Alış-verişdə istək ehtiyacı üstələməməlidir
Alış-veriş gündəlik həyatımızın ayrılmaz hissəsidir. Amma, görəsən, biz alış-veriş edərkən həmişə rasional qərar veririkmi, yoxsa seçimlərimizin böyük hissəsi hisslərimiz, reklamlar və sosial təsirlər tərəfindən formalaşır?
Müasir dövrdə bu sual daha da aktuallaşıb. Çünki bazarda seçim çoxdur və ən əsası - bizi alış-verişə təşviq edən amillər əvvəlkindən qat-qat güclüdür.
Ən sadə sualdan başlayaq: həqiqətən ehtiyacımız olanı alırıq, yoxsa, sadəcə, istəyimizi təmin edirik? Əvvəllər alış-veriş daha çox ehtiyac üzərində qurulurdu. İnsanlar təzə geyimi əynindəki köhnəldikdə alırdı, texnikanı sıradan çıxanda dəyişirdi. Bu gün isə vəziyyət fərqlidir. Sosial media, reklamlar və "trend" anlayışı bizim ehtiyac hissimizi dəyişdirib. Artıq biz çox vaxt nəyinsə çatışmadığı üçün yox, sadəcə, gördüyümüz üçün almaq istəyirik. Bu, xüsusilə gənc nəsildə daha açıq görünür. Bir məhsulu almaq üçün əsas səbəb onun funksiyası deyil, necə göründüyü və başqalarında necə təsir yaradacağı olur.
Bu zaman endirimlər mövzusu ortaya çıxır. "Endirimlər bizi aldadırmı?" sualı, əslində, düşündüyümüzdən daha dərindir. İlk baxışdan endirim sərfəli görünür: daha ucuz qiymətə məhsul əldə edirik. Amma çox vaxt bu, psixoloji oyunun, başqa sözlə, marketinqin bir hissəsidir. Mağazalar əvvəlcə qiyməti yüksəldib sonra guya "endirim" edərək bizdə "fürsət" hissi yaradır. Bu vaxt biz real ehtiyacımız olmasa belə, "sonra baha olacaq" düşüncəsi ilə marketinq tələsinə düşürük.
Ən düzgün "alış-veriş vaxtı" məsələsi də maraqlıdır. Bir çox ölkədə alış-veriş mədəniyyəti artıq sistemləşib. Məsələn, Avropa və Amerikada ilin müəyyən dövrlərində böyük endirimlər olur və insanlar alış-verişlərini əsasən həmin dövrlərə planlayırlar. Mövsüm sonu endirimləri, il sonu kampaniyaları kimi vaxtlar real qənaət üçün daha uyğundur. Azərbaycanda isə bu mədəniyyət hələ tam oturuşmayıb. Endirimlər tez-tez və bəzən qeyri-şəffaf olur. Buna görə də ən düzgün vaxt təkcə "endirim" zamanı deyil, ehtiyacın həqiqətən yarandığı və qiymətlərin müqayisə edildiyi zamandır. Yəni planlı alış-veriş hər zaman impulsiv alış-verişdən daha sərfəlidir.
Bahalı məhsul məsələsinə gəldikdə isə, "bahalı məhsul = keyfiyyət" düşüncəsi hər zaman doğru deyil. Bəli, bəzi hallarda keyfiyyətli məhsullar daha baha olur, çünki istifadə edilən material, istehsal texnologiyası və brend dəyəri yüksəkdir. Amma bu, bütün hallara aid deyil. Çox vaxt biz məhsulun keyfiyyətindən çox brendə görə pul ödəyirik. Eyni funksiyanı yerinə yetirən, amma daha az tanınan markalara aid məhsullar daha münasib qiymətə ola bilər. Bu, xüsusilə geyim, kosmetika və gündəlik istifadə məhsullarında açıq şəkildə görünür. Ümumiyyətlə, brend, marka asılılığı müasir istehlak cəmiyyətinin ən maraqlı fenomenlərindən biridir. İnsanlar bəzən müəyyən markalara emosional bağlı olur. Bu, sadəcə, keyfiyyət məsələsi deyil, marka, brend bir növ kimlik və status göstəricisi sayılır. İnsanlar geyindiyi, istifadə etdiyi məhsullarla özlərini ifadə etdiklərini düşünürlər. Bu isə alış-verişi ehtiyacdan çıxarıb psixoloji və sosial bir prosesə çevirir. Amma artıq inkişaf etmiş ölkələrdə son illər bunun əksinə bir trend də yaranıb - insanlar daha sadə, loqosuz və funksional məhsullara üstünlük verməyə başlayıblar. Minimalizm və "az, amma keyfiyyətli" yanaşması populyarlaşır.
Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Bizdə hələ də brend status göstəricisi kimi qəbul olunur. Xüsusən sosial mühitdə insanların bir-birini dəyərləndirməsində bu amil müəyyən rol oynayır. Bununla belə, gənc nəsil arasında bu düşüncə tədricən dəyişir. Getdikcə daha çox insan artıq qiymət və keyfiyyət balansına diqqət yetirir, impulsiv alış-verişdən uzaqlaşmağa çalışır.
Bütün bunları dövrlər üzrə müqayisə etdikdə maraqlı mənzərə ortaya çıxır. Keçmişdə seçim az idi, ona görə də qərar vermək daha asan idi. Bu gün seçim çox olduğundan qərar vermək çətindir. Keçmişdə alış-veriş ehtiyacın ödənilməsi idi, bu gün isə çox vaxt özününümayişdir. Texnologiya və marketinq inkişaf etdikcə, insanın seçimlərinə təsir edən amillər də çoxalır.
Alış-veriş həm iqtisadi, həm psixoloji, həm də sosial bir prosesdir desək, yanılmarıq. Bu zaman ən düzgün yanaşma şüurlu olmaqdır. Hər alışdan əvvəl özümüzə sadə bir sual verməyimiz kifayətdir: "Mənim buna həqiqətən ehtiyacım var, ya yox?" Bu sualın düzgün cavabı çox vaxt bizi lazımsız xərclərdən qoruyur və pulumuzu daha səmərəli xərcləməyə imkan verir. Məşhur ifadədir - pulu xərcləmək onu qazanmaqdan daha çətindir.
Nərminə ƏSGƏROVA,
"Azərbaycan"