, xəstəxanaları, tibb mərkəzlərini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını və kənd təsərrüfatı torpaqlarını atəşə tutdu. Ermənistan silahlı qüvvələri müxtəlif növ silahlar, ballistik raketlər və qadağan olunmuş artilleriya atəşi ilə bəşəriyyətin sülh və təhlükəsizliyinə qarşı cinayətlər, eləcə də müharibə cinayətləri törətdi. Mülki əhali vəhşicəsinə öldürüldü. Mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktura və müəssisələrə böyük ziyan dəydi. Çoxsaylı tarixi və mədəni abidələrə evsahibliyi edən Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə, strateji obyektlərin yerləşdiyi və keçdiyi Mingəçevir və Yevlax şəhərləri, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər ərazilər ballistik raketlər və digər ağır artilleriya atəşinə tutuldu. Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12 uşaq və 27 qadın daxil olmaqla 93 mülki şəxs həlak oldu, 454 mülki şəxs yaralandı, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış binası, 288 nəqliyyat vasitəsi və 1018 fermaya ziyan dəydi. Ancaq bu qanlı cinayətlər bizi  haqq yolumuzdan döndərmədi, döyüş meydanında ədalət zəfər çaldı. Azərbaycan ordusu ləyaqətlə vuruşdu.

Müharibənin ən dramatik və eyni zamanda ən şanlı səhifəsi Şuşanın azad olunması ilə bağlıdır. Şuşa əməliyyatı hərb tarixində misilsiz qəhrəmanlıq nümunəsidir. Dağlıq, qayalıq və çətin relyefdə Azərbaycan xüsusi təyinatlıları əlbəyaxa döyüşlərlə şəhərə daxil oldular və düşməni qovdular. 8 noyabr 2020-ci ildə Prezident İlham Əliyev xalqa müraciətində "Şuşa azaddır!" sözlərini söylədi. Bu, müharibənin taleyini həll edən və xalqımızın qələbəsini rəmzləşdirən bəyanat idi.

Şuşanın azad edilməsindən sonra Ermənistan ordusu tamamilə çökdü. Azərbaycan Ordusu Laçın, Kəlbəcər və Ağdam istiqamətində irəliləməyə hazır idi. Lakin Ermənistan rəhbərliyi məğlubiyyəti qəbul etməyə məcbur qaldı. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli Bəyanat imzalandı. Bu sənəd müharibəyə son qoydu və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını təsdiqlədi. 

Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın qarşısında yeni, amma ən azı müharibə qədər çətin bir vəzifə dururdu - azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, Qarabağın və Şərqi Zəngəzurun tam inteqrasiyası.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dərhal "Böyük qayıdış" proqramının həyata keçirilməsinə başlanıldı. Azad olunmuş torpaqlarda bu gün genişmiqyaslı bərpa və quruculuq işləri görülür. İnfrastrukturun bərpası, yolların, körpülərin, hava limanlarının, su və enerji sistemlərinin qurulması sürətlə davam edir. Artıq Füzuli, Zəngilan və Laçında hava limanları işləyir. Şəhər və kəndlər "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarına əsasən yenidən salınır. Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Şuşa kimi şəhərlərdə müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri tikilir. Ağdamda "Qarabağın paytaxtı" ideyası ilə böyük bərpa planı həyata keçirilir. Məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı da davam edir. 

Prezidentin işğal olunmuş ərazilərə etdiyi səfərlər, təməlqoyma mərasimləri, işğaldan azad olunmuş şəhərlərin baş planlarının hazırlanması, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən  ermənilərin dağıtdığı tarixi-mədəni-dini irsimizin yenidən bərpa edilməsi - bütün bunlar hamımızı sevindirir, yüksək əhvali-ruhiyyə yaradır. Dünya da görür ki, hansı ölkə dağıdıcıdır, hansı ölkə qurucu, bu torpaqların əsl sahibi kimdir.    

