Rusiya Dövlət Duması ikinci və üçüncü oxunuşlarda xarici vətəndaşların ölkədən deportasiya olunacağı inzibati xətaların siyahısını genişləndirən qanun layihəsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qanun qüvvəyə mindikdən sonra Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsində əcnəbilərin deportasiyasını nəzərdə tutan maddələrin sayı 22-dən 45-ə qədər artırılacaq.
Siyahıya icazəsiz mitinqlərdə iştirak, Rusiya ordusunun nüfuzdan salınması, ölkəyə və onun vətəndaşlarına qarşı sanksiyalara çağırışlar, Rusiya Federasiyasının ərazi bütövlüyünün pozulmasına yönəlmiş hərəkətlərə açıq çağırışlar daxildir.
Həmçinin ayrı-seçkiliyə, yəni, cinsinə, irqinə, milliyyətinə, dilinə, mənşəyinə, sosial və ya əmlak vəziyyətinə, yaşına, yaşayış yerinə, dini mənsubiyyətinə, inanclarına və müəyyən sosial və ya ictimai qruplara aid olmasına görə şəxsin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin pozulmasına görə inzibati deportasiya da nəzərdə tutulacaq.
Dövlət sərhədini qoruyan hərbi qulluqçunun qanuni əmrlərinə tabe olmamağa, fövqəladə vəziyyət rejimini, terrorizmə qarşı əməliyyatları və ya hərbi vəziyyət qaydalarını pozmağa, xırda xuliqanlığa, yol hərəkətinə mane olmağa və hüquq-mühafizə orqanlarının əməkdaşlarına tabe olmamağa görə də oxşar cəza tətbiq oluna bilər.
Əcnəbilərin deportasiyası, həmçinin bir sıra ekstremist cinayətlərə, o cümlədən nifrət və ya düşmənçiliyin təhrik edilməsinə, nasist və ya ekstremist simvolların təbliğinə, ekstremist materialların istehsalına və yayılmasına, terrorizmə təhrik edilməsinə, media və audiovizual xidmətlər vasitəsilə təhlükəli məlumatların yayılmasına görə də nəzərdə tutulub.
Sənəddə sərhəd keçid rejimini, Rusiyaya giriş və ölkədə qalma qaydalarını pozan əcnəbilər, qeyri-qanuni əmək fəaliyyəti, miqrantların qanunsuz işə götürülməsi üçün cərimələrin artırılması da nəzərdə tutulur.