07 Noyabr 2026 13:37
1488
SİYASƏT
A- A+
Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır

Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır

Noyabrın 6-da Qazaxıstanın Baş nazirinin müavini-nəqliyyat naziri Asel Janasonova Ermənistana səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, hər iki görüşdə müzakirə edilən əsas məsələ Qazaxıstanın TRIPP-a (Trump Route for International Peace and Prosperity – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) qoşulması olub. Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi və geoiqtisadi reallıqlar regionun nəqliyyat-kommunikasiya xəritəsində mühüm dəyişikliklərə zəmin yaradır. Bu prosesdə Azərbaycanın təşəbbüskarı və əsas iştirakçılarından biri olduğu Zəngəzur istiqamətli nəqliyyat bağlantısı xüsusi əhəmiyyət daşıyır. Qazaxıstanın TRIPP layihəsinə qoşulması isə bu təşəbbüsün regional çərçivədən çıxaraq daha geniş Avrasiya nəqliyyat sisteminin tərkib hissəsinə çevrilməsi baxımından diqqətəlayiq hadisədir.

Qazaxıstanın bu prosesdə iştirakı, ilk növbədə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının artırılması və Azərbaycanın tranzit mövqeyinin möhkəmləndirilməsi perspektivləri ilə bağlıdır. TRIPP layihəsi Azərbaycan ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat əlaqəsinin yaradılması ideyasını daha geniş beynəlxalq əməkdaşlıq çərçivəsində nəzərdən keçirir. Layihənin mahiyyəti yalnız yeni avtomobil və dəmir yolu infrastrukturu yaratmaqdan ibarət deyil. Burada əsas məqsəd regionda kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişləndirilməsi və beynəlxalq tranzit imkanlarının inkişaf etdirilməsidir.

Azərbaycan üçün bu bağlantı ölkənin əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında daha əlverişli nəqliyyat əlaqəsinin formalaşması deməkdir. Eyni zamanda, Türkiyəyə və daha geniş mənada Avropa bazarlarına çıxış imkanlarının şaxələndirilməsi baxımından da əhəmiyyətlidir. Bu kontekstdə TRIPP layihəsi yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Layihə Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat və ticarət marşrutlarının inkişafı ilə də birbaşa əlaqəlidir.

Qazaxıstanın TRIPP layihəsinə marağı 2025-ci ilin noyabrında prezident Kasım-Jomart Tokayevin İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra açıq şəkildə ifadə olunub. 2026-cı il aprelin 2-də isə Qazaxıstanın Baş naziri Oljas Bektenov daha konkret mövqe ortaya qoyaraq ölkəsinin Zəngəzur dəhlizi layihəsində iştirak etməyə hazır olduğunu bəyan etdi. Onun açıqlamasında Qazaxıstan şirkətlərinin dəmir yolu infrastrukturunun tikintisi və modernləşdirilməsində iştirakına maraq göstərdiyi xüsusi vurğulandı. Bu bəyanat Astananın layihəyə münasibətində siyasi maraqdan praktiki iqtisadi iştirak perspektivinə keçidin əlamətidir.

Qazaxıstanın bu marağının əsas iqtisadi səbəblərindən biri ölkənin Çin və Avropa arasında mühüm tranzit mövqeyinə malik olmasıdır. Çin yüklərinin Mərkəzi Asiyadan Xəzər dənizinə, oradan Azərbaycana, daha sonra Türkiyə və Avropaya daşınmasında Qazaxıstan mühüm başlanğıc nöqtəsidir.

Beləliklə, TRIPP-in Orta Dəhlizlə inteqrasiyası marşrutun coğrafiyasını genişləndirməklə yanaşı, onun iqtisadi əsaslarını da gücləndirər. Bu halda Qazaxıstanın şərqdəki dəmir yolu və liman infrastrukturu ilə Azərbaycanın qərbə istiqamətlənmiş nəqliyyat şəbəkəsi vahid logistika zəncirinin bir-birini tamamlayan hissələrinə çevriləcək.

