15 İyul 2026 08:35
503
SİYASƏT
A- A+
Mənəvi qayıdışdan Böyük qayıdışa

Mənəvi qayıdışdan Böyük qayıdışa


Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlişindən ötən 57 ilə bu gündən yanaşdıqda, həmin dövrdə həyata keçirilən tədbirlərin sovet idarəçilik çərçivəsini aşaraq, gələcək müstəqil dövlətin ideoloji, iqtisadi və mənəvi sütunlarının inşasına yönəldiyi aydın görünməkdədir.

Özlüyündə bu fəaliyyət  milli-mənəvi dəyərlərin qorunmasından başlayaraq, insan kapitalının formalaşdırılmasına,  nəhayət, müstəqilliyin iqtisadi və hərbi-siyasi zəmininin yaradılmasına qədər hər bir addımı  məqsədyönlü və sistemli şəkildə bir-birinə bağlanan strateji halqalardan ibarət olmuşdur.

Totalitar ideologiyanın milli kimlikləri assimilyasiyaya məruz qoyduğu ən mürəkkəb dövrlərdə Heydər Əliyev xalqın tarixi yaddaşını özünə qaytarmaq üçün bənzərsiz siyasi iradə nümayiş etdirmışdir. O, dərindən dərk edirdi ki, Azərbaycanın siyasi gələcəyinin uğurunun mütləq şərti ilk növbədə dilin, mədəniyyətin və tarixi irsin toxunulmazlığının təmin olunması ilə bağlıdır.

Odur ki, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya daxil edilməsinin milli şüurun oyanışına güclü təkan verdiyini bu gün hər kəs vurğulamaqdadır. 

Milli ədəbi irsimizin görkəmli  mütəfəkkirlərinin beynəlxalq səviyyədə təbliği, paytaxtın mərkəzində onlara abidələrin ucaldılması və repressiya qurbanı olanlarının isə tam reabilitasiyasına yönəlmiş tədbirlər milli ləyaqətin bərpası və cəmiyyəti öz tarixi köklərinə bağlayan vacib ideoloji "Qayıdış" aktları idi.

Dahi Liderimiz öz  tarixi kimliyini dərk edən xalqa milli  suverenliyini təmin etmək üçün savadlı, geniş dünyagörüşlü kadrların yetişdirilməsinin lazım olduğunu  nəzərə alaraq diqqətini  insan kapitalının inkişafına yönəltdi və gələcək müstəqil dövlətin intellektual potensialının güclü  bünövrəsini formalaşdırdı. 

Cəmiyyətin bütün sferaları üçün mühəndislər, həkimlər, hüquqşünaslar və idarəçilər ordusunun yetişdirilməsi respublikanın kadr ehtiyatını görünməmiş səviyyəyə qaldırdı. Onun tərəfindən intensiv və şaxələnmiş halda reallaşdırılan "təhsil strategiyası"nın ən mühüm və müstəqilliyə hesablanmış ən cəsarətli istiqaməti isə hərbi kadrların hazırlığı oldu.

İllər sonra müstəqil Azərbaycanın Milli Ordusunun onurğa sütununu təşkil edəcək peşəkar zabit korpusunun yaranması üçün strateji addımlar atıldı.

Milli qüruru bərpa edilmiş, intellektual zəmini möhkəmləndirilmiş xalqın tam müstəqilliyi üçün vacib olan digər halqa isə güclü iqtisadi təməl idi. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar sayəsində  Azərbaycan qısa müddətdə qabaqcıl sənaye və texnologiya mərkəzinə çevrildi. Yaradılan bu nəhəng iqtisadi potensial və modernləşdirilmiş infrastruktur SSRİ dağıldıqdan sonra respublikanın öz ayaqları üzərində dura bilməsi, bərpa edilən müstəqilliyin qorunub saxlanması üçün həyati əhəmiyyət daşıyan xilasedici maddi bazanı təmin edəcəkdi...

Bütün bu çoxşaxəli və uzaqgörən hazırlıq prosesinin arxasında, əslində, Azərbaycanı gözləyən tarixi sınaqlara, xüsusilə də sovet rejiminin gələcək üçün məqsədyönlü şəkildə bünövrəsini qoyduğu "Qarabağ düyünü"nə qarşı milli müqavimət immunitetinin yaradılması dayanırdı. Heydər Əliyev hələ o vaxtdan ölkəmizə yönələcək məkrli cəhdləri, ərazi bütövlüyümüzə qarşı hazırlanan geosiyasi tələləri görür və xalqı bu həlledici savaşa həm mənəvi, həm iqtisadi, həm də hərbi cəhətdən hazırlayırdı. 

