NASA-nın Marsdakı "gözü və qulağı" olan “Perseverance” roveri, qədim çay yatağında həyatın əsas tikinti bloklarını formalaşdıran mürəkkəb üzvi molekullar aşkar edib. İlk dəfə olaraq qayanın bütövlüyünü pozmadan qeydə alınan bu maddələr böyük həyəcan yaratsa da, onların bioloji mənşəyi hələ də sirr olaraq qalır. Rover qırmızı planetin keçmişinə işıq salan növbəti fövqəladə uğura imza atıb. Qədim çay yatağı olan Neretva Vallis boyunca uzanan "Parlaq Mələk" qaya formasında "makromolekulyar karbon" adlanan mürəkkəb üzvi molekullar tapılıb.
Roverin qabaqcıl “SHERLOC” cihazı sayəsində mümkün olan bu kəşf Marsın bir vaxtlar mikrob həyatına evsahibliyi etməsi ehtimalını yenidən gündəmə gətirib. Bu tədqiqatı əvvəlkilərdən fərqləndirən əsas cəhət, mürəkkəb üzvi karbonun Marsda ilk dəfə qazılmamış, tamamilə təbii və bütöv qaya səthində aşkarlanmasıdır. Makromolekulyar karbon kraterin delta bölgəsini qidalandıran çay kanalındakı iki fərqli qayada müəyyən edilib. Bunlardan ən diqqətçəkəni, mikrob aktivliyi ilə əlaqələndirilən bəbirəbənzər ləkələrinə görə elmi müzakirələrə səbəb olan "Çeyava Şəlaləsi" (Cheyava Falls) palçıq daşıdır. Aşkar edilən mürəkkəb birləşmələr karbonatlar, sulfatlar və fosfatlar kimi elementləri dəstəkləyən bir struktur təmin edir.
NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının astrobioloqu Kayl Ukert vurğulayır ki, "Çeyava Şəlaləsi" qayasının emal olunmamış səthində tapılan makromolekulyar karbon, Mars səthində indiyə qədər qeydə alınmış ən dayaz üzvi maddə tapıntısıdır. Bu, üzvi maddənin ya nisbətən yaxın dövrdə səthə çıxdığını, ya da fotoprotektiv (işqdan qoruyan) minerallar vasitəsilə ölümcül radiasiyadan uğurla mühafizə olunduğunu göstərir. Alimləri həyəcanlandıran digər məqam isə Jezero kraterindəki bu üzvi palçıq daşlarının, əvvəllər Curiosity roveri tərəfindən Gale kraterində tapılan üzvi strukturlardan təxminən 3500 kilometr uzaqlıqda yerləşməsidir. Bu nəhəng məsafə milyardlarla il əvvəl Marsda həyat üçün lazımi şəraitin və üzvi materialların geniş yayıldığına işarə edir.
Tədqiqat qrupu nümunələrin spektral xüsusiyyətlərini Yerdəki meteorit və quru nümunələri ilə müqayisə edib. Planet Elmləri İnstitutunun geoloqu Dr. Ashley Murphy karbonun "amorf" quruluşda olduğunu təsdiqləyib. Lakin o qeyd edir ki, bu tip karbon həm mikrob örtükləri kimi bioloji mənbələrdən, həm də meteoritlər və ya hidrotermal reaksiyalar kimi qeyri-bioloji (abiotik) proseslərdən yarana bilər. “Perseverance” roverinin mövcud avadanlıqları maddələrin sırf bioloji, yoxsa vulkanik və elektrokimyəvi təsirlərdən qaynaqlandığını dəqiq ayırd etmək üçün kifayət qədər həssas deyil. Ona görə də mütəxəssislər bu tapıntıları Marsda qədim həyatın mütləq sübutu kimi təqdim etmirlər. Qəti cavab tapmaq yalnız bu nümunələrin Yerə gətirilməsi və qabaqcıl laboratoriyalarda analizi ilə mümkün olacaq. “Perseverance” gələcək missiyalar üçün "Sapphire Canyon" bölgəsindən götürülmüş qaya nüvəsi də daxil olmaqla, ümumilikdə 30 dəyərli nümunəni xüsusi borularda təhlükəsiz şəkildə saxlamağa davam edir.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”