19 Dekabr 2025 09:10
201
Mədəniyyət
A- A+
Əfsanəyə dönmüş alim ömrü

Əfsanəyə dönmüş alim ömrü


Bu il Azərbaycan elminin tarixinə qızıl hərflərlə yazılmış bir şəxsiyyətin – görkəmli alim və ictimai xadim, Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120 illiyi qeyd olunur. Bu yubiley Azərbaycan elmi-mədəni yaddaşının, milli ziyalılıq ənənəsinin yenidən dəyərləndirilməsi baxımından xüsusi məna kəsb edir.

Akademik Yusif Məmmədəliyev XX əsr Azərbaycan ziyalılığının ən mükəmməl nümunələrindən biri idi: dərin nəzəri düşüncə, yüksək təşkilatçılıq bacarığı, milli elmi-mədəni kimliyə sədaqət və universal dünyagörüşü onun şəxsiyyətində vəhdət təşkil edirdi. O, Azərbaycan elmini regional miqyasdan çıxarıb qlobal elmi müzakirələrin fəal iştirakçısına çevirmiş, kadr potensialını gücləndirmiş, respublikanın ən strateji sahələrindən biri olan neft-kimya kompleksinin elmi bazasını formalaşdırmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 iyul 2025-ci il tarixli sərən-camı bu görkəmli alimin fəaliyyətinə dövlət tərəfindən verilən yüksək qiymətin bariz nümunəsidir. Sərəncamda vurğulandığı kimi: “Akademik Yusif Məmmədəliyev Azərbaycan elminin yetirdiyi parlaq simalardandır. Azərbaycanda neft kimyasının bünövrəsini yaratmış alimin qiymətli sənaye məhsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işlənib hazırlanmasında müstəsna xidmətləri vardır. Neft-kimya elmində mühüm hadisəyə çevrilən yüksək oktanlı aviasiya yanacaqları istehsalının yeni üsulunu kəşf etməsi Yusif Məmmədəliyevə şöhrət qazandırmışdır. Respublikada bir sıra elmi müəssisə və qurumların təşkili onun adı ilə bağlıdır”.

Akademik Yusif Məmmədəliyev 31 dekabr 1905-ci ildə Azərbaycanın çox qədim elm və mədəniyyət ocaqlarından biri olan Ordubad şəhərində dünyaya göz açmışdır. Onun ilk bilik ocağı 1911-1917-ci illərdə Ordubadda fəaliyyət göstərən özəl məktəb olmuşdur. Daha sonra gələcəyin görkəmli alimi təhsilini Ordubadda yeni tipli məktəbdə davam etdirərək həm klassik, həm də müasirləşən təhsil modelinin imkanlarından geniş şəkildə yararlanmışdır.

1918-ci ilin iyununda bölgədə baş verən faciəli hadisələr Yusif Məmmədəliyevin uşaqlıq taleyinə də təsirsiz ötüşməmişdi. Erməni daşnak dəstələrinin Ordubada hücumu zamanı atası Hacı Heydər ağa böyük çətinliklərlə ailəsini Təbriz şəhərinə aparmışdı. Məmmədəliyevlər bu şəhərdə 1918-1920-ci illərdə mühacir həyatı yaşamalı olmuşlar. Təbrizdə yaşadıqları dövrdə Yusif ingilisdilli məktəbdə təhsil almış, öyrəndiyi müasir biliklər və dil hazırlığı sonralar onun elmi dünyagörüşünün genişlənməsinə xüsusi təsir göstərmişdir. 

1920-ci ildə ailəsi ilə birlikdə yenidən Ordubada qayıdan Yusif artıq daha yetkin, geniş dünyagörüşünə malik bir gənc idi. O, 1921-ci ildə yerli gimnaziyanı əla qiymətlərlə bitirmiş və öz doğma şəhərində ibtidai məktəbdə müəllim kimi fəaliyyətə başlamışdır. Cəmi 16 yaşı olan gəncin müəllimlik kimi yüksək məsuliyyət tələb edən bir işə başlaması onun həm savadının, həm də intellektual və mənəvi yetişkənliyinin göstəricisi idi.