Qazaxıstanın TRIPP layihəsində iştiraka hazır olması Azərbaycan üçün bir neçə mühüm istiqamətdə əhəmiyyət daşıyır. Birincisi, Azərbaycanın tranzit ölkə kimi mövqeyi möhkəmlənir. Qazaxıstanın Orta Dəhliz vasitəsilə Azərbaycan üzərindən Avropa bazarlarına çıxan yük axınları Zəngəzur bağlantısının açılması ilə əlavə marşrut imkanları əldə edəcək. Bu, Azərbaycanın yalnız Xəzər hövzəsi ilə Cənubi Qafqaz arasında deyil, həm də Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında əsas logistika qovşaqlarından biri kimi rolunu artıracaq. İkincisi, tranzit gəlirlərinin artırılması üçün yeni imkanlar yaranacaq. Dəmir yolu və avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcminin artması liman, terminal, anbar, ekspeditorluq və gömrük xidmətlərinə tələbatı yüksəldəcək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və Azərbaycanın dəmir yolu infrastrukturu bu prosesdə mühüm rol oynayacaq. Üçüncüsü, Azərbaycanın Naxçıvan vasitəsilə Türkiyəyə birbaşa quru bağlantısı perspektivi güclənir.

Zəngəzur istiqamətində nəqliyyat əlaqəsinin qurulması Azərbaycan-Naxçıvan-Türkiyə xəttinin funksional əhəmiyyətini artıracaq. Bu, Türkiyə ilə Mərkəzi Asiya arasında yük daşımalarının daha çox alternativ əldə etməsinə və türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə şərait yarada bilər. Dördüncüsü, Azərbaycanın beynəlxalq nəqliyyat layihələrində tərəfdaşlıq imkanları genişlənir.

Qazaxıstanın iştiraka marağı göstərir ki, Zəngəzur bağlantısı artıq yalnız iki Cənubi Qafqaz ölkəsinin münasibətləri ilə məhdudlaşan məsələ deyil. Layihə Mərkəzi Asiya, Xəzər hövzəsi, Türkiyə, Avropa və beynəlxalq investorların maraqlarının kəsişdiyi daha geniş iqtisadi platformaya çevrilmək potensialına malikdir.

Qazaxıstanın TRIPP layihəsinə marağının ən mühüm tərəflərindən biri Orta Dəhlizlə Zəngəzur bağlantısının bir-birinə alternativ deyil, tamamlayıcı marşrutlar kimi inkişaf etdirilməsi perspektividir.

Orta Dəhliz Çin və Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra Gürcüstan və Türkiyə istiqamətində Avropaya çıxış yaradır. Zəngəzur bağlantısı isə Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirərək bu nəqliyyat sisteminə əlavə istiqamət qazandırır.

Qazaxıstanın marağı da məhz bu yanaşma ilə üst-üstə düşür. Astana üçün əsas məqsəd yüklərin daşınmasında alternativlərin artırılması, tranzit risklərinin azaldılması və Avropa bazarlarına çıxışın daha dayanıqlı mexanizmlərinin yaradılmasıdır.

TRIPP layihəsinin əhəmiyyəti iqtisadi məsələlərlə yanaşı, geosiyasi amillərlə də bağlıdır. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə imzalanmış Birgə Bəyannamə regionda nəqliyyat kommunikasiyalarının açılması istiqamətində yeni siyasi çərçivə formalaşdırdı.

Qazaxıstanın TRIPP layihəsində iştirak etməyə hazır olduğunu bəyan etməsi Azərbaycanın regional nəqliyyat strategiyası baxımından mühüm hadisədir. Bu maraq Zəngəzur bağlantısının yalnız regional kommunikasiya xətti deyil, Mərkəzi Asiya ilə Avropa arasında formalaşan geniş nəqliyyat-logistika sisteminin potensial tərkib hissəsi kimi nəzərdən keçirilməsinə imkan verir. Daha geniş geoiqtisadi müstəvidə isə Qazaxıstanın iştiraka marağı Azərbaycanın Xəzər hövzəsindəki tranzit mövqeyinin əhəmiyyətini bir daha gündəmə gətirir. Qazaxıstan şərq istiqamətindən gələn yük axınlarının mühüm mənbəyi, Azərbaycan isə bu axınların Qərbə yönəlməsində əsas tranzit qovşaqlarından biri kimi çıxış edir. Beləliklə, TRIPP ilə Orta Dəhlizin əlaqələndirilməsi Azərbaycan-Qazaxıstan əməkdaşlığını yeni mərhələyə yüksəldə, türk dövlətləri arasında iqtisadi inteqrasiyanı dərinləşdirə və Avrasiyada daha şaxələndirilmiş nəqliyyat sisteminin formalaşmasına töhfə verə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

14:53
21 Noyabr

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO  

14:51
21 Noyabr

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!