10 May 2024 10:25
383
Mədəniyyət
A- A+

Mədəniyyətlərarası dialoqda turizmin mühüm rolu var

 

Ölkəmizin paytaxtı dünyanı təhdid edən çox ciddi problemlərin müzakirə olunduğu və həlli istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi yollarının müəyyənləşdirildiyi beynəlxalq platformaya çevrilib. Bakı Konqres Mərkəzində keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu mənada əhəmiyyətli oldu.
Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən tədbirdə 100-dən çox ölkəni 700 mötəbər qonaq təmsil etdi. Dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün mayın 1-dən 3-dək ölkəmizdə bir araya gələn yüksəksəviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar tərəfdaşlığın möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoq çərçivəsində mühüm və aktual məsələlərin təşviqi üçün fikirlərini bölüşdülər.
"Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu beynəlxalq tədbirin əhəmiyyətini vurğuladı: "Dünya VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toplaşdığı zaman biz gələcəyimizi öz əllərimizdə saxlayırıq. Burada - Bakının mərkəzində bizim dünyanın gələcəyinə təsir etmək fürsətimiz var. Bu, ümid, anlaşma və dirçəlmə gətirə biləcək dinlərarası dialoq dünyasıdır. Burada dayanıqlı inkişaf, təhsil və turizm bizi bir-birimizə yaxın edir. Burada sosial media və süni intellekt bəşəriyyəti parçalamır, birləşdirir. Bakı COP29 Sammitinə evsahibliyi edəcəyi vaxtda biz iqlim dəyişmələrinin yaratdığı çətinliyi aradan qaldırmaq üçün millətlərin bir araya gələcəyi dünyanı formalaşdırmaq istəyirik".
Üç gün davam edən forum çərçivəsində təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edən  plenar sessiyalar və panel müzakirələr keçirildi. Müzakirəyə çıxarılan mühüm mövzulardan biri də turizm oldu. Belə ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də "Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi" adlı panel sessiya təşkil olundu.
Sözügedən sessiyada çıxış edən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev COVID pandemiyasından sonra bu il ölkəmizdə turizm sahəsinin tam bərpasına nail olunduğunu, xarici turistlərin sayında xeyli artım qeydə alındığını diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycanda turizm sahəsinin inkişafına böyük diqqət yetirilir. Azərbaycanın turizm potensialı yüksəkdir: "Həmçinin turizm insanları birləşdirmək imkanı yaradır. Bütün dünya üzrə turistlərin sayının artmasını nəzərə alaraq, fərqli mədəniyyətlərə malik insanlar davamlı şəkildə mübadilə edirlər. Turizm mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır".
"Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi" adlı panel sessiyasında çıxış edən BMT-nin Dünya Turizm Təşkilatının icraçı direktoru Zoritsa Uroseviç Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun çox yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Qeyd etdi ki, forum vasitəsilə mədəniyyətlərarası dialoqa təsir göstərə bilirik: "Turizmin gəlir yerlərinin yaradılmasında rolu məlumdur. Daha aydın desək, iş yerlərinin 10 faizi məhz turizmlə bağlıdır. Dünyada 2023-cü ildə 1 trilyondan çox turist qeydə alınıb. Bu, kifayət qədər böyük rəqəmdir. Bu mənada, turizmin daxili və beynəlxalq dialoqa necə şərait yaratdığını görürük".
Sarayevo Şəhər Şurasının sədri Yasmin Ademoviç turizmlə bağlı gənclərdə ortaq fikrin çox olduğunu dedi. Gənclərə turizmlə bağlı daha çox məlumat verilməsinin vacibliyini nəzərə çatdırdı.
"Songa Africa"nın təsisçisi Roset Şantal öz çıxışında Ruandanın turizmin bərpası baxımından yaxşı nümunə olduğunu söylədi: "Bu ölkə kiçikdir və hazırda bərpa olunur. Turizmin bu baxımdan böyük rolu var. Ölkəmizdə yoxsulluğun aradan qaldırılması və statusunu yaxşılaşdırmaq üçün turizmi inkişaf etdirdik. Yenidənbərpa üçün turizm əsas şərtdir. Bu da sülh olmadan mümkün deyil".
Dünyada son zamanlarda gənclərin ciddi çağırışlarla üzləşdiyini qeyd edən turizm sektorunda gənclər və istedadların inkişafı üzrə ekspert Lusi Qarner onların  fikirlərini dinləyib dəyərləndirməyin gərəkli olduğuna diqqəti çəkdi. Bildirdi ki, əsas məqsəd müxtəlif dinə və mədəniyyətə mənsub olan gənclərin ünsiyyətinə şərait yaratmaq olmalıdır: "Bunun üçün birgə layihələrin həyata keçirilməsi əsas şərtdir. Düşünürəm ki, mədəniyyətlərarası dialoq bu baxımdan böyük təsir göstərəcək".
Turizmin inkişaf etdirilməsinin vacibliyindən söz açan Dünya Turizm Etikası Komitəsi sədrinin icraçısı Daniela Otero bu sahənin inkişafı üçün belə forumların keçirilməsinin əhəmiyyətini qeyd etdi.
Çıxışında turizm sahəsində icmalara dəstək göstərən layihələrin vacibliyindən bəhs edən "Get up and go Colombia"nın həmtəsisçisi və direktoru Migel Karvaxal bununla bağlı mərkəzlərin daha çox qurulmalı, həmin yerlərdə insanlara turizmlə bağlı məlumatların verilməli olduğunu vurğuladı: "Düşünürəm ki, bütün ölkələrdə bu cür yerlər olmalıdır. Çünki həqiqətən də, turizm çox vacib sahədir".

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video