02 May 2025 20:43
1273
PARLAMENT
A- A+
Milli Məclisdə “Azərbaycanın media resurslarına 20 fevral hücumları: kibermüdaxilədən dezinformasiyaya” mövzusunda ictimai müzakirə keçirilib

Milli Məclisdə “Azərbaycanın media resurslarına 20 fevral hücumları: kibermüdaxilədən dezinformasiyaya” mövzusunda ictimai müzakirə keçirilib

Mayın 2-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Azərbaycanın media resurslarına 20 fevral hücumları: kibermüdaxilədən dezinformasiyaya” mövzusunda ictimai müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, ictimai müzakirədə Milli Məclisin deputatları, ölkənin beyin mərkəzlərinin nümayəndələri, media və vətəndaş cəmiyyətinin təmsilçiləri, kibertəhlükəsizlik sahəsində mütəxəssislər, ekspertlər və digər şəxslər iştirak ediblər.

Müvəqqəti komissiyanın sədri Ramid Namazov çıxış edərək bildirib ki, cari il fevralın 20-də ölkə ərazisində fəaliyyət göstərən bir sıra aparıcı media resurslarına qarşı kiberhücumlar həyata keçirilib. Budəfəki hücumlar əvvəlkilərdən miqyası və istifadə edilən vasitələr baxımından fərqlənib. Bu hücumlar nəticəsində Azərbaycanda fəaliyyət göstərən ondan çox aparıcı media resursuna qarşı koordinasiyalı və siyasi motivli kiberhücumlar həyata keçirilib.

Aparılan araşdırmalar nəticəsində bu hücumların ölkəmizdə indiyə qədər qeydə alınmış ən ciddi kibermüdaxilə hadisələrindən biri olduğu məlum olub. İlkin nəticələrə görə, hücumlar zamanı əsasən xüsusi xidmət orqanları tərəfindən geniş istifadə olunan “saxta bayraq” (false flag) əməliyyatlarının tətbiq edildiyi müəyyənləşib.

Kiberhücumun mənbəyi barədə danışan müvəqqəti komissiyanın sədri diqqətə çatdırıb ki, kiberhücum aktının təhqiqatı bir-birindən asılı olmayan iki müstəqil peşəkar komanda tərəfindən aparılıb və əldə olunan nəticələr üst-üstə düşüb. Araşdırma çərçivəsində sistem qeydləri və zərərverici proqram izləri təhlil edilib, hücum edənlərin davranış analizi aparılıb. Nəticədə, hücumların yüksək səviyyədə təşkilatlanmış, yalnız texniki deyil, eyni zamanda, psixoloji təsir yaratmağa yönəlmiş kibercasus qrupu tərəfindən həyata keçirildiyi məlum olub. Qeyd olunub ki, bu qrup beynəlxalq kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən dövlətə bağlı aktor kimi təsnif edilir.

Diqqətə çatdırılıb ki, bu kiberhücumlar üçün təhrikedici bəhanə kimi bəzi media resurslarının həmin məsələlərlə bağlı süjetlər və araşdırma materialları hazırlamalarından istifadə edilib. Əsas məqsəd media sahəsindəki etibara zərbə vurmaq və rəqəmsaltəhlükəsizliyi sarsıtmaq olub. Hücumun məqsədi bir qədər öncə baş vermiş bu hadisələrə görə iz buraxmadan qisas almaq niyyəti daşıyıb.

Bununla yanaşı, kiberhücumlar zamanı “saxta bayraq” əməliyyatlarına bənzər üsullardan istifadə olunaraq qeyri-qanuni hesab edilən qruplaşmaya məxsus loqo və “Qurani-Kərim”dən ayələrin yer aldığı təxribat xarakterli şəkillərin hücuma məruz qalan saytlar üzərindən yayıldığı və bununla da izlərin çaşdırılmasına cəhd edildiyi müəyyən olunub.

