Azərbaycan xalqı əlamətdar hadisəni - Vətən müharibəsində qazandığımız şanlı Zəfərin 5-ci ildönümünü təntənə ilə qarşılayır. Böyük qürur hissi ilə qeyd etməliyik ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının qətiyyətli və yenilməz siyasi kursunun, ordumuzun qəhrəmanlığının, xalqımızın həmrəyliyinin ən möhtəşəm təcəssümü olan bu Zəfər və onun sayəsində əldə olunan silsilə uğurlar Azərbaycan dövlətini tarixindəki ən qüdrətli mərhələyə yüksəldib.
Xalqımız beş ildir ki, Müstəqillik Gününü, Milli Qurtuluş Gününü, Müstəqilliyin Bərpası Gününü, Bayraq Gününü, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və daha neçə-neçə əlamətdar bayramını ərazilərimizin bütövlüyü, suverenliyimizin tam təmini şəraitində qeyd edir. Bu il həm də 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünü Qarabağda və Şərqi Zəngəzurda əbədi dalğalandırılan bayrağımızın bəxş etdiyi qürur hissi ilə "Konstitusiya və Suverenlik İli" kimi ölkəmizin bütün bölgələrində təntənə ilə keçiririk.
Torpaqlarımızın işğaldan azad edilməsi dövlət siyasətinin prioriteti idi
Azərbaycan xalqı və dövlətimiz adına qazanılan bütün tarixi qələbələrə Prezident İlham Əliyevin qətiyyətli, müdrik və uzaqgörən siyasəti nəticəsində nail olunub. Ötən 22 illik zaman kəsiyində Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı Prezident İlham Əliyevin dövlətimizə rəhbərlik etdiyi dönəmdə sürətli iqtisadi inkişaf yaşayan Azərbaycan bu gün dünyanın enerji təhlükəsizliyində yaxından iştirak edən, nəqliyyat qovşağına çevrilən, qlobal siyasətdə söz sahibi olan dövlətlərin belə əməkdaşlıqda maraqlı olduğu ölkəyə çevrilib.
Qarabağ Zəfəri ilə bölgədə kommunikasiyaların açılmasına şəraitin yaranması isə Cənubi Qafqazda daha geniş coğrafiyanı əhatə edəcək əməkdaşlıq və əlaqələr üçün əhəmiyyətli zəmin formalaşdırıb. Multikultural, tolerant ənənələrə sahib Azərbaycanın beynəlxalq ictimaiyyət arasında sülhə birbaşa töhfə verən ölkə olaraq tanınıb təqdir edilməsi gerçəkliyi də digər vacib nüansdır. Bu, ölkəmizin postmünaqişə dövründə müasir sülh quruculuğunda, qlobal əməkdaşlıq və həmrəylik istiqamətində göstərdiyi mühüm səylərinə verilən qiymətdir.
1991-ci ildən - Azərbaycanın müstəqilliyini bərpa etməsindən bugünkü qələbə zirvəsinə uzanan yolu isə elə də asan olmayıb. İşğal görmüşük, dünyanın ikili standartları ilə üzləşmişik, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin onilliklər boyu kağız üzərində qaldığına şahidlik etmişik, ABŞ-nin qərəzli 907-ci düzəlişinə məruz qalmışıq.
Xalqımızın maraqlarının təmini istiqamətində apardığımız milli mübarizəmizin öndərləri Umummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev olub. Torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin olan və bunu hər zaman dilə gətirən Ulu Öndər mötəbər tribunalarda Qarabağ məsələsini qaldıraraq beynəlxalq gündəlikdən düşməsinə qətiyyən imkan vermədi. Müxtəlif güc dairələrinin təzyiqlərini dəf edən, onlara sinə gərən qətiyyətli siyasətçi Heydər Əliyev Qarabağın Azərbaycandan ayrılmasını özündə ehtiva edən heç bir sənədə qol qoymadı. Elə Ulu Öndər Heydər Əliyevin xalqının, ölkəsinin milli maraqları naminə nümayiş etdirdiyi sarsılmaz qətiyyətin sayəsində qorunub saxlanan hüquqi zəmin bütün parametrlərdə sonradan bizə Qarabağ zəfərini qazandırdı: həm tarixi, həm siyasi, həm diplomatik aspektdə.
Ulu Öndərin Azərbaycana misilsiz xidmətlərindən biri də özünün təməlini yaratdığı unikal dövlət irsini layiqli siyasi varisi cənab İlham Əliyevə həvalə etməsi oldu. Həmin vaxt xalqımız dahi liderin bununla bağlı müraciətini müdrikliklə qiymətləndirərək prezident seçkilərində yekdilliklə İlham Əliyevə səs verdi və Heydər Əliyev siyasi yolu son 22 ildə ölkəmizi tarixi qələbələrin yaşandığı bugünkü günümüzə çatdırdı.
