16 Fevral 2025 08:40
749
Mədəniyyət
A- A+
Milli ruhlu rəssamın yaradıcılıq yolu

Milli ruhlu rəssamın yaradıcılıq yolu


Onun yaradıcılığı mübaliğəli, dəbdəbəli, bəzədilmiş, süni görünə biləcək mövzulardan çox-çox uzaqdır. Bu sənətkarın əsərlərində daha çox sadə məişət mövzuları, gündəlik həyatdan götürülmüş adi səhnələr, xalq məişəti, milli adət-ənənələr əsas yer tutur. Onlarda rəssamın özünəməxsus yaradıcılıq təxəyyülü və dəst-xəti əks olunub. Bu il Xalq rəssamı Ağa Cəfər oğlu Mehdiyevin 105 yaşı tamam olur. 

Ağa Mehdiyev ölkəmizin ən gözəl guşələrindən biri olan İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Lahıc özünün təbii gözəllikləri, gözoxşayan mənzərəsi, insanlarının zəhmətsevərliyi və adət-ənənələrimizin xüsusi şövqlə yaşadıldığı bölgələrimizdən biridir. Lahıcda məxsusi ustalıqla hazırlanmış sənətkarlıq nümunələri ölkəmizdən uzaqlarda da şöhrət qazanıb. Təbii ki, rəssamın ilahinin ecazkar gözəlliklər bəxş etdiyi belə guşədə böyüyüb boya-başa çatması, onun sənət seçiminə və sonradan sənət dünyasının formalaşmasına heç də az təsir etməyib. A.Mehdiyev ali rəssamlıq təhsili almamışdır. O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra (1938) fəal yaradıcılıq aləminə qədəm basmışdır. Qeyd etmək lazımdır ki, xüsusi yaradıcılıq bacarığı tələb edən sənət növlərini hər hansı bir məktəbi bitirməklə əldə etmək olmaz. Sadəcə bu sənət adamının yaradıcılıq dünyasını təkmilləşdirmək üçün bir vasitə ola bilər.

A.Mehdiyev dəzgah rəssamlığının bütün janrlarında xüsusi bədii yaradıcılıq təxəyyülü ilə əsl sənət inciləri yaratmışdır. Onun istər süjetli tablo və portret, istərsə də mənzərə və natürmort janrlarında yaratmış olduğu sənət əsərləri özünün bədii ifadə həlli, işlənilmə xüsusiyyətləri, forma-məzmun ahəngdarlığı və bədii təsir qüvvəsi ilə tamaşaçı və mütəxəssislərin nəzər-diqqətini cəlb edir.  

A.Mehdiyev Azərbaycan təsviri sənət tarixində özünün yaradıcılıq üslubunu yaratmış sənətkarlardandır. Rəssam kompozisiya quruluşunda əlavə detallardan imtina edir, əksər hallarda qəhrəmanlarını, əşya və predmetləri açıq təbiət fonunda təsvir edirdi. O, kolorit həllində daha çox təmiz rənglərə üstünlük verir və təmiz rəng keçidlərinin kontrastlığı vasitəsilə əsərlərində işıq-kölgə münasibətlərini yaradırdı. İstər mövzu seçimində, istərsə də bədii texniki işlənilmə xüsusiyyətlərində rəssam ənənələrə söykənirdi. Onun bilərəkdən perspektiv və kolorit həllindən imtinası, eləcə də əyri, dalğalı xətlərlə işləmə xüsusiyyətləri təbii ki, qədim miniatür sənətimizdən qaynaqlanırdı. 

Bəlkə də A.Mehdiyevin milli motivli əsərlər işləməsi və işlənilmə texnikasında mövcud qaydalardan kənar, qədim miniatür üslubuna meyilliyi onun sənətinin vaxtilə layiq olduğu mərtəbəyə uyğun dəyərləndirilməsinə və qiymətləndirilməsinə mane olmuşdur. Belə ki, A.Mehdiyevə 1988-ci ildə ömrünün 68-ci ilində Əməkdar rəssam fəxri adı verilmişdir. 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə rəssamın yaradıcılığı yüksək qiymətləndirilmiş və o, müstəqil respublikamızın Xalq rəssamı fəxri adına layiq görülmüşdür. Rəssamın 1961, 1970, 1981 və 1988-ci illərdə Bakı şəhərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunmuşdur. A.Mehdiyevin əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi ilə yanaşı, ölkəmizin digər muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