Universitet illəri: yeni elmi baxışların formalaşması


1920-ci illər Azərbaycan üçün çalxantılı, lakin intellektual canlanma ilə zəngin bir dövr idi. Belə bir tarixi mərhələdə Azərbaycan gənclərinin elmə axını xüsusilə diqqət çəkirdi. Yusif Məmmədəliyev 1926-cı ildə Ali Pedaqoji İnstitutun Təbiət fakültəsini müvəffəqiyyətlə bitirərək elmi fəaliyyətə möhkəm nəzəri baza ilə qədəm qoydu. Bu ali məktəbdə onun formalaşmasına təsir edən ən mühüm amillərdən biri professorlar S.Hüseynov və M.Xanlarov kimi tanınmış kimyaçı alimlərin tələbəsi olması idi. 

Elmin sərhədlərini genişləndirmək istəyən Yusif Məmmədəliyev 1929-cu ildə yüksəliş üçün mühüm addım ataraq M.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə daxil olur. Burada o, yalnız SSRİ-nin deyil, həm də Avropanın ən nüfuzlu kimya məktəblərinin davamçıları olan professor N.D.Zelinski və A.A.Balandindən dərs alır. 

Yusif Məmmədəliyev Moskva Dövlət Universitetinin “Üzvi kataliz” ixtisası üzrə ilk məzunlarından biri kimi tarixə düşmüşdür. Bu ixtisas həmin dövrdə kimya elminin müasir istiqamətlərindən sayılırdı. 

1931-ci ildə Yusif Məmmədəliyev Zelinskinin rəhbərliyi ilə öz ilk böyük elmi işini – “Etilenin katalitik hidrogenləşməsinin kinetikasının öyrənilməsi” mövzusundakı tədqiqatını müvəffəqiyyətlə başa çatdırır. Bu əsər onun elmi yaradıcılığının başlanğıc nöqtəsi olmaqla yanaşı, gələcəkdə kataliz və neft-kimya sahəsinə gətirəcəyi fundamental yeniliklərin də xəbərçisi olur.

Universitet illərində onun diqqətini xüsusilə üzvi kimya, daha dəqiq desək, aromatik və alifatik karbohidrogenlərin çevrilmə mexanizmləri, kataliz və reaksiya kinetikası cəlb etmişdi. Bu sahələrdə yüksəkixtisaslı kimyaçı mütəxəssis kimi formalaşmış Yusif Məmmədəliyev 1932-ci ildə elmi fəaliyyətinə doğma vətənində davam etməyə qərar vermişdi. O, həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda üzvi kimya kafedrasının müdiri təyin olunmuşdu. Bu, gənc alim üçün həm yeni nəsil mütəxəssislərin hazırlanması, həm də elmi axtarışların təşkili baxımından mühüm mərhələ idi. 

Yusif Məmmədəliyevin elmi yaradıcılığının əsas istiqaməti həmin dövrdən etibarən neft kimyası olmuşdur. Buna görə alim bir ildən sonra fəaliyyətini ölkənin aparıcı elmi mərkəzlərindən olan Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutunda (indiki AR ETN Neft-Kimya Prosesləri İnstitutu) davam etdirmişdi. Bu institut onun sadə tədqiqatçıdan akademik səviyyəsinə qədər elmi yüksəlişində həlledici rol oynamışdır. Alim fəal şəkildə elmi məqalələr dərc edir, kataliz, karbohidrogenlərin quruluşu, onların çevrilmə reaksiyaları və yeni sintez metodları kimi neft kimyasının əsas problemlərini araşdırırdı.

Yusif Məmmədəliyevin elmi irsinin mühüm hissəsini Azərbaycanda neft və qazın ilk dəfə dərindən və sistemli tədqiqi təşkil etmişdi. Hidrogenləşmə, dehidrogenləşmə və hidratlaşma reaksiyaları üzrə əldə etdiyi nəticələr həm nəzəri kimyanın, həm də sənaye istehsalının inkişafına ciddi təsir göstərmişdi.

