07 May 2024 08:55
243
SİYASƏT
A- A+

Qərb Ukrayna ssenarisini indi də Gürcüstanda işə salıb

 

Qərbin müxtəlif ölkələrdə yürütdüyü dağıdıcı siyasətin təzahürləri hazırda Gürcüstanda yaşanan və belə getsə, nəticələri daxili parçalanmaya gətirib çıxaracaq çalxalanmanın fonunda açıq şəkildə görünür. Qonşu ölkədə etiraz aksiyaları səngimək bilmir və hər ötən gün hadisələr daha da alovlanaraq nəzarətdən çıxır. Qərbin QHT, KİV və digər adlar altında ölkədə bəslədiyi əlaltıları vasitəsilə qızışdırıcı ritorika həyata keçirməsi faktiki olaraq Gürcüstan cəmiyyətini iki qütbə bölüb. 

 

Cənubi Osetiyanın və Abxaziyanın itkisinə səbəb olan avantüra

 

Bütün bunlar Qərbin Ukraynanı fəlakətə sürükləyən eyni ssenarini Gürcüstanda da tətbiq etdiyini, ölkənin hərbi poliqona çevrilməsi, xaosa sürüklənməsi üçün dəhşətli planlar cızdığını ortaya qoyur. 
Hər kəs xatırlayır ki, Qərb hələ 2004-cü ildə Gürcüstan xalqının milli maraqlarını ayaqlar altına ataraq, ərazilərinin itkisi kimi faciəvi hala səbəb olmuşdu. 
Qərbin Saakaşviliyə yalan vədlər verərək onu 2008-ci ildə Rusiya ilə qarşıdurmaya sürükləməsi nəticəsində Cənubi Osetiya və Abxaziya itirildi. Rusiya qoşunları isə Tbilisinin bir neçə kilometr yaxınlığına gəlib çatdı. Yəni planlaşdırıldığı kimi, Rusiya nəinki Gürcüstandan uzaqlaşdı, hətta onun düz burnunun ucuna gəlib yerləşdi. Saakaşvilini bu avantüraya sürükləyən Qərb isə onun arxasında dayanmadı və uduzan ümumilikdə Gürcüstan cəmiyyəti oldu. 
Yaxın keçmişdə həyata keçirilən bu faciəvi ssenari üzrə baş verənlər başda ABŞ olmaqla, Qərbin gürcü xalqına qarşı təxribatı idi. Hazırda da buna yenidən cəhd edilir. Ancaq 2004-cü ildən fərqli olaraq, bu dəfə gürcü xalqı təhlükəni görərək, Qərbin təzyiqlərinə dirənc göstərir.
Bildirək ki, Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası  ötən il "Xarici agentlər haqqında" qanun layihəsini qəbul etmək istəmiş, lakin iğtişaşlar səbəbindən onu ləğv etmək məcburiyyətində qalmışdı. Bu il isə həmin qanun layihəsinin "Xarici təsirin şəffaflığı haqqında" adı ilə yenidən parlamentə təqdim edilməsi Tbilisidə kütləvi etirazlara səbəb olmuşdu. Qərbyönümlü partiya, QHT, KİV təmsilçiləri hazırda bu qanun layihəsinin ləğvinə nail olmaq üçün aksiyalar keçirirlər. Lakin Gürcüstan hökuməti bu qanunun qəbulu ilə bağlı qərarlılıq göstərir və təbii ki, öz mövqeyində  haqlıdır. 
Hadisələrin gedişatı göstərir ki, məhz Gürcüstan hakimiyyəti Qərbin məkrli niyyətini illər əvvəl görüb üzə çıxarmadığı, qurduğu  şəbəkəni çökdürmədiyi üçün hazırda bu cür çətin vəziyyətlə üz-üzə qalıb. Bu boşluqdan məharətlə istifadə edən Qərb isə Gürcüstanda fəaliyyət göstərən 25 minə yaxın QHT-nin əksəriyyətini maliyyələşdirir. Bu sayədə də asanlıqla həmin QHT-ləri öz iradəsinə uyğun idarə edir. Qərbin Gürcüstan cəmiyyətini ələ aldığı ruporlar vasitəsilə aşındırması narkomaniyanın artmasına, milli-mənəvi dəyərlərin laxladılmasına, cinsi azlıqlar hərəkatının geniş vüsət almasına və digər bu kimi arzuolunmaz hallara səbəb olub. 