Bərpa işləri ilə yanaşı, ekoloji tarazlığın bərpası və minalardan təmizlənmə prosesi də mühüm əhəmiyyət daşıyır. İşğal illərində Ermənistan tərəfindən Qarabağın əraziləri kütləvi şəkildə minalanmış, meşələr və torpaqlar dağıdılmışdır. Bu səbəbdən Azərbaycan minatəmizləmə əməliyyatlarına böyük vəsait ayırır və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Müharibədən sonra bölgədə yeni geosiyasi reallıq formalaşdı. Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlıq çağırışlarını irəli sürdü. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, məqsəd revanş deyil, regionda davamlı sülh və inkişafın təmin olunmasıdır. Zəngəzur dəhlizinin açılması ideyası bu istiqamətdə mühüm addımdır. Bu dəhliz Azərbaycanı Naxçıvanla, oradan da Türkiyə ilə birləşdirəcək, regionun iqtisadi və nəqliyyat xəritəsini köklü şəkildə dəyişəcək. Beləliklə, Qarabağın azad edilməsi təkcə Azərbaycanın deyil, bütün regionun inkişafına yeni nəfəs gətirib. 

44 günlük Vətən müharibəsi təkcə hərbi qələbə deyil, həm də mənəvi və siyasi qələbə idi. Qeyd etmək istəyirəm ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti, mediaya verdiyi müsahibələr müasir Azərbaycan tarixində özünəməxsus yer tutur. Biz yaxşı dərk edirik ki, cənab İlham Əliyev bir insan üçün deyil, bütün xalqımız üçün, dövlətimiz üçün məsuliyyət daşıyır. Bu, şərəfli və çətin məsuliyyət idi. Ancaq dövlət başçısı bunu bacardı, xalqımızı bu mübarizədə qalib etdi. O, xalqı inandıra bildi, çağırışı ilə, müraciəti ilə xalqı səfərbər edə bildi, birliyimizi daha da gücləndirdi. Buna hər dövlət başçısı nail ola bilmir. Mehriban xanım, hər dəfə xalqa "Sizin Mehriban"  deyə müraciət edir. Bu, bir ananın, bacının, qadının çağırışı idi. İnsanlar  bu doğmalığın əvəzində o qədər sevinirdilər ki, Qələbə üçün heç nəyi əsirgəmirdilər. Bu müharibə Azərbaycanın milli birliyini, xalqın və dövlətin sarsılmaz həmrəyliyini nümayiş etdirdi. Müharibə günlərində bütün xalq bir amal uğrunda birləşdi: Vətənin azadlığı və ədalətin bərpası. Cəbhədə döyüşən əsgərlərlə yanaşı, arxa cəbhədə olan hər bir azərbaycanlı da öz töhfəsini verdi. Könüllülər, həkimlər, jurnalistlər, ictimai təşkilatlar - hər kəs bu qələbə üçün çalışdı. Azərbaycan diasporu da beynəlxalq arenada həqiqətlərimizin yayılması üçün fəal mübarizə apardı. 44 günlük Vətən müharibəsi, bir gündən də az davam edən antiterror əməliyyatı həm də xalqımızın sarsılmaz  birliyini bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycanda yaşayan bütün  azsaylı xalqlar çiyinə-çiyinə mübarizə aparır, Qələbəyə öz töhfəsini verirdi. Bu, bizim birliyimizin ən bariz nümunəsi  idi. Övladı şəhid olan ana-atalar, həyat yoldaşı şəhid olan xanımlar, ataları şəhid olan balalar çox təmkinlə, səbirlə "Vətən sağ olsun!" deyirdilər. O xalq xoşbəxtdir ki, torpağı uğrunda  mübarizə aparmağı, həm qalib  gəlməyi, həm də şəhid verməyi bacarır.  

Bu müharibə həm də milli kimliyin yenidən doğuluşu idi. 30 il işğal altında qalan torpaqların azad edilməsi xalqın qürurunu, özünəinamını və tarixi yaddaşını bərpa etdi. Hər bir şəhidin qanı, hər bir qazinin fədakarlığı bu qələbənin sütunu oldu. Azərbaycan xalqı bir daha göstərdi ki, o, heç vaxt işğalla barışmayacaq, ədalət gec-tez bərpa olunacaq.