Yusif Məmmədəliyev həmçinin neft qazlarının ayrılması, xlorlaşdırılması, etilen və asetilenə çevrilməsi üzrə çoxşaxəli istiqamətlər yaratdı. Doymamış qazların bromlaşdırılması və hidratlaşması üzrə yeni reaksiyalar, hidrogen sulfidlə karbohidrogenlərin qarşılıqlı təsiri kimi tədqiqatlar qaz kimyasının inkişafına mühüm töhfə verdi və yeni halogenli birləşmələrin sintezi üçün baza yaratdı. Onun metodları əsasında Azərbaycanda halogenli karbohidrogenlərin istehsalı üçün iri sənaye və pilot qurğular quruldu və bu, SSRİ kimya sənayesində böyük texnoloji sıçrayışa səbəb oldu. 

Yüksək elmi nüfuzun nəticəsi olaraq, 1938-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi Şurası Yusif Məmmədəliyev haqqında son dərəcə nadir qərar qəbul etdi: neft qazlarının kimyası üzrə fundamental tədqiqatlarını, onların nəzəri ümumiləşdirilməsini və strateji əhəmiyyətli praktiki nəticələrini nəzərə alaraq, ona dissertasiya müdafiəsi olmadan kimya elmləri namizədi elmi dərəcəsi verildi. Belə imtiyaz yalnız müstəsna elmi yenilikləri ilə seçilən ən istedadlı alimlərə tətbiq edilirdi.


II Dünya müharibəsi dövründə strateji əhəmiyyətli kəşflər 


II Dünya müharibəsi təkcə siyasi-hərbi qarşıdurma deyil, həm də elmi-texnoloji yarış idi. Bu dövr Yusif Məmmədəliyevin elmi fəaliyyəti üçün xüsusi mərhələ oldu. Onun araşdırmaları həm Azərbaycan neft-kimyasının inkişafını müəyyənləşdirdi, həm də müharibənin gedişinə birbaşa təsir göstərdi.

Müharibə illərində SSRİ üçün əsas problemlərdən biri aviasiya benzini və partlayıcı maddələrin fasiləsiz, yüksəkkeyfiyyətli istehsalı idi. Məhz bu ağır şəraitdə Yusif Məmmədəliyevin tədqiqatları həlledici rol oynadı. Alimin mühüm nailiyyətlərindən biri məhz çox aşağı donma temperaturuna malik yüksək oktanlı aviasiya benzininin sintezi olmuşdur. Onun rəhbərliyi ilə hazırlanmış katalitik yanacağın oktan ədədi 120-yə çatdırılmışdı ki, bu da həmin dövr üçün rekord göstərici idi. Bu yanacaq təyyarələrin gücünü artırır, yüksəkliklərdə sabitliyi təmin edir və ağır iqlim şəraitində donma riskini minimuma endirirdi. Məhz onun elmi yenilikləri sayəsində Bakı neftayırma zavodları müharibə illərində cəbhəni milyon tonlarla yüksəkkeyfiyyətli benzinlə təmin edə bildi. Azərbaycan nefti bazasında istehsal olunan yanacaq sovet aviasiyasının gücünü artıraraq faşizm üzərində qələbənin əldə olunmasında mühüm amillərdən birinə çevrildi.

1943-cü ildə alim qeyd edilən nəticələri əks etdirən doktorluq dissertasiyasını müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsi və professor adını almışdır. 

Yusif Məmmədəliyevin müharibə illərində göstərdiyi xidmətlər yüksək elmi səviyyədə qiymətləndirilmiş, o, əldə etdiyi nailiyyətlərə görə 1946-cı ildə Dövlət (Stalin) mükafatına layiq görülmüşdür. 

Görkəmli alim Azərbaycan elmi tarixində fundamental tədqiqatları ilə yanaşı, yüksəksəviyyəli elmi təşkilatçılığı ilə seçilən nadir şəxsiyyətlərdəndir. O, elmi məktəblərin formalaşması, tədqiqat infrastrukturunun qurulması, gənc alimlərin yetişdirilməsi və Azərbaycan elminin beynəlxalq elmi məkana inteqrasiyası istiqamətində gördüyü işlərlə bütöv bir dövrün inkişaf xəttini müəyyən etmişdir. Kimya elminə verdiyi töhfələrə görə 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçilərindən olması və akademik seçilməsi Yusif Məmmədəliyevin milli elmdə aparıcı rolunu təsdiqləyirdi.

