04 May 2024 08:20
327
SİYASƏT
A- A+

İlham Əliyev Azərbaycanı hər cür risklərdən qətiyyətlə qoruyur

 

"Cənubi Qafqazda davam edən gərginliklər fonunda sabitlik adasına çevrilmiş, müstəqil siyasət yürüdən və xalqın milli maraqlarını müdafiə edərək çiçəklənən Azərbaycan var. Dövlətimiz müstəqil beynəlxalq siyasət yürüdür, bir-biri ilə düşmən olan ölkələrlə normal münasibətlərini qorumağı bacarır".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat qeyd edib ki, dünya ölkələri zəlzələ burulğanından əziyyət çəkir: "Təbii zəlzələlər müəyyən bir coğrafiyanı əhatə etsə də, Qərbin yaratdığı siyasi zəlzələlər - müharibələr, gərginliklər və qarşıdurmalar dünya nizamını heç vaxt olmadığı qədər gərgin vəziyyətə gətirib. Belə ki, Qərb maliyyələşdirərək gərginlik yaratmağa müvəffəq olduğu ölkələrdə "rəngli inqilablar"a və "ərəb baharları"na səbəb olub. Nəticədə, dinc yaşayan ölkələr  müharibə və gərginlik ocaqlarına çevriliblər".
Deputatın sözlərinə görə, "ərəb baharı" ilə dövlət çevrilişləri edilən ölkələrdə buna qədər əhalinin bütün sosial təminatları dövlətlər tərəfindən ödənilirdi. Hətta o qədər çox sosial təminatlar verilirdi ki, o ölkələrdə həyat səviyyəsi Qərb ölkələrini ötüb keçmişdi. Amma "ərəb baharları", kimyəvi silah axtarışları və digər bəhanələrlə təşkil edilən dövlət çevrilişlərindən, eləcə də müharibələrdən sonra bu ölkələrin inkişafı 100 il geriyə döndü. Həmin ölkələrdə yaşayış səviyyəsi minimuma endi, şəhərlər dağıdıldı, insanlar işsiz qaldı və yoxsulluq pik həddə çatdı. 
"Amma Qərb məkrli niyyətlərinə nail oldu. Təsadüfi deyil ki, həmin ölkələrin milli təbii resursları indi də talanıb aparılır, yerli sakinlər isə milli resurslardan gələn gəlirlərdən məhrum olurlar. İndi həmin ölkələrdəki "demokratik vəziyyət" Qərbi qane edir", - deyə müsahibimiz bildirib. 
Azər Badamov qeyd edib ki, narıncı inqilablara məruz qalan ölkələrdən biri də Ukraynadır: "Ukraynada güc yolu ilə nail olunmuş dövlət çevrilişindən sonra bu ölkədə sabitlik pozuldu, insanlar ölkədən qaçmağa məcbur edildi. Amma Qərbi Ukraynadakı bu vəziyyət də qane etmədi və ölkəni Rusiya ilə müharibəyə sövq etdi. 24 fevral 2022-ci ildən başlanan Rusiya-Ukrayna müharibəsi bu gün də davam edir. Qərb isə oda benzin tökür və müharibənin bütövlükdə Ukraynanı əhatə etməsi üçün əlindən gələni edir. Nəticədə isə Ukraynada şəhərlər və kəndlər yer üzündən silinir, yüz minlərlə insan müharibənin qurbanına çevrilir və milyonlarla sakin öz yaşayış yerini tərk etməyə məcbur olurlar. Bu azmış kimi, Qərb Ukraynaya müharibənin davam etdirilməsi üçün yenidən barıt verir. Məqsədləri isə Rusiyanı zəiflətmək, parçalamaq və təbii resurslarını ələ keçirməkdir. Rusiya isə kollektiv Qərbə qarşı müharibə aparır və öz maraqlarını həyata keçirməyə çalışır. Ukraynada uğur qazana bilməyən Qərb Rusiyaya qarşı  yeni gərginlik ocaqları yaratmağı planlaşdırır".