Sənətkarın süjetli tabloları yüksək bədii və estetik təsir gücünə malikdir. Rəssamın təsvir etdiyi hadisələrdə tamaşaçı seyrçi deyil, sanki iştirakçı qisimdə çıxış edir. Onun süjetli tablolarına "Toy" (1973), "İntizar" (1975), "Xalq bayramı" (1976), "Günəşli gün" (1976), "Xalq bayramı" (1977), "Eyvanda" (1977), "Yaylaqda" (1977), "Analıq" (1977), "Güləş" (1979), "Xalçaçı" (1979), "Lahıc qadınları" (1979), "Tikişçi" (1982), "Nar yığımı" (1984), "37-ci il" (1987), "Səhər" (1987), "Bahar" (1987), "Təndir başında" (1988), "Qaçaq Nəbi və Həcər" (1988), "Şərq" (1989), "Ailə" (1989), "Bazar günü" (1990), "Qanlı gecə" (1990) və başqalarını qeyd etmək olar. Sadalanan əsərlərin hər birinin ayrı-ayrılıqda bədii təhlilinə ehtiyac duyulur. Rəssam ana məhəbbətini, qadın əməyini, qadınların  gündəlik ailə-məişət qayğılarını, xalçaçıların, pəhləvanların, kəndirbazların, heyvandarların iş şəraitlərini, yaradıcı, zərif peşə sahiblərinin iş prosesinin müxtəlif məqamlarında, bütün incəlikləri ilə yüksək yaradıcı zövqlə və xüsusi ustalıqla romantik biçimli lövhələrdə əbədiləşdirmişdir. 

A.Mehdiyev "37-ci il" adlı əsərini repressiyaya uğrayan Azərbaycan ziyalılarının ölməz ruhlarına ithaf etmişdir. Möhürlənmiş qapının çərçivələrinə yöndəmsiz taxtaların çarpaz şəklində mıxlanmış görüntüləri seyrçidə olduqca ağır hisslər yaradır. Bu repressiya mövzusunda işlənilmiş ilk təsviri sənət nümunəsi hesab olunur. 

Rəssam 1990-cı il Qanlı iyirmi yanvar faciəsinin dəhşətlərinə biganə qalmamış, "Qanlı gecə" adlı əsərində faciənin acılarını bədi biçimdə əbədiləşdirmişdir. 

A.Mehdiyev eyni zamanda bir çox portret qalereyası yaratmışdır: "Qoca kişi başı" (1975), "Avtoportret" (1979), "Lahıclı qız" (1980), "Qız surəti" (1980), "Xalq şairi Süleyman Rüstəmin portreti" (1980), "Çobanın portreti" (1982), "İki ay" (1984), "Kamança çalan" (1984), "Qoca qadın" (1984), "Dağlı qadın" (1985) və s. Rəssam təsvir etdiyi qəhrəmanlarının surətlərini ümumiləşdirilmiş şəkildə, bir növ rəmzi xarakterli yaratmışdır. Bunu rəssam bilərəkdən edirdi. Yalnız rəssamın avtoportretində realistik işlənilmə üslubunu sezmək mümkündür. O, özünün anatomik üz cizgilərini incəliklə təsvir etmişdir.

A.Mehdiyev təbiətin ecazkar gözəlliklərini mənzərələrində təsvir etməkdən yorulmamışdır. İlahi gözəlliklər, Abşeronun,  İsmayıllının, Lahıcın və Azərbaycanın digər bölgələrinin səfalı təbiəti,  əzəmətli dağları, mənzərəli meşələri, çayları rəssamın fırçası ilə əbədiləşdirilərək kətana köçürülmüşdür. Mənzərə əsərlərinə rəssamın "Qayıqlar" (1966), "Bürkü" (1977), "Qızmar gün" (1977), "Qayıq" (1978), "Keçid" (1978), "Abşeron" (1979), "Dağlar" (1979), "Dağlarda" (1980), "Günorta. Lahıc" (1982), "Köhnə həyət" (1982), "Uca dağlarda" (1985), "Kiçik həyət" (1985), "Yağışdan sonra" (1985), "Sakitlik" (1985), "Şər qarışanda" (1986), "Payız" (1989) və başqalarını qeyd etmək olar. Avropanın sənət mərkəzində yaşayıb-yaratmış, postimpressionizm cərəyanının məşhur nümayəndəsi Pol Qoqen (1848-1903) və Fovizm cərəyanının banisi Anri Matiss (1869-1954) yaradıcılıqlarında bilərəkdən perspektiv və işıq-kölgə həllindən imtina edir, kolorit həllində daha çox  təmiz rəng yaxılarından istifadə edirdilər. Təbii ki, bu rəssamların üslubunun formalaşmasında, onların yaradıcılığına Şərq incəsənətinin güclü təsiri olmuşdur. Maraqlısı budur ki, Azərbaycan təsviri sənətində formalaşmış bu ənənə sovetlər dönəmində unutdurulmağa çalışılmışdır. Buna baxmayaraq, A.Mehdiyev özünün yaradıcılığında bu istiqaməti həmişə ana xətt kimi götürmüşdür. Demək olar ki, rəssam ömrü boyu öz sənət prinsiplərinə sadiq qalaraq, tamaşaçının zövqünü oxşayan, forma, məna  və məzmun dolğunluğu ilə seçilən, güclü bədii-estetik təsir qüvvəsinə malik sənət əsərləri işləmişdir. 

