Rəqəmsal mühitdə gücləndirilmiş, məlumatlı və təhlükəsiz uşaqlar yalnız bu günün deyil, gələcəyin də əsas təminatıdır. Sağlam, təhlükəsiz və hərtərəfli inkişaf etmiş uşaqlar, eyni zamanda, güclü ailə institutunun möhkəmlənməsində əsas sütunlardan biri kimi çıxış edir və cəmiyyətin dayanıqlı inkişafına töhfə verir. Bu istiqamətdə birgə səylərimiz nəticəsində biz daha təhlükəsiz, inklüziv və dayanıqlı gələcək formalaşdıra bilərik.
AZƏRTAC xəbər verir ki, bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və protokol xidmətləri şöbəsinin müdiri Nureddin Babazadə Ankarada davam edən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi üzrə beynəlxalq siyasət və təcrübə mübadiləsi” mövzusunda konfrans çərçivəsində təşkil olunan sessiyada səsləndirib.
Onun sözlərinə görə, rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqlar üçün yeni imkanlar açmaqla yanaşı, onların cəmiyyət həyatında daha fəal iştirakını təmin edən mühüm vasitəyə çevrilib.
“Bu gün rəqəmsal mühit artıq yalnız informasiya əldə etmək platforması olmaqla yanaşı, uşaqların öz fikirlərini ifadə etdiyi, təşəbbüslərlə çıxış etdiyi və qərarvermə proseslərinə dolayısı ilə təsir göstərdiyi bir məkandır. Bu baxımdan əsas məqsədimiz uşaqları, sadəcə, qorumaq deyil, onları rəqəmsal dünyanın aktiv iştirakçıları və gücləndirilmiş fərdləri kimi formalaşdırmaqdır”, - deyə N.Babazadə vurğulayıb.
Dövlət Komitəsinin rəsmisi qeyd edib ki, uşaqların gücləndirilməsi, ilk növbədə, onların rəqəmsal savadlılığının artırılması ilə başlayır. Uşaqlar texnologiyadan yalnız istifadə etməyi deyil, eyni zamanda, informasiyanı düzgün qiymətləndirməyi, tənqidi düşünməyi və rəqəmsal mühitdə məsuliyyətli davranmağı öyrənməlidirlər. Eyni zamanda, rəqəmsal platformalar uşaqlar üçün təhlükəsiz, inklüziv və inkişafyönümlü mühit təqdim etməlidir. Bu isə yalnız dövlətlərin deyil, həm də texnologiya şirkətlərinin, təhsil sisteminin və vətəndaş cəmiyyətinin ortaq məsuliyyətidir.
Şöbə müdiri bildirib ki, digər mühüm istiqamət uşaqların iştirak imkanlarının genişləndirilməsidir. Azərbaycanda uşaqların rəqəmsal mühitdə gücləndirilməsi və iştirakının artırılması istiqamətində mühüm addımların atıldığını vurğulayan N.Babazadə bu sahədə həyata keçirilən dövlət siyasəti çərçivəsində uşaqların rəqəmsal bacarıqlarının inkişafı, onların təhlükəsiz və məlumatlı istifadəçi kimi formalaşdırılmasında prioritet istiqamətlərdən biri olduğunu ifadə edib. Azərbaycanda həyata keçirilən maarifləndirmə təşəbbüsləri, rəqəmsal bacarıqların inkişafına yönəlmiş proqramlar və uşaqların iştirakını təşviq edən layihələr onların potensialının üzə çıxarılmasına xidmət edir.