15 oktyabr 2003-cü ildə Prezident olaraq and içdiyi gündən etibarən torpaqlarımızın azadlığını gündəliyindəki ən vacib məsələ kimi müəyyən edən cənab İlham Əliyev atdığı praqmatik və uzaqgörən addımlar sayəsində ölkəmizin qarşısında duran taleyüklü məsələləri bir-bir həll etdi. Qarabağ və Şərqi Zəngəzur işğal altından qurtarıldı, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olundu, Konstitusiyamız bütün ərazilərimizdə hüquqi qüvvəyə mindi.
Bu ilin sentyabr ayında Nyu Yorkda BMT-nin 80 illik yubiley sessiyasındakı çıxışında Prezident İlham Əliyevin nitqinə ölkəmizin keçdiyi çətin və şərəfli yoldan bəhs edərək başlaması da təsadüfi xarakter daşımırdı. Bu həm də Azərbaycanın timsalında dünyanın ikili standartları ilə üz-üzə qalan, BMT TŞ-nin onilliklər boyu kağız üzərində qalan qətnamələrini özü hərb yolu ilə yerinə yetirərək qalib gələn bir ölkənin mötəbər tribunadan dünyadakı bu tip münaqişələrin həllinə necə nail olunması, yeni və ədalətli dünya nizamının necə qurulması ilə bağlı çağırışı, örnək götürüləsi yolu idi: "Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam".
Ordumuz cəmi 44 günə düşməni diz çökdürdü
Azərbaycanın dünyanın hər yerindən görünən və təqdir edilən bugünkü qələbələrə çatması üçün Prezident İlham Əliyev fəaliyyəti ərzində sözün həqiqi mənasında möcüzə adlandırılacaq işlərə imza atdı. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün həm daxildə hərtərəfli islahatlar həyata keçirdi, həm də ölkəmizin beynəlxalq aləmdə tanınması, digər ölkələrlə ikitərəfli əlaqələr qurması, əməkdaşlığı üçün sistemli və nəticəyönümlü addımlar atmağa başladı.
Dünyada baş verən hadisələri yaxından izləyərək dərin analizlər aparan müdrik lider Azərbaycanın iqtisadi və hərbi gücünün artırılmasının vacib tələb olduğunu qarşısına hədəf qoyaraq bu istiqamətdə kompleks işlər həyata keçirməyə başladı. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin sayəsində imzalanan və "Əsrin müqaviləsi" kimi tarixə düşən neft sazişi ilə ölkəmizdə sağlam təməli atılan iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin olundu. Paralel olaraq Azərbaycan Ordusunun modernləşdirilməsi, Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, bir sözlə, hərbi gücümüzün daha da artırılması üçün lazımi tədbirlər görüldü.
2016-cı ildə baş verən və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan dördgünlük Aprel döyüşləri hələ o dövrdə Silahlı Qüvvələrimizin hansı gücə malik olduğunu ortaya qoydu. Eyni zamanda illərlə haqqında "məğlubedilməzlik" mifləri yaradılan Ermənistan ordusunun hərb meydanında biabırçı məğlubiyyətə uğraması işğalçıya Qarabağ torpağından birdəfəlik çıxarılacağının mesajını verdi.
Azərbaycan onilliklər boyu işğal altında olan ərazilərinin danışıqlar yolu ilə azad edilməsinə tərəfdar oldu, münaqişənin diplomatik yolla həllinə çalışdı. Eyni zamanda Azərbaycan hər zaman bəyan etdi ki, sülh danışıqları nəticəsiz qalarsa, torpaqlarımız döyüş ilə işğaldan azad ediləcək. Lakin Ermənistana havadarlıq edən Qərb dairələri Qarabağ münaqişəsinin yoluna düşməsini faktiki olaraq istəmirdilər. Bu il fəaliyyətinə de-yure son qoyulan ATƏT-in keçmiş Minsk qrupu da problemin həlli istiqamətində heç bir iş görmədi. Burada məqsəd Azərbaycanın işğal reallığı ilə barışması idi. Lakin ərazilərimizin işğal altında qalması Azərbaycan üçün qəbuledilməz idi. Digər tərəfdən Ermənistanın artan siyasi və hərbi təxribatları cəbhə xəttində hərbi əməliyyatların yenidən başlanmasını qaçılmaz edirdi.