Y.Məmmədəliyev Elmlər Akademiyasının yaradılması və strukturunun formalaşmasında mühüm rol oynamış, bir sıra elmi-tədqiqat institutlarının təşkili və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə rəhbərlik etmişdir. Neft-kimya və fizikanın problemlərinin müəyyənləşdirilməsi, torpaqşünaslıq və biologiya üzrə əsas elmi mərkəzlərin qurulması onun Elmlər Akademiyasının prezidenti olduğu (1947-1950, 1958-1961) dövrdə əsas prioritetlərdən olmuşdur.

Akademikin kəşfləri kosmosun fəthində də rol oynamışdır. Onun təklif etdiyi metodla alınan yüksəkkeyfiyyətli raket yanacaqlarından Yerin ilk süni peykinin buraxılmasında və raketlərin kosmosa uçuşunda istifadə edilmişdir. Təsadüfi deyildir ki, buna görə kimyaçı alimi Qələbə paradına və Yuri Qaqarinin kosmosa ilk uçuşu münasibətilə təşkil olunan ali tədbirə dəvət etmişdilər. 

Görkəmli alim 1954-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinə rəhbərlik edərkən bu elm və təhsil ocağı inkişaf etmişdir. 

Alimin təşkilatçılıq fəaliyyəti ittifaq səviy-yəsində də yüksək dəyərləndirilirdi. 1945-1946-cı illərdə SSRİ Neft Sənayesi Nazirliyinin Elmi-Texniki Şurasının rəhbəri, 1951-1954-cü illərdə Azərbaycan SSR EA-nın Fizika-Kimya Elmləri və Neft Bölməsinin akademik-katibi kimi idarəçilik sahəsində yeniliklər tətbiq etməsi onun elmi nüfuzunu daha da möhkəmləndirmişdir.

Akademiyaya prezidentliyi dövründə böyük alim ölkə üçün strateji əhəmiyyətli elmi ideyalar irəli sürürdü. Bu gün respublikanın elmi həyatında aparıcı rol oynayan bir çox institutun yaranması və inkişafı Yusif Məmmədəliyevin təşkilatçılığı ilə bağlıdır. Onun ən böyük layihələrindən biri Şamaxı Astrofizika Rəsədxanasının yaradılması və müasir avadanlıqlarla təchiz edilməsi olmuşdur.

Yusif Məmmədəliyev 1945-ci ildə yaratdığı Neft İnstitutunun və uzun müddət çalışdığı Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutunun və bir sıra kimya müəssisələrinin əsasında 1958-ci ildə akademiyanın tərkibində bu gün onun adını daşıyan Neft-Kimya Prosesləri İnstitutunu formalaşdırmışdır.

Böyük elm xadimi həmçinin Azərbaycanın tarixi-mədəni irsinin tədqiqinə xüsusi önəm vermişdir. Qobustan qayaüstü rəsmlərinə ilk elmi ekspedisiyanın təşkili, bu istiqamətdə sistemli tədqiqatların başlanması və sonradan Qobustanın UNESCO tərəfindən qorunan unikal mədəni-landşaft kimi tanınmasına gedən yolun açılması məhz onun təşəbbüsü ilə mümkün olmuşdur.

Yusif Məmmədəliyevin elmi fəaliyyətinin digər mühüm istiqaməti Azərbaycan əlyazmalarının qorunması idi. Onun təşəbbüsü ilə 1950-ci ildə Əlyazmalar Fondunun yaradılması milli mədəni irsin mühafizəsi baxımından tarixi əhəmiyyət daşıyır.

Görkəmli alim 1940-1950-ci illərdə kimya elmini Azərbaycanın strateji inkişafı üçün əsas sahələrdən biri hesab edir və onun sistemli şəkildə institutlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirirdi. Onun yetişdirdiyi kadrlar, o cümlədən elmi məsləhətiçiliyi və rəhbərliyi ilə hazırlanmış 12 elmlər doktoru və 29 fəlsəfə doktoru bu dövrdə həm akademiyada, həm də sənayedə yüksək nüfuz qazanaraq Məmmədəliyev elmi məktəbinin ənənələrini yeni mərhələlərə daşıyırdı. Bu məktəb Azərbaycan kimya elminin bütöv bir epoxasını formalaşdıran geniş intellektual məkana çevrilmişdi.