 

Rəngli inqilablar xalqları qaranlığa sürükləyir 

 

Ümumilikdə, xaricdən məqsədyönlü şəkildə inkişaf etdirilən bu tendensiya nəticədə Gürcüstanın müstəqil dövlət olaraq hansısa qərarlar, qanunlar qəbul etmək hüququna belə imkan verməyəcək şəraitin yetişməsinə gətirib çıxarıb. Diqqət edin, Qərb həm özü açıq şəkildə, həm də daxildə formalaşdırdığı şəbəkə hesabına Gürcüstanın daxili işinə qarışır, ona təzyiqlər göstərir. Barmağının bir işarəsi ilə ölkəni aksiyalar, qarşıdurmalar meydanına çevirir. 
Bir sözlə, Qərb rəngli inqilab, ərəb baharı kimi dəbdəbəli adlarla təqdim etdiyi və nəticəsi xalqları qaranlığa sürükləyən ənənəvi ssenarisini bu dəfə də Gürcüstanda həyata keçirməyə çalışır.     
Diqqətçəkən başqa bir məqam isə "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin ABŞ və bəzi Avropa dövlətlərinin sərt təpkisinə səbəb olmasıdır. Belə ki, onlar bu qanun layihəsinin əsl mahiyyətinin üstünü vurmayaraq, fərqli formada təqdim edir, guya qanun qəbul olunarsa, Gürcüstanda demokratiyanın çökəcəyi görüntüsü yaradırlar. Buna görə də həmin qanunun qəbul olunmaması üçün Gürcüstan hökumətinə təzyiqlər göstərirlər.  
Baxmayaraq ki, müvafiq qanun dünyada ilk dəfə 1938-ci ildə ABŞ-də qəbul olunub, Aİ-də də bununla bağlı müvafiq hüquqi aktlar qüvvədədir. Amma eyni qanunun digər ölkələrdə qəbulu, yaxud buna cəhd edilməsi yolverilməz hesab olunur. 

 

Qərb bölgədən qovulur

 

Gürcü cəmiyyətinin müqaviməti illər öncə Azərbaycanın başlatdığı ABŞ-nin və Qərbin regiondan qovulması prosesinin davamıdır.
2010-cu ildən başlayaraq ABŞ-nin Azərbaycandakı şəbəkəsinin fəaliyyəti məhdudlaşdırıldı, QHT-lərin maliyyə fəaliyyətini şəffaflaşdıran qanunlar qəbul olundu və xaricdən maliyyələşmə prosesi nəzarətə götürüldü...  
Məhz bu tədbirlərin nəticəsidir ki, Qərbin Azərbaycan cəmiyyətini parçalamaq niyyəti heç zaman alınmadı, ölkəmizin daxili işlərinə qarışmaq kimi cəhdlərinə imkan verilmədi. Azərbaycanın Vətən müharibəsində qələbə qazanması və suverenliyini bərpa etməsi isə Cənubi Qafqazda bambaşqa reallıqlar yaratdı. Bu gün ABŞ də, Qərb də yaxşı anlayır ki, Azərbaycanın mövqeyi olmadan və maraqları nəzərə alınmadan regionda hər hansı uğura nail olmaq mümkün deyil. Bakı qərəzli Qərb siyasi dairələrinin təzyiqlərinə boyun əymir və müstəqil siyasət yürüdərək qətiyyətli mövqeyi ilə hər zaman onları geri addım atmağa vadar edir. 
Azərbaycana qarşı riyakar siyasət yürütmək istəyən Fransanın timsalında da bunu dəfələrlə müşahidə edirik. Son olaraq Paris Bakıdakı səfirini ölkəsinə çağıraraq guya hansısa ciddi mesaj verməyə çalışmışdı. Amma Azərbaycan tərəfindən heç bir reaksiya görmədiyi üçün, Yelisey sarayı xanım səfiri necə çağırmışdısa, eləcə də Bakıya geri göndərdi...  
İllərdir əllərində saxladıqları Qarabağ kartını itirən ikiüzlü Qərb təsisatları indi də ölkəmizə qarşı dırnaqarası insan haqları tezisi ilə hücuma keçməyə çalışırlar. "Abzas media", "Toplum" TV kimi layihələr ətrafında yaratdıqları şou da bunun bir parçası idi.
Amma Qərb özü də yaxşı bilir ki, Azərbaycan onun rəngli inqilablar keçirərək müharibə, münaqişə meydanına çevirdiyi, ərazilərinin itkisinə nail olduğu nə Ukrayna, nə Gürcüstan, nə də digər bu kimi ölkələrdir. ABŞ-nin başçılıq etdiyi bu təsisatların  ölkəmizlə bağlı yürütdüyü bütün ssenarilər fiaskoya məhkumdur.  

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video