Rəssam həmçinin maraqlı natürmort nümunələri yaratmışdır. "Qəhvədanla natürmort" (1984), "Natürmort palitra ilə" (1984),  "Natürmort" (1985) və s. 

A.Mehdiyevin Türkiyəyə etdiyi yaradıcılıq ezamiyyəti onun üçün həm maraqlı, həm də yaddaqalan olmuşdur. Qardaş Türkiyə Cümhuriyyətinə yaradıcılıq səfərində o, gördükləri, duyduqları və müşahidələri nəticəsində maraqlı tablolar yaratmışdır. Bu səfərdən sonra rəssamın Türkiyəyə həsr edilmiş əsərlərindən ibarət Bakıda fərdi sərgisi təşkil olunmuş və sərgi tamaşaçı və mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmişdir. Lakin sonralar nədənsə rəssamın xarici ölkələrə yaradıcılıq ezamiyyəti müşahidə edilməmişdir. Rəngkarın tarixi minilliklərlə ölçülən qədim İstanbul şəhərinə həsr etdiyi mənzərələr tamaşaçının qəlbində xoş hisslər yaradır. A.Mehdiyevin "İstanbul duman içində" (1960), "Bosfor yağışdan sonra" (1960), "Axşama doğru. İstanbul" (1961) və başqa əsərləri 1961-ci ildə "Türkiyədə" adlı fərdi sərgidə, daha sonra 1964-cü ildə təşkil olunmuş "Xarici ölkələr Azərbaycan rəssamlarının gözü ilə"  adlı qrup sərgisində uğurla nümayiş olunmuşdur. 

Sənətkarın həyat və yaradıcılığı haqqında albom-kitab (M.Litvin "Ağa Mehdiyev" Bakı, 1990) nəşr olunmuşdur. Xalq rəssamı Ağa Mehdiyevin özünəməxsus yaradıcılıq dəst-xəti və güclü müşahidə qabiliyyəti ilə yaratmış olduğu sənət nümunələri Azərbaycan təsviri sənət tarixində həmişə yaşayacaqdır.


Əsəd QULİYEV,

Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kreml Rusiya və ABŞ prezidentlərinin qarşıdakı danışıqlarının detallarını açıqlamır

16:14
17 Mart

Neft-qaz sektorunda 6,5 milyard manatlıq ÜDM istehsal olunub

16:14
17 Mart

Android smartfonlarda “Google Assistant” “Gemini” ilə əvəzlənəcək

16:09
17 Mart

Ən nadir "Ferrari"lərdən biri hərracda satılacaq

16:08
17 Mart

Yük konteynerlərinin sürətli daşınması üçün vakuum magistralı tikilir

16:07
17 Mart

Mnatsakanyan: Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi  

16:03
17 Mart

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb  

15:59
17 Mart

Büdcənin icrasında ÜDM-in 7,2 faizi qədər profisit yaranıb

15:58
17 Mart

Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə artırılan reyslərin sayı açıqlanıb  

15:57
17 Mart

İqtisadi fəal əhalinin sayı açıqlanıb

15:53
17 Mart

Prezident İlham Əliyev şimali makedoniyalı həmkarına başsağlığı verib

15:52
17 Mart

Azərbaycanda əhalinin sayı açıqlanıb

15:51
17 Mart

“Haber Global”: Ermənistana hərbi yardımı artıran Aİ öz siyasətinin ziddinə hərəkət edir

15:50
17 Mart

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3 milyard kubmetrdən çox qaz nəql olunub

15:46
17 Mart

Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır  

15:45
17 Mart

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib YENİLƏNİB

15:44
17 Mart

BTC ilə daşınan neftin həcmi açıqlanıb

15:42
17 Mart

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya  

15:40
17 Mart

Valentina Matviyenko: Xalqlarımız arasındakı münasibətlər qarşılıqlı hörmətə əsaslanır  

15:38
17 Mart

Mədəniyyət naziri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

15:38
17 Mart

Sahibə Qafarova: Azərbaycan və Rusiya parlamentləri arasında ikitərəfli görüşlər qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün son dərəcə vacibdir  

15:37
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!