2020-ci ilin iyulunda Ermənistanın növbəti təxribatı nəticəsində baş verən Tovuz döyüşləri Azərbaycanın səbrini tükəndirən son damla oldu. On minlərlə vətənpərvər gəncimizin Ali Baş Komandan İlham Əliyevə torpaqlarımızın işğaldan azad edilməsi üçün könüllü olaraq müharibəyə yollanmaq istəklərini bildirməsi həm də o dövrdə xalq-ordu-dövlət birliyini bir daha nümayiş etdirdi. Elə bu sarsılmaz birlikdən yaranan "dəmir yumruq" 2020-ci il sentyabrın 27-dən etibarən işğalçını torpaqlarımızdan qovmağa başladı.
Həmin gün xalqa müraciətində Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev bəyan etdi ki, bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq: "Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Ali Baş Komandan İlham Əliyevin Vətən uğrunda "İrəli!" əmri ilə düşmən üzərinə yeriyən qəhrəman döyüşçülərimiz müharibənin ilk günündən addım-addım torpaqlarımızı azad edərək, xalqımıza qələbə şadlığı yaşatmağa başladılar. Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevdən aldığımız zəfər müjdələri ölkəmizin dörd bir yanında bayram coşqusu yaratdı, hər birimizin qəlbini fərəhləndirdi.
İkinci Qarabağ müharibəsi dövründə Prezident İlham Əliyevin informasiya cəbhəsində apardığı mübarizə də yaddaşlarda dərin iz buraxdı. Həmin zaman onlarca beynəlxalq kütləvi informasiya vasitəsinə müsahibə verən dövlət başçısı ölkəmizin həqiqətlərini dünyaya çatdırdı. Bəzi hallarda ona ünvanlanan qərəzli sualları isə düşünülmüş, faktlara əsaslanan və məntiqli cavabları ilə alt-üst etdi.
O zaman qardaş Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində Prezident İlham Əliyevin "İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlərlə müqayisədə eynidir, bərabərdir" deməsi bir Ali Baş Komandan, vətənpərvər şəxsiyyət kimi hər bir qarış torpağımızın cənab İlham Əliyev üçün nə dərəcədə əziz olduğunu bir daha göstərdi.
Sözügedən müsahibəsində möhtərəm Ali Baş Komandanın "Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar" sözləri həm də döyüşçülərimiz üçün kod parol, hər bir hərbçimizin savaş istiqamətinin məhz Şuşaya olduğunun mesajı idi.
Rəşadətli Azərbaycan Ordusu 44 günlük müharibənin hər günündə misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Nə keçilməz sayılan "Ohanyan səddi", düşmənin basdırdığı minalar, qurduğu tələlər, nə də təbii maneələr döyüşçülərimizin Şuşaya yolunu kəsə bildi. Həmin vaxt Silahlı Qüvvələrimiz işlətdiyi hərbi taktika, modern silahlardan sərrast istifadəsi ilə yeni nəsil müharibə aparan ordu kimi də adını dünyanın hərb tarixinə yazdırdı. 44 günlük müharibədə ordumuzun həyata keçirdiyi hərbi əməliyyatların bir sıra ölkələr tərəfindən diqqətlə öyrənilməsi də buna görədir. Azərbaycan Ordusu Vətən müharibəsinin 44 günü ərzində böyük qəhrəmanlıq nümayiş etdirərək 300 yaşayış məntəqəsini, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliyi düşməndən azad etdi.
Milli mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin 2020-ci il noyabr ayının 8-də işğaldan azad edilməsi müharibənin taleyini həll edən əsas hərbi hadisə oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, 8 Noyabr respublikamızda Zəfər Günü kimi qeyd olunur.
10 noyabr 2020-ci ildə Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli Bəyanata imza atması ilə Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan, bir itki verilmədən işğaldan azad edildi. 2024-cü ilin mayında Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin azad olunması isə dövlətimizin Vətən müharibəsi zəfəri müstəvisində tarixi siyasi-diplomatik uğuru oldu.
44 günün Qələbə zirvəsini həm də 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında yaşadıq. Xalqımızın vaxtilə milli mübarizə apardığı Azadlıq meydanında baş tutan Zəfər paradında Dövlət bayrağımız və 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında Silahlı Qüvvələrimizin şəxsi heyəti qürurla addımladı. O gün Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqları Azadlıq meydanında dalğalandırıldı.
Zəfər paradında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, fəxri qonaq qismində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak etdilər. Azərbaycanın Azadlıq meydanından dünyaya qardaşlığın gücü nümayiş olundu.
