Üzeyir Hacıbəylinin
bir sıra əsərlərində gözəl Şuşa şəhərində keçən uşaqlıq və ilk gənclik illərinin
xatirələri var. Azərbaycanın musiqi diyarı olan o bənzərsiz şəhərdə gələcəyin dahi
bəstəkarı xalqının məişətini, musiqi ənənələrini dərindən öyrənib, həvəskar artistlərin
ifasında "Məcnun Leylinin məzarı üstündə” tamaşasına baxıb. Gördükləri yaddaşında
dərin iz buraxıb. Bu duyğular ona sonralar "Leyli və Məcnun” operası və başqa əsərlər
yazdırıb.
"Arşın mal
alan” əsərinin qəhrəmanlarını da böyük Üzeyir bəy o illərdə "tanıyıb”. "Arşın mal
alan...” deyə oxuya-oxuya qədim şəhərin küçələrini dolaşan, yad kişilərin döyə bilmədikləri
qapılar üzünə açılan arşınmalçıları da ilk dəfə o zamanlar görüb. İllər sonra şöhrətinə
şöhrət qatan "Arşın mal alan” operettasında həmin səhnələri əks etdirib.
Üzeyir bəyin son operettası - "Arşın mal alan”
Bu əsəri
1913-cü ildə Peterburq Konservatoriyasında təhsilini davam etdirərkən yazıb. Operettanın
librettosunun müəllifi də Üzeyir bəy özüdür. Əvvəlcə onu polifoniya müəllimi professor
Vasili Pavloviç Kalafatiyə göstərib. Əsəri çox bəyənən Kalafati onu konservatoriyanın
direktoru, görkəmli rus bəstəkarı, professor Aleksandr Qlazunova təqdim etməyi məsləhət
görüb. Əsər Qlazunovun da çox xoşuna gəlib və onu bütün Rusiyada ilk operetta adlandırıb.
Bundan sonra
Üzeyir bəy "Arşın mal alan”ın partiturasını və librettosunu Bakıdakı dostlarına
yollayıb. Hələ 1913-cü il iyulun 30-da o, Sankt-Peterburqdan Hüseynqulu Sarabskiyə
göndərdiyi məktubunda bildirmişdi: "Bəradərim Hüseynqulu! Mən dəxi bu halda bir
tərəfdən dərs oxumaqda və bir tərəfdən də "Arşın mal alan”ı yazmaqdayam. Amma çox
qəribə operetta olacaqdır. İnşallah, sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyasınız.
...Mənim də
bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki
təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə
imkanımız olsun. Ancaq bir qədər vaxt gözləmək və zəhmət çəkmək lazımdır. Mən Bakıda
olarkən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada bilirəm ki, mənim əsərim
gələcəkdə böyük bir iş görəcəkdir!”
İllər sonra
- 1938-ci ildə Üzeyir bəy "Arşın mal alan” haqqında qeydlərim” adlı məqaləsində
yazacaqdı: "Arşın mal alan” 1913-cü ildə Peterburq Konservatoriyasında oxuduğum
zaman yazılmışdır. Onun süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır.
"Arşın mal alan” yazılıb qurtardıqdan sonra mən çar senzurasından əsərin çap edilməsi
və oynanılması üçün icazə almağa çox vaxt sərf etdim, çox əziyyət çəkdim”.
İlk tamaşa
"Arşın mal
alan”ın ilk tamaşası 1913-cü il oktyabrın 25-də Bakıda Tağıyev teatrında səhnəyə
qoyulub. Tamaşanın quruluşçu rejissoru Hüseynqulu Sarabski, dirijoru Müslüm Maqomayev
idi. Hüseynqulu Sarabski Əsgər, Əhməd Ağdamski Gülçöhrə, Məmməd Hənifə Terequlov
Süleyman, Ələkbər Hüseynzadə Soltan bəy, Gülsabah xanım Asya, Olenskaya Telli rolunu
ifa edib.
İlk tamaşa
uğurlu olub. "Arşın mal alan” bir ilin içərisində yalnız Bakının teatr səhnələrində
150 dəfədən çox oynanılıb. Dövrün mətbuat orqanlarının əksəriyyəti həmin tamaşadan
yazıblar. "Sədayi həqq” qəzetinin 3 noyabr 1913-cü il tarixli nömrəsində bildirilib:
"Müsəlman bəstəkarı Üzeyir bəy Hacıbəyovun təzə operettası "Arşın mal alan” camaata
çox xoş gəlib, təkrar oynanmasını xahiş etdiklərinə görə cümə günü, noyabrın 8-də
ikinci dəfə oynanacaqdır. Soltan bəy rolunda camaatın hüsni-təvəccöhünü qazanmış
Ələkbər Hüseynzadə çıxış edəcəkdir”.
"Yeni iqbal”
qəzetinin 16 mart 1916-cı il tarixli sayında Nəriman Nərimanov tamaşanı həm musiqi,
həm də məna cəhətdən bəyəndiyini yazıb: "Arşın mal alan” operettasında bir ideya
var desək, yarar. Nədir o ideya? Qızı görməmiş almaq olmaz. Cənab Əsgər bəyin fəlsəfəsində
arvad mal kimi bir şeydir. Malı görüb almaq kimi, qızı da gərək əvvəl görəsən, sonra
alasan. Demək ki, Əsgər bəyin fəlsəfəsilə arvad almaq üçün bir sifətini görmək tamamdır.
Şəksiz bu, bir tipdir, ağılları gözündə olan adamların tipidir...
