02 May 2024 09:20
226
Mədəniyyət
A- A+

Tarixdə qalan izlər

 

XIX əsrdə Qafqazın Parisi adlandırılan qədim Şuşada Azərbaycan və dünya xəzinəsinə böyük töhfələr vermiş onlarla, yüzlərlə görkəmli elm, mədəniyyət, ədəbiyyat xadimləri yetişmişdir. 
Tarixi faktlar təsdiqləyir ki, həmin yüzillikdə qala şəhərimizdə 95 şair, 22 musiqişünas, 58 xanəndə, 12 nüsxəbənd, 19 xəttat, 16 nəqqaş, 8 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim, filosof, ilahiyyatçı və digər şəxsiyyətlər yaşayıb yaratmışlar. Bu yazıda Şuşa ziyalılarından üç nəfərin həyat və yaradıcılığına qısaca nəzər salırıq. 
Fərhad Məşədi Rahim oğlu Ağazadə 1880-ci ildə Şuşada anadan olmuşdur. Şəhər məktəbini bitirdikdən sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında oxuyub. 1900-1905-ci illərdə Xaldan, Şuşa, Gorus və Gəncədə müəllim işləyib. 1906-cı ildən pedaqoji fəaliyyətini Bakıda davam etdirərək, rus-Azərbaycan və "Səadət" məktəblərində çalışıb. "Azərbaycan" qəzetinin ən fəal yazarlarından biri olub. Məqalələrində xalqın, millətin zülmətdən nicatını elmdə, təhsildə gördüyünü yazır, gəncliyi maariflənməyə çağırırdı. Dilimizin saflığı və əlifba islahatı uğrunda mübarizə aparan böyük şəxsiyyətlərdən sayılır. "Şərqli" təxəllüslü Fərhad Ağazadə 1931-ci ildə Bakıda vəfat etmişdir. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun fondlarında "Bakıda neft ticarəti və onun müxtəsər tarixi" adlı türk dilində qələmə alınmış 41 vərəqdən ibarət əsəri saxlanılır. Əlyazmaya müəllifin müxtəlif vaxtlarda "Azərbaycan" qəzetində dərc olunmuş məqalələri də daxil edilmişdir.  
Əl-Ğəni Əbülqasim ibn əş-Şuşeyi isə mütəfəkkir, fəqih və qazı kimi məşhur olmuşdur. O, islam elmlərinə vaqif, şəriət qayda-qanunlarını yaxşı mənimsəyən bir şəxsiyyət, ən əsası isə islam fiqhi - hüquqşünaslıq üzrə tanınmış mütəxəssis idi.  İlk təhsilini doğulduğu Şuşada aldıqdan sonra İranın İsfahan əyalətinə gedərək Molla Əhməd Nəraqi və digər ayətullahların yanında dini bilgilərini təkmilləşdirmişdir. Alim bir müddət İraqın Nəcəf şəhərində yaşamış, oradakı dünyaşöhrətli müctəhidlərdən ali ilahiyyat elmlərini əxz eləmiş, bu sahədə yüksək məqama yetişmişdir. Təhsilini tamamladıqdan sonra Şərqin ünlü mədrəsələrində qalıb işləmək, digər nüfuzlu və təminatlı məqamlarda çalışmaq təkliflərindən imtina edərək vətənə qayıtmış, gənc nəsillərin təlim-tərbiyəsi, öyrəndiklərinin tədrisi ilə yanaşı, şəriət hakimi kimi də fəaliyyət göstərmişdir. 1864-cü ildə Şuşada vəfat etmişdir. Ərəbcə yazılmış əsərləri var.
Axund Molla Şükrüllah Məhərrəmzadə əl-Qarabaği Azərbaycanın tanınmış din xadimlərindəndir. Onun fenomenal hafizəsi, gözəl nüsxəbəndliyi və xəttatlıq qabiliyyəti  vardı. Alim haqqında mənbələrdə geniş məlumata rast gəlinmir. Amma onun XIX əsrin sonlarına qədər Şuşada yaşadığı özünün "Risaleyi-huruf va xutut" adlı əsərindən və başqa müasirlərinin xatirələrindən aydın olur. Nəfis tərtibatlı və nadir əlyazma müxtəlif xətt növlərinin yaranma tarixindən və yazılış qaydasından bəhs edən dəyərli mənbədir. Cildi üzərinə qara-mavi çalarlı kağız yapışdırılmış kartondur. Avtoqraf əlyazma qara mürəkkəblə kalleqrafik hərəkəli nəsx xətti ilə ağ saya vərəqdə türk dilində yazılmışdır.

Qurban MƏMMƏDOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video