Yoluxmanın artmasının əsas səbəbi xəstələrin özlərini təcrid etməmələridir
Ölkəmizdə son həftələrdə COVID-19 virusu ilə yanaşı, mövsümi qrip virusu kimi tanınan influenzaya yoluxmanın da nəzərə çarpacaq dərəcədə artması insanların narahatlığına səbəb olub.
Koronavirusa görə sərt karantin tədbirlərinin tətbiq olunduğu dövrlərdə əhali arasında COVID-19 davranışı, vərdişləri formalaşmışdı. Elə buna görə də qrip və bu tip kəskin respirator virus infeksiyalarının yayılma səviyyəsi azalmışdı. Lakin təəssüf ki, etinasızlıq nəticəsində əvvəllər əldə edilmiş immunitet müəyyən qədər zəifləyib, əksər ölkələrdə COVID-19-la bağlı məhdudiyyətlərin aradan qaldırılması və qoruyucu vasitələrdən istifadənin məcburi olmaması qrip kimi xəstəliklərin kütləvi yayılmasına gətirib çıxarmışdır.
Yüksək hərarət, baş-boğaz və əzələ-oynaq ağrıları, yorğunluq və öskürək
Kliniki Tibbi Mərkəzin həkim-terapevti Könül Bənənyarskaya deyir ki, son həftələr qeyri-sabit hava şəraiti ilə əlaqədar həm uşaqlar, həm də böyüklər arasında kəskin respirator virus infeksiyalarına yoluxanların sayında artım müşahidə olunur: "Lakin hazırda qripin kəskin artmasının səbəbi yalnız fəsli xarakter daşımır. Hava-damcı yolu ilə ötürüldüyündən bu infeksiyanın yoluxduruculuğunun yüksək olması və xəstələrin özünü təcrid etməməsi yayılma sürətini artırır".
K.Bənənyarskaya bildirir ki, xəstələr yüksək hərarət, baş-boğaz və əzələ-oynaq ağrıları, yorğunluq, burun tıxanıqlığı və öskürək kimi simptomlardan şikayətlənirlər. Xəstəliyin gedişatı əksər hallarda yüngül keçsə də, onun bir çox ağırlaşmaları da mövcuddur. Bu ağırlaşmalara pnevmaniya, otit, meningitlər və s. aiddir.
"Statistikaya nəzər salsaq, kəskin respirator virus infeksiyalarının uşaqlar və yaşlılar arasında daha sürətlə yayıldığını görərik. Lakin qrip infeksiyası xüsusi riskli qrupa daxil olan şəxslər, xroniki xəstəliklərdən, xüsusən ürək və ağciyər çatışmazlığından əziyyət çəkənlər üçün daha təhlükəlidir. Klinik olaraq ağır keçirmək proqnozu olan xəstələr virusun əlamətlərini hiss etdikləri ilk 48 saat ərzində həkimə müraciət etməlidirlər. Ümumilikdə isə qrip virusu 7-8 gündən artıq, temperaturu 39-40 dərəcələrdə davam edən və orqanizmi hərarətsalıcı dərmanlara tabe olmayan hər kəs mütəxəssislə əlaqə saxlamalıdır", - deyə həkim-terapevt bildirib.
İnfeksiyaların əsas profilaktikası peyvəndləmədir
Ölkəmizdə hər il payız-qış mövsümündə qrip əleyhinə vaksinasiya həyata keçirilir. Peyvəndləmə könüllülük xarakteri daşıyır. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu il də qrip əleyhinə peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub.
K.Bənənyarskaya deyir ki, influenza və digər kəskin respirator virus infeksiyalarının əsas profilaktik metodu vaksinasiyadır: "Vaksin orqanizmin immunitetini artıraraq sağlamlığın qorunmasına kömək edir. Epidemioloji vəziyyətlə əlaqədar olaraq hər il peyvəndlərin tərkibi dəyişdirilir. Bu peyvəndlər profilaktika məqsədilə insanlara vurulduqda 80-95 faiz hallarda spesifik humoral və hüceyrə immuniteti əmələ gəlir. Virus əleyhinə antitellərin əmələ gəlməsi vaksindən 10-15 gün sonra formalaşır və minimum bir il əzində insanın qanında qalır. Peyvəndləri ilk növbədə azyaşlılara, yaşı 60-ın üzərində olanlara, xroniki xəstəliklərdən əziyyət çəkənlərə məsləhət görürük. İnsanlar yaşadıqları ərazi üzrə poliklinikalara müraciət edərək ödənişsiz olaraq peyvənd vurdura bilərlər. Əhali arasında geniş vüsət almasa da, vaksinlərdən istifadə edənlər az deyil".
Mütəxəssis qeyd edir ki, müayinə nəticəsində xəstənin ambulator və ya stasionar müalicəsi qiymətləndirilib, ona uyğun addımlar atılmalıdır: "Kəskin respirator virus infeksiyalarında müalicə simptomatik aparılır, hərarətsalıcı, immunitet gücləndirici preparatlardan,vitaminlərdən istifadə olunur. Qrip zamanı antibiotiklərdən istifadəni tövsiyə etmirik. Belə ki, bu xəstəliyin törədicisi virusdur və antibiotiklər bakteriyalara qarşı dərman preparatları olduğundan qətiyyən məsləhət görülmür.
Həkim-terapevt deyir ki, xəstə özünü ətrafdakılardan təcrid edərək, heç olmasa 3 gün yataq rejimində olmalıdır. Otağını tez-tez havalandırmalı və gigiyena qaydalarına riayət etməlidir. Özünü təcrid edə bilmədiyi hallarda isə tibbi maskadan istifadə etməlidir. Kəskin respirator virus infeksiyasına yoluxmuş şəxslər xəstəlik müddətində maye qəbuluna xüsusi önəm verməli, orqanizmin susuzlaşmasına yol verməməlidir. Balanslaşdırılmamış və yetərsiz qidalanma da immuniteti zəiflədərək orqanizmi müdafiəsizləşdirir. Kəskin respirator infeksiyaya yoluxma zamanı maye və mineral balansını təmin etmək vacibdir. Qida rasionlarında mövsümə uyğun meyvə və tərəvəzlərə, habelə moruq və zoğal mürəbbələrinin qəbuluna üstünlük verilməlidir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"