Türkiyə beynəlxalq arenada Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) maraqlarını müdafiə etməkdə tam qərarlıdır. Lefkoşanın Türk Dövlətləri Təşkilatında (TDT) fəal iştirakı bu məsələdə xüsusi əhəmiyyətə malikdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKParti) nümayəndə heyətinin tərkibində Lefkoşaya səfəri zamanı jurnalistlərə bildirib.
Türkiyəli millət vəkili Azərbaycan parlamentində ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasını, eləcə də Şimali Kiprdən nümayəndələrin birləşmiş qrupun iclaslarına dəvət olunmasını xatırladıb.
Onun sözlərinə görə, Türkiyə və ŞKTC xalqları 50 ildir ki, Kipr türklərinin hüquqları uğrunda ədalətli mübarizəni davam etdirirlər. “Heç kim Lefkoşanı danışıqlar platformasından çıxara bilməz. Əminəm ki, istədiyimizə nail olacağıq. Əsas məsələ iradəmizi itirməməkdir”, -deyə Ayrım bildirib.
Öz növbəsində, Türkiyə-ŞKTC parlamentlərarası dostluq qrupunun rəhbəri Orhan Erdem bildirib ki, Kipr türklərinin bərabərliyinin və suveren hüquqlarının tanınması tələbi dəyişməz olaraq qalır. Onun sözlərinə görə, Ankaranın və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprin maraqlarını müdafiə etmək və dəstəkləmək mövqeyi son dərəcə aydındır.
Türkiyənin hakim partiyasının baş katibinin müavini Hüseyn Yaymanın rəhbərlik etdiyi nümayəndə heyəti bundan əvvəl ŞKTC Prezidenti Tufan Erhürman və Şimali Kipr parlamentinin sədri Ziya Öztürkler tərəfindən qəbul edilmişdi.