Suverenliyimiz tam təmin edildi, bütün ərazilərimizdə Azərbaycanın konstitusiya quruluşu bərqərar olundu
Qarabağ zəfərinin məntiqi davamı olaraq 2023-cü il aprel ayının 23-də Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Həmin il sentyabrın 19-20-də Qarabağda keçirilən və cəmi 23 saat çəkən lokal xarakterli antiterror tədbirləri ilə ərazilərimizdəki erməni separatçılığının kökü kəsildi, dövlət suverenliyimiz tam təmin edildi, müstəqillik tariximizdə ilk dəfə bütün ərazilərimizdə Konstitusiyamız hüquqi qüvvəyə mindi.
Həmin il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan Prezident İlham Əliyev qürurla "Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi", - deyə bəyan etdi.
Qarabağda separatizmin tabutuna son mismarın çalınması ilə daha bölgəmizdə Rusiya sülhməramlılarına da ehtiyac qalmadı və onlar ötən il ərazilərimizi tərk etdilər. Azərbaycanın ardıcıl və məqsədyönlü şəkildə atdığı addımlar regionda 30 ildir ki, davam edən münaqişəyə birdəfəlik son qoydu. Bununla bölgədə silahlar susdu, diplomatik fəaliyyət işə düşdü və sülh üçün səhifələr açıldı.
Son beşillik, xüsusilə 2023-cü ildən sonrakı dövrü Cənubi Qafqazda sülh, barış, normallaşma üçün xeyli irəliləyişlərin əldə edildiyi mühüm mərhələ hesab etmək olar.
Qarabağ zəfərindən dərhal sonra Ermənistana sülh təklif edən Azərbaycan bunun üçün beş baza prinsipi irəli sürdü. Əvvəlcə Moskvanın, daha sonra Avropanın iştirakı ilə iki ölkə arasında görüşlər keçirildi, amma Ermənistan və Azərbaycan öz aralarında vasitəçilərsiz dialoqlara başlayana qədər normallaşma istiqamətində hansısa effektiv nəticələr əldə edilmədi. Azərbaycanın qətiyyətli siyasəti Ermənistana özünün qurtuluş yolunun revanşdan deyil, sülhdən keçdiyini diktə etdi.
Bu ilin 8 avqust tarixində Vaşinqtonda, Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan liderlərinin Birgə Bəyannamə imzalamaları, sülh sazişi layihəsinin mətninin paraflanması barış üçün vacib əsaslar yaratdı ki, bütün bunlar 8 Noyabr Zəfərinin bölgədə yaratdığı yeni reallıqların əsasında əldə olundu.
Azərbaycan Prezidenti haqqında yüksək fikirdə olan və bunu dəfələrlə dilə gətirən ABŞ lideri Donald Trampın dövlət başçımızın avqustda Vaşinqtona rəsmi səfəri zamanı "Azadlığa dəstək aktı"na edilən ədalətsiz 907-ci düzəlişdən cənab İlham Əliyevin iştirakı ilə oval ofisdə imtinası da rəmzi mənası ilə diqqət çəkdi.
Vaşinqtonda Azərbaycanın öz ərazisindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidi təmin edən Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı razılıq da əldə edildi. Orta dəhlizin strateji bəndi kimi və "Şərq-Qərb" kommunikasiyasının ən hərəkətverici qüvvəsi olacaq Zəngəzur dəhlizi bölgəyə geniş perspektivdə inkişaf və əməkdaşlıq vəd edir. Bu dəhlizin vaxtilə məqsədyönlü şəkildə parçalanmış türk dünyası coğrafiyasını bərpa etməsi də tarixi uğurdur.
Bu gün Prezident İlham Əliyevin qlobal məsələlərin həll olunduğu və müxtəlif ölkələrdə keçirilən mötəbər beynəlxalq konfranslarda ardıcıl iştirakı onu göstərir ki, dünya da Azərbaycanın sülh səylərini dəstəkləyir və nümunə götürür. Ötən ay ABŞ lideri Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində dövlətimizin başçısının iştirakı Azərbaycanın bölgəyə dayanıqlı barış, inkişaf və tərəqqi vəd edən praqmatik addımlarının doğurduğu nəticələrdən idi.
Ortaq tarixi köklərə malik olduğumuz türkdilli xalqların, dövlətlərin Qarabağ zəfərini böyük sevinc və qürurla qarşılamaları təsadüfi deyildi. Çünki müzəffər lider İlham Əliyev bu qələbəni həm də "türk dünyası ailəsi" adına qazanıb. Buna görədir ki, 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edildi.
