Tehran və Vaşinqtonun danışıqları yalnız silahlı münaqişəyə son qoyulması ilə bağlı məsələlərə yönəlib və İranın nüvə proqramı müzakirə olunmur. Bunu mayın 4-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai bildirib.
"Uranın zənginləşdirilməsi və ya nüvə materiallarının gələcəyi ilə bağlı müzakirələr barədə məlumatlar sadəcə fərziyyədir. Bu mərhələdə müharibəyə tam son qoyulmasından başqa heç nəyi müzakirə etmirik və gələcəkdə necə hərəkət edəcəyimizə sonralar qərar verəcəyik", - deyə IRNA agentliyi Bəqainin sözlərini sitat gətirib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, hələ danışıqların təfərrüatlarını bölüşməyə hazır deyil.
Lakin o, Tehranın fikrincə, ABŞ-nin həddindən artıq tələblərini nəzərə alaraq, Vaşinqtonun İranın təkliflərinə cavabını hazırlayacağının asan olmadığını vurğulayıb.
Əvvəlki gün İran Xarici İşlər Nazirliyi Tehranın münaqişənin Pakistan vasitəsilə həlli təkliflərinə ABŞ-nin cavabını aldığını açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp İranın təkliflərini qəbuledilməz adlandırıb. Qətərin "Əl-Cəzirə" telekanalının məlumatına görə, İranın təklifləri 14 bənddən ibarətdir və sənəddə münaqişəyə 30 gün ərzində son qoyulması tələb olunur.
Digər məsələlərlə yanaşı, təkliflərdə ABŞ-dən İranın dəniz blokadasını aradan qaldırmağı, ölkəyə qarşı bütün sanksiyaları ləğv etməyi, İran aktivlərinin qaytarılmasını və təzminat ödəməyi tələb edilir.
Eyni zamanda Tehranın təklifləri İranın nüvə proqramı məsələsini əhatə etmir.
Rizvan CƏFƏROV,
“Azərbaycan”