Türkiyənin Ankara şəhərində “Rəqəmsal mühitdə uşaqların müdafiəsi üzrə beynəlxalq siyasət və təcrübə mübadiləsi” mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva konfrans çərçivəsində keçirilən “Önlənmə, savadlılıq və qoruyucu ekosistemlər” adlı panel müzakirəsində çıxış edərək uşaqların rəqəmsal mühitdə rastlaşdığı təhlükələr və onlardan qorunma yollarından danışıb.
O, bu sahədə əsas qoruyucu sistemlər kimi ailə, məktəb və icmanın rolunu vurğulayıb. Həmçinin qeyd edib ki, rəqəmsal savadlılıqla yanaşı, uşaqlara onlayn riskləri tanımaq, idarə etmək bacarıqları da aşılanmalıdır.
Ceyran Rəhmətullayevanın sözlərinə görə, son araşdırmalar göstərir ki, onlayn risklərdən qaçmaq və sərt valideyn nəzarəti səmərə vermir. Ona görə də valideynlər və müəllimlər "təhlükəsiz təmas" metodundan istifadə etməli, uşaqlara dəstəkləyici çərçivə daxilində əsaslı öyrənmə və refleksiya vasitəsilə rəqəmsal mühitləri araşdırmaq imkanı verməlidirlər.
O, panel müzakirəsi zamanı Azərbaycanda bu sahədə görülən işlərdən, informasiya və kibertəhlükəsizlik, rəqəmsal inkişaf sahəsində qəbul edilən strategiyalar, uşaqların zərərli informasiyalardan qorumaq üçün informasiya məhsullarının yaş kateqoriyaları üzrə bölünməsi və digər sahələrdə görülən tədbirlərdən bəhs edib.
Qeyd edək, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikigünlük yüksəksəviyyəli tədbirdə ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.