Üzeyir bəy
cənabları oxuduğu elmin səbəbinə daha gözəl operalar meydana gətirəcəkdir. Hər halda
qeyri əsərlərə nisbət hal-hazırda Üzeyir bəyin əsərləri yol açır. Bu yolda Üzeyir
bəyin daha artıq tərəqqi etməyini səmimi qəlbdən istəyirik”.
Ancaq "Arşın
mal alan”ı tənqid edənlər də az olmayıb. Belələri daha çox müəllifin qadın azadlığından,
köhnə adət-ənənələrin bəzilərinin gərəksizliyindən bəhs etməsini tənqidlə qarşılayıblar.
Çünki operettadakı obrazlar həyatdan uzaq olmayıb. Tacir Əsgər, Süleyman, Soltan
bəy, dörd divar arasında böyümüş, savadsız, hüquqsuz, sevib-sevilməkdən məhrum,
görmədikləri adama ərə getmək məcburiyyətində qalan Gülçöhrə və Asya kimilər elə
o cəmiyyətdə yaşayırdılar.
Mətbuat orqanlarında
da operetta barədə mənfi rəylə çıxış edənlər olub. Üzeyir bəy "Arşın mal alan” haqqında
qeydlərim” məqaləsində yazıb: "Bu əsər birinci dəfə oynandığı zaman Bakı burjuaziyasının
"Kaspi” qəzeti tərəfindən son dərəcə hörmətsizlik və nifrətlə qarşılanmışdır. Əsər
haqqında yazılmış "tənqiddə” avtor söyülürdü. Onlar bu əsəri "qızlarımızı pis yola
çağırmaqda” töhmətləndirirdilər. O zamanlar azərbaycanlı qızlar ən elementar hüquqlardan
belə məhrum edilmişdilər. Bu komediyanı yazmaqda da məqsəd səhnədə musiqili əsər
vasitəsilə qadın azadlığına yardım etmək, köhnə adət və ənənələri ifşa etmək idi”.
Amma zaman
tənqidlərin ədalətsiz, yalan olduğunu göstərib. "Arşın mal alan” böyük müvəffəqiyyətlə
tamaşaya qoyulub, 80 dilə tərcümə edilib. 76 ölkənin 187 teatrında - ABŞ-ın 16 ştatında,
Gürcüstanın 16, Bolqarıstanın 17, Polşanın 17, Rusiyanın 28, Çinin 8 şəhərində uğurla
tamaşaya qoyulub.
1919-cu ildə
Hacıbəyli qardaşlarının Türkiyədə qastrolları zamanı tamaşa elə uğur qazanıb ki,
Azərbaycan artistləri İstanbuldakı "Şərq” teatrını bir neçə aylıq icarəyə götürməli
olublar.
Operettanı
fransız dilinə Üzeyir bəyin kiçik qardaşı Ceyhun bəy tərcümə edib. 1925-ci il iyulun
4-də Parisin "Femina” teatrında fransızlar bu tamaşanı məşhur aktyorların - Dervalın
(Soltan bəy), Montenin (tacir Əsgər), Passaninin (Gülçöhrə), Maqalinin (Asya) ifalarında
görüblər.
Sovet hakimiyyəti
illərində "Arşın mal alan” nəinki ittifaqa daxil olan respublikalarda, bütün dünyada
dəfələrlə səhnələşdirilib. Üzeyir Hacıbəylinin xalqının muğam irsindən bəhrələnərək
yazdığı bu əsər təkcə müəllifinə və vətəninə deyil, bütün SSRİ-yə şöhrət gətirib.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə
nümayiş etdirilən "Arşın mal alan” barədə Moskva mətbuatında bir-birindən maraqlı
məqalələr işıq üzü görüb.
Müəllif özü
də tamaşanı bəyənib. Üzeyir bəy Böyük teatrda rejissor Hidayətzadənin quruluşunda
olan "Arşın mal alan”ın keçmiş quruluşlarının hamısından üstün olduğunu qeyd edib.
O, tamaşanın bədii tərtibatında gənc rəssam Ədhəm Sultanovun əməyini, artistlərdən
Bülbül, H.Hacıbababəyov, Sona Mustafayeva, Səltənət Quliyeva, Aliyə Terequlova,
Elmira Axundova və başqalarının ifalarını yüksək dəyərləndirib.
"Arşın mal alan” ekranlarda
Əsərin ekran
taleyi də uğurlu olub. Operetta XX əsrin əvvəllərində, Azərbaycanda "səssiz filmlər”
çəkmək istəyən rejissorların müraciət etdikləri ilk əsərlərdən olub. "Arşın mal
alan” müxtəlif illərdə dönə-dönə ekranlaşdırılıb. Əsər müəllifini və Azərbaycanı
elə məşhurlaşdırıb ki, ermənilər bu şöhrətə əvvəl şərik çıxmaq, sonra tamamilə mənimsəmək
xəyalına düşüblər. Amma Üzeyir bəyin Azərbaycan musiqi xəzinəsi üzərində qurduğu
bu əsər erməni yalanlarını puça çıxarıb.
Üzeyir Hacıbəylinin
doğma xalqı üçün irs qoyub getdiyi bu ölməz əsər uzun illərdir teatrların repertuarından
düşmür. Tamaşa dünyanın müxtəlif səhnələrində oynanılır. 2013-cü ildə UNESKO-nun
Baş Konfransının 36-cı sessiyasında "Arşın mal alan” operettasının 100 illik yubileyinin
dünya səviyyəsində qeyd olunması barədə qərar qəbul edilib. Həmin il UNESKO-nun
Baş Qərargahında TÜRKSOY, həmçinin Azərbaycan və Qazaxıstanın UNESKO-da daimi nümayəndəliklərinin
birgə təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal
alan” operettasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri təşkil olunub.
Z.FƏRƏCOVA,
"Azərbaycan”