Şəhidlərimizin xatirəsi xalqımız üçün əziz və müqəddəsdir. Onların adları məktəblərdə, küçələrdə, abidələrdə əbədiləşdirilir. Dövlət şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə "Qəhrəmanlara ehtiram - vətənə sədaqət" prinsipi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

Müharibə həmçinin Azərbaycan Ordusunun gücünü və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Müstəqil Azərbaycanın hərbi potensialı, texnoloji imkanları və strateji düşüncəsi müharibənin nəticəsini müəyyənləşdirdi. Ordumuzun intizamı, döyüş ruhu və milli dəyərlərə sədaqəti bu qələbənin əsas açarı oldu. 44 günün sonunda əldə edilən qələbə təkcə torpaqların azadlığı deyil, həm də tarixi ədalətin bərpası idi. Bu, xalqımızın əsrlərlə davam edən mübarizəsinin məntiqi nəticəsi, Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin və İlham Əliyevin uzaqgörən liderliyinin təntənəsidir.

Vətən müharibəsindən dərhal sonra Azərbaycan regionda sülh təşəbbüsü ilə çıxış edərək, regional baxışının və yanaşmasının davamlı sülh quruculuğuna əsaslandığını bəyan etdi. Lakin Ermənistan tərəfinin üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq işğalçı qüvvələrini ərazilərimizdən çıxarmaması və hərbi-siyasi təxribatları davam etdirməsi, təbii sərvətlərimizin qanunsuz istismarı və mina təhlükəsi Ermənistanın ərazilərimizdə qurduğu rejimə və işğal dövrünün qalıqları olan Ermənistan silahlı qüvvələrinə qarşı antiterror tədbirlərinin görülməsini zəruri etdi. Beləliklə, 44 günlük Vətən müharibəsi və Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını təmin etdi və davamlı sülh quruculuğu üçün tarixi şərait yaratdı.

Hazırda ölkəmizin təşəbbüsü ilə aparılan sülh müqaviləsi layihəsi üzrə Ermənistanla ikitərəfli danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Bu il avqust ayının 8-də Vaşinqtonda imzalanan birgə bəyannamə sülh müqaviləsi istiqamətində atılan mühüm addımdır. Vaşinqtonda  əldə olunan tarixi nəticələr -  sülh sazişi mətninin paraflanması, ATƏT-in Minsk qrupunun ləğv edilməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə edilməsi - bütün bunlar  onu göstərir ki, Cənubi Qafqaz  bir neçə il əvvəl mümkünsüz görünən tektonik dəyişiklikləri yaşayır. Artıq regionumuz uzun sürən münaqişədən davamlı sülh və qonşuluğa qədəm qoyur. Eyni zamanda irəliləyişlərə baxmayaraq, sülh prosesinin uğurla başa çatmasına qarşı çətinliklər və təhdidlər qalmaqdadır. Xüsusilə davamlı sülhə maneələr arasında Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları, eləcə də ölkəni yenidən hərbi təcavüzə sövq edən tərəflərin mövcudluğu fonunda Ermənistanın militarizasiyası yer alır. Lakin hazırda baş verən proseslər  bizdə belə bir inam yaradır ki, ölkənin ərazi bütövlüyünü bərpa edən və bununla da bütün regional arxitekturanı yenidən yaradan Prezident İlham Əliyev bu prosesi uğurla başa çatdıracaqdır. Dövlətimizin başçısı elə bir siyasət aparır ki, gələcək nəsillər üçün həll olunmamış  məsələ qalmasın. Və davamlı sülhə nail olmaq üçün bütün vacib tədbirləri görür. Ona görə də hazırda geosiyasi proseslərin sürətlə dəyişdiyi bir zamanda Azərbaycanın atdığı addımlar, qəbul etdiyi qərarlar tarixi əhəmiyyət kəsb edir.  

8 Noyabr - Zəfər Günündə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik. Müharibə qəhrəmanlarına cansağlığı, ölkəmizə və xalqımıza inkişaf və firavanlıq, bölgəmizə və planetimizə sülh və əmin-amanlıq arzulayırıq. Qələbə Günümüz, Zəfər Günümüz  mübarək!


Hicran HÜSEYNOVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!