"Belə gərginlik ocaqları yaratmaq üçün münasib yer kimi isə Cənubi Qafqaz seçib. Qərb Ermənistanda və Gürcüstanda "rəngli inqilablar" təşkil etməklə hakimiyyət dəyişikliyinə nail ola bilmişdi. İndi isə bu baxımdan Qərb dəstək adı ilə Ermənistanda hərbi mövcudluğunu təmin etməyə çalışır. 5 apreldə Brüsseldə ABŞ, Aİ və Ermənistan arasında keçirilmiş üçtərəfli görüşün pərdəarxası məqsədləri Etrmistana hərbi dəstək  adı ilə regiona daxil olmaqdır", - deyə deputat əlavə edib.
Müsahibimiz həmin qüvvələrin digər məqsədlərinin isə qonşu Gürcüstanla bağlı olduğunu bildirib. Söyləyib ki, vaxtilə Gürcüstanda da "rəngli inqila"ba nail ola bilmələri onlar üçün real fürsətdir: "Bu baxımdan onlar üçün Gürcüstanda çirkin planlarını davam etdirmək daha rahat görünür.Ona görə də Gürcüstanda "Xarici agentlər haqqında" qanuna etiraz adı altında keçirilən aksiyalar təhlükəli həddə çatır. Qərb isə aksiyaçılara dəstək verir və "Xarici agentlər haqqında" qanunun qəbul olunmasından istifadə edərək insanları hakimiyyətə qarşı qaldırır. Halbuki Qərb ölkələri bu qəbildən olan qanunları çoxdan qəbul etmişdir. Belə çıxır ki, Qərb üçün hər şey olar, amma Gürcüstanın belə bir qanun qəbul etməsi mümkün deyil. Bu gün də Gürcüstanda davam edən aksiyalar ölkənin sosial-iqtisadi mühitinin sürətlə pisləşməsinə aparır".
Azər Badamov həmçinin vurğulayıb ki, ölkəmizdə təmin olunmuş sabitlik Qərbi qane etmir: "Ona görə də  ABŞ Dövlət Departamentinin hesabatında və Avropa Parlamentində Azərbaycanda guya insan haqlarının pozulmasına dair məlumatlar dolaşır, ölkəmizə təzyiq göstərilməsinə çağırışlar edilir. O cümlədən radikal müxalifəti maliyyələşdirərək onların əli ilə  insanların mitinqlərə axışmasına və ölkəmizdə də qarşıdurma yaradılmasına çalışırlar. Təbii ki, xalqımız müdrikdir  və qonşuluqlarda, həm də  dünyada baş verən prosesləri təhlil edib nəticə çıxarda bilir. Ona görə də insanlar radikalların çağırışlarına qoşulmur və hakimiyyətin yanında olmaqla ölkədəki sabitliyin qorunmasına daha böyük dəyər verirlər. Dövlət başçımızın uzaqgörən və qətiyyətli siyasəti Azərbaycanın xarici risklərdən qorunmasına və daxili sabitliyin möhkəmlənməsinə imkan yaradır".
Deputat onu da bildirib ki, bu gün Azərbaycandakı siyasi sabitliyi pozmağa maliyyə ayıranlar, ölkəmizə qarşı qərəzli hesabatlar açıqlayanlar öz məqsədlərinə çatmayanda hakimiyyətə qarşı daha başqa bir təzyiq üsulu axtarırlar: "Amma Azərbaycan daxili sabitliyi qoruyur və dünyanı sülhə və əməkdaşlığa dəvət edən çağırışlar etmək üçün beynəlxaq tədbirlərə evsahibliyi edir. Bu gün Azərbaycan həm sabitlik adası, həm də dünyanı sülhə, əməkdaşlığa dəvət edən ulduz kimi parlayır. Ölkəmizə düşmən gözü ilə baxanlar birdəfəlik başa düşməlidirlər ki, onların planları Azərbaycanda ayaq tutub yeriməz. Çünki xalqımız ölkəni inkişafa və qələbəyə qovuşduran Liderinə inanır və gələcəyini ona etibar edir".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video