İran gəmi əleyhinə səsdən sürətli raketlərin tədarükünə dair Çin ilə saziş bağlamağa yaxındır. AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, danışıqlardan xəbərdar olan altı nəfərin sözlərinə görə, İran Çinlə gəmi əleyhinə kruiz raketlərinin alınması ilə bağlı razılığa yaxınlaşıb, eyni zamanda ABŞ İslam Respublikasına mümkün zərbələrdən əvvəl İran sahilləri yaxınlığında geniş dəniz qüvvələri yerləşdirir.
“Çin istehsalı olan CM-302 raketləri üçün müqavilənin şərtlərinin razılaşdırılması başa çatmaq üzrədir, baxmayaraq ki, çatdırılma tarixi razılaşdırılmayıb”, deyə mənbələr bildiriblər. Səsdən sürətli raketlərin mənzil uzaqlığı təxminən 290 kilometrdir, onlar aşağı və yuxarı sürətlə uçaraq gəmi müdafiəsindən yayınmaq üçün nəzərdə tutulub. İki silah mütəxəssisi bildirib ki, onların yerləşdirilməsi İranın zərbə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və bölgədəki ABŞ dəniz qüvvələri üçün təhlükə yaradacaq.
“Reuters” İran mənbələrinə istinadla yazır ki, azı iki il əvvəl başlayan raket silah sistemlərinin tədarükü üçün Tehranın Pekin ilə apardığı danışıqlar ötən ilin iyun ayında İsrail və İran arasında baş verən 12 günlük müharibədən sonra kəskin şəkildə sürətlənib. Keçən yay danışıqlar son mərhələyə qədəm qoyarkən, İranın müdafiə nazirinin müavini Məsud Oraeyi də daxil olmaqla yüksək vəzifəli hərbi və hökumət rəsmiləri Çinə səfər ediblər. Həmin vaxt bu səfər barədə mediada heç bir məlumat verilməyib.
İsrail kəşfiyyatının sabiq zabiti və hazırda İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun İran üzrə baş tədqiqatçısı Denni Sitrinoviç bu məlumatı şərh edərkən bildirib: “İranın ərazidəki gəmilərə hücum etmək üçün səsdən sürətli qabiliyyəti varsa, bu, oyunu tamamilə dəyişdirə bilər. Bu raketləri ələ keçirmək çox çətindir”.
İran Xarici İşlər Nazirliyinin rəsmisi “Reuters” agentliyinə bildirib ki, Tehranın öz müttəfiqləri ilə hərbi və təhlükəsizlik müqavilələri var və indi bu müqavilələrdən istifadə etmək üçün münasib vaxtdır”.
Çin rəsmi dairələri isə bu məlumata heç bir şərh verməyib.
“Reuters” agentliyinin sorğusuna cavab verən Ağ Ev İran ilə Çin arasında raket sistemi ilə bağlı danışıqlara birbaşa toxunmayıb.