Paralel şəkildə, bir sıra xarici media resurslarında ölkəmizin media resurslarına qarşı DDoS hücumlar həyata keçirildiyinə dair dezinformasiya kampaniyasının aparıldığı da aşkarlanıb. Halbuki nə “Global Media Group”, nə də digər müvafiq qurumlar tərəfindən həmin gün və sonrakı dövrdə kiberhücumun növü ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.

Kiberhücum barədə ətraflı məlumat verən “GlobalMedia Group”un İdarə Heyətinin üzvü Orxan Məmmədov baş vermiş insident və müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildirib.

Sonra hadisələrin xronologiyası barədə danışan Ramid Namazov deyib ki, hücumun əsas hədəfi “Global Media Group”a daxil olan resurslar olub. Hadisə zamanı qrupun daxili infrastrukturu zərərverici proqramla yoluxdurulub, sistem inzibatçısına məxsus kompüter ələ keçirilib və ehtiyat nüsxələrin saxlanıldığı serverə giriş təmin edilib. Hücum nəticəsində veb-server məlumatları məhv edilib, ehtiyat nüsxələr silinib və infrastruktura giriş məhdudlaşdırılıb. Eyni zamanda, diqqətə çatdırıb ki, hücuma məruz qalan media resurslarının kibertəhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən dərhal müvafiq addımlar atılıb.

Bildirilib ki, hücum zamanı istifadə olunan IP ünvanları və domenlər müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, hücumların bir hissəsində ölkədaxili IP ünvanlarından da istifadə olunub. Bununla belə, həmin şəxslərin Azərbaycan vətəndaşı deyil, əcnəbi olduqları qeyd olunub.

Ekspertiza nəticəsində istər hücum zamanı istifadə edilən texniki üsullar, istərsə də davranış modelləri hücumun xarici ölkə ilə əlaqəli xüsusi qrupa məxsus olduğu aşkar edilib. Bu qrup xüsusi əhəmiyyətli kiberəməliyyatlar həyata keçirən mütəşəkkil dəstədir. Kibercasusluqla məşğul olan bu qrupun fəaliyyəti əsasən hökumət qurumlarını, xarici diplomatik nümayəndəlikləri, habelə siyasət, müdafiə, enerji, media və digər kritik sahələri hədəf almaqdan ibarətdir. İş metodlarına gəlincə isə, bir çox üsullardan, kibermüdaxilə alətlərindən istifadə edirlər. Onlardan biri də uzun müddət öncədən hədəfin sistemlərinə daxil olaraq, orada möhkəmlənmək və lazım olan anda hərəkətə keçməkdən ibarətdir. Məhz tətbiq etdikləri bu metod və siyasi məqsəd daşıyan motivləri onları digər kibercinayətkar qruplardan fərqləndirir.

Tədbirdə Milli Məclisin deputatları Zaur Şükürov, Rizvan Nəbiyev, Sevil Mikayılova, Nigar Məmmədova, Rasim Musabəyov, Nurlan Həsənov, Samir Vəliyev, Əminə Ağazadə çıxış ediblər. Onlar qeyd ediblər ki, kiberməkanda casusluq, təxribat və dezinformasiya kampaniyaları genişlənməkdədir. Kiberhücumlar hadisələri manipulyasiya etmək üçün əsas vasitələrə çevrilir. Deputatlar son zamanlar Azərbaycanın yaratdığı yeni reallıqları həzm edə bilməyən qüvvələr tərəfindən ölkəmizə qarşı hibrid təhdidlərin intensivləşdiyini və bu təhdidlərin media resurslarına kiberhücumlar şəklində də özünü göstərdiyini bildiriblər. Deputatlar rəqəmsallaşmanın sürətlə yayıldığı bir dövrdə kiberhücumlardan qorunmağın aktuallığını vurğulayıblar, bu sahədə maarifləndirmənin və insanların zəruri vərdişlərə yiyələnməsinin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, kiberhücumların qarşısının alınması üçün mövcud hüquqi və texniki imkanların təkmilləşdirilməsi vacibdir.