Təsadüfi deyildir ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının  müharibə meydanlarındakı misilsiz fədakarlığı, İlham Əliyevin Ali Baş Komandanlığı dövründə yaradılmış müasir ordu bölmələrinin qəhrəmanlığı və öz sərvətlərimiz hesabına  şaxələndirilmiş  güclü iqtisadiyyatın təmin etdiyi hərbi qüdrət də məhz bu irsdən güc aldı. Bu sarsılmaz təməllər üzərində ucalan və Heydər Əliyev siyasi kursunu məharətlə davam etdirən Prezident İlham Əliyevin qətiyyəti sayəsində  əsası onilliklər əvvəl qoyulmuş Qarabağ düyünü birdəfəlik kəsilib atıldı. Ölkəmizi daimi asılılıqda saxlamağa çalışan beynəlxalq şəbəkələrin planları tamamilə iflasa uğradıldı.

Bu gün  İlham Əliyevin Slovakiya Prezidentini məhz Şuşada qarşılaması, ali səviyyəli beynəlxalq danışıqların Qarabağın tacında aparılması, sadəcə, bir diplomatik protokol hadisəsi olmayıb, Heydər Əliyevin 57 il əvvəl cızdığı böyük xilaskarlıq və dövlətçilik missiyasının hazırkı dünya nizamsızlığı və ziddiyyətli qlobal şərtləri şəraitində qətiyyət və inamla davam etdirilməsinin əyani təntənəsidir. 

Bir vaxtlar imperiya mərkəzlərində Azərbaycanı zəif salmaq, suverenliyini buxovlamaq üçün qurulan Qarabağ tələsi darmadağın edilmiş, Şuşa isə işğalın xarabalıqlarından qurtularaq Avropa dövlət başçılarının qəbul edildiyi, qlobal siyasətin müzakirə edildiyi diplomatik qüdrət mərkəzinə çevrilmişdir. 

Beləliklə, 1969-cu ildən başlanan, mürəkkəb siyasi labirintlərdən və təzyiqlərdən keçərək bu gün Şuşa zirvəsinə yüksələn bu şərəfli dövlətçilik yolu bütün dünyaya sübut edir ki, tarixi yaddaşına, yüksək insan kapitalına və qətiyyətli siyasi iradəyə söykənən Azərbaycan xalqının müstəqilliyini və ərazi bütövlüyünü heç bir qüvvə sarsıda bilməz.

Ötən əsrin ikinci yarısından  Heydər Əliyevin bünövrəsini qoyduğu o "Mənəvi qayıdış" prosesi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşada və azad edilmiş bütün ərazilərimizdə gerçəkləşən "Böyük qayıdış"la tarixi bir vəhdət təşkil edir. Əgər illər öncə xalqın öz tarixi köklərinə, ana dilinə və milli qüruruna ideoloji qayıdışı qətiyyətlə təmin edilməsəydi, bu gün doğma yurdlarımıza - Qarabağa və Şərqi Zəngəzura müzəffər, əbədi qayıdışımız bəlkə də mümkün olmazdı. 

Cəmiyyətin mənəvi və intellektual bərpasından ərazi bütövlüyümüzün bərpasına qədər uzanan bu şanlı ardıcıllıq sübut edir ki, "Mənəvi qayıdış"la təməli qoyulan yenilməz milli ruh "Böyük qayıdış"la özünün ən yüksək  zirvəsinə çatmışdır. 

Bu gün Şuşada dalğalanan bayrağımız, yenidən qurulan şəhər və kəndlərimiz, eləcə də oradan dünyaya verilən qlobal diplomatik mesajlar məhz bu iki böyük qayıdışın möhtəşəm  rəmzi, həm də əbədi təminatıdır.


Bahar MURADOVA,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

15:35
18 Avqust

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

15:33
18 Avqust

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

15:30
18 Avqust

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

15:26
18 Avqust

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

15:24
18 Avqust

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub

14:52
18 Avqust

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

14:49
18 Avqust

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

14:47
18 Avqust

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

14:45
18 Avqust

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər

14:42
18 Avqust

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur 

14:39
18 Avqust

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

14:37
18 Avqust

Myanma 300 min müsəlmanın qayıdışına şərt qoyub

14:35
18 Avqust

Kolumbiyada zəlzələdən dəymiş ziyanın məbləği 9,5 milyard dollardır

14:33
18 Avqust

Tramp Administrasiyasında zəngin məmurların sayı rekord həddə çatıb

14:30
18 Avqust

Fransanın qərbində yanğın nəzarət altına alınıb

14:27
18 Avqust

C vitamini soyuqdəyməni müalicə edirmi?

14:25
18 Avqust

Avropada təbii qaz bahalaşmağa başlayıb

14:21
18 Avqust

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib

13:46
18 Avqust

Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir

13:44
18 Avqust

Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

13:42
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!