ABŞ-İran müharibəsi fonunda qlobal ticarətdə artan geosiyasi risklər Asiya-Sakit okean ölkələrini alternativ logistika dəhlizləri axtarmağa sövq edib. Orta Dəhliz, Zəngəzur dəhlizi bu vacib marşrutlardan biri ola bilər.
AZƏRTAC xəbər verir ki, bu fikri “Anadolu” agentliyinə müsahibəsində türk logistika eksperti, “Omsan Logistics” şirkətinin rəhbəri Ergün Arıburnu bildirib. Onun sözlərinə görə, Türkiyə logistika və geosiyasətdə strateji əhəmiyyətli mövqeyə malikdir, çünki Asiya-Sakit okean, Avropa və Amerikanın kəsişməsində yerləşir.
Ekspert əlavə edib: “Türkiyə bu imkanlardan istifadə edərsə, iqtisadiyyatı fərqli bir səviyyəyə qaldıracaq. Bu gün Hörmüz boğazı bağlıdır, sabah Süveyş və ya Panama kanalları ola bilər. Bir çox ölkə bunların bağlanacağı təqdirdə nə baş verəcəyini düşünür. Asiya-Sakit okean ölkələri alternativ marşrutlar axtarır və Türkiyə artıq 2007-ci ildə Orta Dəhliz, Zəngəzur dəhlizi və bu yaxınlarda yenidən diqqət mərkəzinə gələn Hicaz dəmir yolu kimi logistika marşrutlarını şaxələndirmək vasitəsilə buna hazırlaşmağa başlayıb”.
Arıburnu bildirib ki, Türkiyə logistika mərkəzinə çevrilmək istiqamətində irəlilədikcə, dəmir yollarına böyük həcmdə investisiyalar qoyur, gəmilər və yüklər müxtəlif istiqamətlərə çatır, dəmir yolu yükləri isə Afrika da daxil olmaqla daha geniş coğrafi ərazilərə paylanır. Onun sözlərinə görə, Türkiyə türk dövlətlərini Qafqazla birləşdirən marşrutlara, məsələn, Çin yüklərinin İskəndərun limanına daşınması və daha sonra dəniz və dəmir yolu əlaqələri vasitəsilə Afrikaya çatdırılması üçün nəzərdə tutulan “Dörtyol-Hassa” dəmir yolu və avtomobil yolu tunellərinə investisiya qoyur.
Ekspert vurğulayıb: “Düşünürəm ki, qarşıdakı dövrdə sabit idarəetmə və “ağıllı” investisiyalar Türkiyənin xeyrinə işləyəcək, çünki 10 ildən sonra biz təkcə bu regiona deyil, həm də Avropaya, Cənubi Qafqaza, türk xalqlarına və Asiya-Sakit okean regionuna müxtəlif nəqliyyat vasitələri ilə xidmət göstərən ölkəyə çevriləcəyik”.