Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılan tədqiqatın nəticələri Q1 kateqoriyasında yer alan, “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indekslənən “The Journal of Education, Culture and Society” jurnalının 2025-ci il, 1-ci nömrəsində dərc olunub.
Tədqiqat AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor Bəxtiyar Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşları Ülviyyə Nəhmətova, Mətanət Əliyeva, uzman klinik psixoloq Narınc Rüstəmova, Fuad Əsədov və Ülkər Zalova Nuriyevanın iştirakı ilə həyata keçirilib.
Tədqiqatçılar tərəfindən hazırlanmış “Uşaq və yeniyetmələr üçün psixoloji distres şkalasının Azərbaycan dilinə adaptasiyası: Psixoloji distres, rifah və həyatdan məmnunluqla əlaqəsinin araşdırılması” adlı məqalədə CAPDS-10 (Child and Adolescent Psychological Distress Scale) şkalasının Azərbaycan dilinə uyğunlaşdırılması və onun psixometrik göstəriciləri araşdırılıb.
Tədqiqatın əsas məqsədi — psixoloji distres şkalasının Azərbaycan dilinə adaptasiyasını həyata keçirmək və onun həyat məmnunluğu və rifah göstəriciləri ilə əlaqəsini empirik şəkildə qiymətləndirmək olub.
Araşdırmada 11–18 yaş aralığında olan 2217 nəfər (1302 qadın, 915 kişi) iştirak edib.
Əldə olunan əsas nəticələr:
* CAPDS-10 şkalası Azərbaycanlı yeniyetmələr arasında psixoloji distres səviyyəsinin ölçülməsi üçün etibarlı və psixometrik baxımdan uyğun bir alət kimi təsdiqlənib.
* Psixoloji distres ilə təşviş, stress və depressiya simptomları arasında müsbət korrelyasiya müşahidə edilib. Yəni bu simptomlar artdıqca, psixoloji distres səviyyəsi də yüksəlib.
* Psixoloji distres ilə həyat məmnunluğu və rifah arasında mənfi əlaqə müəyyən olunub. Distres səviyyəsi azaldıqca, həyat məmnunluğu və rifah göstəriciləri artır.
Məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
https://www.jecs.pl/index.php/jecs/article/view/1729