Yusif Məmmədəliyevin təşəbbüsü ilə Azərbaycan SSR Elmlər Akademiyası nəzdində kimya elmi üzrə vahid koordinasiya sistemi yaradılmışdı və 1950-ci illərin əvvəllərində onun rəhbərlik etdiyi məktəb artıq SSRİ miqyasında tanınmağa başlamışdı. 

Yusif Məmmədəliyevin ən mühüm xidmətlərindən biri də Azərbaycan kimya elmini sovet və dünya elmi mərkəzləri ilə əlaqələndirməsi idi. 


Elmi irs, nəşrlər və xatirəsinin əbədiləşdirilməsi


Akademik Yusif Məmmədəliyevin yazı üslubu da öz dövrü üçün innovativ sayılırdı: alim eksperimental nəticələrin təhlilini hər zaman konseptual çərçivəyə oturdaraq kimyəvi proseslərin mahiyyətini daha dərindən izah etməyə çalışırdı. 

Böyük alimin elmi irsi 400-dən artıq elmi əsər, yüzlərlə publisistik yazı, 15 müəlliflik şəhadətnaməsi və patent, fundamental səciyyəli monoqrafiyalar və yüksək ixtisaslı mütəxəssislər üçün nəzərdə tutulmuş metodiki materiallardan ibarətdir.

Akademik Yusif Məmmədəliyev SSRİ ilə yanaşı, ABŞ, İtaliya, Fransa, İngiltərə, Polşa Xalq Respublikası, Macarıstan Xalq Respublikası və başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda fəal şəkildə iştirak və məruzələrlə çıxış etmişdir. 

1957-ci ildə SSRİ KP Siyasi Bürosunda dünyaşöhrətli alimin Nobel mükafatına namizədliyinin təklif edildiyi barədə məlumatlar vardır. 

Yusif Məmmədəliyevin ictimai-siyasi fəaliyyəti də onun şəxsiyyətinə xas olan məsuliyyət, vətənpərvərlik və dövlətçilik düşüncəsinin təzahürü olmuşdur. O, Azərbaycan SSR Ali Sovetinin (4-cü çağırış, 1955-1959) və SSRİ Ali Sovetinin (5-ci çağırış, 1958-1961) deputatı mandatlarını daşıdığı illərdə elm və sənayenin inkişafını bir-biri ilə bağlı kompleks sistem kimi dəyərləndirir, bu sahələri dövlətin strateji maraqlarının mərkəzi hesab edirdi. 

Akademik Yusif Məmmədəliyev “Lenin”, “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” ordenləri və bir neçə medalla təltif edilmiş, Azərbaycan SSR-in “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 

Dünya kimya elminə və sənayesinə böyük töhfələr vermiş Yusif Məmmədəliyevin elmi və ictimai fəaliyyəti Azərbaycan tarixində xüsusi yer tutur. Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə alimin 90 illik yubileyində vurğulamışdır: “Yusif Məmmədəliyev xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictimai-siyasi xadim kimi daxil olub. O, öz elmi fəaliyyəti, elmi əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına böyük təkan verib və dünya elminə, xüsusən dünya neft kimyası elminə görkəmli töhfələr vermişdir”. Bu yüksək qiymət alimin elmi kəşflərinin strateji və beynəlxalq əhəmiyyətini bir daha təsdiqləyir.

16 sentyabr 1998-ci ildə Ulu Öndərin göstərişi ilə Bakı şəhərində, İstiqlaliyyət küçəsində, İsmailiyyə binasının yanında Y.Məmmədəliyevə möhtəşəm abidə qoyulmuşdur.

Akademik Yusif Məmmədəliyevin zəngin elmi irsi, təşkilatçılıq bacarığı və neft-kimya sahəsində yaratdığı böyük elmi məktəb bu gün də öz aktuallığını qoruyur. Onun adı milli intellektual gücün, elm mədəniyyətinin və yaradıcı düşüncənin simvolu olaraq yaşamaqda, yeni nəsil tədqiqatçılar üçün dəyərli nümunə, etibarlı istiqamətverici mənbə və gələcək inkişaf strategiyalarımız üçün dəyərli təməl olaraq qalmaqdadır. 


İradə HÜSEYNOVA,

akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!