Bu mənada elə həmin il iyunun 15-də - Qurtuluş Günündə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərində siyasi-hüquqi, hərbi-geostrateji bəyannamə imzalamaları ümumilikdə bölgədə təhlükəsizlik və sülh üçün mühüm addım oldu. Tarixi Qars müqaviləsinin yüzüncü ildönümündə imzalanan Şuşa Bəyannaməsi bir millət, iki dövlət sayılan Azərbaycan və Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırdı. Ümumiyyətlə, atılan bütün bu addımlar türk dünyasının birliyinə mühüm töhfələr verir.
Tam və mütləq Qələbə
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa işləri və Böyük qayıdışın sürətlə gerçəkləşdirilməsi isə ölkəmizin quruculuq meydanındakı zəfəridir. Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə bu ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd"lər salınır, modern infrastruktur qurulur. Sadəcə son dörd ildə həmin iqtisadi bölgələrimizdə üç beynəlxalq hava limanı tikilərək istifadəyə verilib ki, bu özü işğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq işlərinin hansı miqyasda olduğunu göstərir. 2021-ci ildə Qarabağın "hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanının, 2022-ci ildə Zəngilan Beynəlxalq Hava Limanının, bu il isə Laçın Beynəlxalq Hava Limanının açılışı olub. Hər üç hava limanının açılışını dövlətimizin rəhbəri İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə edib.
2020-2025-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən lazımi səviyyədə vəsait ayrılıb. Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın öz daxili imkanları hesabına bərpa olunması bir daha dövlətimizin qüdrətini dünyaya bəyan edir.
Vurğulanası vacib məqamlardan biri isə budur ki, dövlətimiz yurdlarına dönən insanların iş yerləri ilə təmininə də xüsusi diqqət yetirir ki, bu, çox vacib məqamdır.
Həmçinin Xankəndidə Qarabağ Universitetinin fəaliyyət göstərməsi burada elm sahəsinin inkişafından xəbər verir. Qədim ənənələri, mənəvi dəyərləri yenidən dirçəldilən Qarabağ və Şərqi Zəngəzurda tarixi, dini, mədəni abidələrimizin bərpası Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən böyük diqqət, yüksək zövqlə həyata keçirilir. Hər kəs xatırlayır, 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyevlə birgə işğaldan azad edilən torpaqlara səfər edən Mehriban xanım Əliyevanın paylaşdığı videoçəkilişlərdən o yerlərdə törədilən vandallıq aktlarını yaxından görmüş olduq. Ancaq indi həmin ərazilərə səfər edən hər kəs, istər yerli, istərsə də xarici vətəndaşlar qısa zamanda burada həyata keçirilən quruculuq işlərini təqdir və heyranlıqla seyr edirlər. İndi Qarabağ və Şərqi Zəngəzur beynəlxalq konfransların, toplantıların, festivalların keçirildiyi ünvana çevrilib.
Bütün bunlar və toxunmadığımız daha neçə-neçə tarixi qələbə Şuşa zəfərinin doğurduğu parlaq nəticələrdir. Zəfərimizin beşinci ildönümünü qeyd etdiyimiz 2025-ci ili cənab Prezidentimizin "Konstitusiya və Suverenlik İli" elan etməsi də simvolik məna daşıyır. Xalqımız artıq neçə ildir ki, bayramlarını ikiqat sevinc, anım günlərini torpaqlarımızın bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin qisasının alınmasının qüruru ilə qeyd edir.
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında cənab Prezident ölkəmizin keçdiyi inkişaf və qələbə yolunu qısaca olaraq belə şərh etdi: "...Son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq".
Ölkəmizin rəhbəri onu da qeyd etdi ki, son beş il ərzində dünyada bir çox yerdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilirlər: "Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır".
Baş verən prosesləri zərgər dəqiqliyi ilə ölçüb-biçmək və sərrast məntiqlə qərar vermək kimi unikal istedada sahib Prezident İlham Əliyevin düşünülmüş siyasəti, atdığı praqmatik addımlar sayəsində müzəffər xalqa, qalib dövlətə çevrilmişik.
Ötən il fevralın 7-də ərazi bütövlüyünü və dövlət suverenliyini, konstitusiya quruluşunu tam təmin edən ölkə olaraq Azərbaycanda ilk dəfə keçirilən prezident seçkilərində növbəti dəfə qədirbilən xalqımızın cənab İlham Əliyevi yekdilliklə dəstəkləməsi də elə Zəfər sərkərdəsinə göstərilən ali etimadı özündə təcəssüm etdirirdi. 44 günlük Vətən savaşında qazanılan Zəfər milli məğrurluğumuzun zirvəsidir. Bu zəfərin parlaq işığı Azərbaycanın gələcək inkişafına, xalqımızın rifah və tərəqqisinə hər zaman nur saçacaq.
Asif ƏSGƏROV,
Milli Məclisin deputatı