23 Aprel 2024 08:30
169
SİYASƏT
A- A+

Qətiyyətin təntənəsi

 

"Laçın" sərhəd-keçid məntəqəsi ilə ərazi bütövlüyümüzün sarsılmaz əsası qoyuldu

 

"2023-cü il aprelin 23-də Laçında sərhəd-keçid məntəqəsinin qurulması Vətən müharibəsindəki qələbə qədər böyük əhəmiyyətə malik hadisədir. Bu, Azərbaycanın dövlət təhlükəsizliyinin təmin olunması istiqamətində atılmış zəruri addım idi". 
Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, Azərbaycanın 2020-ci ildən sonra Ermənistan tərəfinə reinteqrasiya, separatçıların silahı yerə qoyması, erməni silahlı qüvvələrinin qalıqlarının ərazilərimizdən çıxarılması ilə bağlı çağırışlar etməsinə baxmayaraq,  Ermənistan havadarlarının təlimatları əsasında bu çağırışlara düzgün reaksiya vermədi. Laçın yolundan istifadə edərək separatçıları yenə silah-sursatla təmin edib, bu yol vasitəsilə bütövlükdə separatizmin ayaqda qalmasına hər cür dəstək göstərildi. Belə olan halda separatizm təhlükəsini aradan qaldırmaq lazım idi. İlkin mərhələdə onların ayaqda qalmasını təmin edən addımların qarşısı alınmalıydı, çünki Ermənistan tərəfindən bu hallar getdikcə intensivləşirdi. Azərbaycan ərazisində 2021-ci ildə istehsal olunmuş minalar da aşkarlanırdı. Deməli, Ermənistan Laçın yolundan istifadə edərək xalqımıza qarşı mina terrorunu davam etdirirdi. Bu baxımdan Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması təhlükəsizliyimizin təmin edilməsi istiqamətində ən vacib addımlardan biri oldu. 
Deputat vurğulayıb ki, sərhəd-keçid məntəqəsinin qurulması ilə bütün ərazilərimiz boyunca suverenliyimizin etibarlı və dönməz şəkildə təmin olunmasının sarsılmaz əsası qoyuldu: "Laçın yolu üzərindən də ölkəmizə qarşı siyasi hücumlar başladı. Azərbaycan bütün dünya dövlətləri kimi, öz ərazisində suveren nəzarət hüququnu təmin etdi, buna baxmayaraq müxtəlif Avropa platformalarında Azərbaycan guya erməniləri blokadaya alıb, ermənilərə qarşı hansısa aksiya həyata keçirir deyə əsassız iddialar səsləndirilirdi. Bütün bunlar marginal qrupların ölkəmizə qarşı saxta əsaslarla siyasi hücumları idi. Məqsəd Azərbaycan ərazisindəki ermənilərin hüquqları və təhlükəsizliyi üzərindən Cənubi Qafqazda yenidən gərginlik elementlərinin yaradılması və  regiona müdaxilə imkanı qazanmaları idi. Təsadüfi deyil ki, başda Şarl Mişel olmaqla avropalı siyasətçilər Azərbaycan ərazilərində qalmış ermənilərin hüquq və təhlükəsizliyi məsələsinin beynəlxalq mexanizmlərin tətbiqi yolu ilə həllini tapmalı olduğunu tez-tez səsləndirirdilər. Azərbaycan tərəfi isə buna görə kənar subyektlərin narahat olmamasını bildirir, bunu daxili işimiz kimi bəyan edirdi". 
E.Mirbəşiroğlu vurğulayıb ki, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsini qurmaqla bir neçə istiqamətdə çox mühüm nəticələrə hesablanmış addımlar atıb. Birincisi, ərazimizdə separatizmin dəstəklənməsi imkanları aradan qaldırıldı, müvafiq olaraq dövlət təhlükəsizliyimizə olan təhdid aradan qalxdı. Digər tərəfdən, Cənubi Qafqazda ermənilər üzərindən geosiyasi ambisiyaların həyata keçirilməsinin qarşısını almaqla regional təhlükəsizliyə çox böyük töhvə vermiş olduq. Azərbaycanın çox haqlı olaraq nəzarət-buraxılış məntəqəsini qurması sonrakı proseslərin çox təsirli drayveri rolunda çıxış etdi. Qısa müddət sonra bütün ərazilərimiz boyunca suverenliyimiz təmin edildi. Həm də dünyaya göstərdik ki, Azərbaycan dövləti, xalqı öz ərazilərinin sahibidir. Heç bir halda öz ərazilərində kənar nəzarətə, fəaliyyətə imkan verməyəcək.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video