08 Iyun 2024 09:37
598
PARLAMENT
A- A+

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında 13 məsələ müzakirə olunub  

 

İyunun 7-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2024-cü ilin növbədənkənar sessiyasının ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin sədri növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

S.Qafarova iyunun 5-6-da Milli Məclisdə keçirilən Türk Dövlətləri Parlament Assambleyasının 13-cü Şura və plenar iclasları, Assambleyanın Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun toplantıları, həmçinin parlament Baş katiblərinin birinci görüşü barədə məlumat verib.

Sonra o, iclasın gündəliyinə 13 məsələnin daxil edildiyini söyləyib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumatı təqdim edib.

O diqqətə çatdırıb ki, 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi qəbul olunarkən dövlət büdcəsi gəlirlərinin 34 173 milyon, xərclərinin 36 763 milyon, dövlət büdcəsi kəsirinin isə 2 590 milyon manat olacağı planlaşdırılmışdı. Bildirilib ki, yenidən baxılan dövlət büdcəsinin gəlirlərinin 2 180.0 milyon manat artırılaraq 36 353.0 milyon manata, xərclərinin 2 944.3 milyon manat artırılaraq 39 707.3 milyon manata, kəsirin 764.3 milyon manat artırılaraq 3 354.3 milyard manata çatdırılması təklif olunur.

Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini açıqlayıb. Cari ilin ötən 4 ayı üzrə makroiqtisadi və fiskal göstəriciləri barədə danışan nazir qeyd edib ki, 2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38,2 milyard manatlıq, o cümlədən qeyri-neft/qaz sektorunda 24,2 milyard manatlıq ÜDM istehsal olunub.

Bildirilib ki, 2024-cü ilin 4 ayında dövlət büdcəsinin gəlirləri 12 milyard 144 milyon manat proqnoza qarşı 13 milyard 259 milyon manat olub. 2024-cü ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirlərinin 6 milyard 867 milyon manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434 milyon manat və ya 6,8 faiz çoxdur. Dövr ərzində dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 faiz təşkil edib.

Maliyyə naziri nəzərə çatdırıb ki, yenidən baxılma ilə dövlət büdcəsi xərclərinin artımı hesabına bir sıra prioritet istiqamətlər üzrə tədbirlərin maliyyələşməsi üçün əlavə maliyyə təminatı yaradılır. Belə ki, bu tədbirlər sırasında işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinə 1 milyard 160 milyon manat, dövlətin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması üçün 807 milyon manat, ölkənin digər regionlarında avtomobil yolu, elektrik enerjisi, su təchizatı və digər sahələr üzrə infrastruktur layihələrin maliyyələşdirilməsi üçün 977 milyon manat yönəldilməsi nəzərdə tutulur.

Bildirilib ki, yenidən baxılma ilə 2024-cü il icmal büdcənin gəlirləri 43 milyard 480 milyon manat, xərcləri isə 45 milyard 592 milyon manat proqnozlaşdırılır. İcmal büdcənin kəsirinin məbləği təsdiq olunmuş göstəriciyə nisbətən 37,5% və ya 1 milyard 267 milyon manat az olacaq. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər səviyyədə olmaqla 539,3 milyon manat təşkil edəcək.

Sonra iclasda “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri təqdim olunub.

Məsələlər barədə məlumatı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Sonra komitə sədri Musa Quliyev “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə dair məlumat verib. O diqqətə çatdırıb ki, layihədə işsizlikdən sığorta haqları üzrə daxilolmaların 4 700 000,00 manat artırılaraq 179 976 800,0 manatdan 184 676 800,0 manata çatdırılması təklif olunur. Artım qeyri-büdcə sektoru üzrə sığorta haqları hesabına baş verəcək.

Plenar iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair Palatanın rəyini təqdim edib.

Məsələlər ətrafında aparılan müzakirələrdə çıxış edən komitə sədri Siyavuş Novruzov, deputatlar Vüqar Bayramov, Elşən Musayev, Nurlan Həsənov, Elnur Allahverdiyev, Elşad Mirbəşir oğlu öz fikirlərini, qeyd və təkliflərini bölüşüblər.

Sonra hər üç qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Daha sonra “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini (ikinci oxunuş) müzakirəyə çıxarılıb.

Tahir Mirkişili bildirib ki, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 33 890,5 milyon manat proqnoza qarşı 35 236,4 milyon manat təşkil edib. Gəlirlər proqnozla müqayisədə 4 faiz çox icra olunub.

2023-cü ildə vergi orqanları xətti ilə dövlət büdcəsinə daxilolmalar 16 126.7 mln manat (proqnozdan 1 139.7 milyon manat çox), Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar isə 6 337.8 milyon manat (proqnozdan 609.8 milyon manat çox) olub.

Digər istiqamətlər üzrə dövlət büdcəsinə daxilolmaların müsbət dinamikası çatdıran komitə sədri ötən ilin büdcəsinin xərc istiqamətləri barədə danışıb. Bildirilib ki, keçən ilin dövlət büdcəsində təsdiq olunmuş 36 624.8 milyon xərcin 99.5%-i icra olunub. Sosialyönlü xərclər 2023-cü il dövlət büdcəsinin icrasında 13050,4 milyon manat və ya xərclərin 35,8 faizi həcmində olub. Komitə sədri 2023-cü ilin dövlət büdcəsini icrasının dövlət qarşısında duran hədəflərə nail olmaq üçün lazımi maliyyə təminatını yaratdığı vurğulayıb.

Sənədin müzakirəsində deputatlar Etibar Əliyev və Aydın Hüseynov çıxış ediblər, layihə ilə bağlı fikirlərini bildiriblər.

Sonra maliyyə naziri Samir Şərifov 2023-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı parlament müzakirələrində qaldırılan məsələlərə aydınlıq gətirib, deputatların qeydlərinə münasibət bildirib.

Deputatlar “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul ediblər.

Daha sonra üçüncü oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi səsə qoyularaq qəbul olunub.

İclas birinci oxunuşda olan “Məşğulluq haqqında” Qanunda, Ailə Məcəlləsində, Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında”, “Mühasibat uçotu haqqında”, Ailə Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Vergi Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Gömrük tarifi haqqında” və “Lisenziyalar və icazələr haqqında”, həmçinin “Auditor xidməti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihələrinin müzakirəsi ilə davam edib.

Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin 2024-cü ilin növbədənkənar sessiyasının ilk iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video