İctimai müzakirələrdə iştirak edən Azərbaycan Milli QHT Forumun İdarə Heyətinin sədri Ramil İskəndərli, Mətbuat Şurasından Hacıbəy Heydərli, Fərid Pərdəşünas, Sosial Tədqiqatlar Mərkəzindən Tural İsmayıl, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzindən Zaur İbrahimli, dezinformasiya ilə mübarizə sahəsində ekspert Sənan Nəcəfov, Jurnalistlərin Həmkarlar İttifaqı İctimai Birliyinin sədri Müşfiq Ələsgərli çıxışlarında media subyektlərinə kiberhücumların qarşısının alınması, bu istiqamətdə müvafiq cavab tədbirlərinin həyata keçirilməsi, media işçilərinin kiberhücumlarla mübarizəyə dair təlimlərə cəlb edilməsi ilə bağlı fikirlərini bölüşüblər, qeyd və təkliflərini səsləndiriblər.

Tədbirə yekun vuran Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri Ramid Namazov müzakirələrdə səslənən fikirləri ümumiləşdirərək media resurslarının kibertəhdidlərdən qorunması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi, o cümlədən bu sahədə qanunvericiliyin təkmiləşdirilməsi, media subyektlərinin kibertəhlükəsizlik biliklərinin və bacarıqlarının artırılması ilə bağlı bəzi tövsiyələri səsləndirib.

Ramid Namazov əlavə edib ki, dünyanın ən güclü kibercasus qruplarından biri tərəfindən həyata keçirilmiş bu hücumun icraçılarının dəqiq şəkildə müəyyənləşdirilməsi informasiya təhlükəsizliyi sahəsində milli maraqlara əsaslanan siyasətin uğurla həyata keçirildiyini bir daha təsdiqləyir. Sonda vurğulanıb ki, dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi vaxtında aşkara çıxarmağa, qarşısını almağa və onu neytrallaşdırmağa tam qadirdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-nin İranla bağlı qərarı nə olacaq

09:25
19 İyun

Xahişimizə əməl edildi

09:20
19 İyun

Selin törətdiyi fəsadlar qısa vaxtda aradan qaldırıldı

09:15
19 İyun

Sakinlərin müraciəti nəzərə alınacaq

09:12
19 İyun

Qurumaqda olan ağaclara etinasızlıq

09:10
19 İyun

Hər bir işin uğuru diqqətdən başlayır

09:05
19 İyun

Kənd stadionlarından böyük arenalara

09:00
19 İyun

Yol problemimiz həll olundu

08:55
19 İyun

Qazandığı uğurlar onu arxayınlaşdırmazdı

08:50
19 İyun

Azərbaycan turizm imkanları geniş olan ölkələrdəndir

08:45
19 İyun

Rəqəmsal kitabxana BP-nin 10 min tələbəyə hədiyyəsidir

08:40
19 İyun

Türk dünyasında iqtisadi əməkdaşlıq platformaları: rəqəmsal ticarət, startaplar və investisiya

08:35
19 İyun

Siyasətçilər ayrılır, ekoloqlar birləşir

08:32
19 İyun

Konstitusion vəzifələr və vətəndaşlıq borcu

08:30
19 İyun

Kəngərliyə qayıdış davam edir

08:25
19 İyun

Azərbaycanın sədrliyi dövründə Macarıstan Ticarət və Sənaye Palatası TCCI-ya tamhüquqlu üzv oldu 

08:20
19 İyun

Dəyərlərə sadiqlik, gələcəyə inamlı baxış

08:15
19 İyun

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında 4 qanun layihəsi müzakirə olunub

08:10
19 İyun

Qaz təchizatının hüquqi tənzimlənməsi yenilənəcək

08:05
19 İyun

AZƏRBAYCANIN FƏRQLİ, DÜŞÜNÜLMÜŞ SİYASƏTİ

08:00
19 İyun

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

02:30
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!